Ailə dəyərlərimiz təhlükədə

 

Ekspertlər bununla bağlı geniş müzakirələrin aparılmasını vacib sayırlar

 

«Hazırda Azərbaycan xalqı çox qiymətli ailə dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Bu, çox ciddi məsələdir. Biz ailə dəyərlərimizi nə özümüz dərk etdik, nə də başqa xalqlara nümunə göstərə bildik». Bu fikirləri bizimlə söhbətində sosioloq Əhməd Qəşəmoğlu deyib. Ekspert hesab edir ki, bizim ailə dəyərlərində digər xalqların öyrənməsi üçün çox şey var: «Aidiyyəti qurumlar bu məsələyə diqqəti daha da artırmalıdırlar. Bunun üçün xüsusi proqramların həyata keçirilməsinə ehtiyac duyulur. Artıq Azərbaycanda ailəyə münasibət 20-30 il əvvəlin münasibəti deyil; məsələn, indi gənclər evlənərkən nə valideynləri ilə yaşamaq istəyirlər, nə də valideynlər övladlarını evləndirib yanlarında saxlamaq istəyirlər.

Digər bir tərəfdən, hazırda Azərbaycan ailəsində ciddi psixoloji gərginlik müşahidə edilir ki, biz bu gərginliyi indiyədək hiss etməmişik. Təbii ki, mövcud gərginlik gənclərin psixologiyasına mənfi təsir göstərir.Tutaq ki, bir uşaq doğulduğu evdə həmişə dava-dalaş, zorakılıq görürsə, o uşaqdan böyüyəndə ailə haqqında hansı müsbət təsəvvür gözləmək olar. Əgər ailələrdə əmin-amanlıq, qarşılıqlı hörmət olarsa, bu, gənclərimizin də düşüncəsinə müsbət təsir göstərər».

Məsələyə münasibət bildirən psixoloq Elnur Rüstəmov da hesab edir ki, azərbaycanlı psixologiyasında ailə faktorunun digər xalqlarla nisbətdə daha dərin və uzunömürlüdür: “Azərbaycan ailələrində valideyn hətta övladını evləndirdikdən sonra belə öz yanından ayırmır, bir evdə yaşamaq istəyir. Amma bir çox ölkədə uşağın 15-16 yaşı olan kimi valideyn tələb edir ki, get işlə, özünə ev tut, yaşa. Onlar üçün doğmalıq anlayışı yoxdur, ailədə hər kəs öz qazancı ilə yaşayır. Ona görə də cəmiyyətləri möhkəm deyil, ailə cəmiyyətə xeyir verə bilmir. Buxeyirmaddi yox, mənəvi məna kəsb edir. Yəni, bu cür ölkələrdə ailələr cəmiyyətə yararlı fərdlər yetişdirmir. Dolayısı ilə həm ailə, həm də cəmiyyət möhkəm olmur. Düzdür, son dövrlərdə Azərbaycanda da gənclərin əksəriyyəti ailə qurandan sonra ailəsindən ayrı yaşamağa can atır. Bundan başqa, ailəsi də eyni şəhərdə yaşadığı halda öz dostları, institut yoldaşları ilə birlikdə yaşamağın həvəsində olan kifayət qədər gənc var. Əslində bu, televiziyaların, internetin bizim cəmiyyətə “töhfə”sidir. Yəni, yeniyetmə görür ki, başqa ölkələrdə 15-16 yaşlı uşaqlar özü işləyir, pul qazanır, tək yaşayır, pulunu bara, əyləncə məkanlarına xərcləyir, heç kimə hesabat vermir. Bizim gənclərə bu cəzbedici təsir bağışlayır, çoxdandır ayrı yaşamaq, tək qalmaq barədə düşündüklərini reallaşdırmaq istəyir, amma valideynlər imkan vermir».

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, bu istiqamətdə geniş müzakirələrin aparılmasına ehtiyac var: «XX əsrə və XXI əsrin əvvəllərinə nəzər salanda Azərbaycan ailələrini iki qrupa bölmək olar. Birincisi, daha çox əyalətdə yaşayanlar və Şərq ailə tipinə, milli mentaletitə tam uyğun ailə tipi. İkincisi isə, daha çox böyük şəhərlərdə, Bakıda və dünyanın müxtəlif ölkələrində yaşayan ailələr. Bunların arasında müəyyən fərqlər var və fərqlər get-gedə daha da kəskinləşməkdədir. Fərqlər ətrafında mübahisələr edib, fikir söyləmək olar, amma fakt budur ki, biz hazırda bu iki ailə tipi ilə rastlaşırıq və hətta bunların özlərinin də indi müxtəlif problemləri var. Məsələn, əvvəllər kişi və qadından ibarət ailə tipləri var idi. Bu ailə tipinə bütün dünyadan fərqli Azərbaycanda daha çox rast gəlinirdi. Amma indi tək qadın və tək kişidən, yaxud qadın və uşaq, kişiuşaqdan ibarət ailə tipi ilə rastlaşırıq. Yaxud vətəndaş nikahı ilə evlənmiş insanlardan ibarət ailə tipləri var. Amma ümumilikdə, Azərbaycan üçün daha çox qadın+kişi ailə tipi məqbul sayılır və bu tip daha çox inkişaf edib. Bunun özüklassik tip deyil, çünki həm əyalətdə, həm Bakıda çoxlu sayda qadın və kişi başqa ölkələrdə işləyirlər, bu da klassik ailə tipinin parçalanmasına aparıb çıxarır. Bəzən 2-3 və daha çox il qadın uşağı ilə yaşayır, amma ata olmur. Yaxud kişi yaxın qohumlarının yanında uşaqlarını qoyur, özü tək yaşayır. Qlobal dövrümüzdə bu problemlər get-gedə aktuallaşır və son vaxtlar boşanmaların da sayı artıb. Bu da klassik ailə tipinin inkişafında və dəyərlərin saxlanmasında mənfi tendensiyalara səbəb olur».

Aydınxan Əbilov bildirib ki, bəziləri qəbul etmək istəməsələr də, bu gün ailə modelində aşınmalar baş verir: «Bunun qarşısını almaq üçün tarixdə və yaxın keçmişimizdə ən yaxşı ailə ənənələrimizi dirçəltməli, möhkəmləndirməliyik. Əvvəllər çox uşaqlı, 5-10 uşaqlı ailə modelləri daha çox idi. Üstəlik, əvvəllər ailələr yaxın qohumların əhatəsində olurdular. Söhbət xala, bibi, dayı, əmi, baba, nənədən gedir. Amma indi bunların çoxu yoxdu. Artıq 80-ci illərin axırlarına yaxın bizdə yalnız, ən uzağı, 3 uşaqdan ibarət ailələrin sayı çoxalmağa başladı. İndi əksər uşaqların xala, bibi, əmi, dayı deyilən qohumları yoxdur. Bundan sonra daha böyük problemlərlə rastlaşacağıq. Çünki bu qohumluq anlayışları azalacaq. Evdə bir oğlanbir qız varsa, onlar evlənəndə uşaqlarının xalası, yaxud dayısı, bibisi olmayacaq. Digər tərəfdən, bizdə boşanma əvvəl ictimai qınağa məruz qalıb, pis hal sayılırdı, amma sonra psixoloqlar, xüsusilə sosioloqların araşdırmaları göstərdi ki, boşanmalar olmayanda ailədaxili zorakılığın gizlədilməsi baş verir. Bu da psixoloji problemlər yaradır. Çox vaxt gənclər ata, ana məsləhəti ilə evlənirlər və psixoloji cəhətdən bir-birlərinə uyğunluğu nəzərə alınmır. Son araşdırmalar göstərir ki, qadın və kişi münasibətləri, xüsusən ailə modelində 3 ildən artıq davam etməyib. Daha sonra ya uşaqlarla bağlı maraqlaryaxud ailəni qorumaqla bağlı dəyərlər ailəni saxlayıb».

Onun sözlərinə görə, ailə modelinin möhkəm qalmasında və mövcud dəyərlərin yaşamasında həm də ictimai qınaq vacib amillərdən sayılır: «Boşanmalara bağlı statistikaya baxanda məlum olur ki, yaranmış və dağılmış ailələrə əsasən iqtisadi məsələlər problem yaradır və ən qəribəsi budur ki, pulun həm az, həm də çox olması bu məsələlərdə önəmlidir. Pul az olanda kişi-qadın arasında münasibət kəskinləşir və bu da boşanmaya aparıb çıxarır. Yaxud ailəni saxlaya bilməyən kişi məcbur olur, Rusiyayaya digər yerlərə işləməyə getsin. Yaxud qadın karyera qururiqtisadi cəhətdən müstəqil olan kimi, öz fikirlərini diqtə etməyə başlayır ki, bu da ailənin dağılmasına aparıb çıxarır. Çünki mentalitetimizə görə, ailədə əsas söz sahibi kişidir. Bunun qarşısını, əlbəttə ki, dünyanın ən qabaqcıl sivil cəmiyyətlərində olan modelləri götürüb müqayisəsini aparmaqla və Azərbaycan cəmiyyəti üçün optimal modelləri ortaya qoymaqla ala bilərik. Amma bunun üçün böyük institutlar olmalıdır.

Mənim bildiyimə görə, bizdə ailəyə elmi yanaşma çox zəifdir, dünyanın hər yerində ailə psixoloqları deyilən böyük bir mütəxəssislər ordusundan ibarət sistem var. ABŞ, Rusiya və digər ölkələri nümunə göstərmək olar. Əlbəttə ki, ailə modelinin möhkəmliyində bunlar böyük rol oynayır. Bəzən görürük, problemlər var, amma onları həll edib, müzakirə etmək əvəzinə, gənclər ata-ananın, qaynana-qaynatanın yanına qaçır».

Ekspert hesab edir ki, əslində ailədə hansısa problemlər ortaya çıxanda psixoloq və psixoanalitikə müraciət etmək lazımdır: «Onlar ailənin qorunması ilə bağlı müəyyən bilgilər verə bilərlər. Mən ailə modelini inkişaf etdirməyin və bu ənənlərinin yaşadılmasının tərəfdarıyam. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm ki, nə qədər qəribə olsa da, müasir dövrdə Azərbaycanın özündə yaşayan ailələrdən fərqli olaraq xaricdə yaşayan və hər ikisi azərbaycanlı olan ailələrdə milli adət ənənələr və ailə modeli daha çox qorunur. Digər tərəfdən, bu gün virtual tanışlıqlar geniş yayılıb. Yəni, internet-saytlarda insanlar bir-birləri ilə tanış olub ailə qururlar. Əlbəttə, onlar yüz faiz xoşbəxt olmurlar, real həyatda olduğu kimi, virtual və digər formalarda ailə quran insanlar arasında da problemlər yaşanır. Yeni texnologiyaların tətbiqinin tərəfdarıyam, amma unutmamalıyıq ki, biz azərbaycanlıyıq və öz dəyərlərimiz var. Ən yeni texnologiyalar insanlara xoşbəxtlik verməklə bərabər, onlara böyük bədbəxtliklər də gətirə bilər. Bunun da artıq bir çox işartılarını görürük».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2015.- 3 dekabr.- S.6.