Qala qoruğunda bufer zona yaradılacaq

Buradakı abidələrdə kino, foto və videoçəkilişlərin aparılması üçün icazə alınmalıdır

 

Nazirlər Kabineti "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə"ni təsdiq edib. Bununla da "Bakı Şəhərinin Qala qəsəbəsi Dövlət tarix-etnoqrafiya qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 22 dekabr tarixli 457 nömrəli qərarı ləğv edilib.

 

"Həftə içi"nin məlumatına görə, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə"yə əsasən, Qoruğun tarix-memarlıq görkəminin, ərazisində yerləşən abidələrin təhlükəsizliyini, onların funksional təyinatını və uzunömürlülüyünü təmin etmək, habelə Qoruğun ətrafında formalaşmış təbii landşaftı mənfi vizual təsirlərdən qorumaq məqsədi ilə Nazirlər Kabineti tərəfindən Qoruğun mühafizə (bufer) zonası yaradılacaq. Qoruğun sərhədləri Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək. Qoruq Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən idarə ediləcək. Qoruğun ərazisində yerləşən abidələr və dövlət mülkiyyətində olan tikililər İdarənin balansındadır. Abidələrin texniki inventar sənədləri İdarədə saxlanılır. Qoruğun hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə bu Əsasnamə ilə tənzimlənən xüsusi rejimli sahə hesab olunur. Qoruq ərazisində həyata keçirilən işlər Qala qəsəbəsinin baş planına, Qoruğun statusuna, onun müfəssəl planına, inkişaf konsepsiyasına, tarix-memarlıq görkəminə, planlaşma strukturuna uyğun olmalı və təşəkkül tapmış həcm-məkan ölçülərini pozmamalıdır. Qoruğun ərazisi tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi tədqiqat, təlim-tərbiyə, turizm, istirahət (rekreasiya), habelə ənənəvi sənətkarlıq və sair məşğuliyyət növlərinin nümayişinkişaf etdirilməsi məqsədləri üçün istifadə ediləcək. Qoruq ərazisində abidələrin siyahıya və dövlət qeydiyyatına alınması, onların pasportlaşdırılması İdarə tərəfindən həyata keçirilir.

Əsasnamədə deyilir ki, fizikihüquqi şəxslər Qoruq ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərinə xələl gətirə bilən, abidələrə və təbii landşafta təhlükə yaradan fəaliyyət növləri ilə məşğul ola bilməzlər. İdarənin müsbət rəyi olmadan Qoruq ərazisində torpaq, söküntü, tikinti-quraşdırma, yenidənqurma, abadlıq və təmir işləri aparıla bilməz. Qoruq ərazisində abidələr üçün təhlükə yarada biləcək hər hansı işlər İdarənin qərarı ilə qabaqlayıcı tədbirlər görülməklə həyata keçirilə bilər. Həyata keçirilən təhlükəsizlik tədbirləri inşaat işlərini aparan subyektin vəsaiti hesabına maliyyələşdirilir. Qoruq ərazisinin şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsi məhdudlaşdırılır. İdarənin razılığı olmadan Qoruq ərazisində qeyd olunan fəaliyyət növləri ilə məşğul olmaq qadağandır. Qoruq ərazisində fizikihüquqi şəxslərə yeni torpaq sahələri ayrılmır. Qoruq ərazisində yerləşən qədim qəbiristanlıqda dəfnlərin aparılmasına yol verilmir. Xarici dövlətlərin diplomatik və beynəlxalq təşkilatlarının nümayəndəliklərinin, habelə öz fəaliyyət istiqamətlərinə görə Qoruğun məqsədlərinə uyğun gəlməyən müəssisə, idarə və təşkilatların Qoruq ərazisində yerləşdirilməsi İdarənin razılığı əsasında həyata keçirilir.

Bakı şəhərinin Qala qəsəbəsində yerləşən Qoruq ərazisi ənənəvi kənd həyətləri şəbəkəsinə malik 4 tarixi yaşayış məhəlləsindən ibarətdir. Abidələrin tarix-memarlıq görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Qoruq ərazisində dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə inşaat-möhkəmləndirmə, bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya, abadlıq və digər işlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyi nəzərə alınmaqla, İdarənin qərarı əsasında dövlət və yerli büdcələrin vəsaiti hesabına aparılır.

Qoruq ərazisində inşaat və digər təsərrüfat işləri həyata keçirilərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə İdarəyə və AMEA-ya məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri AMEA-nın və mütəxəssislərin rəyi əsasında İdarənin icazəsi ilə davam etdirilə bilər. İnşaat və digər təsərrüfat işləri tarixiarxeoloji əhəmiyyət kəsb edən zonada aparılarsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir. İdarə həmin işlər aparılan yerdə öz nümayəndəsinin və mütəxəssisinin iştirakını təmin edir. Qoruq ərazisində magistral mühəndis kommunikasiyalarının çəkilişi və digər inşaat işləri zamanı, hektardan çox ərazini əhatə edən sahələrdə inşaat işləri aparılarkən, texniki-iqtisadi əsaslandırma mərhələsində bu işləri həyata keçirən təşkilat tərəfindən görüləcək işlər barədə İdarəyə və AMEA-ya müraciət edilməli və abidələrin ilkin axtarış işlərinin aparılması üçün vəsait ayrılmalıdır. Həmin zonada arxeoloji abidə aşkar olunarsa, İdarənin icazəsi olmadan və lazımi elmi tədbirlər görülmədən inşaat və təsərrüfat işlərinin aparılmasına yol verilmir.

Sənəddə qeyd olunur ki, Qoruğun ərazisində yerləşən abidələrdən İdarənin razılığı ilə elmi, mədəni, dini, turizm, xidmət, yaşayış və təsərrüfat məqsədləri üçün istifadə edilə bilər. Abidələrdən istifadə onların qorunub saxlanılmasına zərər vurmamalı və tarixi-bədii dəyərinə xələl gətirməməlidir. Qoruq ərazisi və burada yerləşən abidələr hərbi məqsədlər üçün istifadə edilə bilməz. Müstəsna hallarda, qoruq ərazisinin və burada yerləşən yerli əhəmiyyətli memarlıq abidələrinin hərbi hissələrin təsərrüfat və mədəni məqsədləri üçün istifadəsinə verilməsi AMEA-nın rəyi nəzərə alınmaqla, İdarənin razılığı ilə həyata keçirilir. Burada yerləşən abidələrdə kino, fotovideo çəkilişlərinin aparılması üçün İdarədən icazə alınmalıdır. Qoruq ərazisində və Qoruğa daxil olan abidələrin üzərində reklam və digər informasiya xarakterli lövhələr İdarə tərəfindən verilmiş icazə sənədlərinə əsasən yerləşdirilir.

Həftə içi.- 2013.- 11 oktyabr.- S.8.