Köçkün rayonun təhsil nailiyyəti

 

Laçın rayon məktəblərinin builki məzunları son 20 ildə ən yüksək göstəriciyə nail olublar

 

Bu il Laçın rayonundan ali məktəbə qəbul olmuş məzunlar, onların valideynləri və müəllimləri ilə görüş keçirilib. Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən tədbirdə rayon ziyalıları da iştirak edib.

 

"Həftə içi"nin məlumatına görə, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov çıxış edərək Laçın məktəblərinin builki məzunlarının uğurlarından danışıb. O qeyd edib ki, bu il Laçın rayon məktəblərindən 206 nəfər məzun ali məktəbə qəbul olunub. Onun sözlərinə görə, Laçın rayonunun işğaldan sonra ilk dəfədir ki, gənclərlə rayondan olan alimlərin və həkimlərimin, ziyalıların, el ağsaqqallarının görüşü keçirilir: "Mən bu görüşü ona görə təşkil etdirdim ki, gənclərimiz rayondan olan ziyalılarını, alimlərini tanısınlar. Belə görüşlərin təşkilinin xüsusi əhəmiyyəti var. Ona görə də biz bu cür görüşlərin keçirilməsinə çalışacağıq".

Rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev isə çıxışında bu il yüksək balla ali məktəblərə qəbul olmuş məzunları, onların valideyn və müəlimlərini təbrik edərək belə bir görüşün onlar üçün əlamətdar olduğunu söyləyib. Onun sözlərinə görə, ölkəmizdə təhsilə dövlətin diqqəti və qayğısı çox yüksəkdir və bu qayğıdan Laçın məktəbliləri də bəhrələnir: "Həmişə yüksək amallarla xidmət edən Laçən rayonunun təhsil işçiləri təhsil islahatlarının həyata keçirilməsində xüsusi fəallıq göstərir. Rayonun pedaqoji ictimaiyyəti gənclərin təlim-tərbiyəsi sahəsində bütün bilik və bacarıqlarını sərf edirlər. Bu il rayonumuzun ümumtəhsil məktəblərinin buraxılış imtahanlarındakı göstəricilər respublika göstəricilərindən yüksək olub. Ötən dərs ilində 11-ci siniflərdə təhsil alan 572 nəfər şagirddən 447 nəfəri, yəni 78,35 faizi müvəfəq qiymətlər alıb. Məktəbi bitirən məzunlardan 404 nəfəri ali təhsil ocaqlarına sənəd vermişonlardan 206 nəfəri tələbə adını qazanıb. Bu, son 20 ildə ən yüksək göstəricidir. Bu il qəbul imtahanında 32 məzun 500-dən, 9 məzun 600-dən yuxarı bal toplayıb".

Təhsil Şöbəsinin müdiri Çıraqlı kənd tam orta məktəbinin məzunu Samir Mübariz oğlu Babayevevin 681 balla Azərbaycan Dövlərt Tibb Unversitetinin müalicə-profilaktika fakültəsinə qəbul olaraq prezident təqaüdünə layiq görüldüyünü xüsusi qeyd edib. O bildirib ki, hər bir azərbaycanlının vətəndaşlıq borcu respublikamızın dövlət müstəqilliyini qoruyub saxlamaq, onu azad, müstəqil dövlət kimi inkişaf etdirməkdir: "Bunu gənclər xüsusi olaraq bilməlidirlər. Eləcə də hər kəs Azərbaycan elmini, mədəniyyətini yüksəklərə qaldırmaq, vətənin şan-şöhrətini dünyaya tanıtmaq və dünya birliyində layiqli yer tutması üçün xidmətlər göstərməlidir. Gənclərimizin qarşısında duran başlıca vəzifələrdən biri xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda cəbhələrdə göstərdikləri qəhrəmanlıqları kimi elmdə, istehsalatda, təhsildə də fədakarlıq göstərmələri və yüksək ixtisaslı mütəxəssislər kimi yetişmələridir".

Tarix elmləri doktoru, professor Şikar Qasımov belə bir görüşün keçirilməsinə yüksək qiymət verərək deyib ki, bu xüsusi əhəmiyyətli bir tədbirdir: "Bunun əhəmiyyəti ondadır ki, ali məktəblərə qəbul olan tələbələr özlərində məsuliyyət hissi görür və inanırlar ki, bu günə və sabaha savadlı kadr lazımdır. Bu gün tarixdə qalacaq. Əməlimizlə, təhsilimizlə bir daha sübut edirik ki, biz laçınlılar hər şeyə qadirdik. Biz rayon icra hakimiyyətinin başçısı Akif Səlimovun səmimi münasibətini görürükonun xalqına və ziyalısına göstərdiyi böyük qayğını görürük. Akif Səlimova öz minnətdarlığımı bildirirəm ki, bu gün biz ziyalıları laçınlı gənclərə tanıtdırır".

Daha sonra "AZAL"l Hava Yolları Təşkilat Komitəsinin sədri Bəkir Yusifov çıxış edərək Laçın rayonunda təhsil ənənələrinfən danışıb. O qeyd edib ki, rayonun təhsl ocaqlarının builki məzunlarının son 20 ildə ən yüksək nəticələr göstərməsi rayonda təhsil ənənələrinin qorunub saxlandığının göstəricisidir. Onun sözlərinə görə, 20 ildir işğal altında olan bir rayondan 206 gəncin bir ildə ali məktəblərə daxil olması böyük göstəricidir: "Biz Aviasiya Akademiyasına qəbul olmuş tələbələrimizə köməklik göstərəcəyik və onların təhsil alması üçün əlimizdən gələni edəcəyik. 680 bal toplayan tələbəyə Türkiyənin istənilən yerinə putyovka hədiyyə edəcəyik".

Tibb elmləri doktoru, professor İlham Kazımov da belə bir görüşün məcburi köçkün kimi respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan laçınlılar üçün xüsusi əhəmiyyət daşıdığını deyib. O rayon səviyyəsində təşkil olunan bu görüşdən sonra Laçından olan gənclərin təhsilə, gələcək inkişafa daha məsuliyyətlə yanaşacaqlarına ümidvar olduğunu deyib: "Bu tələbələrin heç biri Laçında olmayıb, oranı görməyiblər. Amma damarımızda Laçın qanı var. Siz tələbələrin qarşısında böyük şanslar var, çalışın bu şanslardan yerərincə bəhrələnin".

Rayon icra hakimiyyətinin başçısı Akif Səlimov dünyaşöhrətli alimlərin və el ağsaqqallarının çıxışlarının ana xəttində mütləq "Laçın" sözünün eşidildiyini vurğulayıb. Onun sözlərinə görə, "Laçın" kəlməsi 70 minlik laçınlının ilk halqası olmalıdır: "Amma bu yerliçilik, tayfabazlıq bizim aramızdan götürülməlidir. Hər bir rayonda bütün əhali bir fikirdə, olsa, yumruq kimi birləşəndə, dövlət də o qədər güclü olur. Dövlətimizdə isə xalqına, vətəninə bağlı adamlar çalışmalıdırlar. İnsanı insandan fərqləndirən cəhət onun intelektuallığı, zəkası və ziyalılığıdır. Insan insanı bu cəhətlərinə görə kəşf etməlidir. Biz ölkə başçısının apardığı xaricidaxili siyasət nəticəsində Laçına qayıdacağıq. Əgər Laçına qayıtmasaq bizim yaşamağa haqqımız yoxdur".

Akif Səlimov duyğusal vətənpərvərliyin yüksək olduğunu, hərbi vətənpərvərliyin isə lazımi səviyyədə olmadığını da dilə gətirdi. Onun sözlərinə görə, duyğusal və hərbi vətənpərvərlik bərabər səviyyədə olarsa, işğal altındakı torpaqlarımızı düşməndən azad edəcəyik: "Mən arzu edərdim ki, oğullarımız hərbi sahəyə üstünlük versinlər, Hərbi Akademiyada təhsil alsınlar. Biz rayon miqyasında hərbə olan münasibətlərimizi dəyişməliyik. Hər bir laçınlı ailəsi oğlunun birini hərbi məktəbə göndərməlidir. Cəmşid Naxçıvanski adına Ali Hərbi Akademiyada təhsil alan laçınlı gənclərin hər birinə ayda 300 manat təqaüd verəcəyik. Biz valideynlərə üz tutub deyirik ki, sizin balalarınız zabit, general olsun, vətənə xidmət eləsin".

Tədbir bu il ali məktəblərə tələbə qəbulu imtahanlarında yüksək nəticələr göstərmiş məzunların mükafatlandırılması ilə başa çatıb. Belə ki, Laçın Rayon İcra Hakimiyyəti ali məktəblərə qəbul zamanı 500-dən çox bal toplayan məzunlara qol saatı, 600-dən çox bal toplayan məzunlara isə kompüter hədiyyə edib.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2013.- 24 sentyabr.- S.7.