“Qızıl ehtiyatlarının həcmi

həmişə gizli saxlanılıb”

 

Çingiz Qaşqay: «Hətta sovet dövründə də

bununla bağlı konkret rəqəmlər açıqlanmırdı»

 

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan Böyük Britaniyanın «Anglo-Asian Mining plc.» şirkəti ölkənin qərbində «Gədəbəy» qızıl mədənində apardığı qazma işləri proqramının ilkin nəticələrini açıqlayıb. Şirkətin bununla bağlı yaydığı məlumata görə, Gədəbəy rayonunda yerləşən yatağın şimal hissəsində 3000 metr dərinlikdə aparılan qazıntı işləri nəticəsində yeni qızıl ehtiyatları aşkarlanıb.

 

Maraqlıdır görəsən, Azərbaycanın hansı bölgələri qızıl ehtiyatları ilə daha zəngindir? Ölkədə qızıl ehtiyatının həcmi nə qədərdir?

«Həftə içi»nin bu və digər suallarını Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun filizqeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası şöbəsinin rəhbəri, professor Çingiz Qaşqay cavablandırır:

- Azərbaycanda ilk qızıl hasilatı hansı dövrə təsadüf edir?

- Əslində Azərbaycanda qızıl ehtiyatlarının kəşfinə hələ sovet dövründə başlanılıb. Demək olar ki, yataqların əksəriyyəti elə sovet dövründə aşkar olunub. Amma o vaxt yataqlardan heç biri istismar edilməyib. Yalnız Kəlbəcər və Ermənistanın Basarkeçər rayonlarının sərhəddində yerləşən «Zod» yatağında istismar aparılıb. Əslində yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən həyata keçirilib. Azərbaycanda isə bu sahəyə maraq təxminən 1997-ci ilə təsadüf edir. Çünki Böyük Britaniyanın «Anglo Asian Mining Plc" şirkəti 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycanın cənub-qərbindəki altı yataqda –«Gədəbəy», «Ordubad», «Qoşa Bulaq», «Qızıl Bulaq», «Vejnəli» və «Söyüdlü»də işləmək hüququ əldə edib. İlk qızıl və gümüş 2009-cu ilin mayında "Gədəbəy" yatağından hasil edilib. Hazırda digər bir xarici şirkət isə Daşkəsəndə yerləşən Çovdar yatağında aparır. Yaxın vaxtlarda həmin yataqda da hasilata başlanacağı gözlənilir.

- Bəs Azərbaycanın mövcud qızıl ehtiyatları barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, hesablanmış ehtiyatın həcmi nə qədərdir?

- Açığı, bu barədə nə sovetlər dövründə, nə də indi konkret rəqəm səsləndirilməyib. Hesablanmış ehtiyatların həcmi həmişə gizli saxlanılıb. Amma bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni bir atlas nəşr edəcək ki, həmin nəşrdə Azərbaycanın bütün qızıl yataqlarının xüsusiyyətləri barədə ətraflı məlumat yerləşdiriləcək.

- Respublikamızın hansı ərazilərində qızıl ehtiyatları daha çoxdur?

- Əslində BöyükKiçik Qafqaz dağ sistemlərinin şərq hissəsini əhatə edən Azərbaycanın ərazisi mürəkkəb geoloji quruluşa malik olması, faydalı qazıntıların müxtəlifliyi və rəngarəngliyi ilə fərqlənir. Bu baxımdan demək olar ki, respublikanın əksər yerləri faydalı qazıntılarla zəngindir. Aparılan tədqiqatlara əsasən isə Gədəbəy, Daşkəsən, Ağstafa, Kəlbəcər, Laçın rayonlarında, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən qızıl yataqları daha zəngindir. Amma respublikada zəngin olmayan yataqlar da mövcuddur. Bir müddət əvvəl biz Nazirlər Kabinetinin qərarına əsasən, yeni bir texnologiya işləmişik ki, həmin texnologiya vasitəsilə kasıb yataqlardan qızıl çıxarılması rentabelli sayıla bilər. Hələlik istismarla məşğul olan xarici şirkətlər zəngin yataqları işlədiyin bu metod tətbiq olunmur. Lakin gələcəkdə yeni metodla, yəni quyu üsulu ilə qızıl çıxarmaq qaçılmaz olacaq. Çünki kəşf olunan yataqlar bütövlükdə zəngin deyil. Bəzi hissələr var ki, həmin hissələrdə ehtiyat azdır və bu ehtiyatı ancaq quyu üsulu ilə əldə etmək mümkündür.

- Bu metodun hazırda tətbiq olunmasına ehtiyac varmı?

- Əlbəttə. Çünki kasıb yataqları da işləmək lazımdır. Amma bu üsulu tətbiq böyük maliyyə tələb edir. Sözsüz ki, hansısa sahibkar buna maraq göstərməlidir. Lakin Azərbaycanda sahibkarlar qızıl yataqlarının istismarında maraqlı deyillər. Yəqin ki, bu sahə riskli olduğundandaha çox vəsait tələb etdiyindən sərmayə yatırmağa ehtiyatlanırlar. Bizim sahibkarlar daha çox qısa müddətdə qazanc götürə biləcəkləri sahələrə qaçırlar. Amma xəbərləri yoxdur ki, bu sahə riskli olsa da, gəliri qat-qat böyükdür.

- Azərbaycanda istehsal olunan qızılın saflaşdırılması harada həyata keçirilir? Ümumiyyətlə, Azərbaycan qızılının keyfiyyət göstəriciləri barədə nə deyə bilərsiniz?

- Hələ ki, Azərbaycanda istehsal olunan qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırılır. Çünki dünyada qızılın ən yaxşı saflaşdırma mərkəzi məhz bu şəhərdədir. O ki qaldı Azərbaycan qızılının keyfiyyət göstəricisinə, istənilən halda qızıl yataqdan digər metallarla bərabər çıxarılır. Yəni onun tərkibində dəmir, mis, gümüş və digər kimyəvi elementlər olur. Buna görə də qızılın keyfiyyət göstəricisi daha çox onun saflaşdırılmasından asılıdır. İndi Cenevrə şəhəri dünyada qızıl saflaşdırılan bir nömrəli mərkəz kimi tanınır. Bu baxımdan Azərbaycan qızılını yüksək keyfiyyətli məhsul kimi dəyərləndirmək olar. Təbii ki, saflaşdırma zamanı hər şey əyardan asılıdır. Əgər qızıl 999 əyar üzərində saflaşdırılırsa, deməli, bu ən keyfiyyətli məhsul sayılır.

 

Sevinc Osmanova

 

Həftə içi.- 2014.- 10 yanvar.- S.5.