Holi – yaxşının pis üzərində qələbəsi

 

İnsanları rənglərə boyayan Holi

mahiyyətcə Novruz bayramının oxşarıdır

 

Bu günlərdə eşitdim ki, aprelin 19-da Bakının tanınmış əyləncə mərkəzlərindən birində Hindistan-Azərbaycan Dostluq Assosiasiyası hind xalqının milli bayramlarından olan Holini qeyd etmək üçün bayram mərasimi keçirəcək. «Holi nədir» sualını verə bilərsiniz, ona görə də cavabını tapmağa çalışdım.

Hələ uşaqlıq illərimdə hind filmlərində seyr etdiyim bu milli el şənliyinin mahiyyətini məhz Hindistan-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Ronald D.Mello ilə söhbət əsnasında açmağa cəhd elədim. Yeri gəlmişkən, söhbətimiz zamanı cənab D.Mellonun ömür-gün yoldaşı, Azərbaycanda çoxlarının tanıdığı məşhur həkim xanım Racanibu gözəl bayramın məziyyətlərindən söz açdı.

Cənab D.Mello bildirdi ki, Hollinin yaşı elə Hindistanın tarixi qədər qədimdir: «Holi bayramının yaranma tarixini dəqiq demək mümkün deyilbu iki min ilola bilər, beş min il də. Bizə o məlumdur ki, hind xalqı tarixin bütün etaplarında bu bayramı qeyd edib. Holi Hindistanda payızda – oktyabrda qeyd olunan Divali bayramından sonra ikinci möhtəşəm el şənliyidir». Müsahibimizin sözlərinə görə, bayramın əsas mahiyyəti budur ki, insanlar Holinin tğimsalında baharı qarşılayır. Təbiət oyanır, hər yan müxtəlif rənglərə boyanır və sair. «Tarixən Hindistan aqrar ölkə kimi məşhur olub. Əkilən sahələrdən bol məhsul yığılır və bu zaman insanlar bayram edir» deyən müsahibimizin sözlərinə görə, bu şənliklərdə adamlar bir-birinin üzərinə müxtəlif rənglər atırlar, üz-gözlərini boyayırlar. Maraqlıdır, rənglər paltara ləkə salaraq sıradan çıxa bilərmi? D.Mellounun sözlərinə görə, xeyr. Çünki həmin rənglərin tərkibində yağ qarışığı olmadığı üçün paltaraya dəriyə yapışıb, ləkə salmır, adi su ilə yuyan kimi təmizlənir.

Yeri gəlmişkən, Holi şənliklərində istifadə olunan rənglərin özünəməxsus mənaları var. Əslində, hər bir rəng təbiətin ünsürlərini – gülü-çiçəyi, yarpağı, çəməni, torpağı və sair tərənnüm etsə də, bəzi mənbələrə görə, məsələn, qırmızı rəng məsumiyyəti, yaşıl rəng canlanmanı, enerjini, mavi rəng sakitliyi, rifahı, sarı rəng isə dindarlığı, Allaha bağlılığı xarakterizə edir.

Hind ənənələrinə görə bayram günü şəhər və kəndlərdə küçə-meydanlara axışan insanların bir-birilərinin üst-başını rənglərə boyaması heç kimdə inciklik yaratmır. Bu yerdə söhbətə qarışan doktor Racani bildirdi ki, bayramın özəlliyi elə ondadır ki, həmin gün insanlar sevinməli və ətrafdakıları da şənləndirməlidirlər. Yəni küçənin ortasında bir nəfər əlindəki rəngi hətta tanımadığı kiminsə üzərinə atarsa, həmin şəxs bunu normal qarşılayır və qətiyyən incimir. Çünki Holinin mənası budur.

R.D.Mello isə bildirdi ki, bayramın özülündə mifoloji amillər dayandığından müqəddəs sayılır və burada insanların səmimi olması lazımdır. Yeri gəlmişkən, Holli barəsində rəvayətdə nələr deyilir? Müsahibimizin dediklərindən: «Festivalın tarixi kökündə dayanan əfsanə və miflərə əsasən, pisliklərin kralı olan Hiranyakaşipu Hind tanrısı Brahma tərəfindən ölümsüzlüklə mükafatlandırılandan müəyyən müddət sonra sonra çox böyük günahlar işləməyə başlayır. O, hər kəsdən yalnız ona itaət etməsini istəyir. Buna görə etiraz əlaməti olaraq öz doğma oğlu Prablah ona itaət etməkdən boyun qaçırır. Təbii ki, Hiranyakaşipu qəzəblənərək bir neçə dəfə oğlunu öldürmək isitəyir, amma digər allah Vişnu Prablahı xilas edir. Buna baxmayaraq, fürsət gözləyən Hiranyakaşipu oğlunu bacısı Holikanın qucağında yatarkən yandırıb, öldürməyə qərar verir. Ancaq bu dəfə də bacısı qardaşını yanmayan şalına bürüyüb, xilas edir, özü isə yanıb kül olur. Hind tanrısı Vişnu bunu bilən kimi Hiranyakaşipunu öldürüroğlu Prablahı onun yerinə gətirir…». Yaxşının pisə qalib gəlməsinin simvolu sayılan Holika adının qısaldılmış forması olan Holi beləcə minillər boyunca insanlar tərəfindən qeyd edilir.

R.D.Mellonun sözlərinə görə, Holi bayramı eynən Azərbaycanda qeyd edilən Novruz bayramına bənzəyir. Belə ki, hər iki bayram baharla əlaqədardır. Məsələn, Novruz bayramında tonqal qalanır, adamlar «azarım-bezarım, çətinliklərim, əziyyətim, kədərim-qəmim bu odda yansın» deyərək alovun üstündən tullanır. Holi şənliklərində də tonqal çatılır və şeytanın simvolu seçilən bir oyuncaq, bütün pisliklər, bəlalar məhv olsun deyə alova atılır və ardıyla da hamı bir ağızdan “Holi-hai!” deyərək qışqırır. Hətta Holinin sonunda insanlar yanan alovdan bir az götürüb evlərinə aparırlar ki, yaşadıqları mənzili və öz bədənlərini pisliklərdən xilas etsinlər.

Müsahibimiz onu da əlavə etdi ki, HoliNovruz bayramı kimi martda, daha konkret desək. martın 18-də qeyd olunur. Bu bayram günü Hindistanda qeyri-iş günüdür və hətta ola bilər ki, məktəblilər daha bir neçə gün artıq dincəlsinlər. Necə ki. Azərbaycanda da Novruz günləri qeyri-iş günü elan olunub.

Novruz bayramından söz düşmüşkən, bizim bayramlarda açılan süfrəyə xüsusi şirniyyatlar və xorəklər düzülür. Bəs Holidə nə edirlər? Müsahibimiz dedi ki, Holi günləri daha çox şirin yeməklər hazırlanır. Nazik vermeşil, düyüsairi şirin süddə bişirirlər. Müxtəlif çeşidlərdə halvalar hazırlanır. Xüsusilə də Hindistanda mung adlanan yaşıl rəngli xırda noxud növündən bişirilən halva mütləq olmalıdır. Bundan əlavə, çiçəklərdən və otlardan - daturadan hazırlanmış xüsusi içki növü olur ki, onu içəndə adam bir qədər keflənir. Hətta içikinin təsirindən adam yerli-yersiz gülə və ya ağlaya bilər. Yəni insani qeyri-iradi davranmağa sövq edir.

Bəs Bakıda təşkil olunan Holidə necə, yenə də insanlar bir-birilərini rənglərə boyayacaqlarmı? R.D.Mello bildirdi ki, əslində Bakıda da bayram şənliyində mill adətlər nəyi tələb edirsə, yerinə yetirəcəklər. Amma rənglərdən istifadə zamanı məhdudiyyətlər olacaq. Çünki ən azından mərasim keçiriləcək zalların rəhbərlikləri döşəmənin, divarların boyalarla ləkələnməsini istəmirlər. Həm də insanlar Hindistandakından fərqli olaraq tədbirə xüsusi geyim-kecimlərdə gələcəklər ki, onlar da üst-başlarının təmiz qalmasını istəyirlər. Buna baxmayaraq, Bakıda fəaliyyət göstərən hind restoranlarına bir çox çeşidlərdə yeməklər sifariş olunacaq və adıçəkilən şənlikdə iştirakçılara Hindistanın milli mətbəxinin təamları təqdim ediləcək.

 

Vüsal Tağıbəyli

 

P.S. Bir türk dostum danışır ki, Holi günlərində təsadüfən HindistandaCaypurda olub. Deyir ki, şəhər küçələri, meydanları və onları dolduran insanları ilə birlikdə böyük bir rəngarənglik nümayişi idi: «İlin bu bayram günündə ətrafda rəngarəng, boyalar içində gəzib-dolaşmaq insanlar üçün normal haldır. Bütün dükanlarda bir həftə əvvəldən müxtəlif növ boyalar, su tapançaları və sair satılırdı. Bayram günü isə hamı səhər saat 8-9-da yuxudan qalxır, mümkün qədər rənglərdə paltarlar geyinir və küçələrə axışırlar. Şəhərdə kanadalısından avstraliyasınadək, yaponlar, ruslar, fransızlardan braziliyalısınadək, hər kəs bayram əhvalında olur. Kimsə rənglərə boyanarsa, bunu özünə hindlinin sevgisi kimi başa düşür. Çünki gün ərzində üst-başı rənglərə boyanmış insanlar həyatın mənasını həmz həmin boyada görürlər...

 

Həftə içi.- 2014.- 18 aprel.- S.3.