İkinci milli peykimiz 

 

Bu məqsədlə layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması istiqamətində işlərə başlanılacaq

 

Azərbaycan orbitə ikinci telekommunikasiya peykini çıxarmağa hazırlaşır. Belə ki, yaxın vaxtlarda «Azerspace-2»nin orbitə buraxılması layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması istiqamətində işlərə başlanılacaq. Bu məqsədlə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) «Azərkosmos» ASC-yə qrant ayırıb. «Azərkosmos» ASC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Kamran Əliyevin mətbuata verdiyi məlumata görə, texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq şirkət olaraq ABŞ-ın «Global Recourses Incseçilib. Sözügedən tədqiqat «Azerspace-2» telekommunikasiya peykinin istehsalının texniki, iqtisadi və maliyyə imkanları, orbitə çıxarılması və orbitdə istismarı, eləcə də layihənin maliyyələşməsi və digər aspektləri əhatə edəcək.

Məbləği yarım milyon dollardan artıq olan qrant müqaviləsi çərçivəsində görüləcək işlərin bu ilin iyul ayınadək başa çatması gözlənilir. «Azerspace-2» telekommunikasiya peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır. İkinci telekommunikasiya peyk layihəsi də kommersiya xarakterli olacaq. Peyk rəqəmsal TV xidmətlərinin təqdim edilməsi, məlumatların ötürülməsi, multiservis şəbəkələrinin yaradılması və s. üçün nəzərdə tutulub.

Yeri gəlmişkən, "Azərspace-2" telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı artıq qapalı tenderelan olunub. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, tenderin qapalı olmasına baxmayaraq, dünyanın 10 aparıcı şirkətinə təkliflər göndərilib: «Hesab edirəm ki, tender bir neçə ay ərzində bitəcək".

Əli Abbasov deyib ki, iki aydan sonra tender layihəsində qalib olan şirkətlə müqavilənin imzalanma prosesinə başlanacaq. Onun sözlərinə görə, təxminən avqust ayında imzalanma olacaq və yaxın 3 il müddətində ikinci peyk orbitə buraxılacaq.

Xatırladaq ki, peyklərin buraxılması üzrə dünyada ilk kommersiya şirkəti qismində 1980-ci ildən fəaliyyət göstərən “Arianspace” şirkəti də Azərbaycanın növbəti peykinin buraxılması üzrə təkliflər hazırlayır. Fransanın bu şirkətinin sədri və icraçı direktoru Stefan İzrael bildirib ki, yaxın vaxtlarda Yerin zondlaşdırılması peyki üzrə tender elan ediləcək. Şirkətin təkliflər zərfinə peykin buraxılması, maliyyələşdirməyə və risklərə zəmanətlərin verilməsinə yardım üzrə xidmətlər daxildir:Biz ötən il Azərbaycanla başlayan əməkdaşlığı davam etdirmək niyyətindəyik”.

Bəs görəsən Azərbaycanın ikinci dəfə orbitə buraxacağı peykdən nə gözlənilir? Ümumiyyətlə, ölkəmizin ilk peykindən nə qədər gəlir əldə olunub? Hazırda peykin əsas istifadəçiləri kimlərdir?

Məsələyə münasibət açıqlayan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, Azərbaycanın ilk peyki orbitə buraxılmazdan öncə onun texniki, iqtisadi əsaslandırması aparılıb. Onun sözlərinə görə, bu peykin hansı məqsədlə istifadə olunacağı, necə gəlir əldə ediləcəyi, haraları əhatə edəcəyi əvvəlcədən müəyyənləşdirilmişdi: “Baxmayaraq ki, 10 illərlə peyk buraxan şirkətlər var idi, biz bu işə dünyaca məşhur ekspertləri cəlb edərək bu sahədə onların tövsiyələrindən istifadə etdik. Bu ekspertlər həm iqtisadi, həm hüquqi, həm də texniki sahələrə dair mütəxəssislər idi. Cəm olaraq aldığımız nəticələri işimizdə tətbiq etdik. Nəticədə peykimiz zamanında havaya qaldırıldı. Proses əvvəlcədən proqnozlaşdırılmış texniki parametrlərdən daha yaxşı şəkildə baş tutdu. Yəni fəzaya qalxan zaman yanacağa daha çox qənaət edildi deyə peykin ömrü daha uzun olacaq».

 

«Peykimiz daim nəzarətdə saxlanılır»

 

Nazir müavini deyib ki, ilk peyk daim istismarda olur, 24 saat nəzarətdə saxlanır. İltimas Məmmədovun sözlərinə görə, 36-37 min kilometr yüksəklikdə yerləşən və ağıllı bir qurğu hesab olunan “Azerispace-1” Azərbaycan mütəxəssislər tərəfindən idarə və nəzarət olunur: “Bunu idarə edə biləcək komandanı biz özümüz formalaşdırdıq. Peykin buraxılması qədər məsuliyyətli bir addım onu idarə edəcək və onu marketinq edəcək, monitorinq edəcək komandanın formalaşmasını tələb edir. Bəlkə də bu ondan daha böyük, daha ağır işdir. Bəzən qonşularımızdan bir çoxu təəccüblə yanaşırdı ki, siz peyki bəlkə də qaldıra bilərsiniz, ancaq əminsinizmi ki, siz onu saxlaya, istifadə edə biləcəksiniz? Doğrudan da bir sıra ölkələr peyki buraxmışdı, amma bir-iki ildən sonra peyki tapa bilməmişdilər və ya faydasız olduğunu görmüşdülər. Ancaq biz gənclərdən ibarət bir komanda formalaşdırdıq. Onlar peykin idarə olunması, monitorinqi marketinqində yüksək səviyyədə aparır və növbəti peykin buraxılması üçün işlər görürlər».

İltimas Məmmədov onu da bildirib ki, hazırda Azərbaycanın peyki Afrika, Avropa və Asiyanın böyük bir hissəsini əhatə edir. Bundan ilk növbədə tək Azərbaycanın daxilində deyil, xaricdə yaşayan hər bir soydaşlarımızın da qürur duyduğunu deyən nazir müavinin fikrincə, milli peykimizin buraxılmasının beynəlxalq əhəmiyyəti də az önəm daşımır: “Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri az qala dünyanın hər bir nöqtəsini əhatə edir. Bu gün Afrikadan 10 milyon dollardan çox gəlir götürməkdəyik. Əldə olunan bu gəlirlər peyk üçün ayrılan kreditlərin ödənilməsinə yönəlib. Bu gün Azərbaycanın özündə, qonşu ölkələrdə, Avropada, Asiyada bu peykdən geniş istifadə olunur. Hər gün çoxsaylı müraciətlər olurbu müraciətlər mütəxəssislər tərəfindən araşdırılır. Bu peyk resursu elədir ki, onu müraciət edən hər kəsə də vermək mümkün deyil. Beynəlxalq normalar, qaydalar, ölkənin strategiyası var. Peykdən istifadə mütəxəssislər tərəfindən hazırlanmış texniki iqtisadi əsaslandırmalara uyğun şəkildə davam edir və gələcəkdə bu sahədən əldə olunan gəlirlər daha da artacaq».

 

«İki peyki olan qurum daha ciddi qəbul edilir»

 

İkinci peykin orbitə buraxılması ilə bağlı hazırlıq işlərinin necə getdiyinə gəlincə, nazir müavini bu istiqamətdə konkret addımların atıldığını söyləyib. Oltimas Məmmədov deyir ki, ikinci milli peykimizin orbitə 30 aydan sonra qaldırılması planlaşdırılır. Onun sözlərinə görə, hazırda bu istiqamətdə konkret addımlar atır, ciddi işlər görülür: “Ola bilsin ki, ikinci peykimizi Azərbaycana məxsus orbital mövqeyə qaldırdıq. Bir neçə variantlar üzrə mütəxəssislər tərəfindən gedir. Bizə məxsus yüksəklikdəki orbital hissənin koordinasiyası üzrə aidiyyəti ölkələr, operatorlarla sıx danışıqlar gedir. Bu ay həmin sahə ilə bağlı bir qrup mütəxəssis yaxın ölkələrdən birinə səfər edəcək, danışıqlar aparacaqlar. Bir peyklə adətən marketinq işlərini aparmaq çox çətin olur. İstənilən ölkə peykdən istifadə etməyi düşünərkən soruşur ki, başqa bir peyk varmı, hansısa hadisə baş verən zaman həmin peykə keçmək mümkün olacaqmı? Tenderlərdə hətta konkret belə məqam olur. İki peyk olanda hər kəs şirkəti dərindən işləyən bir qurum kimi qəbul edir çox rahatlıqla marketinq işlərini aparmaq mümkün olur. Bu baxımdan ümid edirik ki, ikinci peyk istiqamətində görülən işlər uğurlu alınacaq».

 

İkinci peykin istismarı gəlirlərin

artırılmasına imkan verəcək

 

Mövzu ilə bağlı fikirlərini bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bildirib ki, Azərbaycanda İKT prioritet sahə elan olunduğundan informasiya texnologiyalarının inkişafı qeyri-neft sektorunun dəstəklənməsi və bu sektorun ümumu daxili məhsulda payının artırılması baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, “2020- gələcəyə baxış” konsepsiyasında ÜDM-in həcminin 2 dəfə artırılması prioritet olaraq nəzərdə tutulub. Bu hədəfə çatmaq üçün isə qeyri-neft sektorunun inkişafı və illik olaraq orta hesabla 5 faizlik iqtisadi artıma nail olunması vacibdir: “İkinci peykin istismarı Azərbaycana qeyri-neft sektorundan daxil olmaların artırılmasına imkan verəcək”.

Ekspert deyib ki, yeni peykin istifadəsi birmənalı şəkildə qeyri-neft sektorunun potensialının artmasına və iqtisadiyyatın şaxələnməsinə imkan verəcək. Vüqar Bayramovun fikrincə, iqtisadiyyatda diverfikasiyanın dayanıqlı inkişafı üçün əhəmiyyətli olduğunu nəzərə alsaq bu peykdən istifadə Azərbaycan iqtisadiyyatı üçün növbəti illər sabit gəlirlərinin təmin edilməsinə imkan verəcək. Bu baxımdan peykin istifadəsinə prioritet sektor olan qeyri-neft sferasının dəstəklənməsi və iqtisadi inkişafda dayanıqlılığın təmin edilməsi kimi baxmaq daha düzgün olardı.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

  Həftə içi.- 2014.- 20 fevral.- S.6.