Əməyin Mühafizəsi üçün

İnformasiya Mərkəzi yaradılacaq 

 

Sistemə daxil edilmiş bildirişinin qeydiyyatı barədə

məlumat bir gün ərzində işəgötürənə göndəriləcək

 

Yaxın gələcəkdə Azərbaycanda Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin yaradılması nəzərdə tutulur. Əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sistemi isə bu il iyulun 1-dən tətbiq olunacaq.

“Həftə içinin məlumatına görə, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov «Kimyəvi maddələr istifadə olunan yerlərində əməyin mühafizəsi» mövzusunda dünən keçirilən konfransda bildirib.

Nazir deyib ki, əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyat sistem iş yerlərində əməyin mühafizəsi məsələlərinə güclü nəzarət etmək imkanı verəcək: “Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi və qeydiyyata alınması prosedurlarını əks etdirən müvafiq qaydalar hazırlanaraq təsdiq olunmaq üçün respublika hökumətinə təqdim edilib”.

Bəs, görəsən, Milli İnformasiya Mərkəzinin yaradılması işçilərlə işəgötürənlər arasında münasibətlərin tənzimlənməsinə hansı rolu oynayacaq? Əmək müqaviləsi bildirişlərinin elektron qaydada qeydiyyata alınmasının əhəmiyyəti nədir?

Mövzu ilə bağlı fikirlərini bölüşən Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov hesab edir ki, bu məsələ əslində bir qədər gecikmiş sayıla bilər. Onun fikrincə, əslində bu işə 5-10 il əvvəl başlana bilərdi. Çünki Azərbaycanda İKT sektorunun sürətli inkişafı müxtəlif sahələrin bu sektora inteqrasiyasını zəruri edib: “Hələ elektron sistemin tətbiqinə başlandığı ilk illərdə biz təklif etmişdik ki, əmək kitabçası artıq bir sənəd olaraq mahiyyətini itirdiyindən onu elektron portalla əvəzləmək lazımdır. Əmək kitabçası sovet dönəmində işçinin pensiyaya çıxması üçün yeganə sənəd idi. Burada işçinin mükafatlandırılmasından tutmuş cəzalandırılmasına qədər bir çox məlumatlar qeydə alınırdı Amma son illər bu sənəd "SV” rolunu oynayır və ancaq əmək stajının qeyd olunduğu sənəd sayılır. Bütün müavinətlərin sığorta stajı ilə hesablandığı bir vaxtda əmək kitabçası funksiyasını itirib”.

 

Saxta məlumatların qarşısı alınacaq

 

Liqa rəhbəri bildirib ki, əmək müqavilələrinin qeydiyyatı ilə bağlı vahid portal yaradılmalıdır. Burada işçinin əmək stajını göstərən elektron çıxarışlar verilə bilər. Sahib Məmmədov hesab edir ki, bunu hər kəs ona verilən kodla özü daxil olub, çıxarış edə bilər, ya da sorğu göndərməklə yerinə yetirmək olar. Onun fikrincə, portalda daha bir bazanın əmək stajının göstəriciləri üzrə yaradılması daha yaxşı olardı: Belə olsa, hər kəsin özünün fərdi çıxışı olacaq, stajı barədə məlumatı özü öyrənə biləcək”.

Sahib Məmmədov onu da qeyd edib ki, Milli İnformasiya Mərkəzinin yaradılması saxta məlumatların da qarşısını alacaq. Onunj sözlərinə görə, hazırda əmək kitabçasında saxta məlumatların yerləşdirilməsinin, əlavə staj yazdırmağın əhəmiyyəti yoxdur. Çünki ötən müddət ərzində Sosial Müdafiə Fonduna sosial ödəmə olmayıbsa, əmək kitabçasındakı staj nəzərə alınmır:Amma elə yerlər var ki, çalışmaq üçün 5 illik staj tələb olunur. Belə olan təqdirdə elektron sistemin üstünlüyü özünü onda göstərəcək ki, sistemə süni şəkildə stajını artırmaq kimi məlumatları yerləşdirmək mümkün olmayacaq”.

Xatırladaq ki, Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bu dəyişikliklərdən sonra təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər. Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumatın göndərilməsi nəzərdə tutulub. İndiyədək yazılı bağlanılmış və qüvvədə olan əmək müqavilələri üzrə bildirişlərin elektron informasiya sistemində qeydiyyata alınması üçün həmin məlumatları işəgötürənlər sistemə daxil etməlidirlər.

Ekspert vurğulayıb ki, bundan sonra müqavilədə işçi barədə məlumatlara onun şəxsiyyətini təsdiq edən sənədin pin kodu barədə məlumatların da əlavə edilməsi tələb olunacaq. Eyni zamanda müqavilədə işəgötürən barədə məlumatlara əlavə olaraq sığortaedənin uçot nömrəsi, dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi, şəxsiyyətini təsdiq edən sənədin pin koduya fərdi identifikasiya nömrəsi barədə məlumatların da göstərilməsi tələb ediləcək. Göstərilən əlavə məlumatlar əmək müqaviləsi bildirişlərnin işəgötürənlər tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilməsini asanlaşdıracaq: Bu dəyişikliklər məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etməyə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasına şərait yaradacaq. Artıq bütün işəgötürənlərin, eləcə də işçilər onlar tərəfindən bağlanmış əmək müqavilələri barədə məlumatları əmək müqaviləsi bildirişləri vasitəsi ilə real vaxt rejimində nazirliyin elektron informasiya sistemindən əldə etmək imkanları olacaq. Bununla da, hər iki tərəf əmək müqavilələri ilə üzərində götürdükləri öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalacaq».

 

Vaxt itkisi aradan qalxacaq

 

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əlməmməd Nuriyevhesab edir ki, hazırda ölkədə sənədləşmə işləri elektronlaşdığından əmək kitabçasının tətbiqi indiki dövrə bir o qədər də uyğunlaşmır. O, bu baxımdan əmək kitabçalarının ləğvini inkişaf istiqamətində atılan addım kimi qiymətləndirir: “Çünki fərdi uçota əsaslanan pensiya sistemində insanlara Dövlət Sosial Fondundan şəhadətnamələr verilir ki, bu şəhadətnamə unikal qeydiyyat nömrəsinə malikdir. Hər bir şəxsin öz unikal nömrəsi olacaq. Neçə yerdə işləməyindən asılı olmayaraq, həmin işlər üzrə maaşlar, gəlirlərdən Sosial Müdafiə Fonduna ayırmalar olur. Bütün ayırmalar nəticədə bir nömrə altında cəmləşir».

Ekspert onu da qeyd edib ki, e-hökumət çərçivəsində həyata keçirilən işlər vətəndaşların mənafeyinə hesablanıb. Əlməmməd Nuriyevin sözlərinə görə, bu sistem sadə vətəndaşlara rahatlıq gətirdiyi halda, cəmiyyətdə illərlə kök salmış bürokratik qüvvələrə qətiyyən sərf etmir. Amma onun fikrincə, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, şəffaf və demokratik virtual məkanın yaradılması, hər təşkilatın "elektron imzasının” təsdiq olunması, idarələrin dövriyyəsində və arxivində olan bütün sənədlərin elektron variantlarının hazırlanması, onlara hüquqi statusun verilməsi, həmin sənədlərin internet vasitəsilə vətəndaşlara verilmə qaydalarının müəyyənləşdirilməsi bürokratizmə və rüşvətxorluğa qarşı mübarizədə çox səmərəli effekt verə bilər: “Artıq virtual məkanda, gerçək aləmdən fərqli olaraq məmurların rüşvət ala bilməsi ehtimalı sıfıra enərək son nəticədə ölkədə vətəndaşın, biznesin işinin keyfiyyəti, həyat və yaşayış səviyyəsi daha da artmağa başlayacaq. Modernçevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığının təmin edilməsi və bürokratik əngəllərin aradan qaldırılması üçün "elektron hökumət”in inkişafı və əhaliyə göstərilən elektron xidmətlərin daha da da genişləndirilməsi vacibdir».

Hüquqşünas vurğulayıb ki, e-hökumətin inkişafı gələcəkdə Azərbaycanda rüşvətsiz idarəetmə sisteminin yaradılmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, dövlət qurumlarının tədricən bütün xidmətlərinin e-hökumətə keçid alması artıq bu istiqamətdə ciddi inkişafın olduğunu göstərir. Yeni texnologiyalara əsaslanan inkişaf isə ancaq əhalinin rahatlığının təmin olunmasına və vaxt itkisinin aradan qaldırılmasına xidmət edir.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 25 aprel.- S.6.