Xan qızı Natəvanın kəbinini kəsən kişi...

Elə bir dövrdəyik ki, "qloballaşma", "inteqrasiya" adı altında Qərb sivilizasiyası bütün müsbət-mənfi cəhətləri ilə üzərimizə gəlir. Dövlət və ziyalılarımız müəyyən tədbirlər görə bilsələr də, bu basqı hiss olunmaqda, dini, milli-mənəvi dəyərlərimiz təhlükə altında qalmaqdadır. Əslində bu dəyərlər ta qədimdən - gözəgəlimli Vətənimiz əcnəbi imperiyaların savaş meydanına çevrilən dövrlərdən hədəfə çevrilib. Ancaq torpaqlarımızı bacardıqları qədər qorumuş babalarımız mənəviyyatımızı, mədəniyyətimizi də mühafizə etməyi bacarıblar. İnşallah, bu gün də bacaracağıq. Amma bir şərtə ki, dünənki mühafizləri - o köhnə kişiləri unutmayaq. Bu gün türk, müsəlman kişiliyinə daban-dabana zidd məxluqların "demokratiya" şüarı altında meydan sulamasına yol vermək olmaz. Bunun üçün də keçmişimizlə daha dərindən maraqlanmalı, tarixə dönmüşya bu günyaşayan əsl Azərbaycan xarakterli kişilərimizi nümunə kimi təbliğ etməli, unudulanları, kölgədə qalanları tanıtmalıyıq

 

...Uca dağ yamacının çətin yolları ilə əlində kiçik bağlama 12-13 yaşlarında bir oğlan sürətlə addımlayırdı. Arabir arxaya baxan uşaq sanki kimdənsə qaçırdı. Onu tələsdirən haram bir həvəs yox, elm öyrənmək arzusu idi. Anası ilə birgə atasına nə qədər yalvarsa da, ona təhsilini davam etdirməyə icazə vermirdi. Buna görə də o, anasının xəlvət ona verdiyi qızıl pulları da götürüb qaçmağa qərar vermişdi. Bu coşqu onu Şərq elmlərinin baş ocaqlarından olan Bağdada gətirib çıxardı. Onda hələ XIX əsrin əvvəlləri idi. Və heç kəs bilmirdi ki, illər sonra bu "qaçaq" oğlan böyük bir elin ağsaqqalına çevriləcək, neçə yolu azmışlara yol göstərəcək, neçə kimsəsizə arxa, neçə xəstəyə şəfa olacaqdı... Onda hələ ona adi bir kəndçi balası kimi baxan atasının, həmkəndlilərinin ağlına belə gəlməzdi ki, bu sadə geyimli uşaq bir vaxtlar düşüncəsi, elmi və əməlləri ilə öz xalqının dəyərlərini qoruyaraq gələcəyə ötürən böyük bir xəzinəyə bənzəyəcək...

"Şuşa qalasının cənub tərəfində Cıdır düzünə açılan böyük dəmir darvazanın ardında gur qollu-budaqlı uca bir qoz ağacı vardı. Bu qoz ağacından o tərəfə Hacı Axund Molla Şükürün geniş bağı başlayırdı. Bu bağda dünyanın ən gözəl qızılgülləri, sənubərləri, Xan qızı Natəvanın tərənnüm etdiyi qərənfillər, uca alma, armud, gilas ağacları bitmişdi... Bu ağacların hər birinin çiçəkləri də meyvələrinə görə bir cür ətir saçır, bir cür rəngə çalırdı... Bahar vaxtı bağa girəndə bu çiçəklər ətrinin simfoniyası adamı bihuş edirdi. Bağ sanki yer üzündə yaradılan cənnətə dönürdü. Lakin bu cənnəti Allahlıq iddiasında olanyer üzündə özü cənnət yaratmaq istəyən Misir fironunun əmri ilə qullar yaratmamışdı. Yer üzündəki bu cənnət bağını Şuşa qalasındakı "Təzə pir" məscidinin baş ruhanisi Hacı Axund Molla Şükür öz əli ilə əkib becərmişdi.

Bağın ortasında altı-yeddi otaqdan ibarət kürsülü bir ev, evin yanında mətbəx, mətbəxin yanında qədim təndirxana vardı. Hacı Axund Molla Şükür bunların hamısını öz səliqəsi ilə tikdirmişdi. Böyük zal onun kitabxanası və qəbul otağı idi. Ağır-ağır cildlərdə ərəb, fars, türk dillərində kitablar divarlar boyu üst-üstə yığılmışdı. Yerə xalı, gəbə döşənmişdi. Üç pəncərə bağçaya baxırdı"...

Dahi yazıçımız İlyas Əfəndiyevin məşhur "Hacı Axund Molla Şükürün cənnət bağı necə oldu?" hekayəsinin başlandığı bu cümlələr bayaq kənddən qaçmağını təsvir etdiyimiz o oğlan uşağının artıq böyük yaşlarında tutduğu mövqeyin, gördüyü işlərin qısa bir təsviridir...

Hacı Axund Molla Şükür 1820, yaxud 1821-ci ildə Şuşadan təxminən 40 km məsafədə yerləşən indiki Laçın rayonunun Ağanus kəndində doğulmuşdu. Mollaxanada oxuduqdan sonra 10 il Bağdad və Nəcəf şəhərlərində İslam dini ilə yanaşı, dünyəvi elmlərin də dərinliklərinə yiyələnmişdi. 1850-ci illərin ortalarında Vətənə döndükdən sonra o vaxtkı Zaqafqaziya şeyxülislamı bu boy-buxunlu, bilikli və dərrakəli cavanı Şuşa şəhərinin axundu təyin etmişdi. O da qısa müddətdə Qarabağ camaatının hörmətini qazanmışdı...

Yazıçı-publisist Əslixan Hüseynoğlu özünün "Geriyə bax, qoca!.." adlı romanında yazır: "...Hacı Molla Şükürdə övliyalıq, olmuş, yaxud olacaq hadisələr barədə qeybdən xəbər vermək qabiliyyəti də varmış... Bir dəfə Şuşada dövlətli bir adamın evini yarmış, başqa şeylərlə bərabər zənən pal-paltarı da aparmışdılar. Amma şeyləri oğurlanmış adam arvadının pal-paltarının aparılması barədə heç kəsə heç nə deməyibmiş. Oğrunu tapmaq üçün nə qədər pul vəd eləsə də, bir nəticə olmur... Hadisədən xeyli keçmiş bir gün Şuşa camaatı Hacı Molla Şükürün ziyarətinə gəlibmiş. Hacı böyük zala toplaşmış şuşalıların arasında bir nəfərə üz tutaraq uca, zəhmli səslə deyir: "Çıx bayıra, məlun! Filankəsin evini yaran, şeylərini, qadın paltarını aparan sənsən! Murdarlama mənim evimi!". Oradakıların hamısı yerində quruyub qalır. Həmin şəxs Hacının ayaqlarına döşənib ağlayır. Tövbə edərək o gündən oğurluqdan əl çəkəcəyi barədə Qurana and içir. Sonra da apardığı şeylərin hamısını sahibinə qaytarır"...

O dövrün əksər kişiləri kimi, Hacı Molla Şükürharama, oğurluğa, başqasının qadınına yad nəzərlərlə baxmağa qarşı çox amansız imiş. Allahı, Quranı, halallığı hər şeydən uca tutaraq bu yolda o dövrün ən zalım, ən zəngin varlılarından, çar məmurlarından belə çəkinməz, yeri gələndə onlara qarşı da mübarizə apararmış. Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan birinci əri Xasay xan Usmiyevdən ayrıldıqdan sonra Qarabağla yanaşı, Gəncəbasarın, Şirvanın əsilzadələri, hətta İran şahzadəsi Bəhmən Mirzə də xan nəsli ilə qohum olmaq məqsədilə ona elçi düşərək, hər vasitəyə əl atırdılar. Bu təzyiqlərdən yaxa qurtarmaq üçün Natəvan sadə, yoxsul bir adama - papaqçı Seyid Hüseynə ərə getmək qərarına gəlir. Ancaq Xan Qızının pərəstişkarlarından qorxan din xadimlərindən heç biri onun kəbinini kəsməyə hünər etmir. Bu işə yalnız Hacı Molla Şükürün cəsarəti çatır...

Qəhrəmanımız erməni terroruna, təcavüzünə qarşı mübarizədə də fəal iştirak etmişdir. Mir Möhsün Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabında yazır ki, Hacı Axundun başçılıq etdiyi dəstə Qarabağ xanı İbrahim xanın qızı mərhumə Gövhər ağanın evinin ətrafında mövqe tutub ermənilərə qarşı döyüşürdü...

Hacı Molla Şükür, eyni zamanda, rus imperiyasının islami, milli dəyərlərimizi məhv etməyə yönəlmiş tədbirləri ilə də barışmırdı. Bu basqılar xüsusən sovet hakimiyyəti dövründə, artıq Hacının yaşı yüzü haqlayan vaxtlarda daha da güclənmişdi. Hacı ilk dövrlərində Allahı kəskin şəkildə danan, hətta "Allahsızlar İttifaqı" yaradan bolşevik hakimiyyətinə dərin nifrət bəsləyərmiş. Bəlkə də el arasındakı böyük nüfuzundan qorxmasaydılar, kommunistlər qoca olmağına baxmadan Hacı Molla Şükürüsürgün edər, güllələyərmişlər...

Əslixan Hüseynoğlunun kitabında oxuyuruq: "Bağırbəylinin (Qarabağda tanınmış tayfalardandır - S.L) dünyanın hər üzünü görmüş kişilərindən biri olan Əbdüləli bəyin nə vaxt Şuşaya yolu düşsə, gedib Hacı Axundla görüşər, onun evində gecələyərmiş. O, sonralar, hələ sovet hökumətinin dünyaya meydan oxuduğu 60-65-ci illərdə uzun zamandan bəri ürəyində bir sirr kimi saxladığını təklikdə nəvəsi Ağayar müəllimə açıb danışarmış: "Bala, Hajı əmi deyirdi ki, bu təzə hökumətin 70 il ömrü var, sən buna o qədər də bel bağlama...".

Amma sovet hökuməti yıxılana qədər çoxları kimi Hacı Molla Şükürün nəslinə də böyük zərbələr vurdu. Ölümündən sonra ailəsi, bütün əzizləri repressiyaya, təzyiqlərə məruz qaldı. Yaxınları onun bir çox əlyazmalarını yandırmağa məcbur olmuşlar... Oğullarından biri, Gorus qəzasının naçalniki işləmiş, Müsavatın fəallarından olmuş Mirzə Məhəmməd 1937-ci ildə həbsə alınaraq sürgün edilirbir daha geri dönmür... İlyas Əfəndiyev bayaq xatırlatdığımız "Hacı Axund Molla Şükürün cənnət bağı necə oldu?" hekayəsində Mirzə Məhəmmədin uşaqlıqda Hacı Molla Şükürün bağında birlikdə oynadıqları qızı Səriyyənin sonrakı acınacaqlı taleyini də yanıqlı notlarla təsvir edir (Hacının həyat yoldaşı Bəyaz xanım məşhur yazıçımızın anasının xalası imiş)... Ancaq bütün zülmlərə baxmayaraq, bu köhnə kişinin nəsli bu günədək duruş gətirərək, milli dəyərlərimizin mühafizi kimi yaşayır...

Hacının nəticələrindən uzun müddət maarif sahəsində çalışmış filoloq-müəllim, yazıçı publisist Əslixan Hüseynoğlu köhnə kişilərin xarakterik xüsusiyyətlərini, el-obamızın adət-ənənələrini yaddaşlarda bərkidən əsərlər yazır. Digər nəticə - Hacı Molla Şükürün oğlu Mirzə Məhəmmədin nəvəsi Flora xanım Qasımova hazırda Milli Məclisin üzvüdür. Onu da qeyd edək ki, Flora xanım Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşıdır. Bu günlərdə Flora xanım Hacı Axund Molla Şükürün Əlyazmalar İnstitutunda saxlanılan əski əlifbada əlyazmalarını tapmış və onların müasir Azərbaycan türkcəsinə tərcümə edilərək, latın qrafikasında çap edilməsi üçün təşəbbüs qaldırmışdır. Müxtəlif dini bilgilərdən, göy cisimləri ilə Quran əlifbası arasında əlaqələrdən və s. bəhs edən həmin əlyazmalar yalnız bir nəslin yox, bütövlükdə xalqımızın sərvətidir...

Hacı Molla Şükürlə eyni nəsildən xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması və tərəqqisi üçün öz töhfələrini verən digər şəxslər də vardır. Respublikanın Əməkdar müəllimi, Laçın rayonu Ağsaqqallar Şurasının sədri Ağayar İsmayılov, Sahibkarlar Şurasının üzvü, "Bakond" şirkətinin prezidenti Ruslan Sadıqov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Rövşən Sadıqov və başqaları köhnə kişilərin yadigarlarıdır...

İlyas Əfəndiyevin təsvir etdiyi Hacı Molla Şükürün evi sovet dövründə Kənd Təsərrüfatı Texnikumunun yataqxanasına çevrilmişonun cənnət bağından əsər-əlamət qalmamışdı... Amma Qarabağın, o cümlədən, bu nəslin genefonduna ən ağır zərbə onda dəydi ki, Hacının doğma kəndi Ağanus da, məzarının olduğu Şuşa da ermənilərin əlinə keçdi...

Qarabağın azadlığına gedən yolumuz həm də soykökümüzün, dəyərlərimizin daşıyıcısı olmuş köhnə kişilərin kökünü, nəslini qorumaqdan keçir. Gec-tez "otlar kökləri üstündə göyərəcək" və nankorlardan təmizlənmiş Şuşada o kişilərin nəticə-kötücələrinin əli ilə yeni cənnət bağları salınacaq...

Köhnə kişilər barədə söhbətimiz bununla bitmir. Bu gün şükür ki, hələ dəyərlərimizi canında, xarakterində daşıyan kişilərimiz yaşayır. Onlarla həmsöhbət olub önəmli nəsihətlərini dinləməyə vaxt tapacağıq...

 

Sultan Laçın

 

Həftə içi.- 2013.- 12-14 oktyabr.- S.8.