“Elektron hökumət“ portalına maraq artır 

 

Ötən ilin dekabrından bəri portala müraciət edənlərin sayı 194 885 nəfər təşkil edib

 

Aktiv fəaliyyətə başladığı gündən - 2012-ci ilin dekabrından 2013-cü ilin sentyabr ayının 1-nə qədər "www.e-gov.az" portalına daxil olmuş statistik məlumatlar üzrə detallı hesabatlar açıqlanıb. Statistikaya əsasən, portala ümumilikdə 325 063 daxilolma qeydə alınıb, müraciət edənlərin ümumi sayı isə 194 885 nəfər olub.

 

"Həftə içi"nin məlumatına görə, "Elektron hökumət" bülleteninin sentyabr nömrəsində yer almış hesabatda deyilir ki, hesabat dövründə 194 885 nəfər ümumən 325 063 dəfə portala baxıb və 422 334 elektron xidmətə müraciət ediblər. Həmin şəxslərin portala sərf etdikləri vaxt orta hesabla 4 dəqiqə 40 saniyə olub.

Ümumilikdə hazırda vətəndaşların portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 62.2 faizini yeni istifadəçilər, 39.8 faizini isə təkrar müraciət edənlər təşkil edib. Müqayisə üçün avqust ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 36 210 daxilolma qeydə alınıb və portala müraciət edənlərin ümumi sayı isə 22 549 nəfər olub. Həmin şəxslər 81 029 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt orta hesabla 5 dəqiqə 52 saniyə təşkil edib. Avqust ayı ərzində portala müraciət edənlərin 51 faizini yeni istifadəçilər, 49 faizini isə təkrar müraciət edənlər təşkil edib. Bu rəqəmlər də kifayət qədər yaxşı hesab olunur və bütün istiqamətlərdə dinamik artım müşahidə olunmaqdadır.

Statistik rəqəmlər portalda işləmə müddətinin artdığını da təsdiqləyir. Portala 2013-cü ilin avqust ayı ərzində təkrar müraciət edənlərin sayı 49 faiz təşkil edib. Portala daxil olmaq üçün sadələşdirilmiş kod - parol alan istifadəçilərin sayında da artım müşahidə olunmaqdadır. Belə ki, bu rəqəm hazırda 19 305-ə çatıb. Eyni zamanda "Elektron imza" vəsiqələri almış istifadəçilərin sayı 15613, portal vasitəsilə təqdim edilən xidmətlərin sayı 251 olub. Portalın "Facebook" sosial şəbəkəsində istifadəçilərinin sayı da artmaqda davam edir ki, hazırda bu rəqəm 74 500 nəfər təşkil edir.

Ümumiyyətlə, son statistik məlumatlar hazırkı dönəmdə portalın fəaliyyətinin daha da genişləndirilməsi, o cümlədən müvafiq qurumlar tərəfindən yeni elektron xidmətlərin təqdim edilməsi üçün münbit şərait mövcudluğunu bir daha aydın nəzərə çarpdırır. Belə ki, bütün elektron xidmətlərin "e-gov"a inteqrasiya olunub tam gücü ilə fəaliyyət göstərməsi üçün portalın operatoru tərəfindən müvafiq texniki mühit yaradılıb və bunun üçün bütün lazımi infrastruktur, imkanlar mövcuddur.

Portal bir vasitə, bir platformadır, artıq onun mövcudluğu populyarlaşmaqda və tanınmaqdadır. Bu imkan xidmət təminatçılarının daha praktik elektron xidmətlər təqdim etmələri və mövcud xidmətlərin portala inteqrasiya olunmasını sürətləndirməyi şərtləndirir.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2013.- 11 sentyabr.- S.7.