Elektron imzamız imzalar içində 

 

Azərbaycanda elektron qaydada imzalanmış sənədlər dünya standartlarına uyğun sənədləşmə sayılır

 

Azərbaycanda təxminən 3 ilə yaxındır ki, «Elektron hökumət» layihəsinin tərkib hissəsi kimi elektron imza tətbiq olunur. Artıq vətəndaşlar internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və online qaydada ödəniş etməklə, elektron imza kartı sifariş etmək imkanına malikdirlər.

Xatırladaq ki, statistik məlumatlara əsasən, Azərbaycanda elektron imza alanların sayı sürətlə artır. Bu rəqəm təxminən 15 000-i keçib. Demək olar ki, elektron imzanın tətbiqi dövlət qurumlarında genişlənir.

Bəs görəsən, elektron imza nədir və onun hansı üstünlükləri var? Azərbaycanda təqdim olunan elektron imza dünyada tanınırmı?

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz «Həftə içi”nə deyib ki, elektron imza əslində kompüterdə yaradılmış hər hansı bir sənədin üzərinə şəxsiyyəti təsdiq etmək üçün yerləşdirilən elektron şəhadətnamədir. O, elektron imzanı şəxsiyyət vəsiqəsini əvəzləyən və şəxsiyyətin kimliyini təsdiq edən bir sənəd kimi xarakterizə edir: “Cəmiyyətin bütün sahələri tədricən elektron xidmətlərlə əvəz olunur. Elektron imza, elektron sənəd haqqında qanunda açıq bildirilib ki, istənilən vətəndaş dövlət hakimiyyəti orqanına ancaq gücləndirilmiş elektron imza ilə imzalanmış sənədlə müraciət etməlidir. Buna görə də elektron imza təkcə vətəndaşlar üçün deyil, həm də dövlət işçiləri üçün çox aktual məsələdir. Bu həm də informasiya təhlükəsizliyini təmin edən bir vasitədir”.

Ümumilikdə virtual şəbəkədə yaradılan və ya yerləşdirilən hər hansı bir sənəd məhz elektron imza vasitəsi ilə imzalanır. Elektron imza sahibi bu imzanı yazdığı sənədin üstünə yerləşdirmək üçün smart kartı və pin-kodu aldıqdan sonra kompüterinə “www.e-imza.az” saytından ayrıca nəzərdə tutulmuş “Elektron imzalayıcısı proqram təminatı” yükləyir. Bu proqram təminatı istənilən “word”, “exel”, “pdf”, “outlook” və digər “Microsoft Office” proqramları tərəfindən oxunur. İmza sahibi hər hansı bir sənədi başa çatmış saydıqdan sonra USB çıxışlı kart oxuyucusu ilə smart-kartı kompüterlə əlaqələndirir və sənədin imzalanması zamanı pin-koddan istifadə edilir. Bununla, elektron sənəd imzalanmış saylır. İmzaladıqdan sonra elektron sənəddə heç bir dəyişiklik etmək mümkün deyil. Elektron sənəd almış tərəf isə “www.e-imza.az” saytının vasitəsi ilə imzanın gerçək olub-olmadığını yoxlaya bilər.

 

İmza adi və gücləndirilmiş ola bilər

 

Xatırladaq ki, elektron imza adiya gücləndirilmiş ola bilər. Qanunvericiliyə görə, məhkəmələrə və digər dövlət qurumlarına təqdim edilən sənədlərə gücləndirilmiş elektron imzalar vurulmalıdır. Gücləndirilmiş elektron imzanın üzərində həm də vaxt möhürü olur, yəni məhkəmə və başqa dövlət qurumu bununvaxt imzalandığını da görür. Vaxt möhürü xüsusi "GPS" avadanlığı ilə beynəlxalq vaxtla (Qrinviç vaxtı ilə) vurulur. Osman Gündüz bildirir ki, bu yenilik ilk növbədə sahibkarlara vaxt udmağa imkan verir: "Sahibkar dövlətdən aldığı çoxlu xidmətlər, alqı-satqı, ödənişlərlə bağlı aidiyyatı qurumlara birbaşa müraciət etdikdə vaxt itirir. Amma sahibkar öz ofisindən birbaşa internet vasitəsilə məmurun ofisinə daxil olub zəruri sənədləri imzalamaqla həmin vaxt itkisinin qarşısını almış olur".

Onun qənaətinə görə, sözügedən sistemin ikinci əsas əhəmiyyəti şəffaflıqdır ki, bu da nəticədə korrupsiyanın azalması ilə nəticələnir: "Sahibkarla məmur arsında olan birbaşa əlaqə sıfıra enir. O cümlədən, internetdə lazım olan məlumatlar olduğu üçün sahibkar nəyi, necə təqdim edəcəyini bilir. Digər tərəfdən sahibkar xarici tərəfdaşlarla müqavilə bağlamaq üçün həmin ölkəyə səfər etməli olur. İndi isə onlar bunu ölkədən çıxmadan internet vasitəsilə edə bilir. Bu, həm vaxt itkisinin, həm də əlavə xərclərin qarşısını alır".

Mövcud çatışmazlıqlara da toxunan ekspert bildirib ki, elektron imzanın infrastruktur olaraq tam gerçəkləşməməyi müəyyən maneələr yaradır. Osman Gündüzün fikrincə, bunu aradan qaldırmaq üçün insanlar arasında maariflənmə işləri aparılmalı, KİV-lərdə və digər mənbələr vasitəsilə onun üstünlükləri açıqlanmalıdır: “Çünki vətəndaşların əksəriyyətinin elektron imza ilə bağlı təsəvvürləri yetərli deyil. Bundan başqa, elektron xidmətlərin tətbiqi regionlarda da artmalıdır. Müşahidələr göstərir ki, hazırda elektron xidmətlər yalnız mərkəzi icra qurumları tərəfindən təqdim edilir. Regionlarda isə işlər əvvəlki qayda ilə aparılır. Bu məsələlər dəyişməli və regionlardakı xidmətlər də elektron müstəviyə keçməlidir. Bundan sonra e-imzaya maraq daha da artacaq".

 

Kart itərsə...

 

Qeyd edək ki, vətəndaş ona verilmiş sertifikat kartını itirərsə, dərhal Milli Sertifikat Xidmətləri mərkəzinə müraciət etməlidir. Belə ki, hər bir kartın üzərində Milli Sertifikat Xidmətlərinin əlaqə nömrəsi sorğu xidmətinin nömrəsi var. Yəni, istənilən imza sahibi öz kartını itiribsə, yaxud onun kodunun kimə aid olmasında müəyyən şübhələri varsa, sorğu mərkəzinə zəng eləyib məlumat verməlidir. Xidmət Mərkəzindən “Həftə içi”nə verilən məlumata görə, ərizə doldurulanda orada gizli sual-cavab bölməsi olur. Operator vətəndaşın ad-soyadını daxil edərkən sistem avtomatik olaraq gizli sual-cavabı tələb edir. Kartın əsl sahibi qeydiyyata alındıqdan sonra, həmin kart bloka salınır. Yəni Elektron sertifikat kartını itirmiş hər bir şəxs bu qayda ilə mərkəzə zəng edərək öz kartını bloka sala bilər. Bu məsələdə əsas məsuliyyət vətəndaşın üzərinə düşür. Bundan sonra həmin şəxsin sənədlərini yenidən yoxlanılır, tutuşdurduqdan sonra onun elektron imza üçün sertifikat kartı təsdiqlənərək bərpa olunur.

Rabitə informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə deyib ki, Azərbaycanın elektron rəqəmli imzası ilə təsdiqlənmiş sənəd dünyanın bütün ölkələri tərəfindən tanınır. Onun sözlərinə görə, Azərbaycanda tətbiq edilən elektron imza dünya standartlarına tam cavab verir: "Onun ayrı-ayrı ölkələr tərəfindən tanınması məsələsinə müəyyən aspektlər üzrə baxıla bilər ki, bu da Azərbaycanın bu sahədəki qanunvericiliyində şərtləndirilib. Bu gün bir çox Avropa ölkələri öz aralarında elektron imzaları tanıyırlar".

Elmir Vəlizadə onu da deyib ki, Azərbaycanın elektron imzası dünya standartlarına tamamilə uyğundur bu gün bütün ölkələr tərəfindən tanınır. O, həmçinin vurğulayıb ki, hazırda bir çox sənədləşmə işləri artıq elektron imza ilə aparılır. Bu imzanın əldə etmək istəyənlər isə kateqoriyalardan asılı olaraq ödəniş edirlər. Belə ki, “elektron imza” kartı adi vətəndaşa 30 manata başa gəlir. Kart 3 illiyə verilir. Bu müddətdə bərabər hüquqlarla məlumatları imzalaya bilərlər: «Əslində adi vətəndaşlar üçün verilən kartın qiyməti digər tariflərə nisbətdə həddindən artıq ucuzdur. Belə bir aşağı qiymət ona görə götürülüb ki, vətəndaşlar bundan istifadə edə bilsin. Nəzərə almaq lazımdır ki, dövlət hakimiyyəti orqanları üçün onun qiyməti 135 manat, hüquqi və fiziki şəxslər üçün isə 168 manatadır”.

Yeri gəlmişkən, e-imzanın əldə olunması barədə ətraflı məlumatları “e-imza.az” saytından da əldə etmək mümkündür.

Nazir müavini vurğulayıb ki, istənilən vətəndaş istənilən ölkəyə elektron imza ilə təsdiqlənmiş sənəd göndərə bilər və bu sənəd orada tanınacaq.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 17 yanvar.- S.6.