Kim deyir ki, sənətkarlıqda pul yoxdur.

Elnurə İsgəndərova: Sənətkarlıqda olan pula

heç bir sənətdə rast gəlmək mümkün deyil

 

Hər xalqın dünəni, bugünü həm də onun sənətkarlarının yaratdığı sənət əsərlərində yaşayır. Tikmə və şəbəkə sənəti də hər xalqın tanıtım sənətidir. Hər elin bir naxışı, bir toxuma üsulu var. Kökü ta qədimlərə söykənən tikmə və şəbəkə sənətinin ilkin nümunələri Azərbaycanın qiymətli mədəniyyət incilərindən sayılır. Düzdür, öz varlığını qoruyaraq bu günümüzə qədər gəlib çıxan tikmə və şəbəkə sənətinin davamçıları indi elə də çox deyil. Amma sevindirici haldır ki, Elnurə və Aygün İsgəndərova bacıları gənc olmalarına baxmayaraq bu sənətdə yaratmaqdan xüsusi zövq alırlar.

Beləliklə, Həftə içinin Bacarıqlı əllər rubrikasının budəfəki qonağı Elnurə və Aygün İsgəndərova bacılarıdır:

Müasir dövrdə gənclər adətən qədim sənət növlərinə nadir hallarda maraq göstərirlər. Sizdə tikmə və şəbəkə sənətinə maraq necə yaranıb?

Elnurə: Biz Ağdamın Qiyaslı kəndində doğulmuşuq. Məlum məsələdir ki, Qarabağ zonasında qədim sənət nümunələrinə həmişə böyük maraq olub. Hətta mənim nənəm vaxtilə danışardı ki, ikinci Dünya Müharibəsi dövründə bizim kəndin xanımları sovet əsgərləri üçün maşın-maşın isti geyimlər toxuyub göndəriblər. Yəni, biz bu sənəti anamızın, nənəmizin sayəsində sevmişik. İş elə gətirdi ki, taleyimizə məcburi köçkünlük də yazıldı. 90-cı illər xatirimizdə çox ağır günlər olaraq qalıb. Çünki biz evimizi heçalmadan tərk etmişdik. Məhz bu sənət bizə ayaq üstündə durmağa imkan yaratdı. Kim deyir ki, sənətkarlıqda pul yoxdur, bu doğru deyil. Bəlkə də sənətkarlıqda olan pul heç bir sənətdə yoxdur. Sadəcə, bu işin sənət tərəfini öyrənməklə yanaşı, biznes tərəfini də bilmək lazımdır.

Aygün: - Biz demək olar ki, bu sənətlə nəfəs alırıq. Çalışırıq ki, tez-tez yeni ideyalarla çıxış edək. Məsələn, Bakıda keçirilən Eurovision musiqi yarışmasında bizim hazırladığımız miniatür əsərlərə böyük maraq olmuşdu. İndi bacım da, mən də Azərbaycan Rəssamlar İttifaqının üzvüyük. Həmişə gənlərlə keçirilən görüşlərdə də yeni ideyalarla çıxış etməyə çalışırıq.

- Sizə, bu sənətdə dəstək olan insanlar varmı?

Elnurə: - Bizim bəxtimiz onda gətirdi ki, Bakıya gələndə çox yaxşı insanlarla tanış olduq. Məsələn, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimovdan, Zirvə Ziyalılar Təşkilatının rəhbəri Minayə Dəyanətdən, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi-metodiki tədris mərkəzinin rəhbəri Rafiq Quliyevdən, şəbəkə sənətinin mahir ustası Mələk Hacıyevadanə böyük dəstək görmüşük. Biz bu dəstəyi indihiss edirik və əsərlərimiz müxtəlif sərgilərdə geniş şəkildə nümayiş etdirilir.

Bəs, yaradıcılığınızda hansı mövzular üstünlük təşkil edir?

Aygün: Daha çox miniatürləri işləməyi xoşlayıram. Tikmə sənətini gələcəkdə də bu istiqamətdə inkişaf etdirməyi düşünürəm. Çanta, geyim, süfrə üzərində işlərimiz var. Əsasən, Azərbaycanın qədim naxışlarından istifadə edirik. Mən, daha çox, ipək sapla işləməyi sevirəm. Biz həm də çalışırıq ki, bu sənətin sirlərini başqa insanlara da öyrədək. Məsələn, həm Elnurənin, həm də mənim yüzlərlə tələbəm var. Onlarla bərabər müxtəlif sərgilərə qatılırıq.

Əl işlərinizin fərdi şəkildə nümayiş etdirməyi düşünürsünüzmü?

Elnurə: - Təbii ki, bu bizim gələcək planlarımıza daxildir. Ona görə də bu yorulmaqdan bilmədən işləyirik. Çalışırıq ki, tamaşaçılara yeni ideyalarla zəngin olan əsərlər çatdıraq. Gələcəkdə həm də xarici ölkələrdə sərgilərimizi təşkil etmək barədə düşünürük. Bundan başqa yaxın vaxtlarda biz Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi-metodiki mərkəzdə məktəb də açacağıq. Bu layihəni təxminən 3 il bundan əvvəl hazırlamışdıq. Sevinirik ki, Mədəniyyət və Turizm Nazirliyi layihəmizə qiymət verdinazirliyin dəstəyi sayəsində biz bu işin məktəbini quracağıq. Bir məsələni də deyim ki, bizim məktəbdə sırf peşəkarlar çalışacaq və tələbələrə ən yüksək səviyyədə sənət sirləri öyrədiləcək.

- Hansı yaşda tikmə və şəbəkə sənətini öyrətmək daha asandır?

Aygün: - Sənət öyrənmək üçün yaşın heç bir fərqi yoxdur. Çünki bizim tələbələr arasında həm azyaşlılar , həm də böyüklər var. Hətta elə insanlar var ki, öz övladlarını sənət öyrənməyə gətirirlər və özləri də bu sənətin sehrinə düşürlər. Məsələn, tələbələrimiz arasında tanınmış prokurorlar, tanınmış həkimlər var. Onlar orta yaş təbəqəsinə aid olsalar da, bu sənəti üç ay ərzində öyrəndilər. İndi bizimlə sərgilərdə fəal şəkildə istifadə edirlər. Yəni, hər şey müəllimdən asılıdır. Əgər müəllimin həvəsi olsa, tələbəsinə 1 ay ərzində bu sənətin sirlərini öyrədər.

- Sifarişlərinizlə bağlı nə deyə bilərsiniz? Bazarda tələbat daha çox nəyədir?

Elnurə: - Demək olar ki, sifarişlərimiz çox olur. Daha çox tələbat miniatür əsərlərə, müxtəlif formalı şallara, süfrələridir. Amma son dövrlər cehizlə bağlı sifarişlərimiz xeyli artıb. Qızlarımız cehizlərində əl işlərinə üstünlük verməyə başlayıblar. Yəni, işlərimiz pis getmir. Düzdür, bu sənət bir qədər əziyyətlidir. Hətta əksər əsərlərimizi hazırlamağa 3-6 ay vaxt sərf edirik. Məsələn, Aygünün Qızıl güllər adlı əsəri var. Bu əsərə təxminən 6 ay vaxt sərf edib və həmin əsərdə 1 milyon ilmə vurulub.

- Sifarişçilər əsasən, hansı təbəqənin insanlarıdır?

Elnurə: - Burada hansısa fərq hiss etməmişik. Çünki sifarişçilərimiz arasında həm ziyalılar, həm də sadə insanlar var. Amma ümumi götürdükdə görürük ki, bizə müraciət edənlər daha çox individuallığı sevənlərdir. Yəni, hansı insan ki, fərqli olmağı xoşlayır, o, əl işlərinə üstünlük verir. Çünki indi bazarda hər şey var, insanları yalnız fərqli sənət əsərləri ilə təəccübləndirmə mümkündür. Birbiz gənclərimizə tövsiyyə edirik ki, qədim sənət nümunələrimizi öyrənməyə maraq göstərsinlər. Çünki xalq sənəti bizim dünənimiz və bugünümüzdür. Buna yaşatmaq isə biz gənclərin üzərinə düşən bir işdir.

 

Sevinc Osmanova

Həftə içi.- 2014.- 25-27 yanvar.- S.8.