İKT-nin asanlaşdırdığı xidmət 

 

Azərbaycanda «ASAN Xidmət»in tətbiqi imkanlarının

genişliyi “Elektron hökumət”ə keçidə bağlıdır

 

Son illər ölkəmizin informasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlar həm də Azərbaycanın özünə məxsus brend yaratmasına imkan verib. Belə ki, ilk dəfə Azərbaycanda tətbiq olunan «ASAN Xidmət» sistemi artıq bəzi ölkələr üçün də nümunəyə çevrilib.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin rəhbəri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib ki, fevralın 1-dən etibarən ilk dəfə olaraq “ASAN Xidmət”in səyyar avtobusları Bakıda da vətəndaşlara xidmət göstərməyə başlayacaq. Onun sözlərinə görə, vətəndaşlar mərkəzlərə gəlmədən səyyar avtobuslardakı xidmətlərdən yararlana biləcəklər. “ASAN Xidmət”in səyyar avtobuslarında xidmətlər qanunvericiliyə uyğun, olaraq pullu olacaq: “Yalnız hərəkəti məhdud olan əlillər və sağlamlığı məhdud uşaqlara bu xidmətlərdən tam pulsuz olaraq istifadə edəcəklər».

İnam Kərimov vurğulayıb ki, 2014-cü ildə ilk növbədə “ASAN Xidmət” mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu il regionlarda 4-5 mərkəzin açılması nəzərdə tutulub. Belə ki, mart ayında Sabunçu rayonunda 4 saylı “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Bundan sonra əhali üçün yaşayış limiti aradan qaldırılacaq və qeydiyyat yerindən asılı olmayaraq Bakı sakinləri, Sumqayıt və Abşeron da daxil olmaqla istədikləri “ASAN Xidmət” mərkəzlərinə müraciət edə biləcəklər. Mart ayından etibarən isə bölgələrdə də yenidən səyyar avtobuslar fəaliyyətə başlayacaq.

Agentliyin sədri qeyd edib ki, bəzən vətəndaşlar hər hansı bir sənədi almaq üçün bir ayya müəyyən bir müddət gözləməli olurlar. Amma “ASAN Xidmət” mərkəzlərində bu məsələlər 1 günya 5 dəqiqəyə həll edilir: «Düzdür, "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə bağlı şikayətlər də daxil olur. Həmin şikayətlər, müraciətlər araşdırılır və vətəndaşın hüququ qanunvericiliyin tələblərinə uyğun təmin edilir. Bəzi hallarda vətəndaşlarda belə bir fikir formalaşır ki, onlara bütün dövlət sahələri üzrə xidmət göstərilməlidir, lakin "ASAN xidmət"də konkret xidmət sahələri müəyyən edilib. "ASAN xidmət" mərkəzlərində xidmətlər dövlət rüsumlarının ödənilməsi ilə göstərilir. Yığılan rüsumların 30 faizi "ASAN xidmət" mərkəzlərində qalır və əməkdaşların əməkhaqlarına əlavə edilir".

 

Vaxt itkisi aradan qaldırılıb

 

Xatırladaq ki, ötən 1 il ərzində “ASAN Xidmət” mərkəzlərində 959 min vətəndaşın müraciətinə baxılıb. Bu müddət ərzində 90 faizə yaxın vətəndaşın müraciəti təmin edilib. Belə ki,1 saylı “ASAN Xidmət” mərkəzi ötən il ərzində 340 min, Sumqayıt “ASAN Xidmət” mərkəzinə 204 min, 2 saylı “ASAN Xidmət” mərkəzinə 250 min, 3 saylı “ASAN Xidmət” mərkəzi 92 min, Gəncə “ASAN Xidmət” mərkəzində 14 min müraciətə baxılıb. Hazırda isə 5 “ASAN Xidmət” mərkəzlərində vətəndaşlara 9 dövlət orqanı tərəfindən 25 sahəsi üzrə xidmət göstərilir.

Bəs, görəsən, «ASAN Xidmət» vətəndaşların işini asanlaşdıra bilimbi? Bu xidmətin əhaliyə daha yaxın olması üçün hansı addımlar atılmalıdır?

Məsələyə münasibət açıqlayan Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əlməmməd Nuriyev bu xidmət növünü korrupsiya ilə mübarizə baxımından faydalı sayır. Ekspert deyib ki, bəzi sahələr üzrə xidmətlərin bir qurumda cəmləşməsi həm bürokratik əngəllərin azalmasına, həm də vətəndaşların vaxt itkisinin aradan qaldırılmasına müsbət təsir göstərib. Onun sözlərinə görə, “ASAN Xidmət” mərkəzlərində xidmətlərin və agentliyin əsas vəzifəsi orqanlar tərəfindən göstərilən xidmətləri təşkil etmək, onun çatdırılması asanlaşdırmaq, operativlik, şəffaflığı təmin etməkdir: “Müşahidələrimiz onu deməyə əsas verir ki, bu xidmətin tətbiqi bürokratiyanın azalmasına gətirib çıxarıb. Vətəndaşla dövlət orqanları arasında təmaslar minimuma endirilib. Bu da rüşvət və korrupsiyanın azalmasına xidmət edir».

Əlməmməd Nuriyev həmçinin «ASAN Xidmət»in yaradılmasını Elektron Hökmətə keçidlə bağlı radikal bir dəyişiklik kimi də dəyərləndirib. Onun fikrincə, bu addım həm də yeni idarəetmə modelinin nümunəsidir: «Doğrudan da ölkə başçısının dediyi kimi bu bir Azərbaycan brendidir. Artıq bəzi ölkələr Azərbaycanın bu təcrübəsini öyrənməyə başlayıblar. Güman edirik ki, sistemin genişləndirilməsi vətəndaşların işini xeyli asanlaşdıracaq və müxtəlif dövlət qurumlarının xidməti əhali üçün daha da əlçatan olacaq“.

 

Vahid sistem pərakəndəliyə son qoyub

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında elektron xidmətlərin təşviqi şurasının koordinatoru Osman Gündüzöz açıqlamasında sözügedən qurumun qurumun gördüyü işləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, daha əvvəl mövcud olan elektron hökumət layihəsi bir sıra səbəblərdən effektiv olmayıb: “Çünki elektron hökumətlə bağlı qarşıda elə problemlər vardı idi ki, RİTN-in tərkibində fəaliyyət göstərəcək qurumun bunun öhdəsindən gəlməsi mümkün deyildi. Burda 3 mühüm səbəb var idi. İlk öncə, Azərbaycanda elektron hökumət layihəsinin reallaşmasında ən böyük maneə hökumət qurumlarının arasında maliyyə məsələsi ilə bağlı koordinasiyanın olmaması idi. Çünki bu gün bir sıra dövlət qurumları öz xidmətlərini elektron xidmətə keçirib, bəziləri isə hələ keçirməyib. Bu istiqamətdə dövlət qurumları arasında bərabərsizlik vardı».

Ekspert həmçinin vurğulayıb ki, indiyədək dövlət qurumları arasında bir pərakəndəlik hökm sürürdü: «Hər bir dövlət qurumu özünün informasiya sistemini yaratmışdı. Bu informasiya sistemlərinin özləri arasında əlaqə ciddi problemə çevrilmişdi. Digər məqam bir pəncərə məsələsidir. Bu çox mühüm məsələdir, yeni xidmət tələb olunan sənədləri bir mərkəzdən əldə eləmək imkanı yaradıb. Buna qədər isə bu sahə pərakəndə idi. Çünki hansı dövlət qurumu hansı xidməti istəsə, onu elektron sistemə keçirirdi, hansını istəmirdisə, onu keçirmirdi. Yəni vətəndaş bir qurumda işini elektron formada həll edirdi, ancaq başqa bir qurumda bu mümkün olmurdu. Vətəndaş bir məsələni həll eləmək üçün bir neçə quruma müraciət etməli olurdu. Amma indi bu məsələ həllini tapıb və vətəndaş bəzi xidmətləri vahid mərkəzdən əldə edə bilir".

Osman Gündüz hesab edir ki, «ASAN Xidmət»in ən mühüm üstünlüklərindən biri bu qurumun həm də prezident yanında fəaliyyət göstərməsidir. Onun sözlərinə görə, əvvəlki qurum RİTN yanında idionunun digər dövlət qurumları üzərində üstünlükləri yox idi. Amma bu qurum prezident yanında olduğundan daha böyük təsir imkanlarına malikdir və əksər qurumları əhatə edə bilir. Bütün xidmətlərin bir qurumun əlində cəmləşəşməsinin böyük üstünlükləri olduğunu deyən Osman Gündüz hesab edir ki, prosesin idarə olunması, qiymətləndirmə, keyfiyyət, yəni vətəndaş üçün mühüm olan məsələlər yüksək səviyyədə həyata keçirilir.

“Xidmətlərin bir əldə cəmlənməsi və ən mühümü şəffaflığın təmin olunması isə ilk növbədə vətəndaşın xeyrinədir. Digər tərəfdən aparılan monitorinqlərin nəticəsi göstərir ki, yeni qurum dövlət orqanları arasında koordinasiyanı təmin edə bilib və ən əsası bunun sayəsində vətəndaşlar rahat şəkildə müraciətlərinə cavab ala bilirlər. Çünki bundan əvvəl bəzi nazirlik və dövlət qurumlarında sosial əhəmiyyət kəsb edən ictimai xidmətləri gizlədirdilər. Yəni bu xidmətləri elektronlaşdırmaq istəmirdilər. Bu zaman qurumlar arasında uyğunsuzluq yaranırdı. Bu mənada düşünürük ki, prezident yanında yaradılan bu qurum artıq qeyd olunan neqativ halları aradan qaldırmağa nail olub. Gələcəkdə isə xidmətin daha da genişləndirilməsi bütün ölkə vətəndaşlarının işini asanlaşdıracaq” – deyə, Osman Gündüz vurğulayıb.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2014.- 16 yanvar.- S.6.