Məhkəmə sənədləri vətəndaşlara SMS-lə göndəriləcək 

 

Bunun üçün Azərbaycanda pilot şəkildə 13 məhkəmə seçilib

 

Azərbaycanın məhkəmə sistemi ciddi islahatlar ərəfəsindədir. Belə ki, ölkə məhkəmələrində inqilabi elektron islahat mərhələsi başlayır. Artıq Azərbaycanda 13 məhkəmə elektron məhkəmə sisteminin qurulması üçün pilot olaraq da seçilib.

Bəs, görəsən, məhkəmələrin elektronlaşmasının əhəmiyyəti nədən ibarətdir? Bu sistem vətəndaşlara nə vəd edir?

Mövzu ilə bağlı fikirlərini bölüşən Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının sədri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov deyib ki, yaxın keçmişdə hakimlər makinada yazırdısa, bu gün məhkəmə sistemində hansı nailiyyətlərin olduğu göz önündədir. Onun sözlərinə görə, elektron məhkəmə sistemi vaxt itkisinin, süründürməçiliyin aradan qaldırılmasına yönəlib: “İnsanlar məhkəmə qərarlarını almaq üçün dəfələrlə məhkəməyə gəlirdi, bəzən məhkəmə qərarları hazır olmurdu. Artıq bunlar arxada qalıb. Görülən işlər nəticəsində məhkəmə işlərə ədalətli baxılması sahəsində problem olmayacaq. İnsanlar səbirli olmalıdır, ilkin dövrdə yeni nailiyyətlərin tətbiqində çətinliklər olacaq. Yasamal Rayon Məhkəməsi elektron məhkəmə sisteminin tətbiqi sahəsində pilot məhkəmədir. İlkin dövrdə bu sistem insanlar üçün çətin gəlsə də, sonra bunun daha asan və əlverişli olduğunun şahidi olacaqlar”.

 

Bütün məhkəmə sistemi elektron

məhkəmə sisteminə nə vaxt qoşulacaq?

 

Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) eksperti Ramin Qurbanov da hesab edir ki, Azərbaycanın məhkəmə sistemində İKT-nin tətbiqi uğurla aparılır: «Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası 2004-cü ildə yaradılıb. Azərbaycan 2011-ci ildə CEPEJ-in Qiymətləndirmə Komitəsində təmsil olunmağa, Avropa Şurasına üzv ölkələrə tövsiyələrin hazırlanmasında iştirak etməyə başlayıb. Təsadüfi deyil ki, 2011-ci ildə Vyanada ədliyyə nazirlərinin toplantısında üç təqdimatdan birini Azərbaycanın ədliyyə naziri təqdim edib. Yəni, bu gün Azərbaycan ədliyyəsinin təcrübəsi digər ölkələrdə maraqla qarşılınır».

Ramin Qurbanov deyib ki, Avropada orta hesabla 100 min nəfərə 20 hakim, Azərbaycanda isə son illər hakimlərin sayının iki dəfəyə qədər artırılmasına baxmayaraq, 100 min nəfərə 7 hakim düşür. Onun sözlərinə görə, bir sıra Avropa ölkələrində də 100 min nəfərə düşən hakimlərin sayı 20 hakimdən azdır. Digər tərəfdən, mülki işlər son illər 7 dəfə artıb: “Ona görə də son tövsiyələr məhkəmə sistemində İKT-nin tətbiqinə yönəlir. Yəni əsas çıxış yolu məhkəmə sistemində İKT-nin tətbiqidir. Hazırda Estoniya, Portuqaliya, AvstriyaMaltada məhkəmələrdə İKT tam tətbiq olunub. Bu ölkələrdə, sadəcə, elektron statistika tətbiq olunmayıb”.

Ramin Qurbanov hazırda Azərbaycanda 13 məhkəmənin elektron məhkəmə sisteminin qurulması üçün pilot olaraq seçildiyini nəzərə çatdırıb: “Vətəndaş müraciət edərək bütün sənədləri əldə edəcək. Vətəndaşa SMS-lə yekun məhkəmə aktına qədər sənədlər göndəriləcək. Cəmiyyət öz işi tanış olarsa, bu, məhkəmə işinin təşkilinə də müsbət təsir göstərəcək. Eyni zamanda elektron statistika tətbiq olunur. İşlərin bölgüsü elektron qaydada aparılır, hakimin məhkəmə sədrindən də müstəqilliyi təmin olunur”.

Ekspert bildirib ki, məhkəmələrdə protokollar elektron qaydada hazırlanacaq, bu da hakimlərin vaxtına qənaət edilməsinə səbəb olacaq: “Bəs nə zaman Azərbaycanda bütün məhkəmə sistemi elektron məhkəmə sisteminə qoşulacaq? Biz hazırda məhkəmələrin bütün binalarının monitorinqini aparacağıq və onların elektron məhkəmə sisteminin tətbiqinə nə dərəcədə hazır olduğu öyrəniləcək. Əsas deyil ki, binalar sökülsün, bu binaların elektron məhkəmə sisteminə uyğunlaşdırılmasına çalışılacaq. Ancaq Gədəbəy və digər rayonlarda qədim, yararsız binalarda yerləşən məhkəmələrdə hansı elektron məhkəmənin tətbiqindən söhbət gedə bilər? Yeni məhkəmə binaları da tikilməlidir. Paralel olaraq məlumat, ehtiyat mərkəzləri də yaradılmalı, hakimlərə təlimlər keçirilməlidir. Bakıda və regionlarda məhkəmələrin bir kompleksdə yerləşdirilməsinə çalışılacaq”.

Ramin Qurbanov həmçinin vurğulayıb ki, Yasamal Məhkəməsində elektron məhkəmə sistemi yaradılsa da, hələ bütün vətəndaşlar ora daxil ola bilməz. Onun sözlərinə görə, hələlik Yasamal Rayon Məhkəməsində portal yaradılıb. Portal vasitəsilə şəxsi kabinet açacağıq: “Əvvəlcə hakimlər bu sistemi öyrənməlidir. Əsas məsələ bu sistemin idarə olunmasıdır. Bu sahədə İKT idarəsi yaradılmalıdır. Bu gün İKT mütəxəssisləri yüksək maaş tələb edir. Ona görə də biz hazırda qiymətləndirmə aparırıq, bu sahədə öndə olan Vergilər Nazirliyi və digər strukturların təcrübəsi öyrənilir”.

Yasamal Rayon Məhkəməsinin hakim elektron məhkəmə sistemi ilə bağlı hazırda Ədliyyə Nazirliyində yüksək səviyyəli mütəxəssislərin olmadığını açıqlayıb. O qeyd edib ki, müqavilələrə əsasən sonda yaradılan sistemlərin açarı Ədliyyə Nazirliyinə təqdim edilməlidir: “Ancaq nazirlikdə hələ o səviyyədə mütəxəssislər yoxdur. Ona görə də İKT idarəsi yaradılandan sonra bu proses həyata keçiriləcək”.

Ramin Qurbanov onu da qeyd edib ki, elektron məhkəmə sistemində vətəndaşların nələri izləyəcəyi hələ tam müəyyənləşməyib: “Öncə hakimlər bu sistemi tam öyrənməlidirlər. Məsələn, Estoniyada hamı elektron qaydada sənədlər alır. Biz Gədəbəydə, regionlarda yaşayan insanların elektron məhkəmə sistemindən istifadə edəcəyini gözləmirik, Bakıda və böyük şəhərlərdə bundan istifadə ediləcəyini gözləyirik. Bizim borcumuz hamı üçün şərait yaratmaqdır. Biz deyə bilmərik ki, Gədəbəydə insanlar hazır deyil, onlara bu şəraiti yaratmamalıyıq. Kağız təcrübəsi saxlanılacaq. Lakin dünya təcrübəsi göstərir ki, tam elektron sistemə keçid baş verir. Bizimfikrimiz budur ki, Azərbaycanda iqtisadi məhkəmələrdə tam elektron sistemə keçək. Amma ümumi yurisdiksiyalı məhkəmələrdə kağız məsələsi saxlanılacaq”.

 

Köklü dəyişikliklərə ehtiyac var

 

Mövzu ilə bağlı fikirlərini bölüşən millət vəkili Qüdrət Həsənquliyev isə hesab edir ki, Azərbaycanda ilk növbədə hakimlərin sayı artırılmalıdır. Buna çox ciddi ehtiyac olduğunu deyən millət vəkilinin sözlərinə görə, elektron məhkəmə sisteminin yaradılması təqdirəlayiqdir: “Lakin vətəndaşların hüquqi maarifləndirilməsi olmasa, istənilən şəxs hüquqi əsas oldu-olmadı, internet vasitəsilə məhkəməyə müraciət edəcək. Bu da müraciətlərin sayının hədsiz artmasına səbəb olacaq”.

Qüdrət Həsənquliyev qeyd edib ki, məhkəmə islahatları ilə bağlı Azərbaycanda Ədliyyə Nazirliyi Türkiyədə olduğu kimi Ədalət Nazirliyi, məhkəmələr isə ədalət sarayları adlandırılmalıdır. Onun fikrincə, bundan sonra köklü dəyişikliklər aparılmalıdır ki, vətəndaşların məhkəmələrə inamı bərpa olunsun: “Bu olmasa, vətəndaşlar indiki kimi məhkəmələrə etibar etməyəcəklər”.

 

Vətəndaşların hüquqi və İKT bilikləri artırılmalıdır

 

Məsələyə münasibət açıqlayan hüquq müdafiəçisi Novella Cəfəroğlu isə regionlarda əhalinin hələ də iddia ərizəsini vəkilə yazdırdığını xatırladıb və insanların elektron qaydada məhkəməyə müraciət edə bilməyəcəklərini söyləyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda əhalinin hüquqi biliklərinin artırılmasına ehtiyac var: «Əgər vətəndaş iddia ərizəsini hələ də vəkilə yazdırırsa, burada elektron məhkəmənin müsbət rolu olmayacaq. Düzdür, bu yenilik vaxt itkisinin və bəzi bürokratik əngəllərinaradan qaldırılması baxımından mühim əhəmiyyət daşıyır. Amma bu prosesə gərək vətəndaşlar da hazır olsunlar. Yəni, əhalinin həm hüquqi, həm də İKT bilikləri artırılmalıdır ki, onlar da yeni sistemdən faydalana bilsinlər».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 

Olaylar.- 2014.- 13 iyun.-S.6.