“Atamın ruhu məni xilas etdi...“ 

 

Daha bir seçki marafonu arxada qaldı. Seçkilər siyasilərin, eləcə də bu sahədə yazan jurnalistlərin həqiqi mənada nəfəsini kəsən bir kampaniyadı. İndi bir az nəfəs almaq olar... Çalışdığın peşə, sahə nə qədər sevimli olsa da, bəzən yeknəsəqlik insanı yorur, bezdirir, qısa da olsa, bir fasiləyə ehtiyac duyulur. İş həm də adamı maddi dünyaya çox bağlayır. Adam heç olmasa, hərdən mənəvi dəyərləri xatırlamalı, Yaradan və yaradılışın qayəsi barədə düşünməli, insanlara, ailə üzvlərinə münasibətini götür-qoy etməlidir... Düşündük ki, hərdənbir özümüzə də, siyasət, təhsil, mədəniyyət və s. sahəsindəki müsahiblərimizə də gündəlik qayğılardan uzaqlaşıb, bir "antrakt" etməyə şərait yaratmağın yeri var... Elə adını "Antrakt" da qoyduğumuz yeni rubrikamızın ilk qonağı - paytaxtımızın sabiq prokuroru, hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə siyasi, hüquqi fəaliyyətdə qısa bir tənəffüs etməyə məmnuniyyətlə razı oldu...

 

- Çingiz bəy, deyirlər, Lev Tolstoyun yaş yarımlığı yadında imiş. Sizin dünyaya gəlişinizin neçənci ili yadınızda qalıb?

- Uşaqlıq illərimi, hardasa, 5-6 yaşından bəri xatırlayıram. İlk məktəb illəri daha çox yadımdadı...

- Yəqin o illərdən şirin xatirələriniz var?..

- III sinifdə oxuyanda, 1967-ci ildə atam Rusiyadan "Pobeda" markalı avtomobil almışdı. O vaxt hər rayonda, demək olar ki, 5-6 avtomobil var idi. O "Pobeda"nın həyətimizə gətirilməsi, bizim onu sevinclə yuyub-təmizləməyimiz...

Digər xatirə bir az qəmgin notdadır... İki inəyimiz var idi. Atam birini satmışdı. Bir neçə gündən sonra inəyimiz yeni sahibinin həyətindən çıxıb öz "yaddaşı" ilə qapımıza qayıtmışdı. Atam onu yenidən geri qaytaranda kövrəlib ağladım...

- Məktəbdə özünüzü necə aparırdınız? Deyəsən, nadinc olmusuz?

- Məktəbdə iki cəhətdən fərqlənmişəm. Ən yaxşı oxuyan şagirdlərdən biri mən olmuşam, biri də o vaxt sinif yoldaşım olan indiki həyat yoldaşım... O, məndən də güclü əlaçı idi, çünki riyaziyyatı da gözəl bilirdi, amma mən dəqiq elmlərdə bir balaca "axsayırdım". Və maraqlıdır ki, eyni zamanda, nadincliyimə görə seçilirdim. İpə-sapa yatmırdım, davakar idim. Amma zəifləri döymürdüm, həmişə çalışırdım ki, zəif tərəfi müdafiə edim. Bir növ tay-tuşlarım arasında haqq-ədaləti qoruyan arbitr rolunu oynayırdım. Və bəzən də sözə baxmayanları döyürdüm... Valideynlərimə şikayət yalnız bu cür nadincliklərimlə bağlı olub. Mən də bunu əla oxumağımla kompensasiya edirdim.

- Heç dərsdən qaçırdız?

- Nə gizlədim, bu da olurdu. Pəncərədən də qaçırdıq, xoşumuz gəlməyən dərslərə də girmirdik. Ancaq o vaxt müəllimlərin belə şeylərə görə bizi döyməsi adi hal idi. İndiki kimi hamı müəllimi hədəfə almırdı. Əksinə, valideynlər biləndə müəllimə deyirdi ki, əcəb eləmisən...

- Ailə həyatı qurarkən seçimi özünüz etdiniz, yoxsa valideynlərin də məsləhəti oldu?

- Düzü, rəhmətlik qayınatam nə isə atamdan tam razı deyildi, onun da atamı qane etməyən müəyyən cəhətləri var idi. Biz rayonda, demək olar ki, qonşu idik. Keçmişdə aralarında nəsə inciklik olmuşdu. Hansında səhv daha çox olduğunu deyə bilmərəm; hər ikisi rəhmətə gedib... Amma mən əsgərlikdən qayıdandan sonra məsələ yenidən gündəmə gələndə atalarımız güzəştə gedib bu izdivaca razılıq vermişdilər...

- Ailənizdə "koalisyon hökumət"di, yoxsa "təkhakimiyyətli diktatura"?

- Xarakterim elədir ki, istər hökumətdə, istərsə də ailədə koalisiyada heç cür çalışa bilmərəm. Ailə də kiçik bir dövlətdir və son qərarı verən bir nəfər olmalıdır. Bəzən mənə deyirlər ki, sən hüquq müdafiəçisi deyilsən, diktatorsan. Deyirəm ki, yox, əgər qərarın düzgün və ədalətlidirsə, onda diktə etmək lazımdır...

Elə məsələlər var ki, oğlumla, hətta qızımla da məsləhətləşirəm. Xanımımla isə çox vaxt məsləhətləşmişəm. Keçmişdə - təqib, təzyiq altında olduğum, həbsdə qaldığım çətin günlərdə də, indi də... Amma son qərarı həmişə özüm verirəm. Və qərar veriləndən sonra artıq ikinci suala, yaxud müraciətə yer olmur. Hesab edirəm ki, ailədə belə də olmalı, yəni kişinin üstünlüyü hiss edilməlidir...

- Heç olubmu ki, hirslənəndə övladlarınıza əl qaldırasız?

- Qohum-əqrəba deyir ki, Çingiz hər hansı bir uşağı bir neçə dəqiqəyə asanlıqla ram edir. Uşaqlara çox böyük məhəbbətim var. Övladlarımdan razıyam, məni incitməyiblər, hər ikisi yaxşı oxuyublar, ali təhsil alıblar... Amma mən də emosionallıq çoxdur. Birdən nəyəsə hirslənib uşağı danlaya, hətta bir şapalaq vura bilərəm. Beş dəqiqə sonra təəssüf hissi keçirirəm...

- Uşaqlar ailə həyatı qurublar, eləmi?

- Bəli. Oğlumun 31 yaşı olmasına baxmayaraq, artıq üç övladı var. 2007-ci ildə ailə qurub. İlk övladları da əkiz oldu. Onların da adını klassiklərimizin şərəfinə Cavid və Müşfiq qoyduq. Sonra da bir qızı dünyaya gəldi. Qızımın da bir övladı var. Oğlum Elgiz ali məktəbi bitirdikdən sonra yüksək balla imtahan verib Bakı Şəhər Prokurorluğunda işə qəbul edildi. Hazırda polisə nəzarət idarəsinin prokurorudur.

- Vəzifəyə keçəndən sonra Elgizin sizə, anasına münasibətində dəyişiklik olmayıb ki?

- Yox, yox... Həmişə övladlarıma təlqin edirəm ki, sadəliyinizi qoruyub saxlayın. Nə qədər sadə olsan, haqqında o qədər yüksək fikir formalaşar. İnsanlara hörmətlə, diqqətlə, ədalətlə yanaşsan, zaman gələr, bəhrəsini görərsən. Öz təcrübəmdə bunu yaşamışam...

- Öz aramızdı, uşaqlıq davakarlığınız, deyəsən, indi də qalıb? Bir dəfə xəbər çıxdı ki, Çingiz Qənizadə Binəqədi su idarəsinin rəisini döyüb...

- Əslində, o elə döyülməliydi, amma döyməmişəm. Evimizin yaxınlığında su xəttinin təmiri zamanı yolu plansız şəkildə qazmışdılar və avtomobil keçməyə yer yox idi. Camaat da yığışıb tələb edirdi ki, bu problem aradan qaldırılsın. Elə ev paltarında həyətə düşüb maraqlandım ki, bu işçilərin rəhbəri kimdir, cavab verən olmadı. Bir neçə dəfə təkrar soruşduqdan sonra nəhayət, həmin adam cavab verdi ki, sənə nə lazımdı, get, işinlə məşğul ol. Ona ciddi iradımı bildirdim. Və məlum oldu ki, məndən əvvəl də vətəndaşlara qarşı özünü çox təkəbbürlü aparıb, ədəbsiz cavablar verib. Məcbur olub polisə zəng etdim. Gəlib həmin rəisi apardılar. Ondan sonra yolu təcili yığışdırdı, sakinlərin gediş-gəlişi üçün şərait yaratdı. Və yanıma üzrxahlıq üçün adam da göndərdi ki, bağışlasın, tanımamışam, səhv etmişəm...

- Səhərlər yuxudan neçədə oyanırsız? İdman edirsinizmi?

- Səhər yatmağı xoşladığımdan idman edə bilmirəm. Adətən axşamlar boş vaxtlarımda fiziki təmrinlərlə məşğul oluram...

- Vaxtınızı necə bölürsüz?

- İş günləri əsasən saat 10-dan axşamadək parlamentdə olur, seçicilərimin problemlərinin həlli ilə və s. rəsmi işlərlə məşğul oluram. Bazar günlərini isə ailəmə, evdəki problemlərin, çatışmazlıqların həllinə sərf edirəm. Məndə əvvəldən bu cür adət formalaşıb...

- Son 15-20 ilin ən populyar sualı: hobbiniz nədir?

- Gənclik illərində kitab oxumağı çox sevərdim. Elə olurdu ki, iki gecəyə bir böyük kitabı bitirərdim. Həmişə, hətta əsgərliyə gedəndə də yanımda çoxlu kitab olardı. Amma son illər belə mütəmadi mütaliə edə bilmirəm. Avtomobil sürməyi çox xoşlayıram. Bakı prokuroru işləyəndə belə şənbə-bazar özüm sürərdim maşını, indi də belə edirəm. Bir də dostlarla, xüsusən uşaqlıq və tələbə yoldaşlarımla vaxt keçirməyə üstünlük verirəm. Çox vaxt da belə görüşlərin təşəbbüskarı özüm oluram...

- Daha çox iştahla yediyiniz hansı xörəkdir?

- Həftənin beş gününü belə, böyük iştahla yeyə biləcəyim döşəməli plovdur. Və pip (vələs yarpağı) dolması... Milli təamlardan bunları xoşlayıram. Bir də hərdən həyat yoldaşıma sifariş verirəm borş bişirir...

- İndiki toylarda oturmağa səbriniz çatır?

- (Ah çəkir) Toylar hamımızın ağrılı yeridi... Həmişə toy olsun, amma toylarımız əndazəni aşıb. Həm dəvət edilən insanların sayı, həm xörək çeşidlərinin çoxluğu, israfçılıq, həm də musiqinin bayağılığı və həddindən artıq gurluğu baxımından... Görürsən, beş dəqiqə küçədə təsadüfən söhbət etdiyin adam sabah səni toyuna çağırır. Bu da əhalinin gəlirlərinin düzgün xərclənməməsinə, dolanışıqda problemlərə gətirib çıxarır.

- Geyimlərinizi necə seçirsiz; konkret firma malını alırsız, yoxsa?..

- Yox, sadəcə, zövqümü oxşayan geyimləri seçirəm. Xarici səfərlərdə olanda boş vaxtlarımda adətən bir yarım gün gəzirəm və məsələn, bir kostyum, yaxud ayaqqabı xoşuma gəlsə, onu alıram. Bakıda da həddən çox bahalı firma mağazalardan alver etmirəm. Çünki oradakı qiymətlər şan-şöhrətə görədi. Digər mağazadakı daha ucuz bir geyim, baxırsan ki, keyfiyyətdə də, görünüşdə də o bahalıdan üstündür...

- Evin ərzaq bazarlığını kim edir?

- Evin bazarlığını son illərə qədər özüm edirdim. Ancaq indi yaxınlıqda mağaza var. Nəyəsə ehtiyac olduqda evdən zəng edirlər, gətirirlər. Amma bəzi şeyləri, məsələn, həftədə bir dəfə əti həmişə özüm alıram. Və çalışıram ki, rayondan alım...

- Maaşınız ailənin aylıq ehtiyaclarını ödəyirmi?

- Deyərdim ki, yox... Deputat kimi maaşım 2000 manata yaxındır. Yoldaşım da müəllimə işləyir. Oğlum da işləyir. Bununla belə indiki tələbatı ödəmək çətin olur. Amma bayaq dediyimiz o kənar toylar olmasa, normal dolanmaq mümkündür. Bir də görürsən, oğlumu işindən, məni bu yandan, yoldaşımı da məktəbdən toylara dəvət edirlər. Baxırsan ki, aylıq maaşın üstünə gərək hələ nəsə tapıb qoyasan ki, bunları yola verəsən... İndi müqayisə edirəm ki, bizim ailəyə 3000 manata yaxın pul gəlir, bizdə çətinlik yaranır, bəs gör, ayda 300-500 manat alanlar nə zülm çəkir. Belələri ayda iki dəfə toya getsə, ailəsi ac qalmalıdır?..

- Hüquq müdafiəçisi kimi gördüyünüz digər işlərdən qazancınız olmur?

- Hərdən QHT-lərdə layihələrimiz olur və oradan iş icraçısı kimi müəyyən miqdarda maaş alıram. Amma sizə deyim ki, parlament üzvü olmamışdan sırf hüquq müdafiəçisi kimi fəaliyyət göstərəndə indikindən daha yaxşı dolanırdım. Çünki o zaman ofisimdə bir hüquq məsləhətxanası da açmışdıq. Və beləliklə, bugünkündən iki-üç dəfə çox gəlirim olurdu. Deputat olduqdan sonra o işlərdən uzaqlaşmağa məcbur oldum.

- Avtomobillərin hansı markalarını xoşlayırsız?

- Daha çox yapon və alman modellərini xoşlayıram. Məndə bir az əvvəl yapon modeli "Prado" idi, hazırda "Mercedes"di. Son vaxtlar Azərbaycana gətirilən Amerikanın "Ceneral Motors" firmasının avtomobilləri də normaldı...

- Hələ deputat olmadığınız vaxtlarda, səhv etmirəmsə, 2009-cu ildə "Nərimanov" metrosu yaxınlığında o vaxtkı "Mercedes"inizi vurub əzmişdiniz. Sonra onu təmir elətdirdiniz, yoxsa satdınız?

- Kiməsə borclu olub axtarılan bir dələduz borc yiyəsi ilə küçədə üzləşmişdi və avtomobili tez döndərib qırmızı işıqda keçmək istəyəndə mənim avtomobilimi vurmuşdu. Şükür, salamatçılıq oldu. Həmin "Mercedesi" də çox ucuz qiymətə satdım. Amma məhkəmə vasitəsilə dəyən zərərin 4 min manatını ala bildim...

- Bu yay harasa, istirahətə gedə bildiniz?

- Bu yay həyat yoldaşımla birgə iki həftəlik Quzey Kiprə istirahətə getmişdik. Maraqlı oldu... Təəssüf ki, geri dönərkən başımıza gələn bir sərgüzəşt kefimizə soğan doğradı. Gedərkən Bakıya da hər ikimizə bilet almışdıq. Amma Kiprdə hava limanında məlum oldu ki, kompüter xətası ucbatından xanımımın uçuş vaxtı iki gün sonraya qeyd edilib. Təəssüf ki, Türk Hava Yolları (THY) nümayəndəliyi məsələyə çox biganə və hörmətsiz yanaşdı. Əlimizdə çamadanlar xeyli gözləyəsi olduq. "Azal"la əlaqə yaratdıqdan sonra əlavə 950 dollar ödəyərək, yoldaşıma həmin günə başqa aeroportdan qalxan reysə bilet ala bildik...

- Belə baxıram, bu iş də məhkəməlikdi...

- Başqa yolu yoxdu... Bakıya gəldikdən sonra THY nümayəndəliyinə getdim, yenə də saymazyana münasibət göstərdilər. Artıq 40 gündən çox vaxt keçib, hələ üç gün öncə zəng edib deyirlər ki, günah bizdədir, kompensasiya ödəyəcəyik. Ancaq mən bununla kifayətlənməyəcəyəm.

- İndiki eviniz həyət evidi, deyəsən?..

- Hə. Əvvəllər 8-ci mikrorayonda yaşayırdıq. 2007-ci ildən Rəsulzadə qəsəbəsinə - həyət evinə köçmüşük, bacanağımla qonşuyam.

- Bizim telekanallardan hansılara baxırsız?

- Bizim telekanallarda xəbərlərdən başqa baxılası bir şey yoxdu. Evdə daha çox rus kanallarına baxırlar...

- Axirətə inamınız varmı?

- Yox, mən bu dünyada nə var, ona inanıram... Hesab edirəm ki, bu həyatda hər mənada yaxşı yaşamağa çalışmaq lazımdır. İnsanlarla xoş rəftar etmək, bacardıqca xeyriyyə işləri ilə məşğul olmaq, həsəddən, paxıllıqdan, haqsızlıqdan uzaq olmaq gərəkdir.

Amma ruhun varlığına bir az inamım var... Gürcüstandan bir yas yerindən gəlirdik. Avtomobili sürücü sürürdü. Kürdəmir tərəflərin qəzalar çox olan yollarını keçəndə mən təxminən bir beşcə saniyə yuxuladım və dərhal gördüm ki, atam qəzəblə deyir: "Ə bala, nə iş görürsən, bu sürətlə hara gedirsən?". Ayılıb sürücüyə dedim ki, yavaş sür... Bəlkə də qəza ola bilərdi, ancaq atamın ruhu məni xilas etdi...

 

Sultan Laçın

 

 Həftə içi.- 2013.- 11 oktyabr.- S.4.