Azərbaycanda kənd təsərrüfatı elektronlaşır 

 

Ekspertlərin fikrincə ki, bu sahədə vahid sistemin yaradılması

qeyri-şəffaflığın aradan qaldırılmasına təkan verəcək

 

Yaxın gələcəkdə ölkəmizdə kənd təsərrüfatı tamamilə elektronlaşacaq. Bu məsələ ölkə prezidentinin «Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmanda öz əksini tapıb. Sənəddə həmçinin Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliklərinə tapşırılıb ki, aqroparkların yaradılması barədə təkliflərini hazırlayıb prezidentinə təqdim etməlidirlər. Bundan başqa, hər iki nazirliyə aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün «Elektron kənd təsərrüfatı» informasiya sisteminin yaradılması tapşırılıb.

Bir müddət əvvəl prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bu məsələyə toxunaraq bildirib ki, ölkədə “Elektron kənd təsərrüfatı layihəsimütləq həyata keçirilməli və fermerlərin elektron qeydiyyat sistemi yaradılmalıdır: «Əgər biz buna nail ola bilsək, əlbəttə, digər başqa tədbirlərlə yanaşı, biz aqrar sektorun dayanaqlı inkişafını daha da sürətləndirə bilərik”.

Bəs, görəsən, Kənd Təsərrüfatı Nazirliyində bu sektorun elektronlaşması istiqamətində indiyədək hansı işlər görülüb?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev “Həftə içi”nə bildirib ki, hazırda ölkədə prioritet istiqamətlərdən biri elektron kənd təsərrüfatının tətbiqidir. Nazirlik rəsmisi deyib ki, bununla bağlı Azərbaycan fermerlərinin qeydiyyatı və torpaqların uçotu elektron sistemi tətbiq ediləcək.

 

Müvafiq təhlillər aparılıb

 

Murtuzəli Hacıyevin sözlərinə görə, hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir. Məsələn, bir müddət əvvəl Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin iştirakı ilə “Azərbaycanda elektron kənd təsərrüfatına dəstək” layihəsinin təqdimatı keçirilib. Həmin tədbirdə vurğulanıb ki, Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin yaradılması vacib məsələlərdən biridir: “Avropa İttifaqının dəstəyi ilə ölkəmizdə bu istiqamətdə bir sıra işlər görülüb. Bu ilin yanvar ayından ilkin hazırlıq işləri həyata keçirilib, müvafiq təhlillər aparılıb. Məqsəd subsidiyaların həyata keçirilmə mexanizmini, heyvanların identifikasiyası və torpaqların qeydiyyatı sistemlərini birləşdirərək bu istiqamətdə görüləcək bütün işləri elektronlaşdırmaq və vahid bir mərkəzdən idarə etməkdir. Bu da ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını yerli istehsal hesabına tam ödənilməsinə imkan verəcək. Yaxın vaxtlarda bu layihənin həyata keçirilməsinə başlanacaq”.

Yeri gəlmişkən bu ilin mart ayında Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təklif olunmuşElektron kənd təsərrüfatı” layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanı həyata keçirmək üçün ölkəmizə mütəxəssislər ezam ediblər. Azərbaycanda kənd təsərrüfatının inkişafı, Koreyanın kənd təsərrüfatı və e-hökumət sahəsindəki təcrübəsi və layihənin texniki-iqtisadi əsaslandırması ilə bağlı fikir mübadiləsi aparmaq məqsədi daşıyan görüşdə sözügedən layihənin xüsusi əhəmiyyət daşıdığı bildirilib. Bundan başqa, ölkəmizdə kənd təsərrüfatının elektronlaşması çərçivəsində gələcəkdə müxtəlif yerli və beynəlxalq tərəfdaşların iştirakı ilə Azərbaycanda icra olunan layihələrə cəlb oluna biləcək kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazasının yaradılması qərarlaşdırılıb. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi müvafiq tələblərə cavab verən kənd təsərrüfatının müxtəlif sahələri üzrə mütəxəssislərin tərcümeyi-halını (CV formatında) hr@agro.gov.az elektron poçt ünvanında qəbul edir. Ümumilikdə isə gələcəkdə “Elekron nazirliyin” işə salınmasından sonra qeydiyyatın sadələşməsindən başqa, bütün dövlət orqanlarında və digər aidiyyəti qurumlarda kənd təsərrüfatı üzrə bütün lazımi məlumatı almaq imkan yaranacaq. Tutaq ki, fermer barədə, onun torpaqları, mal-qaranın sayı, subsidiyalar barədə məlumatları elektron şəkildə əldə etmək mümkün olacaq.

 

Şəffaflıq artacaq

 

Mövzu ilə bağlı fikirlərini “Həftə içi”nə bölüşən İqtisadiSosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib ki, Azərbaycanda belə bir sistemin tam formalaşması torpaqlardan istifadənin səmərəliliyini artıracaq, innovasiyamüasir texnologiyaların tətbiqini genişləndirəcək. Onun sözlərinə görə, bu addım həm də məhsuldarlığı və emal sənayesinin səviyyəsini yüksəldəcək, ixrac potensialını artıracaq: " Elektron kənd təsərrüfatının işi bu sahəni institusionalstruktur cəhətdən dəyişəcək. Bu sistemin üç il müddətində mərhələlərlə yaradılmasının təmin edilməsi müvafiq icra qurumlarına tapşırılıb. Sistemdə aqrar sektor üzrə məlumatların əks etdirilməsi ilə yanaşı eyni zamanda subsidiyaların verilməsi mexanizmlərinin və proseduraların əks etdirilməsinə ehtiyac var. Çünki Maliyyə Nazirliyinin apardığı yoxlamalar da subsidiyaların verilməsində nöqsanların olduğunu aşkar etdiyini nəzərə aldıqda ölkə prezidentinin imzaladı fərmanın tələblərinə uyğun olaraq bu prosesdə şəffaflığın artırılmasının ciddi əhəmiyyəti vardır. Düzdür, subsidiyaların verilmə mexanizminin dəyişdirilməsi bir günün işi deyil. Bunun üçün müəyyən vaxt lazımdır. Amma bu istiqamətdə işlər mütləq aparılmalıdır».

Ekspert vurğulayıb ki, ilk növbədə subsidiyaların verilməsində boşluqlar, mənimsəmə və qeyri şəffaflıq proseslərinin haradan qaynaqlanması müəyyənləşdirilməlidirOnun sözlərinə görə, bu məsələdə dəfələrlə müəyyən fərqlər meydana çıxıb. Belə ki, torpaq sahələrinin artıq göstərilməsi, lazım olmayan yerlərə daha doğrusu qanunun icazə vermədiyi yerlərə subsidiya yazılması kimi hallar baş verir: “Təbii ki, “Elektron qeydiyyat sisteminin” yaradılması baş verərsə kənd təsərrüfatı sahəsində şəffaflıq tam təmin olunacaq. Burada söhbət, ilk növbədə fermerlərin və onların torpaqlarının elektron qeydiyyatından gedir. Bundan başqa, bütün dövlət orqanlarında və digər aidiyyəti qurumlarda kənd təsərrüfatı üzrə bütün lazımi məlumatı, məsələn, fermer barədə, onun torpaqları, mal-qaranın sayı, subsidiyalar barədə məlumatları elektron şəkildə almaq imkan yaranacaq. Digər tərəfdən məmur-fermer təmasları minimum səviyyəsinə enəcək ki, bu da mövcud neqativ halların aradan qaldırılmasına təkan verəcək".

Azərbaycanda aqroparkların yaradılması istiqamətində də konkret tədbirlərin görülməsinin vacibliyini önə çəkən Vüqar Bayramov deyib ki, ölkə prezidentinin imzaladığı müvafiq fərman aqroparklar aqraremaledici biznes və təhsil müəssisələrinin birgə klaster formasında fəaliyyətini nəzərdə tutur: «Aqroparklar üçün ən əlverişli bölgələr Gəncə və Gəncəətrafı bölgələr, Lənkəran və Xızı və Xaçmaz rayonları hesab edilir. Lakin ölkənin digər bölgələrində də aqroparkların yaradılması üçün əlverişli şərait var. Kadr çatışmazlığı ilə yanaşı sərmayələr məsələsinin də həll edilməsinə ehtiyac var. Eyni zamanda, müvafiq icra qurumları hansı bölgələrdə qarışıq, hansı rayonlarda ixtisaslaşmış aqroparkların yaradılmasını müəyyənləşdirməlidir. Əgər bu yöndə ixtisaslaşma olmasa, həyata keçirilən islahatlar ciddi effekt verməyəcək».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2014.- 6 may.- S.6.