”Atıcı silahlarla davranmağı bacarıram”

 

…Nənəsi ona həmişə “oxu”- deyərmiş. O da gecə-gündüz yorulmadan oxuyub. Evdə öhdəsinə düşən işlərin çoxunu qardaşları görüb. Amma hərdən “bəlkə yaxınlarıma qarşı bir az qəddar olmuşam”-deyə düşünür. Atasını itirəndə 9-cu sinifdə oxuyurdu... Bu gün də Gədəbəyin ucqar dağ kəndində yaşayan anasını mütəmadi ziyarət etmək imkanı tapmadığından heyfsilənir. Neçə ildir dincəlməyə də vaxt tapmır. Yəqin yaxınları da onu bu qədər standart prinsiplərlə yaşadığına görə qınayır. Amma o, böyük səylə doğru hesab etdiyi mübarizə yoluna davam edir

Bu inadkar yolçu Zahid Orucdur. Millət vəkili… Əvvəlcə onu siyasi aləmdən ayırıb “Anrakt”ın qonağı etməyə ürək etmirdik. Amma sonra hiss etdik ki, söhbətimizin aurası ona gündəlik monoton, yorucu siyasət olaylarından, az da olsa, istirahət verdiyindən suallarımızı şövqlə cavablandırır.

- Zahid bəy, uşaqlığınız necə keçib?

- Şərq mentallığına uyğun çox qaynar, həddən artıq enerjili, impulsiv bir uşaqlıq keçirmişəm. 4 övlad arasında yalnız mən yaxşı oxuyub ali təhsil almışam. Bu da ailədə özümə hansısa özəl hüquqlar, üstünlüklər ummağıma səbəb olub. Amma bəlkə də doğmalarıma qarşı bir az qəddarlıq etmişəm... Yəni gələcəkdə karyera qurmaq istəyim bəzən evdə boynuma düşən işlərimin qardaşlarım arasında bölünməsinə səbəb olub. Bir sözlə, əliqabarlı, zəhmətkeş valideynlərim oxuyub öz istəyimə uyğun həyat qurmam üçün bacardıqları şəraiti yaradıblar. Ancaq mən də onların və müəllimlərimin etimadını doğruldaraq yaxşı oxumuşam və öz uğurlarımla onları sevindirmişəm. Yeri gəlmişkən, bu gün dünyasını dəyişmiş müəllimlərimə Allahdan rəhmət, həyatda olanlara isə cansağlığı, uzun ömür diləyirəm...

- Nənənizin bir ifadəsini eşitmişəm, çox ləzzət elədi: millətimizin psixologiyası haqqında deyir ki, “sac üstündə diri qovurğa kimiyik”...

- Bəli, nənəmin belə mənalı ifadələri çox olub. Olduqca sadə, təhsilsiz, amma gözəl həyat fəhmi, dəqiq mühakimələri olan nənəmin üzərimdə zəhməti çox olub... Bir də onu xatırlayıram ki, nənəm hərdən fizioloji quruluşuma görə “Allahın da arıqdan zəhləsi gedir”-deyərək məni sanki bu formamı dəyişməyə təhrik edirdi. Bir neçə il öncə çox mötəbər adamla həmin cümlənin məna dərinliyinə varmağa çalışdıq. Və sonda belə qərara gəldim ki, yəqin nənəm bunu o mənada deyib ki, arıq adam vəzifə kreslosunu doldurmur, bəlkə də libas da ona yaxşı yaraşmır və həmin şəxs özünün bütün şəxsiyyət göstəricilərini təqdim edə bilmir... Özü oxumaq imkanından məhrum olmuş nənəmin həmişə “oxu”- deyə verdiyi nəsihətlər də həyatımda böyük rol oynadı...

- Babalarınızdan gördüyünüz olub?

- Bu, karyeramda ilk dəfə qarşılaşdığım sualdır. Maraqlıdır ki, elə bu günlərdə bir fikri öz içimdə dolaşdırırdım ki, baba görməyən övladlarda mütləq nəsə bir natamamlıq özünü göstərməlidir. Babanın özünəməxsus yeri olduğunu özümüz övlad sahibi olanda daha aydın anlayırıq. Təəssüf ki, babalarımdan heç birini görməmişəm. Onlardan biri II Cahan savaşında, digəri isə mən erkən yaşlarda ikən dünyadan köçüb...

- Allah baba-nənələrinizə rəhmət eləsin. Bəs valideynlərinizdən həyatda olanı varmı?

- Təəssüf ki, atamı 9-cu sinifdə oxuyarkən kiçik bir əməliyyat ucbatından itirdik. Həmin gün məktəbə gedəndə o, sağ-salamat idi, geri döndükdə həyətə toplaşmış kənd sakinlərinin mənə zillənmiş baxışları atamın yoxluğunun bir təzahürü kimi yaddaşımdan silinmir. Valideyn itkisinin həqiqi miqyasını insan çox sonralar dərk edir... Atam sadə, zəhmətkeş bir insan, bəzən həddindən ziyadə sadəlöhv bir Allah adamı idi. Əl qabarı ilə bizə kiçik, amma mənəvi baxımdan çox isti bir yuva qurmuşdu. Ondan sonra ocağımızın bütün yükü anamın çiyinlərinə düşsə də, o fədakar qadının biz övladların sonrakı həyatında əvəzsiz rolu oldu... Və şükür ki, o, sağ-salamatdır, bu gün də Gədəbəydə- doğma kənddəki ata yurdumuzda ömür sürür.

- Allah ömür versin... Gədəbəy - o büllur bulaqlar, zümrüd meşələr yadınıza düşürmü? Gedib o yerləri, ananızı ziyarət edirsinizmi?

- Belə sualları dinləyəndə yenə nənəm yadıma düşür. Onlar 1950-ci ildə Basarkeçərdən deportasiya olunmuşdular. Və həmişə deyərdi ki, o yerlərdən ötrü burnumun ucu göynəyir. O dönəmlər bunu obrazlı bir ifadə kimi qəbul edirdim. Amma yaşa dolduqca insan doğulub-böyüdüyü yurdun nəinki gözəlliklərinin, hətta zığının-palçığının belə həsrətini yaşayır. Etiraf edim ki, müntəzəm gedə bilmirəm, Gədəbəyə məsafə də az deyil. İkincisi, işimizlə bağlı hədsiz qayğılar, problemlər... Təxminən iki il öncə o yerlərə gedib anamı da ziyarət etmişəm və kəndimizlə bağlı günlərimi bir daha xatırlamışam...

- 1990-cı illərdə təhsil aldığınız Azərbaycan Texniki Universitetində hərbi kafedra olduğu üçün hərbi xidmətə getməmisiz. Amma deyəsən, o “sbor” deyilən üç aylıq hərbi toplantıda olmusuz?

- Bu gün də tərcümeyi-halımızda kompromat axtaranlar bu nöqtədən də yararlanmağa çalışırlar. Əlbəttə, bu onların hüququdur. Amma faktdır ki, 1990-cı illərin əvvəllərindəki rəsmi qaydalara görə hərbi kafedralar olan ali məktəbləri bitirənlər hərbi xidmətə çağırılmırdı. Və üç aylıq hərbi toplantıdan sonra onlara rütbə verilirdi. Mən də bu prosedurlardan lazımınca keçmişəm. Və hazırda ehtiyatda olan zabitəm... Sonrakı illərdə də aspirantura həyatım başlandı və o zaman bilirsiz ki, 27 yaşda artıq hərbi xidmətdən möhlət hüququ verilirdi...

- Yəqin atıcı silahlarla davranmağı, avtomatı söküb-yığmağı bacarırsız?

- Bəli, bunu o vaxtkı təlimlərdə dəfələrlə etmişəm, bu gün də bacarıram. Və eyni zamanda müxtəlif xarici səfərlər zamanı bəzən gerçək silahlardan atəş açmağa imkanlar da yaranır. Təbii ki, parlamentin təhlükəsizlik komitəsinin üzvünün hərbi silah, texnika və s. haqqında məlumatı olmalıdır... Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov bir dəfə özü haqqında demişdi ki, o, “qaubitsa”nın (özüyeriyən artilleriya qurğusu-S.) nə olduğunu bilmir. Amma bu və digər hərbi məsələlərdən lazımi məlumatım var...

- Deyəsən, doğma kəndiniz Alnabat da Ermənistanla sərhəddə yaxındır?

- Bəli, hər zaman ermənilərlə savaşın ağrı-acısını hiss etmişik, Göyçə gölünün bir addımlığındayıq...

- Deyəsən, xanımınızla tələbə yoldaşı olmusuz. O da sizin kimi əla oxuyurdu?

- Mən institutun 8 əlaçı tələbəsindən biri kimi 5 il elmi şuranın üzvü olmuşam. Bu baxımdan mənimlə rəqabət aparmaq çox çətin idi...

- Zahid bəy, gününüz necə başlayır, səhərlər tez qalxırsınızmı?

- Hələ yeniyetməlik dövründən çox yatmağa meyilli olmamışam.

Ən geci saat 7-də oyanır, dərhal səhər gimnastikası və digər xoş motivasiya yaradan təmrinlərlə məşğul oluram...Əvvəllər sistematik olaraq qaçış, fitbol kimi idman növləri ilə məşğul olardım. Amma son illər işlərin çoxluğu baxımından bunlara imkan olmur.

- Xörəklərə qarşı çox vasvası deyilsiz ki?

- Xüsusi komplekslərim yoxdur. Amma bir şərqli, qafqazlı kimi öz xörəklərimizə daha çox üstünlük verirəm. Bir müddət vegeterian olmaq, yəni ətdən uzaq olmağa çalışdım. Lakin görünür, insanın əvvəlki fizioloji yapısı nədirsə, ona qayıtmağa məcburdur... Xüsusi özəlliklə sevdiyim xörək plovdur. Və nə yaxşı ki, Azərbaycanda onun 90-a qədər növü var. Eyni zamanda məqbul saymadığım təamlar da var. Bəzən bu baxımdan xarici səfərlərdə də əziyyət çəkirəm.

- Bəlkə özbək plovunu da xoşlayırsız. Axı parlamentdəki işinizlə bağlı Özbəkistanda çox olursuz?

- Əlbəttə, Özbəkistanla dostluq qrupunun üzvü kimi səfərlərim zamanı bu qardaş ölkənin mətbəxi ilə də tanışlıq imkanlarımız olur. Onların plov reseptləri həm tərkib, həm də hazırlanma qaydalarına görə bizimkindən seçilir.

- Eşitdiyimə görə, spirtli içkidən uzaqsınız?

- Heç zaman hansısa spirtli içkiyə xüsusi bağlılığım və alışqanlığım olmayıb. Açığı, bunun heç səbəblərini də bilmirəm. Görünür, bu ya mənəvi –psixoloji baxımdan belədir. Həm də yəqin, çevrədəkilərin bu alışqanlıqlar ucbatından yaşadıqlarından, bəzən nakam ömürlərindən nəticə çıxarmışam. Son bir neçə ildə yaxın çevrə adamları üçün hətta gözəl bir şirə ilə də yaxşı söz, sağlıq məclisi də təşkil etməyə alışırıq. Görünür, bu da mümkünmüş... Amma spirtli içkiyə xoş münasibəti də məqbul sayıram və buna xüsusi dini bir yanaşmam da yoxdur.

- Ekoloji təmizliyi s. baxımından Gədəbəydən süd-qatıq, ət məhsulları və s. gətirtdirirsinizmi?

- Görünür, vəzifəmizdən, imkanımızan asılı olmayaraq bu, bizim güzəranımızın bir atributudur ki, gözümüz həmişə rayon, xüsusilə, dağ yerindən nəsə gözləyir. Bəli, kənddən su da gətizdiririk, hətta Gədəbəyin məhsullarının brendi sayılan kartofundan da... Amma indi şəhərlə kəndin fərqləri o qədər silinib ki, artıq Bakıda da mal-qara saxlayanlardan təmiz süd-qatıq əldə etmək olur.

- Bir söhbətinizdə demisiz ki, qızımla bağlı içimdə başqa bir aləm var, ondan başqa hər şey siyasidir. Bu baxışınız digər ailə üzvlərinizin qısqanclığına səbəb olmur ki?

- Hər kəs səmimi olmalıdır. Qızım haqqında içimdən gələnləri söyləmişəm. Kimsə məni bu fikrimdən daşınmağa vadar edərsə, bu da doğru olmaz. Peyğəmbərimiz də qız övladları haqqında çox dəyərli fikirlər səsləndrib və qərarlar verib. Odur ki, mənim bir ata kimi mövqeyim kimlərdəsə, hətta doğmalarda belə qısqanclıq yaratmamalıdır.

- Sirr deyilsə, oğlunuz haqqında da qısa məlumat verin.

- (Gülür) O, artıq 17 yaşındadır. Xarici ölkə universitetlərindən birinə hazırlıq mərhələsini keçir. Hər iki övladım özləri-özlərinə kölgə salaraq, yəni keçmişdəki o “mama uşağı” prinsiplərindən uzaq, müstəqil həyat qurmağa çalışırlar...

- Bir formulunuz xoşuma gəldi: “Deputat fiziki çəkisini yox, mənəvi-siyasi çəkisini artırmalıdır”. Bu, ağır çəkili deputat həmkarlarınızın xətrinə dəymir ki?

- Doğrusu, heç kimin naturası ilə işim yoxdur. Və Allah yaxşı ki, hər kəsi fərqli görünüşdə yaradıb. Bunu hələ 2000-ci il seçkiləri ərəfəsində demişdim. Bu elə özümün yaşam formulamdır. Və həqiqətən də sonradan qazanılmış köklük haram yeməyin göstərsicisidirmi? Yoxsa insanın adi yaşayış tərzinin nəticəsidir? Vəzifədə insan ətə-qana gəlirsə, burada bir qeyri-adiliklər axtaraqmı? Bu, çox ziddiyyətli və mücərrəd qiymətləndirmə olardı. Amma o da var ki, mənəvi və siyasi çəkisini artırmayan, öz üzərinə tələblər qoymayan şəxslər cəmiyyət üçün də maraqsız olar. Çox sevdiyim bir fikir var: bir gün oxumursansa, bunu mütləq özün bilirsən, iki gün oxumursansa, yaxınların, üç gün oxumursansa, artıq hamı bilir...

- Zahid bəy, yadımdan çıxmamış, fevralın 1-i doğum gününüzdür, öncədən təbrik edir, cansağlığı, uğurlar diləyirik... Yəqin bir tədbir-filan planlaşdırırsız?

- Diqqətinizə görə təşəkkür edirəm. İctimai-siyasi fəaliyyətlə məşğul olan bir insanın həyat hadisəsinin media nümayəndələri tərəfindən də həssaslıqla qarşılanması fərəhləndirici bir haldır. Bu həm də o deməkdir ki, tərcümeyi-halımız, fəaliyyətimiz izlənilir. Bu bizi daha da məsuliyyətli olmağa sövq edir. Və məncə, doğum günü keçirilməlidir. Çünki bu, insanın yalnız özü və çevrəsi üçün bu günədək yaşadıqlarının bir hesabatı deyil, həm də Yaradanına şükranlıq əlamətidir. Mən də öz doğum günümü çox sakit, normal bir düzəndə və dar bir çərçivədə - yaxınlarımla qeyd edəcəm.

- İbadətə, namaza necə yanaşırsız?

- Müsbət yanaşıram. Həqiqi inanc sahiblərinə, dinimizdən inkişaf, tərəqqi mənbəyi kimi yararlananlara çox böyük hörmətim var, onları xalqımızın sərvəti hesab edirəm. Amma dini yalnız yas mərasimi atributu kimi qəbul etməyin, fanatizm, gerizəkalılıq, radikallığın da əleyhinəyəm. Özüm ibadətlə məşğul deyiləm. Ancaq yaxın qohumlardan da namaz əhli olanlar var. Özüm inanclıyam, içərimdə Allaha bağlılığım var. Bununla yanaşı, hətta ateistlərlə normal şəkildə ünsiyyət qurmaq, polemikalar qurmaq imkanım da mövcuddur.

- Zahid bəy, siz bu gün millətin vəkili kimi seçicilərinizin hüquqlarını bacardığınız qədər qoruyursuz. Bəs Allahın Qurani-Kərimdə vəd etdiyi Axirət günündə hər hansı bir günahınıza, xətanıza bəraət qazandırmaq üçün özünüzün vəkilə ehtiyacınız olmayacaq ki?

- Çox gözəl sualdır. Deputat olduğum dövrdə əgər dəfələrlə təmsil elədiyim bölgəyə getmişəmsə, o imam camaatı sayılan Bərdə əhli ilə saysız-hesabsız görüşlərə qatılmışamsa, onların müxtəlif ağrılarının yükünü daşımışamsa, buna görə daxili bir rahatlığım var. Bir dəfə Bərdə qəsəbələrdən birinə qaz xəttinin açılışı zamanı bir ağsaqqal yaxınlaşıb çox maraqlı söz dedi. Buyurdu ki, ay oğul, xəbərin varmı ki, sənin qaz çəkdirdiyin filan kənddə bu qış ölənlərin, xüsusən soyuğuna davam gətirməyən yaşlıların ölüm sayı azalıb. Bu gün Bərdənin quruculuğunun tamam yeni bir mərhələyə qədəm qoymasında prezidentimizin tədbirləri çərçivısndə bir ötürücü rolunu oynamışıqsa, yəqin ki, bu əməllərimiz dediyiniz o gün dadımıza çatacaq. Amma o dünya reallığında insanın mühakimə şərtlərinin necə olacağını, vəkil tutmağa ehtiyac olub-olmayacağını deyə bilmərəm. Bu gün isə xalqımın vəkili olduğum üçün özümü xoşbəxt sanıram.

 

Sultan Laçın

 

Həftə içi.- 2014.- 31 yanvar.- S.3.