Azərbaycanın pensiya siyasəti 

 

Ölkəmizdəki mövcud pensiya yaşı demoqrafik durumla nə dərəcədə uzlaşır?

 

Türkiyə hökuməti Soma mədənində baş verən partlayışdan sonra mədən sənayesində çalışanların pensiya yaşını 55-dən 50-yə endirib. Yəni, bu sahədə çalışanların riskli əməklə məşğul olması onlara daha tez pensiyaya çıxmaq imkanı yaradıb. Məlumat üçün bildirək ki, Türkiyədə kişilərin rəsmi pensiya yaşı 60-dır. Amma bu ölkədə kişilər 63 yah 5 ayda pensiyaya çıxırlar. Qadınların rəsmi pensiya yaşı 58 olsa da, hökumət onları 64 yaş 3 ayda təqaüdə göndərir.

Yeri gəlmişkən, Türkiyəyə qonşu olan Azərbaycanda pensiyaya çıxma yaşı bu ilin yanvarın 1-dən kişilər üçün 63, qadınlar üçün 59 yaş 6 aydır. Amma bu hələ son deyil. Çünki Azərbaycanda 2010-cu ilin yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklərdən sonra qadınların pensiyaya çıxma yaşı gələn ilin 1 yanvarından 60 yaşa çatdırılacaq.

Beləliklə, 2015-ci ildən Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarınkı isə 60 olacaq.Təbii ki, hökumət bu addımını ölkədə pensiya yaş həddinin beynəlxalq normalara uyğunlaşdırılması ilə əlaqələndirir. Lakin ekspertlər hesab edirlər ki, keçmiş sovet ölkələri, o cümlədən Azərbaycan pensiya ilə bağlı yaş həddini beynəlxalq standartlara uyğunlaşdırmağa çalışsalar da, insanların ömürlərini nəzərə almırlar. Məsələn, rəsmi statistikaya görə, Azərbaycanda orta yaş həddi 70 yaşdır və pensiya yaşı arasında fərq heç 10 il də etmir. Amma inkişaf etmiş ölkələrdə bu fərq ən azı 15-20 yaşa qədərdir. Tutaq ki, hazırda Yaponiyada orta yaş həddi 83,6, pensiya yaşı kişilərdə 63, qadınlarda 60,5-dir. İsveçrədə orta yaş həddi 82,5, pensiya həddi 65-64 yaşdır. İtaliyada orta yaş həddi 82-dir, pensiyaya çıxma yaşı isə 65-57-dir. Fransada orta yaş həddi 81.7 pensiya yaşı isə 60-dır. Ona görə də inkişaf etmiş ölkələrdə hər bir dövlət orta yaş həddinə uyğun olaraq pensiya həddini də mərhələli şəkildə artırır. Məsələn, 2046-cı ilə qədər Avropa dövlətlərin pensiya yaş həddini 70-ə qədər qaldıracaqlar. Bu zaman həmin ölkələrdə orta yaş həddi 95-dən daha yüksək olması proqnozlaşdırılır. Hazırda bu ölkələrdə orta yaş həddi 80-83 civarındadır. Təbii ki, avropalı tədqiqatçıları əsas narahat edən məsələ də məhz əhalinin qocalmasıdır. Azərbaycanda isə, əksinə, ölüm hələ ki gündən-günə «cavanlaşır».

Bəs, görəsən, pensiya yaşı hansı kriteriyalar əsasında müəyyənləşdirilir? Azərbaycanda kimlərin pensiyaya daha tez çıxmaq şansı var?

Məsələyə münasibət açıqlayan Nazirlər Kabinetinin qiymət, iqtisadi və maliyyə-kredit siyasəti şöbəsinin sabiq rəhbəri Oqtay Haqverdiyev «Həftə içi»nə bildirib ki, pensiya yaşına hər bir ölkə individual olaraq yanaşa bilər. Onun sözlərinə görə, bura əhalinin uzun ömürlülüyü, dövlət büdcəsinin gücü, ölkənin sosial siyasəti və sair amillər daxildir: «Təbii ki, pensiya yaşını müəyyənləşdirərkən demoqrafik göstəricinin nəzərə alınması bu hesablamanın müəyyən edilməsində ən vacib kriteriyadır. Çünki bütün dünyada hər bir şəxsin pensiya alma müddəti 12 il hesablanır. Bu baxılmdan demoqrafik göstərici qanunvericilikdə müəyyənləşdirilməlidir. Yəni, biz hansısa ölkəyə baxıb deyə bilmərik ki, bizdə də pensiya yaşı həmin ölkədəki kimi olsun. Bu, çox absurd məsələ olar. Digər bir məsələ real olan faktdır ki, Azərbaycanda insanların yarı faizi pensiya yaşına çatmamış vəfat edir. Avropa təcrübəsində bu məsələ şəxslərin xeyirinə həll olunur. Belə ki, Avropa ölkələrində şəxs pensiya yaşına çatmamış vəfat edərsə, bu vəsait onun ailəsinə ödənilir. Azərbaycanda isə hələlik bu mexanizm işlək deyil».

 

Əhalisi qocalan ölkələr vəsaitə qanət edirlər

 

Ekspert onu da qeyd edib ki, adətən əhalisi qocalan ölkələr pensiya yaşının artırılması siyasətini həyata keçirirlər. Oqtay Haqverdiyev hesab edir ki, hansı ölkələrdə demoqrafik vəziyyət ağırdırsa, əhali qocalırsa,onda pensiya yaşının qaldırılması yaxşı nəticə verir: “Ona görə ki, artıq pensiya verməyə vəsait çatmır və belə olan halda həmin ölkələr vəziyyətdən çıxış yolu kimi pensiyanın yaş həddini atırır. Avropa ölkələrinin əksəriyyətində vəziyyət bu cürdür. Bizdə elə bir problem yoxdur. Bizim ümumilikdə götürdükdə xalqımız nisbətən cavandır. Digər tərəfdən Avropa ölkələrinin bəzilərində orta ömür müddəti 75 yaş və ondan yüksək olduğundan bunun tətbiq edilməsinin əhəmiyyəti var. Bununla yanaşı həmin ölkələrdə pensiyanı maliyyələşdirən özəl fondlar da var. Bizim Sosial fond özü bütün pensiyaları maliyyələşdirə bilmir. Hər il dövlət büdcəsindən fonda 1 milyard manata yaxın vəsait köçürülür. Buna görə də pensiya yaşını artırırlar ki, bəlkə gələcəkdə Fond dövlətdən dotasiya almasın».

Oqtay Haqverdiyev əlavə edir ki, bəzi ölkələrin təcrübəsində vətəndaşların rəsmi pensiya yaşından tez və ya gec pensiyaya çıxması halları da mövcuddur. Bu isə həmin ölkənin maddi imkanlarından asılıdır. Onun fikrincə, maliyyə imkanları yüksək səviyyədə olan ölkələrdə insanlar daha tez pensiyaya çıxır: “Məsələn, bir vaxtlar keçmiş Yuqaslaviyada insanlar 40 yaşında pensiyaya çıxırdılar. Çünki sovet dövründə bu ölkə çox zəngin idi. Düzdür, 40 yaşında pensiyaya çıxanların təqaüdü elə də böyük deyildi. Amma yaş artdıqca pensiya da artırdı. Bu təcrübədən indi də bəzi ölkələrdə istifadə edirlər və vətəndaşlar rəsmi pensiya yaşından daha tez təqaüdə göndərilirlər. Lakin demoqrafik durumun çətin olduğu, yəni qocalma prosesinin getdiyi ölkələrdə bu proses əksinədir və həmin ölkələrdə vətəndaş rəsmi pensiya yaşından daha gec pensiyaya çıxarılır».

Yeri gəlmişkən, bunu bəzi ölkələrin pensiya təcrübəsinə nəzar salmaqla daha aydın görmək mümkündür. Məsələn, Meksikada kişilərin və qadınların rəsmi pensiya yaşı 65-dir, amma kişilər 73-də, qadınlar isə 75 yaşında pensiyaya çıxırlar. Cənubi Koreya kişilərin rəsmi pensiya yaşı 60-dır, amma 71 yaş 2 ayda pensiyaya çıxırlar. Qadınlar isə rəmsi pensiya yaşı 60 olduğu halda, 67,9 yaşda pensiyaya göndərilirlər. ABŞ-da kişilərin və qadınların rəsmi pensiya yaşı müvafiq olaraq 65-67 olmasına baxmayaraq kişilər 64,6-da, qadınlar isə 63.9-da pensiyaya çıxırlar. Avstraliyada kişilərin rəsmi pensiya yaşı 65-dir, amma 64,4-də pensiyaya göndərilirlər. Qadınların rəsmi pensiya yaşı 63 olsa da, 62,2-də pensiyaya çıxırlar. Norveçdə kişilərin və qadınların rəsmi pensiya yaşı 67-dir, amma kişilər 64,2-də, qadınlar isə 63,2-də təqaüdəə göndərilirlər. İngiltərədə kişilərin rəsmi pensiya yaşı 65, amma 63,2-də pensiyaya çıxırlar. Qadınlar isə rəsmi pensiya yaşından 1 il 9 ay gec, yəni 61,9-da pensiyaya göndərilirlər.

Yunanıstanda kişilərin rəsmi pensiya yaşı 58-dir. Amma bu ölkədə kişilər rəsmi pensiya yaşından 2 il 4 ay gec, yəni 62,4 yaşda pensiyaya çıxırlar. Qadınlar isə rəsmi pensiya yaşı 58 olduğu halda 60,9 yaşda pensiyaya göndərilirlər. Almaniyada kişilərin rəsmi pensiya yaşı 65, qadınların isə 58-dir, amma bu ölkədə kişilər və qadınlar rəsmi pensiya yaşından 2 il 9 ay tez, yəni kişilər 62,1, qadınlar isə 60,9 yaşda pensiyaya çıxırlar. İspaniyada kişilərin və qadınların rəsmi pensiiya yaşı 65-dir, amma bu ölkələ kişilər 61,4, qadınlar isə 63,1 yaşda pensiyaya göndərilirlər.

 

Kimlər pensiyaya daha tez çıxır?

 

Dövlət Sosial Müdafiə Fondundan isə Azərbaycanda kimlərin pensiyaya tez çıxması məsələsinə aydınlıq gətirilərkən «Həftə içi»nə bildirilib ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı) çalışan sığortaolunanlar təqaüdə daha tez çıxırlar. Amma bu da müəyyən şərtlər daxilində mümkündür. Sözügedən peşə sahibləri olan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını sadaladığımız işlərdə çalışdıqda, qadınlar isə 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışıbsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Bundan başqa, hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar - kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ var.

Qurumdan həmçinin bu məsələnin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" ilə tənzimləndiyi vurğulanıb.

 

Sevinc

 

Həftə içi.- 2014.- 7-9 iyun.- S.5.