Hiperaktiv uşaqlarla necə davranmalı?

 

Statistik məlumatlara görə, dünyada hər 25-30 uşağın birində hiperaktivlik müşahidə olunur

 

Mətbuatda tez-tez 3-4 yaşlı uşaqların yuxarı mərtəbədən yıxılması, əllərinin ətçəkən maşında qalması, çayda boğulması kimi məlumatlara rast gəlirik. Adətən, bu cür halları valideyn məsuliyyətsizliyi ilə əlaqələndirirlər. Amma bəzi ekspertlər hesab edirlər ki, valideynlərdən nəzarət tələb olunsa da, bu cür uşaqlarla mübarizə aparmaq elə də asan deyil. Onlar yüksəklikdən, heyvanlardan qorxmur, iti əşyalarla ehtiyatsız davranır, bir sözlə, qorxulu görünən nə varsa, onu adi hala çevirirlər. Bu isə sonda təhlükə ilə nəticələnə bilir.

Yeri gəlmişkən, bir çox dünya ölkələrində - ABŞ, İngiltərə, Fransa, İtaliyada bu cür uşaqlar daha çoxluq təşkil edir. Həmin ölkələrdə hiperaktivlik və diqqət yayğınlığı problemi ilə mübarizə aparmaq üçün xüsusi üsullardan istifadə olunur.

Amerika Birləşmiş Ştatlarında aparılmış statistik tədqiqatlara əsasən, 2 milyon uşaq diqqət yayğınlığı və hiperaktivlikdən əziyyət çəkir. Bu da onu göstərir ki, bir sinifdə 25-30 şagirdin, ən azı, birində hiperaktivlik və diqqət yayğınlığı sindromu vardır. Rusiyada belə uşaqlar 4-18 faiz, ABŞ-da 4-20 faiz, Böyük Britaniyada 1-3 faiz, İtaliyada 3-10 faiz, Çində 1-13 faiz, Avstraliyada isə 7-10 faizdir.

Məsələyə münasibət açıqlayan «Narınc» Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmovanın sözlərinə görə, əslində, uşağın kompüterdə oyun oynaması onda hiperaktivlik yarada bilməz: «Sadəcə, bu, prosesi sürətləndirə bilər. Müşahidələr göstərir ki, hiperaktivlik uşağın 7 aylığından əvvəl özünü göstərib, 18 yaşına qədər davam edir. Uşağın hansısa yaşdan sonra hiperaktiv olması ilə bağlı fikir demək çətindir. 12 yaşında uşaq kompüterlə oyun oynamaqla hiperaktiv ola bilməz. Oyunlar, sadəcə olaraq, uşaqda aktivliyi artırar. Amma hiperaktivin aktivi başqadır. Aktivlik görünə bilən xarakterik xüsusiyyətdir. Hiperaktivlik isə uşağın 7-ci ayından özünü göstərən psixonevroloji problemdir. Kompüter bu xəstəliyin intensivliyini artıra bilər, amma yarada bilməz. Hiperaktiv uşaq kompüter qarşısında oturarsa, bu, onun aqressivliyini artırır. Hiperaktiv uşaqlarda böyük enerji partlaması var. Bu enerjini sərf etməyəndə isə aqressiya daha dağıdıcı formada ola bilər. Uşağa hiperaktiv diaqnozu vaxtında qoyulmalı və evdə hər kəs bu barədə bilməlidir. Kompüter birtərəfli ünsiyyət vasitəsidir. Uşaq kompüter qarşısında informasiya qəbul edir, amma ötürmür. Danışmır, əzələ istifadə olunmur, bədən uzun müddət eyni formada qalır. Göz daha az qırpılır və gözdə quruluq, onurğada əyrilik yaradır. Bu isə uşağın aktivliyini daha çox artırır. Fikir versək görərik ki, uşaqlar kompüter oyunlarından ayrıldıqdan sonra, daha çox hərəkət etməyə başlayırlar. Çünki gün ərzində o, enerjini faydalı yerlərə xərcləməyib”.

Psixoloq bildirir ki, valideynlər hiperaktiv uşaqların boş zamanının olmaması üçün nizamlı bir qrafik təyin etməlidirlər: “Hiperaktiv uşaqlarda aqressiyanı, enerjini sərf etməyin ən gözəl üsulu üzgüçülük, taekvando ilə məşğul olmaqdır. Hiperaktiv uşaqlar gün ərzində bir saat belə boş qalmamalıdır. Gəzməli, parka getməli, açıq havada çox olmalıdır. Çünki onlarda diqqət yayınıqlığı olur. Oksigen belə uşaqlarda diqqət yayınıqlığını aradan qaldırmağın ən yaxşı üsuludur. Uşağı inkişaf etdirəcək kurslara yazdırmaq lazımdır. Belə uşaqlar boş qaldıqda dağıdıcı işlərlə məşğul olurlar, hətta özlərinə belə xəsarət yetirirlər. Aktiv uşaqlar yerdə, hiperaktiv uşaqlar isə göydə gəzir. Ağaca dırmaşır, divanın başına çıxır və s. hər zaman təhlükəni sevir. Aktiv uşaqlar isə təhlükəni sevmirlər. Hər dəcəl uşağı da hiperaktiv adlandırmaq olmaz”.

Ekspert onu da qeyd edir ki, hiperaktivlik vaxtında müalicə olunmadıqda, 18 yaşdan sonra da problem deməkdir: “Belə uşaqlar intihara, etiraz etməyə meyilli olurlar. Evdə konflikt yaradan, cəmiyyətə uyğunlaşa bilməyən, antisosial şəxsdirlər. 18 yaşdan sonra nevroz, hafizə problemləri formalaşır, özlərini tapa bilmirlər. Çox zaman hər hansı bir peşə sahibi ola bilmirlər, tez-tez iş yerlərini dəyişirlər. Həyatlarında da uğursuz olurlar”.

Məsələyə münasibət bildirən «Aida» Uşaq Psixologiya Mərkəzinin rəhbəri Aidə Nəbiyeva isə bildirir ki, bu tip uşaqların aparıcı xüsusiyyətlərindən biri ətraf mühitlə münasibətlərdə çətinliklər yaranmasıdır: «Əslində, uşaqların hərəkət aktivliyi və diqqət yayğınlığı problemi ilə bağlı fikirlər 150 il bundan əvvəl yaranıb. Hiperaktivlik və diqqət yayğınlığı sindromunu ilk dəfə 1845-ci ildə doktor Henrix Hoffman təsvir edib. O, bunu 3 yaşlı oğlu üçün oxumağa kitab tapmayanda yazmağa başlayıb. Ümumiyyətlə, hiperaktiv uşaqlar öz yerlərində çox fırlanırlar, dönürlər, əşyaları və paltarları dartışdırırlar, dəfələrlə yerlərindən qalxıb ətrafı dolanırlar, uzun müddət otura bilmirlər. Daha çox üzə çıxan patologiya aktivliyin miqdarı ilə deyil, onun nəzarət altına alınma dərəcəsi ilə bağlıdır.

İlk növbədə, diqqət yayğınlığı uşağın başqa işlərlə məşğul olması, oyunu sonadək oynaması, şəkil çəkməsi, oxuması, başqaları ilə münasibətinə görə qiymətləndirilir. Oyun sahəsində hiperaktiv uşaq aktivliyinə görə digər uşaqlardan fərqlənməyə bilər. Hiperaktiv uşaqda daha çox nəzərəçarpan özünü sakit apara, lazım gəldikdə, məsələn, məktəbdə və yaxud da nahar masası arxasında dinc otura bilməməsidir. Hiperaktivlik özünü müxtəlif şəraitdə büruzə verməlidir; məsələn, evdə, məktəbdə. Onu da qeyd edim ki, həkimlə qısamüddətli konsultasiya zamanı uşaqda hiperaktivlik sindromu aşkar edilməyə bilər. Belə ki, o, tanış olmayan şəraitdən, həkimdən qorxayaxud da ozünə maraqlı bir məşğuliyyət tapa bilər».

Onun sözlərinə görə, belə uşaqlar müalicə olunmalı və ya onlarla bağlı müəyyən tədbirlər görülməlidir: «Bu cür uşaqlar dərslərdən uzaq olur, məktəbdə yaxşı oxumurlar. Ətrafındakılarla ünsiyyət qura bilmirlər və nəticədə, onların gələcək həyatlarında - institutda, işlərində, cəmiyyətdə problemlər meydana çıxır. Belə uşaqların çoxunda həm də emosional və davranış pozğunluğu, yaşıdları ilə müəyyən problemlər yaranır. Hiperaktivlik başqa bir problemlə ortaq əlamətlərə malik olduğu üçün, qəti diaqnoz qoymaq çox çətindir. Ona görə də dəqiqləşdirmədən öncə, digər problemlərlə olan oxşar və fərqli cəhətlərinə diqqət yetirmək lazımdır. Bu problemlər 7 yaşına qədər olan dövrdə ortaya çıxır. Belə uşaqların diqqətcəmləmə problemi olsa da, amma tv, kompüteroyun, cizgi filmi izləyərkən diqqətlərini cəmləyə bilməsi çaşdırıcıdır. Hiperaktivlik və diqqət yayğınlığı sindromu 12 yaşından aşağı 20 uşağın birində görülə bilər. Digər tərəfdən, hiperaktiv uşaqlar cəmiyyətə gec adaptasiya olunur. Bu tip uşaqlar 1-ci sinfə gedərkən daha çox gərginlik və diqqət problemi yaşayırlar. Hiperaktiv uşaqlar daim aktiv, impulsivdirlər və onların hərəkətləri hər zaman xaotikdir; məsələn, onlar həmişə stulda yellənir, oynayır, çoxlu danışır, informasiya verir və başlanılmış işi başa çatdırmırlar. Tələblərə isə çox vaxt ya tabe olmur, ya da onları unudurlar”.

Ekspert onu da qeyd edir ki, bu tip uşaqlar ailədə tez-tez tənqid və danlaqla qarşılaşdıqları üçün onlarda xarakterin mənfi əlamətləri müşahidə olunur: «Bu əlamətlərdən isə həm uşaqlar, həm də böyüklər əziyyət çəkirlər. Hiperaktiv uşaqlar, əsasən, səs-küylü olurlar. Uzun saatından sonra evə qayıdan valideynlər səbirləri çatmadıqları üçün çox vaxt onları kortəbii şəkildə sakitləşdirməyə və ya hədə-qorxu gəlməyə başlayırlar ki, belə davranışlar da heç bir vaxt effekt vermir. Bu davranışlar uşaqlar tərəfindən ona görə sərgilənir ki, valideynlər düzgün davranış qaydaları seçmirlər.Psixoloq və həkimin qəbulunda olan valideyn əslində uşağının problemininolduğunu anlayışla qarşılamalıdır. Hər hansı bir uşaq bağçasına hiperaktiv uşağın yeni qəbul olunması bəzən pedaqoqlar tərəfindən də böyük həyəcanla qarşılanır. Məlumatsız olan pedaqoq belə uşaqlardan imtina edə bilər. Halbuki bu çox yanlış bir davranış qaydasıdır. Digər tərəfdən hiperaktiv uşaqlar hərəkətli, enerjili olmaqlarına baxmayaraq, sinir sistemləri tez yorulur. Buna görə müəyyən rejimin olması vacibdir. Rejimlə yatmaq, durmaq, yemək vaxtları dəqiq yerinə yetirilməlidir».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi .- 2015.- 2 dekabr.- S.6.