TASİM Azərbaycana nə verəcək? 

 

Avropa ilə Asiyanı birləşdirəcək bu layihədən gözləntilər böyükdür

 

Bu gün Azərbaycanın regional informasiya xidmətləri mərkəzinə çevrilməsi yönündə mühüm addımlar atılır. Belə ki, hazırda ölkəmiz "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) kimi nəhəng bir layihənin təşəbbüskarı və koordinatoru olaraq dünyanın diqqətini özünə cəlb edir. Ekspertlər hesab edirlər ki, TASİM layihəsinin reallaşdırılması regionda informasiya cəmiyyətinin inkişafı, yüksəksürətli internetinonunla bağlı olan xidmətlərin yayılması, İKT ilə bağlı və elmtutumlu sənayelərin qurulması, ticarətin və iqtisadi diversifikasiyanın genişlənməsi və sair müsbət effektlər verəcək.

Bəs, görəsən, hazırda bu layihə hansı mərhələdədir? Layihənin reallaşması üçün indiyədək hansı addımlar atılıb?

Məsələyə münasibət bildirən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov mətbuata açıqlamasında deyib ki, Avropa ilə Asiyanı birləşdirəcək və ümumi uzunluğu 11 000 kilometr təşkil edəcək TASİM-in yaradılması ideyası BMT-nin bir neçə qətnaməsi ilə dəstəklənib: «İlk dəfə bu təşəbbüs 2008-ci ilin noyabrında 14-cü BakuTel sərgisində nazirlərin görüşü zamanı irəli sürülüb. Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi region üçün vacib təşəbbüs sayılır və onun məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrinin əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurtdan Honq Konqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədə keçərək Almaniyaya gedəcək. Ehtiyat Şimal tranzit xətti isə Rusiya, UkraynaPolşadan keçəcək».

 

Layihə iki mərhələdə reallaşacaq

 

Nazir onu da vurğulayıb ki, TASİM-in reallaşması iki mərhələdən ibarət olacaq. Onun sözlərinə görə, region ölkələri telekom sektorunun inkişafı və bazar tələbatı baxımından fərqlidir: “Daha çox inkişaf etmiş ölkələrdə “latency” (gecikmə) və yüksək səviyyəli İP şəbəkələr xidmətləri vacib hesab olunur. Az inkişaf etmiş ölkələrdə elementar bağlantı və beynəlxalq internet xidmətlərinə çıxış daha çox prioritet təşkil edir. Bu baxımdan TASİM uzunmüddətli təşəbbüsdür və onun reallaşması iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə aparıcı region ölkələri və operatorları Qərbi və Şərqi birləşdirən əsas internet tranzit infrastrukturunu yaradacaq. Bu tranzit infrastrukturu TASİM-a kommersiya baxımından əlverişli və sürətlə artan beynəlxalq İP internet tranzit bazarının tələbatlarına cavab verən layihə olmasına imkan verəcək. İkinci mərhələdə TASİM qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrinə münasib qiymətli bağlantı ilə təmin edəcək. Milli telekom infrastrukturu inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xəttlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımından təkmilləşdiriləcək və TASİM şəbəkəsinə birləşdiriləcək. İkinci mərhələdə TASİM layihəsi BMT mandatına uyğun olaraq həyata keçiriləcək».

Əli Abbasov həmçinin deyib ki, TASİM layihəsi regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, bağlantının sürətləndirilməsinə və internet xidmətlərinin inkişafına kömək edəcək. Bununla da iqtisadi inkişafa, iqtisadiyyatlarin diversifikasiyasına və raqəbətin artırılmasına nail olunacaq.

Xatırladaq ki, 2010-cu ilin aprel ayından etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi TASİM layihəsinin idarəetmə qrupunu yaradıb.

2011-ci ilin iyulunda Qəbələ şəhərində Azərbaycan tərəfi, aparıcı telekom şirkətləri - Çin (China Telecom), Qazaxıstan (KaZ TransCom), Rusiya (Rostelecom), Türkiyə (Türk Telekom) və Avropa İttifaqı (Pantel) iştirakı ilə “TASİM” üzrə 1-ci beynəlxalq seminar keçirib. Nəticədə layihənin katibliyi yaradılıb, operatorlar TASİM konsorsiumunun yaradılmasına dair anlaşma memorandumu üzərində işləməyə razılaşıblar. TASİM layihəsi üzrə telekom operatorlarının növbəti görüşləri 2011-ci ilin 2-3 oktyabr tarixində İstanbulda və 2012-ci ilin 8-9 mart tarixində isə Budapeştdə keçirilib. Müvafiq olaraq, konsorsiumun idarə olunması, şərtləri və qaydaları üzrə danışıqlar davam etdirilmiş, tərəflər arasında Məxfilik Anlaşması imzalanıb.

Layihənin icrasının sürətləndirilməsi üzrə 2012-ci il dekabrın 21-də BMT Baş Assambleyasında yeni qətnamə yekdilliklə qəbul edilərək TASİM layihəsinə BMT-nin siyasi dəstəyi yenilənib, o cümlədən Əfqanıstan, Avstraliya, Azərbaycan, Belarus, Bolqarıstan, Çin, Kanada, Almaniya, Hindistan, Gürcüstan, İsveçrə, İsrail, İran, İraq, Koreya, Küveyt, Litva, Lüksemburq, Qazaxıstan, Qətər, Moldova, Pakistan, Portuqaliya, Rusiya, Sloveniya, Suriya, Tacikistan, Türkiyə, Ukrayna, ABŞ və Yaponiya bu dəstəyə qoşulub.

Regional telekommunikasiya tranzit marşrutunun genişləndirilməsinin inkişaf etdirilməsi istiqamətində özəl sektor, vətəndaş cəmiyyəti, elmi və beynəlxalq inkişaf institutları və hökumətlər arasında əməkdaşlığın yaradılması məqsədilə Beynəlxalq Telekommunikasiya İnstitutu ilə Avrasiya Rabitə Alyansının yaradılması təklifi bu qətnamə ilə dəstəklənib. Avrasiya regionunda telekommunikasiya tranzit marşrutu üzrə siyasi dialoqun təşviqi, regional tərəfdaşlıq və əməkdaşlığın dəstəklənməsi, maarifləndirmənin artırılması, təcrübə və bilik mübadiləsi üçün imkanların yaradılmasına xidmət edəcək Avrasiya Rabitə Alyansının yaradılması üçün BMT-nin siyasi dəstəyi Baş Assambleyanın 2013-cü il sentyabrın 4-də keçirilən 67-ci sessiyasında səsverməyə çıxarılmadan qəbul edilən qətnamə bir daha yenilənib.

Yeri gəlmişkən, Azərbaycan hökumətinin təşəbbüsü ilə reallaşması nəzərdə tutulan TASİM layihəsi daima beynəlxalq qurumların diqqət mərkəzindədir.

Belə ki, ötən il Qlobal İnfrastruktur İdarəçilik Forumunda təqdim olunan 100-dək infrastruktur layihəsi arasından TASİM layihəsi nominat olaraq seçilib.

 

Məsələ danışıqlar mərhələsindədir

 

Mövzu ilə bağlı fikirlərini bölüşən TASİM layihəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Aidə Alqan «Həftə içi»nə açıqlamasında deyib ki, sözügedən layihə konsorsiumunun iştirakçıları arasında anlaşma memorandumu imzalanıb. Onun sözlərinə görə, hələlik bu proqramla bağlı fiziki işlərə başlanılmayıb: «Hazırda məsələ danışıqlar mərhələsindədir. Ümumilikdə isə 2015-ci ilədək bu marşrutun çəkilməsi planlaşdırılır».

Məsələyə münasibət açıqlayan Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov isə TASİM layihəsinin əhəmiyyətinə toxunaraq deyib ki, bu proqram Avropa ilə Asiyanı birləşdirən xətt sayılır. Ekspert “Həftə içi”nə bildirib ki, TASİM-i fərqləndirən göstəricilərindən biri həm də bu layihə məhz Davamlı İnkişaf Çağırışlarına əsasən qurulmasıdır. Onun sözlərinə görə, bu layihədə həm dövlət, həm də özəl qurumlar əməkdaşlıq edir: “Layihə həmçinin eyni ölkənin yox, ayrı-ayrı ölkələrin özəl və dövlət təşkilatlarını birləşdirir. Təbii ki, layihənin əhəmiyyəti çox böyükdür. Yəni, bu layihəyə qoşulan ölkələr yüksək sürətli internet şəbəkəsinə inteqrasiya edə biləcəklər. Bunun nəticəsində layihəyə qoşulan ölkələr yüksək sürətli internet əldə etməklə yanaşı, bu ölkələrdə internetin qiyməti də qat-qat ucuzlaşacaq”.

Qalib Qurbanov onu da əlavə edib ki, hazırda beynəlxalq internetə qoşulma qiymətinin təxminən 80 faizini onun rabitəsi təşkil edir. Belə ki, ümumi internet tariflərinə nəzər yetirsək görərik ki, formalaşmış qiymətin təqribən 80 faiz hissəsi sırf beynəlxalq şəbəkəyə qoşulmanın dəyəridir. Onun fikrincə, bu layihə işə düşəndən sonra Azərbaycan və layihəyə qoşulan digər ölkələr həmin magistralın üzərində olacaq. Nəticədə həmin xətt üzrə yerləşən ölkələrdə internet sürətlənməklə yanaşı, həm də ucuzlaşacaq.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2014.- 21 may.- S.6.