Elektron xidmətlər:

operativliyə və şəffaflığa təminat 

 

DSMF-nin elektron xidmətləri sığorta-pensiya sistemində

qarşılıqlı inam və etimad üçün geniş imkanlar yaradıb

 

“İndiyədək sosial sığorta hesabatlarının kağız formasında verilməsi lap bezdirici idi. Əvvəl qayda belə idi ki, hər rübün sonunda bir dəfə banka gedib, sosial sığorta məbləğini ödəyirdik, ən azı bir dəfə də Sosial Müdafiə Fondunun yerli şöbəsinə gedib gəlirlər barədə hesabat verirdik. Vaxt itkisi, bürokratik mühit, saysız-hesabsız get-gəllər... Bunlar hamısı əlavə çətinliklər, əsəb-stress yaradırdı. İndi bunların hamısı geridə qalıb. Bu ilin əvvəlindən sosial sığorta hesabatlarının verilməsi də elektronlaşdı və artıq evdə, ya işdə kompüterin arxasında oturub beş-on dəqiqənin içində bu işlərin hamısını görürəm. İndi hesabat vermək üçün nə hansısa idarələrə getməyə ehtiyac var, nə də hansısa bürokratik əngəlliklərlə qarşılaşmırsan”.

 

Pərviz Süleymanov 10 ildən çoxdur ki, fiziki şəxs olaraq məcburi dövlət sosial sığorta ödəyicisi kimi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail rayon şöbəsində qeydiyyatdadır. Müsahibimiz deyir ki, “Elektron-hökumət” layihəsi bir çoxları kimi onu da dövlət qurumlarının qapısında saatlarla ayaq üstə durmaqdan, məmurlarla canlı təmasdan xilas edib. Belə ki, “e-hökumət” layihəsinin yaratdığı imkanlar sayəsində sosial sığorta hesabatlarının tədqimatı da bu ildən elektronlaşdırılıb. Bu isə o deməkdir ki, Pərviz Süleymanov kimi on minlərlə məcburi dövlət sosial sığorta ödəyicisi ayrı-ayrı təşkilatlara getmədən, məmurlarla təmasda olmadan bilavasitə kompüter, hətta mobil telefon vasitəsilə DSMF-yə hesabatlarını elektron qaydada təqdim etmək imkanı qazanıb.

Xatırladaq ki, “e-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya” əsasən hazırlanıb və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihənin məqsədi dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərini təkmilləşdirmək, ictimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şəraitin yaradılması, eləcə də hökumət orqanları ilə əlaqələrin daha sadə formada elektron üsullarla həyata keçirilməsindən ibarətdir. Qısası, “e-hökumət” İKT-dən istifadə etməklə, dövlət təşkilatları ilə vətəndaşlar arasında operativ və maneəsiz qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə formasıdır. Bu layihənin müsbət tərəfi ondadır ki, yaradılmış yeni mexanizm hökumətlə yanaşı, sadə vətəndaşların və biznes sektorunun xeyrinədir. Prezidentin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada qeyd olunur ki, ölkədə “e-hökumət”in formalaşdırılması məmur-vətəndaş münasibətlərinin sadələşdirilməsinə və şəffaflaşdırılmasına xidmət edir. Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi başlıca prinsiplərdəndir.

 

Bir dövlət orqanında 21 elektron xidmət

 

2012-ci ildə istifadəyə istifadəyə verilən “e-hökumət” portalı (https://www.e-gov.az) artıq səmərə verməkdədir. Vətəndaşlarla, sahibkarbiznes strukturları ilə birbaşa əlaqədə olan, ölkənin gələcək sosial təminatının formalaşdırılmasında xüsusi rol oynayan DSMF-də də artıq elektron xidmətlərin tətbiqinə başlanıb. Hazırda ölkə əhalisinin 40 faizindən çoxunun sığorta-pensiya sistemi ilə birbaşa əlaqədə olduğunu nəzərə alsaq, onda bu sistemdə xidmətlərin elektronlaşdırılmasının nə qədər mühüm əhəmiyyət daşıdığı ortaya çıxır. DSMF-nin hesablamalarına görə, hazırda bu qurumun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 750 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddurfond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 21-ə çatdırılıb. Bu xidmətlərdən biri də məcburi sosial sığorta hesabatlarının elektron qaydada təqdim edilməsidir ki, həmin xidmətdən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin www.sspf.gov.az; www.e-sspf.gov.az saytında yerləşdirilib. “Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu” adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Bura sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın tərtibi üzrə proqram təminatından istifadə, hesabatları və məlumatları DSMF orqanlarına elektron formada təqdim etmə daxildir.

Hazırda bütün ölkə üzrə iriorta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla, öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. “Yardım masaları”nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir.

 

Hökumətin “şərəf lövhəsi”: DSMF ikincidir

 

Xatırladaq ki, bu ilin birinci rübünün nəticələrinə əsasən, “e-hökumət” portalına 45 qurum fiziki olaraq qoşulub və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 428 elektron xidmətdən 319-u vahid portal, yəni “bir pəncərə” prinsipi ilə əhaliyə təqdim olunur. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov bildirir ki, “e-hökumət” saytında təqdim edilən xidmətlərdən ayda təqribən 50 mindən çox insan istifadə edir. Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdakı 428 xidmətdən 253-ü portala inteqrasiya edilib: “Dövlət saytlarında olan xidmətlərin sayı 459, portalda olan xidmətlərin sayı isə 331-dir. Aprel ayında bütün qurumlar üzrə “e-hökumət” portalı tərəfindən təqdim olunan xidmətlərdən ümumilikdə 102 min 127 dəfə istifadə olunub”.

Nail Mərdanov yanvarın 1-dən aprelin 30-dək olan statistikaya əsaslanaraq deyir ki, hazırda “e-hökumət” portalı vasitəsilə ən çox istifadə olunan xidmətlərin siyahısına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi liderlik edir. Belə ki, bu ilin ilk 4 ayı ərzində nazirliyinTelefon nömrəsi üzrə axtarış” xidmətindən 55 min 889 nəfər istifadə edib. Portalda fəallığı ilə seçilən DSMF bu siyahıda ikinci yerdə qərarlaşıb. Yanvar-aprel aylarında fondun “Sığortaolunanın onlayn uçota alınması” xidmətindən 11 min 596 nəfər bəhrələnib. Onun sözlərinə görə, hesabat dövründə DSMF-nin “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” xidmətinə 7116, “Sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı” xidmətinə 4240, “Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi” xidmətinə 3444 müraciət olunub.

 

Hər şey vətəndaşlar üçün

 

DSMF-nin vətəndaşların rahatlığı üçün qurub-yaratdığı elektron xidmətlər hər bir sosial sığorta ödəyicisinə şəxsi hesabatı vaxtaşırı izləməyə, ödənişlərin hesabda yerləşdirilməsinə nəzarət etmək imkanı da yaradır. Həmçinin, hər bir sığorta ödəyicisi fondun elektron xidmətlərindən istifadə etməklə, gələcəkdə alacağı pensiyanın məbləğini də hesablaya bilər. Bunun üçün fondun internet saytında (www.sspf.gov.az) yerləşdirilmiş “pensiya kalkulyatorundan istifadə etmək kifayətdir.

Beləliklə, DSMF-nin “e-hökumət” portalına fəal inteqrasiyası, xidmətlərin avtomatlaşdırılmış idarəetmə sisteminə uyğun şəkildə elektronlaşdırılması fondun özünü şəffaf və operativ idarəetmə imkanlarını stimullaşdırır, vətəndaşları isə bürokratik əngəlliklərdən, vaxtenerji itkilərindən və ən əsası rüşvət və korrupsiya risklərindən qoruyur. Elektron xidmətlərin təşkili sığorta-pensiya sistemində qeydiyyatın sadələşdirilməsinə, rəsmi məlumatların uçotunun daha dəqiq aparılmasına və bu məlumatların istənilən vaxt əldə edilməsini asanlaşdırır. Məcburi sosial sığorta ödəyicisi kimi DSMF-də qeydiyyatda olanlar da ödədikləri vəsaitlərin etibarlı yığımına əmin ola bilər. Üstəlik olanlar sığorta hadisəsi ilə üzləşərkən ödədikləri vəsaitə uyğun pensiyaya müavinətlə təmin olunacaqlarına da arxayındır. Bu təminatı isə onlara “e-hökumət” portalına fəal inteqrasiya, yəni pensiya-sığorta sahəsində aparılan islahatlar çərçivəsində informasiya-kommunikasiya texnologiyalarına əsaslanan xidmət və idarəetmə sistemləri yaradır.

 

Elxan Salahov

 

P.S. Yazı Dövlət Sosial Müdafiə Fondunun “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda jurnalistlər üçün keçirdiyi müsabiqəyə təqdim olunur.

 

Həftə içi.- 2014.- 21 may.- S.5.