Dərbənddən yazılan xatirələr

 

Bütün Dağıstan telekanallarında Azərbaycan mahnıları səsləndirilir

 

Yalama qapısından keçib Rusiyanın Tahirkənd-Qazmalar sərhəd-buraxılış keçid məntəqəsinə tərəf addımladıqca, çoxdandır torpağına ayaq basmadığım ölkədə necə qarşılanacağımı düşünürdüm. Bir yandan da fikrimdə rus sərhədçilərinin suallarına - «hara gedirsiniz», «kimin qonağısınız», «məqsədiniz nədir» və sairə cavab hazırlayırdım. Amma bu olmadı - pasportuma möhür vurub, Rusiyanın qapılarını üzümüzə açdılar. Özüruslar yox, elə dağıstanlılar. Ola bilsin ilk başlanğıcdan belə mehribançılıq gördüyümüz üçün idi ki, səfərboyu ancaq xoş münasibətin şahidi olduq.

 

Azərbaycanın bənzəri

 

Dağıstanı Azərbaycandan heç nə fərqləndirmir. Torpağımız, üzərində boy atan ağaclar, gül-çiçəklər - hamısı eynidir. İnsanlarımızın adət-ənənələri, məişəti, yedikləri yeməklər, musiqisi-mədəniyyəti də birdir. Kimi görüb, ünsiyyət qurduqsa, hamı bizimlə Azərbaycanca danışırdı. Hətta danışa bilməyənlər də dilimizi başa düşürdülər. Ünsiyyət qurduğumuz hər on adamdan doqquzu Azərbaycanda olduğunu və yenidən ölkəmizə gəlmək istədiyini bildirirdi. Onu da vurğulayaq ki, Dağıstanın telekanallarında elə bizdə olduğu qədər Azərbaycan mahnıları səsləndirilir. Hətta bir çox mahnılarımız musiqisi saxlanmaqla, ləzgi, avarsair dillərdə oxunur, amma həmişə də mahnının Azərbaycana məxsus olduğu qeyd edilir. Yerli camaatın özüetiraf edir ki, bu gün Dağıstan musiqisi və incəsənəti Azərbaycanın çox güclü təsiri altındadır. Budur tarixi Dərbənd yurdunu ana Azərbaycana bağlayan, heç vaxt dəyişməyən bənzərlikləri.

 

4 manata qoyun əti…

 

Hər tərəf yaşıllıq içindəydi, torpağı da barlı-bərəkətli. Samur, Rubasbaşqa çayların suvardığı Dərbənd bölgəsinin torpağına nə əkərlərsə, bolluca məhsul götürürlər. Yerli sakinlər belə deyirdilər. Yolboyu hər tərəfdə fındıq bağları salınmışdı. Həyətyanı sahələrdə, hətta meşə tarlalarında soğan, sarımsaq, kartof əkinləri geniş yayılmışdı. Yerli sakinlər deyirlər ki, bu tərəvəzləri becərmək və əlbəttə, bol məhsul götürmək əlverişlidir. Ona görə də ilboyu soğan-kartof qıtlığı yaşamırlar, əksinə Rusiyanın başqa bölgələri, hətta Azərbaycan bazarlarına çıxarırlar. Yerli camaat onu da dedi ki, ilboyu bazarlarda Azərbaycanla müqayisədə çox aşağı qiymətlər hakimdir. Ona görə də Dağıstan əhalisi ərzağın qiymətindən şikayətçi deyil. Yeri gəlmişkən, Dağıstanda təzə kəsilmiş qoyun ətinin 1 kiloqramı 4, mal əti isə 3 manatadır. Şirniyyat məhsulları da Bakıda satılanlardan ən azı iki dəfə ucuzdur. Buna baxmayaraq, geyim-kecimin qiyməti dağıstanlıları qane etmir - nisbətən bahalıqdır. Bunu da həmin məhsulların əksəriyyətinin Azərbaycanın idxal edilməsi ilə əsaslandırırlar. Çünki alış qiyməti, yolxərci, gömrük rüsumusair məhsulun bahalaşmasında rol oynayır.

 

Yollara baxan yoxdur

 

Dağıstan Azərbaycandan iqtisadi infrastrukturunun bir qədər köhnə olması ilə fərqlənirdi. Məsələn, yolları Azərbaycanın təxminən 10-15 il əvvəlki sovetdənqalma yollarını xatırladır. Azərbaycan sərhədindən Rusiyanın daxili rayonlarına uzanan şose boyunca asfalt örtüyü sıradan çıxıb, dağılıb. Buna baxmayaraq, hazırda təmir-tikinti prosesi gedir və Dərbənddən sərhədin təxminən 20 kilometrliyinədək bu başa çatdırılıb. Amma hələ çox görüləsi var: qəsəbə və kəndlərin daxili küçələri daha çox torpaq yolları xatırladır. Elə baş çəkdiyimiz Avadan qəsəbəsində olduğu kimi. Təxminən 1500 ailənin yaşadığı bu böyük qəsəbənin küçələrində ən yaxşı halda adi çaydaşı nəzərə çarpır. Yerli sakinlər bunun günahını rəhbərlikdə görürlər. Bildirdilər ki, infrastruktura baxan, maraqlanan yoxdur, ona görə də azacıq yağış yağanda palçıq dizə çıxır. Yayın küləyi isə küçələri tozanağa bürüyür.

 

Mehriban ailə

 

Avadanda 1992-ci ilədək Azərbaycanın Zaqatala rayonunda yaşamış, sonradan Dağıstana köçmüş Qurbanəli dayıgildə qonaq idik. Özü, ailəsi, qonşuları - hər kəs çox mehriban, gülərüz idi. Səfərimiz 9 May Qələbə Gününə təsadüf etdiyindən qohum-qonşu ağsaqqal kimi onun süfrəsinə toplaşmışdı. Əsasən ləzgi və rus dillərində danışılsa da, Azərbaycandan gəldiyimizi nəzərə alaraq, bizim dilimizdə söhbət etməyə çalışırdılar. Çox maraqlı idi ki, bura toplaşan hər kəs Azərbaycanı bizim qədər tanıyırdı. Klassiklərimizdən üzübəri sənətdə imzası olan əksər müğənnilərimizin adını çəkirdilər, hətta doğru-dürüstlüyü bir yana, tariximizdən də gen-bol söz açırdılar.

Evin sahibəsi olan Miyasə xanım isə əslən azərbaycanlıdır - Ağdaşın Ləki kəndindəndir. Atası Qurbanəli dayının dostu olub, onu da onlara gedəndə görüb, bəyənib və bir müddət öncə qəzaya düşərək həlak olan oğluna gəlin gətirib… Çox işgüzar, evdar və dadlı biş-düşləri olan Miyasə xanımın süfrəsini də əsasən Azərbaycan mətbəxinin təamları bəzəyirdi. Qayınatası Qurbanəli dayı deyirdi ki, Allah oğlunu əlindən alsa da, əvəzində ona Miyasə kimi qız verib

 

Çoxmillətlilik simvolu

 

Dağıstan sözün əsl mənasında tolerantlıq modelidir. Deyilənə görə, bu torpaqlarda əllidən artıq Qafqazdilli xalqın nümayəndələri bir ailə kimi yaşayır. Hətta bir çox hallarda həmin xalqların nümayəndələri bir-birinin dilini başa düşmür, ona görə ruscadan istifadə edirlər. Amma çox qəribədir ki, bütün xalqlar rus dili kimi Azərbaycan dilini öyrənməyə çalışır. Nəticəsi budur ki, hazırda Dağıstanda, xüsusilə Dərbənd bölgəsində yaşayan istər ləzgilər olsun, istərsə rutullar, avarlar, tabasaranlar sair, əksəriyyət dilimizdə ya sərbəst danışır, ya da ən azında ünsiyyət qurmağa yetəcək qədər anlayışlıdır. Azərbaycan dilinə marağa gəldikdə, söhbətləşdiyimiz insanlar deyirlər ki, Dağıstanın ən böyük bəlası işsizlikdir. Ona görə gənclər tapmaq ümidilə Rusiyanın böyük şəhərlərinə getdikləri kimi, həm qonşu Azərbaycana üz tuturlar. Təbii ki, Azərbaycanda onların dilini bilənlər üçün tapmaq daha asandır. Üstəlik, ticarətlə məşğul olanlar, bu ölkə ilə qohumluq bağları olanlara da Azərbaycan dilini bilmək vacibdir.

 

Azad sahillər

 

Səfərimizin üçüncü günü axşamüstü Xəzər (yerli camaat Kaspi dənizi deyir - V.T.) sahillərinə getdik. Sahil qonaq qaldığımız Avadan kəndinin kəsə yolla təxminən min metrliyində idi. Amma biz ora Dağıstanın gözəl təbiəti ilə daha çox təmasda olmaq məqsədilə yolumuzu ikiqat uzadaraq, dəmiryolu reysinin üstü ilə getməyə qərar verdik. Hər tərəf yaşıllıq idi, adda-budda lalələr qızaran çəmənlərin kənarında yovşan dizə qalxırdı. Hətta orada bizə dedilər ki, gördüyümüz çəmənlikdə sovet dövründə böyük üzüm plantasiyaları varmış və indi də kol-kosların içində istənilən qədər üzüm tingləri görmək mümkündür.

Dənizə çatanda əvvəlcə gözlərimizə inanmadıq. Yaşıllıqları mavi dənizdən ayıran, kilometrlərlə uzanan, sarı, narın qumla örtülü sahildə bir dənə də olsuntikili vardı, nə də harasa divar çəkilmişdi. Göz qaraldıqca uzanan çimərliklər tamamilə əhalinin ixtiyarında idi. Hətta yerli sakinlər bizə dedilər ki, guyavaxtsa Azərbaycandan gələn adamlarından biri Dağıstan hökumətinə məhz bizim olduğumuz bölgədə dəniz sahillərini icarəyə götürmək barədə müraciət edib. Amma rəsmi Maxaçqala biləndə ki, icarədar öz hüququndan istifadə edərək, ərazidə tikinti aparacaq və oranı çəpərləyəcək, rədd cavabı verib. Ona görə də havalar qızan kimi əhali sərbəst və heç bir kəsə pul vermədən dəniz sularında sərinləmək üçün bura gəlir. Amma gördüyümüz bir mənzərədən məyus olduq: bir qədər aralıda yanaşı dayanmış iki yük maşınına çimərlikdə qum yığırdılar. Avadan sakinləri deyirlər ki, əslində, oradan qumu daşımaq yasaqdır. Buna baxmayaraq, hüquq-mühafizə orqanları belə qum daşıyan maşınlarla təsadüfən rastlaşanda, pullarını alıb, göz yumurlar

 

Butulka kampaniyası

 

Sahildə bir maraqlı olay diqqətimizi çəkdi. Ağacların kölgəsində «QAZel» markalı yük maşını dayanmışdı, yanında isə bir yaşlı qadınla cavan oğlan yerdən butulka yığırdılar. Jurnalist marağı üstün gəldi, bunu «dolanışıq, yoxsa başqa məqsədlə edirlər» sualına cavab tapmaq üçün özümüzü vurduq həmin adamların yanına. Əvvəlcə butulka toplama kampaniyasına qoşulduq. Şəxsən əllidən artıq butulka toplayaraq, onlara verdim. Sonra da sözgəlişi həmin şüşələri yığıb hara aparacaqlarını soruşduq. Təxminən 60 yaşı olan Amanat adlı qadının cavabı: «Biz iş-güc adamıyıq, şüşə toplamaqla çörəkpulu qazananlardan deyilik. Sadəcə, oğlumun (yanında dayanan oğlanı göstərir - V.T.) maşının mühərriki xarab olub. Butulka sexi işlədən bir tanış var, deyib ki, iki ton şüşə gətirərsə, ona özündə olan işlənmiş mühərriki verəcək. Biz bilirik ki, burada tələb olunandan da çox butulka var. İnşallah, bu şüşələri verməklə, mühərrik problemimizi həll edəcəyik»…

 

(Ardı gələn sayımızda)

 

Vüsal Tağıbəyli

 

(Bakı-Avadan-Dərbənd-Bakı)

 

Həftə içi.- 2014.- 14 may.- S.4.