Torpaq kadastr məlumatları da elektronlaşır 

 

Bu məlumatların onlayn qaydada verilməsinə hazırlıqlar iyulda başa çatacaq

 

Bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin prioritet fəaliyyət sahəsinə çevrilib. Bu sahənin prioritet istiqamət kimi önə çəkilməsi torpaqlardan istifadə, geodeziya, xəritəçəkmə sahəsində yaranmış imkanlardan da səmərəli yararlanmağa təkan verib.

Bəs, görəsən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən indiyədək hansı elektron islahatlar həyata keçirilib? Hazırda sözügedən qurum "Elektron hökumət" portalı vasitəsilə hansı xidmətləri təklif edir?

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri Cavid Abdullayev məsələyə münasibət bildirərkən deyib ki, həm qurumun özündə, həm də onun tabeliyindəki orqanlarda istər İKT avadanlığının, istərsə də proqram təminatının ən son texnologiyalara uyğun yenilənməsi prosesi tamamilə yekunlaşıb. Şəbə müdiri “Həftə içi”nə açıqlamasında yüksək keyfiyyətli elektron xidmətlərin göstərilməsinin təmin olunması məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və tabeliyində olan qurumların müasir tələblərə tam cavab verən lokal şəbəkələrinin qurulması işlərinin də başa çatmaq üzrə olduğunu deyib. Onun sözlərinə görə, şəbəkənin qurulması zamanı ən yüksək ötürücülüyə malik kabellərdən və bütün son texnologiyaları dəstəkləyən şəbəkə avadanlıqlarından istifadə olunub: “Komitənin rayon (şəhər) şöbələrinin və tabelikdə olan qurumların regional bölmələrinin fiber-optik xətt vasitəsilə vahid internet şəbəkəsinə qoşulması prosesinə başlanıb. ESRİ, Bentley və digər tanınmış brendlərin proqram vasitələrinin son versiyaları əldə olunub. Şübhəsiz ki, bu işlərin həyata keçirilməsində ölkə prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanı da mühüm rol oynayıb. Eyni zaman, komitənin rəsmi internet informasiya ehtiyatı olan www.dtxk.gov.az portalında elektron xidmət bölməsi yaradılıb və göstərilən xidmətin adı, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin elektron forması yerləşdirilib. Hazırda vətəndaşların bu bölmədən maneəsiz istifadəsi təmin edilib».

 

9 elektron xidmət vətəndaşların istifadəsinə verilib

 

Şöbə müdiri deyib ki, "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarına müvafiq olaraq sözügedən qurumun portalında doqquz xidmət və həmçinin ayrıca olaraq komitəyə müraciət forması yerləşdirilib. Cavid Abdullayevin sözlərinə görə, təmsil etdiyi qurum Nazirlər Kabineti tərəfindən təsdiqlənən 9 elektron xidmətin hamısını istifadəyə verib: “Bu xidmətlərin hər biri «Elektron Hökumət» portalına inteqrasiya edib. Xidmətlərdən həm fiziki, həm hüquqi şəxslər, həm də dövlət orqanları yararlana bilərlər. Hər bir xidmət üzrə inzibati reqlamentlər hazırlanıb, geniş ictimai müzakirələrdən sonra təsdiq olunub. Komitənin təqdim etdiyi elektron xidmətlərə elektron müraciət forması, torpaq kadastr məlumatları barədə arayışların verilməsi, torpaq kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün elektron müraciət, geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya, mühəndis-geodeziya işləri, müxtəlif təyinatlı xəritə və atlasların tərtibatı və nəşri, yerquruluşu işləri, torpaq tədqiqatı, geobotaniki tədqiqatların aparılması, bonitirovka xəritələrinin hazırlanması, torpaq kadastr xəritələrinin, CİS xəritələrin tərtibi, ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması, bələdiyyələrin xəritələrinin hazırlanması aiddir. Hazırda komitənin bir xidməti «ASAN xidmət» mərkəzləri vasitəsilə də həyata keçirilir. Bu xidmət torpaq kadastrı məlumatları barədə arayışların verilməsidir.

 

Milli Məkan Məlumatları

infrastrukturu yaradılacaq

 

Cavid Abdullayev vurğulayıb ki, hazırda komitənin mütəxəssisləri əlavə xidmətlərin istifadəyə verilməsi istiqamətində aparırlar. Üstəlik Dövlət Komitəsi bir sıra təşkilatlarla bərabər Milli Məkan Məlumatları infrastrukturunun yaradılması yönündə tədbirlər həyata keçirir: Milli Məkan Məlumatları infrastukturu - vətəndaşların, təsərrüfat subyektlərinin, dövlət və bələdiyyə orqanlarının məkan məlumatlarının ehtiyatlarına əlçatanlığını, həmçinin məlumatların istehsalı və istifadəsinin səmərəliliyinin artırılması məqsədilə onların ümumistifadəli qlobal informasiya şəbəkəsində yayımını və mübadiləsini təmin edən informasiya-telekommunikasiya sistemidir. Komitə Milli Məkan Məlumatları infrastrukturunun yaradılması ilə əlaqədar bir sıra qanunvericilikinstitusional təşəbbüslər hazırlayıb, vahid elektron kartoqrafik əsas, zəruri standartlar və geoportalların hazırlanmasında, yeni nəsil geoxidmətlərin təqdim olunmasında önəmli addımlar atıb. Yəni, bu sistem istifadəyə veriləndən sonra ölkə vətəndaşları istənilən ərazidə torpaqlarla bağlı vahid məlumat əldə edə biləcəklər».

Komitə rəsmisi qeyd edib ki, hazırda texnoloji imkanlar məkan məlumatlarının yığılması və emalının yeni vasitələrinə əsaslanır. Cavid Abdullayevin sözlərinə görə, ərazidəki nöqtələrin vəziyyətinin təyini metodları son illərdə peyk texnologiyaları, lazer skanlaşdırma və rəqəmli metodlardan istifadə edən məsafədən zondlamanın tətbiqi ilə əlaqədar yeni keyfiyyət səviyyəsinə yüksəlib: «Ərazi geodeziya məlumatlar bankında geoməkan məlumatlarının yığılması, yenilənməsi və istifadəsinin yeni kompyuter texnologiyaları meydana gəlib. Bu mənada Coğrafi informasiya sistemlərindən (CİS) geniş istifadə olunmağa başlanıb. Coğrafi informasiya sistemləri vahid toplu halına gətirilmiş cədvəl, mətn kartoqrafik xidməti məlumatların, demoqrafik, statistik, torpaq, bələdiyyə, ünvan və digər informasiyaların analizi üçün nəzərdə tutulmuş çoxfunksiyalı vasitələrdir. Müxtəlif istiqamətli və təyinatlı CİS-lər real dünyanın məkan obyektlərinin xəritələşdirilməsi və analizi üçün müasir kompyuter texnologiyalarıdır. Bu texnologiya özündə verilənlər bazası ilə işləmək üçün sorğustatistik analiz kimi ənənəvi əməliyyatlarla xəritənin təklif etdiyi tam vizualizasiya və məkan analizinin üstünlüklərini birləşdirir. Hazırda dövlət ehtiyatlarının iqtisadi qiymətləndirilməsi və onlardan istifadənin uçotunun əsasını təşkil edən torpaq və digər kadastr növlərinin yaradılması və aparılması problemi kəskinliyi ilə seçilir. Məlumdur ki, bu qəbildən olan işlərin yerinə yetirilməsində CİS-texnologiyalardan istifadə ən yaxşı vasitədir».

Xatırladaq ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi tivninq layihəsi çərçivəsində dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı və kənd/şəhər dövlət torpaq kadastrı məlumat sistemi sahəsində ilkin olaraq torpaqların qeydiyyatı prosesi öyrənilib. Sistemin Avropa standartlarına uyğun olaraq texniki tapşırıq hazırlanıb. Hazırlanmış texniki tapşırıq əsasında hazırda onlayn rejimində torpaqların qeydiyyatı işləri Dövlət Torpaq KadastrMonitorinqi Elm-İstehsalat Mərkəzinin baş ofisində və onun 6 Regional Torpaq Kadastrı Mərkəzlərində həyata keçirilir. Sistemin bütün regionlarda tətbiq olunması 2014-cü ilin iyul ayına qədər başa çatdırılması nəzərdə tutulub. Bu komponent çərçivəsində torpaqların qeydiyyatının aparılması üçün yaradılmış 10 moduldan ibarət olan sistemin artıq 6 modulu fəaliyyət göstərir. Digər modullar isə test rejimində yoxlandıqdan sonra fəaliyyət göstərəcək. Bu sistem vasitəsilə gələcəkdə ölkəmizdə fəaliyyət göstərən elektron hökumət portalı ilə onlayn əlaqə yaradılması nəzərdə tutulur ki, bu da vətəndaşların internet vasitəsi ilə sözügedən sistemə daxil olmaqla torpaq sahələri barədə tələb olunan torpaq kadastr məlumatlarını əldə etmək imkanına şərait yaradılacaq.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 2 may.- S.6.