İKT sektorunda gəlirləri artırmağın yolu 

 

Ekspertlər bu sahəyə uzunmüddətli kreditlərin ayrılmasını təklif edirlər

 

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun gəlirləri 2013-cü il üzrə 10,7 faiz artıb. Ötən il müəssisələrə və əhaliyə ümumilikdə 1528,1 milyon manatlıq rabitə xidmətləri göstərilib. Bunlardan 72,4 faizi əhaliyə göstərilən xidmətlərin payına düşüb. Əldə edilmiş gəlirlərin 59,1 faizi isə mobil rabitə xidmətlərinə aiddir.

Qeyd edək ki, İKT sektorunun artım tempi ənənəvi olaraq ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil edib və sahə üzrə ümumi gəlirlər 2 milyon dolları ötüb. Təqribi proqnozlara görə isə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun illik gəlirləri 2020-ci ildə 9 milyard ABŞ dollarına çatacaq. Hətta rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dəfələrlə çıxışı zamanı gələcəkdə ölkəmizin İKT sektronda əldə etdiyi gəlirlərin qeyri-neft sahəsində əsas paya malik olmasının hədəf kimi götürüldüyünü bildirib. Onun sözlərinə görə, 2020-ci ildən başlayaraq, Azərbaycanda ÜDM-in əsas hissəsi qeyri-neft sektorunun hesabına formalaşacaq. 2020-ci ildə ölkədə İKT-nin orta illik artım tempinin 20 faiz civarında olacağı gözlənilir ki, bu da ümumdünya orta göstəricisindən 2-2,5 dəfə çoxdur: «Ümumilikdə İKT gəlirləri 2020-ci ildə 8-9 milyard dollar olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 8-9 faizini təşkil edəcək. İKT sektorunun orta illik artım sürətini 2020-ci ildə 20 faiz təşkil etməsi bu sahənin ixrac potensialını da artıracaq. Məsələn, hazırda Azərbaycanda ixracın 85 faizi neft sektorunun payına düşür. Biz ildən-ilə bunu aradan qaldırıb, qeyri-neft məhsulları və xidmətlərin ixracını artırmaq niyyətindəyik. Bunun üçün ölkədə qeyri-neft sektorunda yeni layihələr və xidmətlər üzərində aparılır. Hətta beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin inkişaf perspektivlərinə çox nikbin yanaşırlar. Onların proqnozlarına əsasən, sahə islahatlarının davam etdirilməsi və xüsusilə potensial investorlar üçün imtiyazlı şəraitin yaradılması 2025-ci ilə İKT sahəsinin gəlirlər səviyyəsini ölkə ÜDM-nin 10 faizinədək çatdırmağa imkan verəcək. Bu isə dünyanın inkişaf etmiş ölkələrində sahə üzrə nəzərdə tutulan gəlir səviyyəsi ilə uyğun gəlir».

Bəs, Azərbaycanda İKT sektorunda gəlirlərin artırılması üçün konkret hansı addımlar atılmalıdır? Ümumiyyətlə, Azərbaycanın rəqabətə davamlı İKT məhsulları ixrac etmək imkanları varmı?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Həftə içi”nə bildirib ki, ölkədə İKT sahəsində bir sıra tədbirlər görülsə də, bəzi göstəricilər bu tədbirlərin nəticəsini əngəlləyir. Onun sözlərinə görə, aidiyyəti qurumlar konkret hədəflərə çatmaq üçün ilk növbədə həmin mövcud maneələri aradan qaldırmalıdırlar: "Birmənalı olaraq ümumdaxili məhsulda İKT gəlirlərinin sürətlə artacağı barədə proqnozları dəyərləndirmək çətindir. Ona görə ki, bunu zaman göstərər. Amma son dövrlərdə bu sahədə müəyyən pozitiv düşünməklə bağlı, optimist yanaşmaqla bağlı müəyyən əsaslar var. Məsələn, son dövrlərdə dövlət büdcəsindən İKT-yə ayrılan vəsaitlər, ötən ilin İKT ili elan olunması, telekommunikasiya peykinin orbitə buraxılması, eyni zamanda İKT sahəsində bir neçə dövlət proqramları qəbul olunub, İT üzrə kadrların hazırlanması üçün universitetin yaradılması və sair. Yəni, bu istiqamətdə ali hakimiyyət tərəfindən müəyyən ciddi addımlar atılıb. Amma bir tərəfdən də bizdə hələlik bu sahədə ciddi problemlər var. Birinci məsələ budur ki, hələ də bu sahədə sərbəst rəqabət yoxdur”.

Ekspet deyib ki, bu sahədə o zaman uğur əldə etmək olar ki, bazarda sərbəst, azad rəqabət olsun. Amma Osman Gündüzün fikrrincə, hələ ki, Azərbaycanda bu cür sərbəst bazar imkanları yoxdur: “Rabitə və İnformasiya Texnologiyaları buna aydınlıq gətirilməlidir. Yəni nazirlik kommersiya, dövlət idarəetməsi və tənzimləmə ilə məşğuldur. Hər 3 funksiyanın üçü də nazirlikdə var. Biz indi müşahidə edirik ki, bir sıra kommersiya yönümlü layihələri nazirliyin qurumları həyata keçirir. Məsələn, nazirliyin nəzdindəki nəhəng qurum olan Məlumat Hesablama Mərkəzi. Biz son dovrlərdə müşahidə edirik ki, bu nəhəng dövlət qurumu kommersiya qurumuna çevrilir. Bu bazarda rəqabətin qarşısını alan amillərdən biridir».

 

İnvestisiya qoyuluşları artmalıdır

 

Osman Gündüz onu da deyib ki, bu sahəni inkişaf etdirməyin bir yolu da investisiya qoyuluşlarının artırılmasından keçir. Onun sğzlərinə görə, bazarda indiyədək əsas investisiyaları mobil operatorlar qoyub, bu göstərici 70-80 faizdək onların payına düşür. Amma özəl sektorda internet sahəsində ciddi yatırımları müşahidə edilmir: “Bizdə investorlar tikintiyə, şadlıq evlərinə investisiya qoyur, amma İKT layihələrinə investisiyaları müşahidə etmirik. Həm dövlət tərəfindən, həm də digər şəxslər tərəfindən bu müşahidə olunmur. Bu da olmayanda bazarın inkişafı haqqında ciddi fikir söyləmək olmur. Üçüncü amil infrastrukturla bağlıdır. Düzdür, bu sahədə bizdə son dövrlər müəyyən addımlar atılır, amma mən hesab edirəm ki, həm internet infrastrukturunda, həm də özəlləşdirmə ilə bağlı ciddi problemlər qalmaqdadır. Məsələn, telekommunikasiya məkanında dövlət sektorunun xüsusi çəkisi çox yüksəkdir. Aztelekom, Baktelekom və digərləri dövlətə məxsusdur. Yəni infrastrukturda müəyyən liberallaşdırma aparılmalıdır. Həmçinin, ciddi kadrların hazırlanmasına diqqət yetirilməlidir".

Osman Gündüz əlavə edib ki, texnoparkların, azad iqtisadi zonaların genişləndirilməsi çox vacibdir. Onun sözlərinə görə, hazırda Azərbaycan yeni texnoparklar, azad iqtisadi zonalar yaradılır: “Bu sahəyə diqqət daha da artırılmalıdır. Digər tərəfdən İKT sektoru üçün hökumət tərəfindən konkret güzəştlər müəyyənləşdirilməlidir. Məsələn, bu gün bizdə onlayn ticarət o qədər də inkişaf etməyib. Bunun əsas səbəblərindən biri bu istiqamətdə vergi güzəştlərinin olmamasıdır, onlayn ticarətlə məşğul olanlara dəstək verilməməsidir. Əgər bu sahəyə hökumət tərəfindən güzəştli kreditlər ayrılarsa, o zaman gəlirlərdə də ciddi artım müşahidə edilər. Yəqin ki, gələcəkdə bu məsələlərə mütləq baxılacaq. İndi Azərbaycanda İKT Fondu yaradılıb və mən də həmin Fondun Müşahidə Şurasının üzvüyəm. Fondun üzvləri tərəfindən bu sahədə fəaliyyət göstərən insanlar üçün qrantların verilməsi gözlənilir. Artıq bununla bağlı hüquqi baza da yaradılıb. Güman edirəm ki, bu yöndə müəyyən irəliləyişlər əldə edə biləcəyik».

 

Əsas hədəf İKT sektorunu inkişaf etdirməkdir

 

İqtisadçı-ekspert Oqtay Haqverdiyev isə hesab edirik ki, yaxın gələcəkdə İKT sektorundan əldə edilən gəlirlərin artırılması üçün Azərbayanda münbit şərait var. Dövlət tərəfindən bu sahə ilə bağlı bir neçə uzunmüddətli proqramların qəbul olunduğunu xatırladan ekspertin fikrincə, ölkədə İKT-nin inkişafı istiqamətində konkret tədbirlər planı həyata keçirilməlidir: “İndinin özündə bu tədbirlər görülür. Ola bilsin ki, görülən tədbirlərin sürəti aşağıdır. Amma hər halda bu istiqamətdə işlər gedir. Bunun nəticəsidir ki, son illər neft-sektoru ilə müqayisədə qeyri-neft sektorunun artımı daha çoxdur. Təbii ki, qeyri-neft sektorunda , o cümlədən İKT sahəsində ciddi artım əldə etmək 1-2 ilin işi deyil. Bunun üçün 15-20 il lazımdır ki, neftə alternativ olan yeni sahələr yaransın. Özübu sahələr elə olmalıdır ki, həm elmtutumlu, həm də rəqabətqabiliyyətli olsun. Yəni, onun məhsullarını dünya bazarına çıxarmaq mümkün olsun. İndi bu yöndə müəyyən işlər aparılır. Məsələn, İKT sahəsini götürsək, bu sahə daha müasir sahədir və gələcəkdə ciddi inkişaf gözlənilir”.

Oqtay Haqverdiyev hesab edir ki, bu istiqamətdə işlər daha sürətlə aparılmalıdır. Çünki 1-2 ildir ki, neft hasilatı sürətlə aşağı düşür. Onun fikrincə, əgər bir sahədən uzunmüddətli asılı olarıqsa, bu həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən milli təhlükəsizliyə zərbə ola bilər: “Azərbaycan artıq kosmosa peyk göndərib. Məncə 2015-ci ildə daha bir peyk kosmosa buraxılacaq. Yəni, bu addımı İKT-nin inkişafı istiqamətində görülən tədbirlərin tərkib hissəsi saymaq olar. Əlbəttə ki, informasiya texnologiyaları sahəsində elə istiqamətlər var ki, biz həmin istiqamətlərdə işləyə bilməyəcəyik. Amma bizim məhsullar öz regionumuzda, o cümlədən Orta Asiya, Afrika respublikalarında istifadə oluna bilər. Yəni, bizim öz bazarımızın olması mümkün məsələdir.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya

Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 25-27 yanvar.- S.6.