Mobil nömrələrin daşınması xidməti 

 

Mobul operatorlar eyni məqsəd daşıyan bu proses fərqli mövqelərdən yanaşır

 

Azərbaycanda bu ilin fevralın 1-dən etibarən mobil nömrə daşınması xidməti fəaliyyətə başlayıb. Bu xidmət mobil telefon istifadəçilərini öz operatorlarını dəyişmək imkanı verir. Mövcud qaydalara əsasən, borclu nömrələrin, eləcə də 3 aydan az istifadə olunan nömrələrin daşınması mümkün deyil. Bundan başqa mobil telefon nömrəsini digər operatora keçirmək istəyən fiziki və ya hüquqi şəxslər bunun üçün alıcı operatora (yəni, abunəçinin keçmək istədiyi) ərizə ilə müraciət etməli, bu zaman özünə aid olan məlumatları təqdim etməlidir. Bu nömrənin mövcudluğu, eləcə də təqdim olunan sənəd və məlumatların doğruluğu təsdiqlənəndən sonra daşınacaq nömrə üzrə alıcı operator və abunəçi arasında abunə müqaviləsi imzalanır.

Alıcı operator nömrə daşınması ilə bağlı imzalanmış ərizəni və sənədləri 2 iş günündən gec olmayaraq elektron formada Mərkəzi Baza Sisteminə, eləcə də ən geci 10 iş günü ərzində poçt vasitəsilə verici (abunəçinin xidmətindən imtina etmək istədiyi) operatora çatdırır.Verici operator daşınması nəzərdə tutulan nömrəni və abunəçi barədə məlumatların uyğunluğunu yoxlayır və nəticəni (verici operatorun nömrə daşınmasının həyata keçirməyə razı olduğunu və ya nömrə daşınmasından imtina etdiyini) 2 iş günündən gec olmayaraq Mərkəzi Baza Sistemi vasitəsi ilə alıcı operatora bildirir. Verici operator nömrə daşınmasından imtina etdikdə, imtinanın səbəbini göstərməlidir.

Qaydalara əsasən, mobil operatorlar nömrə daşınmasının həyata keçirilməsi üçün bütün texniki məsələləri həll etməli, o cümlədən abunəçilərə aid məlumatların məxfi saxlanmasını, daşınmış nömrələrə edilən zənglərin və məlumatların alıcı operatorun telekommunikasiya şəbəkəsinə yönləndirilməsini təmin etməlidir.

Bundan başqa, verici operator öz telekommunikasiya şəbəkəsindən daşınmış nömrəyə edilən zənglər üçün abunəçilərinə ayırdedici xəbərdarlıq siqnalı verməlidir. Nömrə daşınması prosesində abunəçinin fikrini dəyişdirəcək hər hansı təbliğat işlərinin operatorlar tərəfindən aparılması yolverilməzdir.

Qaydalara görə, mobil operatorlar nömrə daşınmasına və tələb olunan sənədlərə dair məlumatları, ərizə formalarını, abunəçinin hüquqları və öhdəlikləri, nömrə daşınmasının həyata keçirilməsi müddəti barədə istifadəçiləri, abunəçiləri məlumatlandırmalı və bu məlumatları özlərinin internet informasiya ehtiyatlarında yerləşdirməlidirlər.

Bəs, Azərbaycanda bu proses necə gedir? Nömrələrin daşınması zamanı operatorlar hansısa problem yaşayırlarmı?

Məsələyə münasibət açıqlayarkən Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər ki, hazırda xidmətin tətbiqi uğurla davam etdirilir. Xidmətin əsas məqsədi isə mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.

Nazirlikdən həmçinin bəyan ediblər ki, nömrə daşınmasından bir sıra hallarda imtina oluna bilər. Belə ki, daşınması tələb olunan nömrə abunəçiyə aid olmadıqda, abunəçi barədə məlumatlarda səhv olduqda, daşınması tələb olunan nömrə üzrə borc olduqda imtina halı mümkündür. Bundan başqa, daşınması tələb olunan nömrə üzrə abunə müqaviləsinin dayandırılması barədə abunəçinin verici operatora müraciəti olduqda və ya müqavilə ləğv edildikdə, daşınması tələb olunan nömrənin verici operator tərəfindən abunəçinin istifadəsinə verildiyi tarixdən 3 (üç) ay müddət keçmədikdə (həmin abunəçinin fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədlərdə, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlarda dəyişiklik edilməsi ilə əlaqədar müqavilənin yenilənməsi bu bənddə göstərilən müddətin yenilənməsinə səbəb olmur), verici operator və abunəçi arasında abunə müqaviləsindən irəli gələn hər hansı məhkəmə işi üzrə yekun qərar qəbul edilənə kimi mübahisələr olduqda imtina nömrə daşınmasından oluna bilər.

 

Kiçik problemlər olur, amma…

 

Mövzu ilə bağlı mətbuata açıqlama verən “Bakcell”in korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib ki, şirkət ötən ilin avqust ayında mobil nömrə daşınmasını tətbiqinə başlayan ilk operator olub. Lakin nömrə daşınmasını həyata keçirmək xidmətini digər mobil operatorlar da dəstəkləməli idi. Bu olmadan nömrə daşınmasını həyata keçirmək mümkün deyildi: “Bu il fevralın 1-nə kimi “Bakcell” şəbəkəsinə keçmək istəyən abunəçilərin ilkin qeydiyyatı aparıldı. Xüsusilə fevralın 1-dən digər mobil operatorların abunəçilərinin “Bakcell” şəbəkəsinə böyük marağını hiss edirik. Öz nömrəsini “Bakcell” şəbəkəsinə daşıyan abunəçilərin sayı digər mobil operatorları seçən abunəçilərin sayından 2 dəfə çoxdur. “Bakcell” şirkəti Azərbaycanın mobil rabitə bazarında abunəçilərə sərfəli qiymət və yüksək xidmət təklif edir. Şirkətin müxtəlif tarif planları və müvafiq kampaniyaları abunəçilərə çox sərfəli qiymətlərlə yüksək keyfiyyətli mobil rabitə xidmətlərindən yararlanmaq imkanı verir”.

Süheylə Cəfərova əlavə edib ki, mobil nömrə daşınmasının tətbiqinə dair qaydalarda xidmətin həyata keçirilməsinin nə zaman mümkün olmaması ilə bağlı hallar (abunəçinin şəbəkəsindən çıxmaq istədiyi operatora borclu olması, təqdim olunan sənədlərin düzgün olmaması və sair) öz əksini tapıbş Onun sözlərinə görə, belə halları çıxmaq şərtilə prosesin həyata keçirilməsi zamanı hər hansı kiçik uyğunsuzluqlar olduqda onları qısa zaman ərzində həll etmək mümkündür.

“Azerfon”un əməkdaşı Ceyhun Ələkbərov bildirib ki, nə qədər abonentin nömrəsini “NarMobail” operatoruna daşıması, nə qədər abonentin operatordan getməsi barədə konkret məlumatı yoxdur: “Ümumi götürəndə əmsal pozitivdir. Yəni mobil operatora gələnlərlə yanaşı gedənlər də var. Amma gələnlər daha çoxdur. Mobil nömrə daşıma statistikası dəyişkəndir. Həmçinin belə məlumatlar kommersiya xarakterli olduğu üçün açıqlanmır”.

Ceyhun Ələkbərov qeyd edib ki, nömrə daşınması yeni başladığı üçün prosesin tariflərə necə təsir edəcəyini, nə kimi dəyişiklik olacağını indidən demək çətindir: “Amma hər halda proses bazara təsirini göstərir”.

Şirkət əməkdaşının sözlərinə görə, “Azerfon” daşınma prosesində ciddi problemlərlə qarşılaşmayıb: “Xırda məsələlər olur, o da iş vaxtı öz həllini tapır”.

 

Müraciətlər artıb

 

Mövzu ilə bağlı fikirlərini bölüşən «Azercell Telecom» şirkətinin rəhbəri Kirill Qaburiç isə deyib ki, təmsil etdiyi şirkət Mobil Nömrə Daşınması sisteminə həm texniki, həm də müştəri xidmətləri baxımından tam hazır vəziyyətdə başlayıb: «Biz hələ keçən il bu xidmətə keçməyə hazır olduğumuzu bəyan etmişdik. Lakin, Mobil Nömrə Daşınması prosesinin başlanması tək Azercell deyil, bazardakı bütün oyunçulardan asılı idi və söhbət yalnız mobil rabitə operatorlarından getmir. Bu ilin əvvəlində bazarın bütün iştirakçıları hazırlıq işlərini yekunlaşdırırlar və layihə işə düşdü.

Bu çoxfunksiyalı layihənin icrası istiqamətində şirkətimizin ən peşəkar mütəxəssisləri artıq 1,5 ildən artıq çalışıblar. Hazırda proses nəzərdə tutulan bütün proseduralara riayət etmək şərti ilə Azercell tərəfindən uğurla həyata keçirilir. Bundan əlavə, Skandinaviyanın ən iri mobil rabitə operatoru sayılan TeliaSonera şirkətlər qrupunun tərkib hissəsi olaraq, biz həmçinin Mobil Nömrə Daşınması prosesini uğurla tətbiq edən digər üzvlərimizin qabaqcıl təcrübələrindən də yararlana bildik. Bir sözlə, bizim bütün müştəriləmizə ən yüksək səviyyədə xidmət göstərmək üçün yetərli imkanlarımız var. Əminəm ki, rəqiblərdən bizə keçən abunəçilər Azercell-də əlverişli və xoş müştəri təcrübəsi ilə üzləşəcəklər».

O, həmçinin bildirib ki, fevralın 1-dən bu günə kimi Mobil Nömrə Daşınması sistemi çərçivəsində 1000-dən çox müştəri nömrəsini “Azercell Telekom”a daşımaq üçün müraciət edib: «Azercell-in keyfiyyətli şəbəkəsindən və peşəkar müştəri xidmətlərindən yararlanmaq istəyən müştərilərin sayı hər gün artır. Lakin böyük rəqəmlər barədə danışmaq hələ tez olardı çünki müraciət edənlərin sayı azdır. Daha doğrusu, biz gözlədiyimiz ajiotaj yoxdur. Bunun əsas səbəblərini də biz özümüz üçün hardasa müəyyən etmişik. Mobil bazarın bir qədər dolması və hər bir mobil telefon istifadəçisinin ən azından iki nömrə işlətməsi hazırda bizim gözlədiyimiz müraciətlərin sayı məsələsinə səbəb ola bilər. Yəqin ki, hər hansı bir şəxs telefon işlədirsə, onun həm Azercell nömrəsi, həm də başqa mobil operatora məxsus nömrəsi var. Bu da həmin abunəçi üçün mövcud operatoru dəyişməyə lüzum yaratmır. Lakin mən qeyd etmək istərdim ki, bu gün 4,5 milyonluq abunəçi ailəsi olan Azercell öz faydalı təklifləri və yüksək keyfiyyəti ilə müştərilər üçün ən əlverişli seçimdir».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2014.- 5-7 aprel.- S.6.