Sağlamlıq imkanları məhdud olsa da,

cəmiyyətə inteqrasiya imkanları məhdud deyil  

 

Samirə Salmanova 1981-ci ildə Bakıda anadan olub. Hazırda 33 yaşlı bu xanım yaşıdlarından çox-çox fərqlənir. Təəssüf ki, ailənin ilk övladı olan Samirə dünyaya göz açandan həkim məsuliyyətsizliyi üzündən fiziki qüsurla böyüməli olub. Yeriməyə, danışmağa, əliylə nəsə tutmağa, fikirlərini ifadə etməyə çətinlik çəkir. Nə qədər qəribə olsa da, o, 8 yaşından öz sözünü ancaq ayaqları ilə deyir.

 

Anası Faiqə xanımla söhbətimiz zamanı məlum olur ki, Samirənin rəsmə olan həvəsi qardaşının dəftər-qələmlə işləməsindən sonra yaranmağa başlayıb. Onun bu bacarığı 8 yaşından üzə çıxıb.

Beləliklə, indi o, öz üzərində işləyərək, dili ilə söyləyə bilmədiklərini boyaların və fırçanın köməyi ilə çatdırmağa çalışır. Başqa sözlə desək, Samirənin xəyalında canlandırdığı həyat çəkdiyi rəsmlərdə üzə çıxır. Qırmızı, yaşıl rənglərlə işləməyi sevən Samirənin əl işləri olduqca maraqlıdır. Elə bu səbəbdəndir ki, onun yaratdığı əsərlər indiyədək müxtəlif müsabiqələrdə yüksək mükafatlara layiq görülüb. Belə ki, 1997-ci ildə Əlillərin 3-cü Ümumrespublika Yaradıcılıq Sərgisində iştirak edən Samirə, daha sonra Əlillərin 5-ci Ümumrespublika Yaradıcılıq Sərgisində 3-cü yeri tutub. Samirənin əl işləri Moskvada Beynəlxalq “Filantrop” Fondunun keçirdiyi sərgiyə də göndərilib və 3-cü yeri qazanıb. 2003-cü ildə isə onun rəsm əsərləri Şotlandiyanın Aberdin şəhərində “Konoko Filips” neft şirkətinin ofisində təşkil olunmuş sərgidə nümayiş etdirilib. Eyni zamanda, 2006-cı ildə İstanbulda keçirilən Əlillərin sərgisində Samirənin əl işi 1-ci yeri qazanıb. Onun ayağı ilə çəkdiyi “Dağ gölü” və mərhum prezident Heydər Əliyevin portreti isə Rusiya Federasiyasının dünyaca məşhur Tretyakov Qalereyasında saxlanılır.

Bu yeriməyə, danışmağa, fikirlərini ifadə etməyə çətinlik çəkən bir qızın qazandığı uğurların yalnız cüzi hissəsidir. Yəni həyat ona fiziki cəhətdən əngəllər yaratsa da, o, bu əngəlləri aşmağa qadirdir. Təbii ki, bu məsələdə ailəsi də Samirədən öz dəstəyini əsirgəmir. Faiqə xanımın sözlərinə görə, ailədə Samirəyə xüsusi diqqət var: «Biz övladımızdan qayğını heç zaman əsirgəmirik. Amma cəmiyyətimizdə belə insanlara münasibət bir az fərqli olduğundan bu bizdə narahatlıq yaradır. Məsələn, Samirə Dənizkənarı Milli Parkda gəzməyi çox sevir. Atası onu tez-tez gəzintiyə aparır. Amma görürük ki, parkda olan insanlar ona acıyırlar. Hətta elə də olur ki, gətirib ona pul verirlər, bu da Samirənin özünə qapanmasına, gileylənməsinə səbəb olur. Yəni Samirəni ən çox incidən insanların ona olan münasibətidir».

Faiqə xanım qeyd edir ki, paytaxtda əlillərin hərəkəti üçün normal infrastrukturun olmaması Samirənin dəvət edildiyi tədbirlərə qatılmasında problemlər yaradır: «Qızım həmişə deyir ki, mənim kimi xəstə olanlara xüsusi arabalar verirlər. O da istəyir ki, bizdən kömək istəmədən, heç kimə əziyyət vermədən özü sərbəst hərəkət edə bilsin. Amma bu mümkün deyil. Çünki Bakıda əlillərin sərbəst hərəkəti üçün imkanlar məhduddur. Bu səbəbdən Samirə dəvət edildiyi tədbirlərin çoxuna qatıla bilmir. Biz yaradıcılıq müsabiqələrinə də ancaq şəkilləri göndəririk».

Həmsöhbətimiz son illər aidiyyəti qurumların Samirəyə olan ögey münasibətindən də gileylənir. Onun sözlərinə görə, nə üzvü olduğu Əlil Qadınlar Cəmiyyətindən, nə də digər qurumlardan Samirə ilə maraqlanan yoxdur: «Əvvəllər bizimlə maraqlanırdılar, problemlərimizi soruşurdular. Son iki ildə qapımızı döyən yoxdur. Bizim ailə vəziyyətimiz də o qədər yaxşı deyil. 3 otaqlı mənzildə 7 nəfər yaşayırıq. Oğlumun birini evləndirmişəm, digər oğlum isə nişanlıdır. Samirəni evdəki səs-küydən uzaq tutmaq üçün məcbur olub darısqal otağa yerləşdirmişik. Amma belə şəraitdə işləmək ona çətin gəlir. Hərdən bu cür biganəlik Samirəni həyatdan da küsdürür. Ən böyük arzusunu soruşanda isə deyir ki, heç nə istəmir, tək arzum rahat yaşaya biləcəyim bir evimin, özümə məxsus otağımın olmasıdır. Əslində bununla bağlı dəfələrlə dövlət qurumlarına müraciət etmişik. Amma həmişə cavab eyni olub və bildirilib ki, Samirəni evlə təmin etməyə imkanları yoxdur. İndi bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək niyyətindəyik. Düşünürük ki, nazir yeni dəyişib və bu sahədə sistem tamamilə yenilənib. Səlim Müslümovun da əlillərin problemlərinə həssas yanaşdığı deyilir. Yəni bu məsələdə ümidliyik. Tək istəyimiz odur ki, Samirənin həyatda olan yeganə arzusunu reallaşdıra bilək».

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli də düşünür ki, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası ilk növbədə evdən başlamalıdır. Onun sözlərinə görə, ömrünün çox hissəsini ev şəraitində keçən əngəlli insanın normal məişət şəraiti olmalıdır: «Bununla paralel əngəlli insanların evdən kənarda rahat hərəkətlərini təmin etmək üçün bütün lazımi tədbirlər görülərək, infrastruktur yaradılmalıdır. Bu çox vacib və prioritet məsələdir. Məhz infrastrukturun olmaması ucbatından fiziki məhdudiyyətli insanların böyük bir hissəsi cəmiyyətdə baş verən proseslərdə yaxından iştirak edə bilmir, əməkdən və əyləncədən kənarda qalır. İctimaiyyət içinə çıxa bilmir və insanlarla ünsiyyətdən məhrum olur. Yerimə əngəlli insanların rahat hərəkətini təmin etmək üçün səki və pilləkənlərdə panduslar qoyulmalı, marşrutlarda xüsusi avadanlıq quraşdırılmış avtobuslar olmalıdır. Məhz ictimai nəqliyyatdan istifadənin mümkünsüzlüyü ucbatından əlil olan insanlar hər yerə taksi ilə getməyə məcbur olurlar ki, bunun da baha başa gəlməsi onlara əlavə problem yaradır. Məsələn, Samirə kimi yerimə əngəlli bir insan çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayır və təbii ki, əlil arabasında oturduğundan pilləkənlərlə aşağı düşə bilmədiyinə görə cəmiyyətə tam qarışa bilmir. Düzdür, ailəsi deyə bilər ki, biz Samirəni tam qayğı ilə əhatə edirik. Amma elə məsələlər var ki, onların həlli ailələrin imkanları xaricindədir».

Azərbaycanda «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı»nın olduğunu xatırladan həmsöhbətimiz bu sənəddən əlillərin çox şey gözlədiyini bildirir: «Biz ümid edirik ki, əlilliyi olan şəxslərlə bağlı qəlibləşmiş, ziyanlı təsəvvürlərin aradan qaldırılması, onların hüquqlarına hörmət hissinin aşılanması məhz bu proqramın icrasından sonra mümkün olacaq. Bu sənəd 2014-2018-ci illəri əhatə edir. Sözsüz ki, cəmiyyətdə əlillərlə bağlı stereotiplər aradan qaldırılmasa, düzgün anlaşılmasa, problemin həlli çox çətindir. Burada ikinci əsas məsələ bərabər imkanların yaradılmasıdır. Çünki biz hələlik cəmiyyətdə əlillərlə bağlı bərabər imkanların yaradılmasını müşahidə etmirik».

Təşkilat rəhbəri əlillərlə bağlı mühüm məsələlərdən birinin işləmək qabiliyyəti olanların məşğulluq problemi sayıldığını vurğulayır: "Təəssüf ki, şəhərlərimizin, kəndlərimizin infrastrukturu formalaşdırıldığı zaman əlillər nəzərə alınmayıb. Belə olan halda əlillərin cəmiyyətdəki proseslərdə iştirakı tam təmin olunmur. Sosial infrastrukturun formalaşdırılması zaman əlilliyi olan insanların da nəzərə alınması barədə təlimat hazırlanıb. Bu sənəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ombudsman Aparatına və digər aidiyyəti qurumlara təqdim olunub. Təəssüf ki, bu uyğunlaşma işləri bəzən nəzərə alınmır".

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli isə bildirir ki, bu gün əlillərin sosial müdafiəsi ilə bağlı ölkənin qanunvericilik bazasında bəzi institutlar müəyyənləşib. "Yəni həmin qanunlarda əlillərin sosial reabilitasiyası, sosial müdafiəsi haqqında maddələr olmaqla qanunvericiliyin mövcud ümumi bazası əlillərin sosial müdafiəsinə xidmət edir. Lakin maliyyə dəstəyinin həcmi baxımından bu, birmənalı qəbul edilmir. Amma onu da qeyd edim ki, dövlət başçısı İlham Əliyev bu sahədə ardıcıl olaraq iş aparır. Əlillərə aldıqları müavinətdən fərqli olaraq, prezident müavinətinin verilməsi, eləcə də əlillər üçün mənzil tikintisinə, nəqliyyat vasitələrinə pulun ayrılması dövlət tərəfindən bu təbəqəyə olan diqqətin nəticəsidir».

Hazırda əlillərin cəmiyyətə reinteqrasiyasının, əlilliyin bərpasının, əlillərin reabilitasiyasının aktual məsələlərdən olduğunu deyən həmsöhbətimiz vurğulayır ki, o, əslində «əlil» sözünün işlədilməsinin əleyhinədir: «Çox zaman cəmiyyətimiz "fiziki qüsurları olan", "sağlamlığı məhdud olan" kimi ifadələr işlətməklə əlillərə olan münasibətin aliliyini göstərmiş olur. Təbii ki, əlillərin rifahının yaxşılaşdırılması üçün hüquqi baza möhkəm olmalıdır. Xatırladım ki, bütün dünyada sosial müdafiənin həmrəylik, İslam, sosialist kimi modelləri var. Məsələn, İslam modeli sosial müdafiədə nədir? Bu modeldə sosial müdafiə elə qurulub ki, ora heç kim müdaxilə etmir, cəmiyyət özö-özünün sosial müdafiəsini təmin edir. Buna Avropada libertarizm deyirlər. Hamı bilir ki, islamda fitrə, sədəqə, zəkat kimi anlayışlar var və hesab olunur ki, əlilə kömək edən savaba qovuşar. Bu kimi təbliğata da ehtiyac böyükdür".

Komitə rəhbəri əlillərin məşğulluq məsələsinə də toxunaraq deyib ki, çox zaman işləmək arzusunda olan əlilliyi olan gənclər işsiz qalır: "Lakin belə gənclərə yaxşı olar ki, əlil cəmiyyətləri, mərhəmət hüquqlu insanlar kömək etsinlər. Bəzi hallarda isə elə əlillər olur ki, onların işləməsi mümkün deyil. Məsələn, gözü görməyən insan gələrək hansısa müəssisədə gözətçi işləmək istəyir. Təbii ki, bu mümkün deyil. Lakin buna baxmayaraq bu işlərdə, əlillərin məşğulluq məsələsində bir təsnifatlaşma, xüsusi normativlər mütləq olmalıdır".

 

Sevinc Osmanova

 

Yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

 

Həftə içi.- 2014.- 28-29 may.- S.7.