Elektron xidmətlərin

siyahısı genişləndirilir 

 

Osman Gündüz: «Kütləvi və sosial-ictimai əhəmiyyət kəsb edən

xidmətlərin siyahısını ASAN Xidmət Agentliyinə təqdim etmişik»

 

Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib. Belə ki, yeni dəyişikliyə əsasən, bundan sonra qeyri-kommersiya hüquqi şəxslərin və təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi elektron qaydada həyata keçiriləcək.

Bundan başqa, hökumətin qərarına əsasən, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi, dini qurumların dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə dini qurumun ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi də elektronlaşdırılacaq.

Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə qaydaları da dəyişib. Belə ki, yeni dəyişikliklərə əsasən, satıcı elektron vergi hesab-fakturasını Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları"na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud "Elektron imzaelektron sənəd haqqında" gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olaraq hazırlayır.

Elektron vergi hesab-fakturasının tərtib edilməsi, ləğv edilməsi, dəqiqləşdirilməsi, əvəzləşdirilən elektron vergi hesab-fakturaları barədə məlumatların sistemə daxil edilməsi üzrə əməliyyatların həyata keçirilməsi qaydaları Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Vergi ödəyicisi olan fiziki şəxsin özüya hüquqi şəxsin rəhbəri hazırlanmış elektron vergi hesab-fakturasının təsdiq edilərək göndərilməsini həyata keçirə bilərlər.

Elektron vergi hesab-fakturasının ödəniş sənədlərini təsdiq etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi İnternet Vergi İdarəsində yaradılmış "Səlahiyyətlərin idarə edilməsi" menyusundan istifadə edilməklə, gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir.

Maraqlıdır, görəsən, Azərbaycanda elektron xidmətlərin genişləndirilməsi necə qiymətləndirilir? Təklif olunan xidmətləri elektron hökumətin tam formalaşması üçün yetərli saymaq olarmı?

Məsələyə münasibət bildirən “Multimediaİnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz hesab edir ki, son dövrlərdə dövlət qurumlarında elektron xidmətlərlə bağlı müəyyən uğurlar əldə olunub. Onun sözlərinə görə, rəhbəri olduğu qurum bu istiqamətdə 2006-cı ildən başlayaraq sistemli və müntəzəm olaraq monitorinq həyata keçirir. Monitorinqin aparılmasında əsas məqsəd bu sahədə vəziyyəti araşdırmaq və bu istiqamətdə hər bir dövlət qurumu üzrə, eləcə də ümumiləşmiş tövsiyələr hazırlamaqdan ibarət olub. Məsələn, bu ilki monitorinqin nəticələri 2013-cü il iyulundan 2014-cü ilin yanvarına qədər olan dövrü əhatə edir və monitorinqə 74 mərkəzi, 67 yerli icra orqanı daxil edilib: “Hazırda daha çox elektron xidmətlər Vergilər Nazirliyi tərəfindən tətbiq olunur».

 

İnfrastruktur tam formalaşmayıb

 

Ekspert deyib ki, bir sıra dövlət qurumlarında hələ də infrastruktur formalaşmayıb. O, monitorinqlərin nəticələrinə əsaslanaraq bildirir ki, xidmət sektoru ilə İKT sektorunun qarşılıqlı əlaqələri yetərincə tənzimlənməyib. Onun sözlərinə görə, imkanları və resursları zəif olan qurumlarda rəsmi saytlardan vətəndaşlarla interaktiv əlaqənin qurulmasında, elektron formada ən adi xidmətlərin göstərilməsində istifadə olunmur, sosial şəbəkələrə inteqrasiyalar yoxdur. Belə qurumların aidiyyəti dövlət orqanlarına metodiki-informasiya dəstəyi də yetərli deyil.

Osman Gündüz hesab edir ki, dövlət orqanlarının Əsasnamələrinə vətəndaşların informasiya təminatına cavab verən struktur bölmələr və onların fəaliyyət istiqamətləri haqqında müddəalar daxil edilməli, informasiya açıqlığı üzərində dövlət nəzarətini həyata keçirmək məqsədilə yaradılan yeni xidmətin fəaliyyəti canlandırılmalıdır. Dövlət qurumlarının, resursları yetərli olmayan qurumlara, xüsusilə yerli icra orqanlarına informasiya açıqlığının təmin edilməsi sahəsində köməklik göstərilməlidir. Dövlət qurumlarında qanunvericilikdə nəzərdə tutulduğu qaydada informasiya infrastrukturunun formalaşdırılması başa çatdırılmalı və mövcud müvafiq strukturların fəaliyyəti təkmilləşdirilməlidir. Dövlət orqanlarında informasiya istehsalı prosesinin çevikeffektiv mexanizmləri hazırlanmalıdır. Onun sözlərinə görə, dövlət qurumunun büdcəsində informasiya istehsalı və açıqlanması ilə bağlı xərclər ayrıca qeyd olunmalıdır. Qanunvericilikdə nəzərdə tutulduğu qaydada yalnız keyfiyyətli informasiyaların saytda yerləşdirilməsinə diqqət yetirilməlidir: “Bundan başqa, sosial əhəmiyyətli və kütləvi xidmətlərin interaktiv olaraq elektron formaya keçirilməsinə diqqət artırılmalıdır. Sosial şəbəkələrə inteqrasiyalar hazırlanmalıdır. Portala inteqrasiya başa çatdırılmalıdır. Dövlət qurumlarında elektron informasiya istehsalı ilə bağlı, elektron xidmətlərlə, ictimai informasiyalarla bağlı treninqlər təşkil olunmalıdır. Elektron xidmətlərin keyfiyyət göstəriciləri hazırlanmalı və müvafiq dövlət və ictimai nəzarət sistemi qurulmalıdır”.

 

Xüsusi siyahı hazırlanıb

 

Ekspert onu da vurğulayıb ki, Multimedia Mərkəzi Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura ilə birgə kütləvi və sosial-ictimai əhəmiyyət kəsb edən xidmətlərin siyahısını da hazırlayıb. Onun sözlərinə görə, bu siyahının hazırlanmasında əsas məqsəd elektron hökumətin tam formalaşmasına dəstək verməkdir: “Biz artıq 120 xidmətin daxil olduğu siyahını hazırlayaraq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinə təqdim etmişik. Həmin siyahıda 83 xidmət də yer alıb ki, bu xidmətlər yenidir və hökumət tərəfindən təsdiq olunmuş xidmətlər siyahısında yoxdur. Bu vacib xidmətlərin indiyədək cəmi 18-i Elektron Hökumət Portalına yerləşdirilib”.

Osman Gündüz bir məqamı da vurğulayır ki, həmin siyahıda yer alan xidmətlər əsasən, Daxili İşlər Nazirliyini, Ədliyyə Nazirliyini, Vergilər Nazirliyini, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini, Sosial Müdafiə Fondunu əhatə edir. Onun sözlərinə görə, hazırda ASAN Xidmət Agentliyində həmin siyahı təhlil olunur və ən vacib sosial-ictimai əhəmiyyət kəsb edən xidmətlər dəqiqləşdirirlir: “Ola bilər ki, hökumətin elektron xidmətlərin genişləndirilməsi ilə bağlı yeni qərarına bizim hazırladığımız siyahının da təsiri olub. Biz bu məsələdə hökumətə dəstək verməyə hazırıq və monitorinqlərimizi mərhələli şəkildə davam etdirməkdəyik».

 

Sevinc

                                

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 3 aprel.- S.6.