“Əsl mütəxəssis bitkilərlə dil

tapmağı, danışmağı bacarmalıdır”

 

Ölkə prezidentinin sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” kimi elan edilib. Elə bu baxımdan da ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün yerli mütəxəssislərə, peşəkar bağbanaqronomlara ehtiyac duyulur. Belə peşəkar aqronomlardan biriAsif Mehralıyevdir. Elə “Sənətkar” rubrikasının budəfəki qonağı tanınmış aqronom, Mərkəzi Nəbatat Bağının aparıcı mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyevi oxuculara təqdim edirik.

 

Asif Mehralıyev 1959-cu ildə Ağdam rayonu Bağbanlar kəndində doğulub, boya-başa çatıb. “Həftə içi” qəzetinə keçdiyi həyat yolundan söz açan sənətkar bildirir ki, kəndləri bağbanlar kəndidir:

“Gözümü açıb kəndimizdə bağbanları görmüşəm. Kəndimizdə vaxtilə elat bağları var idi. Elə doğulduğum kəndin adı da bu bağlardan götürülüb. Bunların hamısı “bəylik bağları” adlandırılardı. Qızılgüldən tutmuş bar ağaclarına qədər istənilən ağac növünü o bağlarda tapmaq olardı. Gözümü açıb bu bitkilərin arasında, onların necə becərildiyinin, məhsulların necə qorunmasının canlı şahidi ola-ola böyümüşəm. Elə buradan da məndə aqronomluq sənətinə böyük həvəs yaranıb. O dövrdə respublikada üzümçülüyünün, pambıqçılığının inkişafına start verilmişdi. Bu sahədə çalışmaq üçün güclü ixtisaslı kadrlara, mütəxəssislərə ehtiyac vardı. O dövrdə aqronom çox hörmətli peşələrdən biri sayılırdı”.

Asif Mehralıyev deyir ki, onda zaman-zaman bu peşəyə maraq artıb: Bu maraq məni indiki Aqrar Universitetinə təhsil almağa gətirib çıxartdı. 1981-ci ildə təyinatla Daşkəsən rayonun ucqar Zəilik kəndində baş aqronom kimi işə başladım. İki il orada işlədim və böyük təcrübə qazandım. Çünki institutda öyrəndiyim nəzəri biliklərin təcrübəsinə yiyələnməyə başladım. 1983-cü ildə Ağdam rayonunun böyük üzümçülük təsərrüfatında aqronom kimi fəaliyyətimi davam etdirdim. O dövrdə kənd təsərrüfatı istehsalına, bitkiçiliyə çox ciddi fikir verilirdi. Əgər becərmədə səhvə yol verdinsə, böyük qınaq obyektinə çevrilərdin. Bu cür ciddi rejimin özü də peşəkar mütəxəssis kimi formalaşmağımda böyük rol oynadı. Təcrübədə qazandığım böyük bilikləri yeni nəslə öyrətmək üçün 1988-ci ildə Ağdam Rayon Kənd Təsərrüfatı Texnikumunda müəllim kimi işə başladım. Ağdamın işğalından sonra adıçəkilən texnikum fəaliyyətini Ağcabədi rayonunda davam etdirdi və 2000-ci ilə qədər orada işlədim. Elə həmin ildən də məcburi köçkün kimi gəlib Bakı şəhərində məskunlaşdıq. Özümü heç vaxt şəhər adamı kimi hesab etməmişəm və etmirəm də. Ona görə də tale məni AMEA-nın nəzdində fəaliyyət göstərən Nəbatat bağına gətirib çıxatdı. 2014-cü ilə qədər burada baş aqronom işlədim. Hazırda orada aparıcı elmi işçi vəzifəsində çalışıram”.

Mütəxəssis aqronom sənətinin sirlərindən danışdı: “Aqronom torpaq, bitki və kübrə münasibətləri ən yüksək səviyyədə qura, həll edə bilən mütəxəssis deməkdir. O, tək bağbançılıq fəaliyyəti ilə məhdudaşmır. O, bitkinin, torpağın dilini bilməklə, onların qarşılıqlı münasibəti nəticəsində ən yüksək və keyfiyyətli məhsul əldə olunma yollarını öyrədir. Bitkilərin və torpağın təbiətlə geniş əlaqəsini, hətta torpağın suvarılması və qidalandırılması texnologiyalarını həyata keçirə bilir. Əsl mütəxəssis bitkilərlə dil tapmağı, danışmağı bacarmalıdır. Bitkiyə yaxınlaşdıqda onun xarici görkəmindən, yarpaqlarının quruluşundan, rəngindən dərhal bilirsən ki, həmin bitkilər su istəyir və yaxud qida maddələrinə ehtiyac var, eləcə də havası çatışmır, bitkilərlə danışmaq məhz budur. Bitki özü sənə deyir ki, mənə su, qida ver, dibimi boşalt yaxşı hava ala bilim, sıx olan yarpaq və budaqlarımı seyrəlt ki, günəş şüasından daha yaxşı istifadə edə bilim. Bu bütün yaşda olan bitkilərə aiddir”.

Asif Mehralıyev bu gün peşəkar aqronoma ehtiyacın daha çox olduğunu deyir: “Ona görə ki, insan artdıqca, tələbat da çoxalır. Eyni zamanda, torpağın məhsuldarlığı aşağı düşür. Dünya bazarına çıxan məhsullarla rəqabət aparmaq üçün yeni texnologiya tətbiq etmək, yeni üsullar işləyib hazırlamaq lazımdır. İndinin aqronomu bitkilərin becərilməsi sahəsində ən intensiv texnologiyalara yiyələnməlidir. Təəssüf ki, bu gün bir çox bioloq alimlərimiz belə aqronom ixtisasının mahiyyətini başa düşmürlər. Söz düşmüşkən deyim ki, respublikada kənd təsərrüfatının müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün mənim şəxsi layihələrim var. Təəssüflər olsun ki, çox qiymətli yerli xalq selleksiyası sortlarının əksəriyyəti sıradan çıxıb. Və bir qismi də çıxmaq üzrədir. Məsələn, Ağdamın yerli kal üzüm, qızıl üzüm, keçəmcəyi kimi üzüm sortları vardı. İndi artıq onlar yoxdur. Eləcə də digər bitki və meyvə sortlarından olan qalın qabıq zil qara rəngli qarpız sortu vardı ki, yerli əhali onu Novruz bayramına qədər saxlayırdı. Buna misalları çox çəkmək olar. İtən sortlarımız bərpa olunmalıdır. Bir şeyi qeyd edim ki, Dağlıq Qarabağda çoxlu sayda üzüm sortları işğal altında qaldığından hazırda ermənilər o sortların çoxunu bu gün öz adlarına çıxırlar. “Ağadayı”, “irşibaba”, ”xəzəri”, “kal üzüm”, “qızıl üzüm”, “bayanşirə” sortları bu qəbildəndir. Fərəhləndirici haldır ki, akademik Cəlal Əliyevin təşəbbüsü ilə vətənimizdə üzümçü alimlərimiz Tofiq Qaragözov və Əlizamin Rəsulov həmin sortların bir qismini 86 adda toplayaraq Mərkəzi Nəbatat bağında becərilməsini təşkil etmişbu gün də həmin sortlar burada qorunub, saxlanılır. Ona görə də yerli məhsuldar sortları bərpa etmək üçün yüksək texnologiyalar sahəsində onların məhsuldarlığını artırmaq lazımdır. Bu sahədə mənim kifayət qədər layihələrim var. Eləcə də yeni peşəkar mütəxəssislər yetişdirilməlidir. Hələ 1995-ci ildə kollegiyaların birində dedim ki, vaxt gələcək Azərbaycanda peşəkar aqronomu əldə çıraqla axtaracaqlar. Bu gün məhz həmin vəziyyəti yaşayırıq. Hər şey var, ancaq peşəkarlıq yoxdur. Abşeronda yolun kənarlarında bəlkə yüzdən çox nöqtədə bitki satışı təşkil olunub. Sorğu aparın görək o bitki satanların içərisində mütəxəssis varmı və o bitkini alıb əkib, becərmək istəyənə onlar necə məsləhət verərlər? Bu səbəbdəndir ki, hər il minlərlə bitkilər əkilir və qurudularaq tullantıya çevrilir. Məhz tullantıya çevrilən o bitkilər dövlət vəsaitidir”.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2015.- 30 dekabr.- S.7