“Vertolyotun “qara qutusu”nu

Adil Ağayevə verdim”

 

...20 noyabr 1991-ci il – Azərbaycanın müstəqilliyinin ikinci ayının ikinci günündə ölkəyə rəhbərlik etmiş siyasi elita nümayəndələrinin və ziyalıların həlak olması ilə nəticələnmiş 20 Noyabr vertolyot faciəsinin 24-cü ildönümünü də yaşadıq. Ancaq yenə də nə qəzanın dəqiq səbəblərini öyrənə bildik, nə də onun baiskar və icraçılarını müəyyən edib layiqli cəzalarını verdik. İstintaq orqanları olay yerinin düşmən işğalı altında olduğunu əsas gətirərək, bütün araşdırmaları dayandırıb. Buna rəğmən, son 24 il ərzində ayrı-ayrı yazar və jurnalistlər mümkün vasitələrlə bu müdhiş faciəni araşdırmaqda, qaranlıq məqamlara az da olsa, işıq salmaq ümidi ilə hadisə şahidlərini axtarıb-taparaq sorğu-suala tutmaqda davam edirlər.

“Həftə içi”qəzeti və hafta.az bu dəfə həmin vurulmuş vertolyotu bilavasitə hadisə yerində öz gözləri ilə görmüş Respublika Prokurorluğunun keçmiş rəhbər işçilərindən biri ilə birgə, bəlkə də, Azərbaycanın taleyini dəyişmiş bu terror aktının detallarını “Dəyirman”ın “çarxları” arasından keçirdi...

4 mart 1991-ci il tarixdə 20 Noyabr şəhidlərindən biri, müstəqil Azərbaycan Respublikasının ilk Baş prokuroru İsmət Qayıbovun imzaladığı əmrlə Dağlıq Qarabağ Muxtar Vilayətinin Baş prokurorunun müavini və Vahid İstintaq Əməliyyat Qrupunun rəhbəri təyin edilmiş ədliyyə müşaviri Məbud Hüseynov vertolyot faciəsi barədə bugünədək deyilməmiş bəzi məqamları açıqladı...

Məbud müəllim, siz 20 Noyabr faciəsindən bir gün öncə, şəhid dövlət katibi Tofiq İsmayılovun rəhbərliyi ilə Ağdamda keçirilmiş müşavirədə iştirak etmişdinizmi?

– Xeyr. Səbəbini sizə izah edim. Noyabrın 16-da Bakıya ezamiyyətə gəlmişdim. Səhər tezdən iş dalınca getməyə hazırlaşırdım. Birdən rəhmətlik İsmət müəllim zəng etdi ki, təcili bura gəl. Məlum oldu ki, mənim köməkçim Şükür Rzayevi Xankəndidə girov götürdüklərindən, Baş prokurorla birgə ora getməliyik. Təyyarə ilə təcili Yevlağa, oradan da Xankəndinə gəldik. Vəziyyəti araşdırdıqdan sonra, “BTR”lə Şuşaya getdim. Noyabrın 18-də İsmət müəllim məni yenə çağırdı Xankəndinə. Oradan isə Ağdama yola düşdük. Yolda birdən yadıma düşdü və İsmət müəllimə dedim ki, “Şuşa türməsinin kuratoru mənəm, orada siyahı üzrə bəzi adamları buraxmaq lazımdır. Mən olmasam, bunu heç kəs edə bilməyəcək”. Rəhmətlik razılaşdı və dedi ki, yaxşı sən qayıt.

Mən yarıyoldan Şuşaya qayıtdım. Həmin müşavirədə olan söhbətləri orada iştirak edən əməkdaşlarımızdan dəqiq öyrəndim. Bəzi şayiələr yayılır ki, guya, Tamerlan Qarayev bilirdi qəza olacağını, ona görə vertolyota minməyib və s. Məsələ bundadır ki, dövlət nümayəndələrinin Xocavəndə gedişi tam təsadüf üzündən olub. Noyabrın 18-də ermənilər Xocavənddən azərbaycanlıları qırğınla qovub-çıxarmışdılar. Oradan çıxan qadın-uşaqlar üzləri-gözləri qanlı gəlib yığışıblar Ağdamda müşavirə keçirilən binanın qarşısına. Tofiq İsmayılov Dağlıq Qarabağın komendantı general Jinkinə həmin adamları göstərərək, onu məsuliyyətsizlikdə, vəzifə borcunu yerinə yetirməməkdə təqsirləndirib. O da deyib ki, bu, təxribatdır. Tofiq müəllim daha da hiddətlənib ki, bu, necə təxrubat ola bilər? Bu boyda yaralı, üzü-gözü qanlı qadın-uşağı gözün görmür? Onda Jinkin deyib ki, gedək hadisə yerinə baxaq. Tofiq İsmayılov da deyib ki, yaxşı, gedək. Hələ mənə verilən məlumata görə, Tamerlan Qarayev İsmət Qayıbovun qolundan yapışıb ki, sən getmə, onlar tez gedib-qayıdacaqlar...

 

“Mİ-8”in başqa vertolyot

tərəfindən vurulması ehtimalı var”

 

– Siz vertolyotun vurulmasını istisna edirsiz?

 

– Xeyr.Vertolyotun vurulduğuna əminəm. Ancaq orada mənim üçün də qaranlıq qalan, açıqlaya bilmədiyim məqamlar var. Bircə həqiqətə yaxın belə ehtimal olduğunu bilirəm ki, vertolyot yuxarıdan vurulub. Yəni başqa vertolyot tərəfindən. Bizim əməkdaşlar vertolyotun vurulmasının şahidi olmuş azərbaycanlı çobanla söhbət etmişdilər. Təəssüf ki, çobanın və onu dindirmiş müstəntiqin adını-soyadını unutmuşam. Çoban vertolyot düşən yerdən hava xətti ilə 600 m məsafədə olub. Vertolyot təpənin üzərində vurulub. Mən öz əməkdaşlarımla birgə hadisə yerini addım-addım araşdırdım. Biz müəyyən etdik ki, vertolyot vurulduqdan sonra, təpədən aralıdakı pöhrəliyə düşsə də, pəri fırlanmaqla ləngər vura-vura 200 metrədək irəli gedib. Orada yerə dəyən təkərlərin, pərin, quyruğun izləri qalmışdı. Sonda hava gəmisinin qarşı tərəfi yerə bərk çırpıldığından, salonda olan adamların hamısı pilot kabinəsınə tərəf sıxılmışdı. Nəticədə, hava gəmisinin sol pəncərəsi yarılmış və bir neçə nəfər yerə düşmüşdü.

 

“Vertolyot yerə düşəndən sonra,

bir nəfər salamat qalıbmış...”

 

Ekspertizanın nəticələrinə görə, vertolyot yerə düşəndən sonra, bircə nəfər qısa müddət salamat qalıb. Bu, Qazaxıstandan gələn bir polkovnik olub. Araşdırmamıza görə, zərbədən sonra ilk yerə düşən dövlət katibi Tofiq İsmayılov olub. O, yerə düşən anda vertolyotun pəri hələ işlədiyindən, onun baş və boyun hissəsini kəsib. Və onu vertolyotdan, təxminən, 8 metr aralı, şimal tərəfə tullayıb. Odur ki, vertolyot yansa da, Tofiq müəllimin cəsədi yanmamışdı. Yalnız onun meyiti salamat qalmışdı. İkinci düşən Baş prokuror İsmət Qayıbov olub. Ancaq o, yaxına düşdüyündən, cəsədi yansa da, sir-sifətinin quruluşundan tanınırdı. Bundan əlavə, Şuşanın icra başçısı Vaqif Cəfərov, DQMV-nin prokuroru Plavski, işıqçı Arif Hüseynzadə və b. meyitləri tanındı. İkinci gün, Ağdamda meyitlərin üzərindəki müəyyən əşyalarla, zabit “jetonu” deyilən hərbi tanıtma vasitəsi, tapança, ciblərindəki seyfin açarı ilə qalan cəsədlərin kimliklərini müəyyən etdik.

 

“Ermənilər vertolyotun yanına gəliblər və...”

 

– Vertolyot düşəndən sonra ermənilərin ora gəlməsi barədə nə bilirsiniz?

– Vertolyot yanmağa başlayandan, təxminən, yarım saat sonra “QAZ-51” markalı yük maşını ilə erməni quldurları gəliblər. Həmin vaxt artıq alov sönübmüş. Düşüb ora-bura baxıb, çıxıb-gediblər. Biz həmin maşının izlərini də qeyd etmişdik.

– Bildiyimizə görə, həmin çoban hadisə yerinə “Niva”nın da yaxınlaşdığını görüb...

– Bəli, mən unutmuşdum, “Niva” da gəlibmiş. Ancaq çobanın dediyinə görə, heç bir şey götürməyiblər.

– Həlak olanların üzərindəki silahlar tapılmışdı?

– Bildiyimə görə, hamısı tapılmışdı. İsmət Qayıbovun “Steçkin” tapançasının qoburunun yanmamış qırığını da tapdıq. Silahların çoxu yanmışdı. Biz külləri qaldırdıqca, onların qırıqlarını tapırdıq. Pistoletlərinl sandığındakı güllələr yanıb-partlamışdı...

 

Vertolyotun üzərində güllə izləri tapılıbmı?

 

– 72 bort nömrəli “Mi-8”in yanmamış hissələri üzərində güllə izləri tapdınızmı?

– Xeyr, mən vertolyotun tapdığımız hissələrinin, o cümlədən, alt hissəsinin üzərində güllə izlərinə rast gəlmədim.

– Amma o zaman Respublika Prokurorluğu Baş İstintaq İdarəsinin rəisi A.Ağayev ANS-ə müsahibəsində deyib ki, vertolyotun içərisində bir neçə güllə izi tapdıq. Bunlar da göstərirdi ki, “Mİ-8”i idarə edən pilotu kimsə avtomatla vurub, o da idarəetməni itirdiyindən, hava gəmisi yerə çırpılıb...

– Bunu dəqiq bilmirəm, ancaq inkar da etmirəm. Onu bilirəm ki, hərbi vertolyotların alt hissəsi zirehli olduğundan, ondan adi avtomat gülləsi keçə bilməz. Pilotu o halda yuxarıdan vura bilərdilər...

 

“Mİ-8”in bortunda atışma olubmu?

 

– Belə bir versiya da var ki, vertolyotun içərisində atışma olub. İçəridəki ruslardan, yaxud ekipaj üzvlərindən biri silah gücünə pilotu vertolyotu aşağı endirməyə vadar edib və sonra onu aşağıda yerdəki ermənilərlə birgə yandırıb aradan çıxıblar...

– Bu, tam yalandır.

 

“Qara qutu”nu mənim Malik adlı sürücüm tapdı və...”

 

– Vertolyotun “qara qutu”sunu gördünüzmü?

– Bəli. Elə qutunu biz tapdıq. Xeyli vaxt küllərin arasını axtardıqdan sonra, təxminən, saat 11-12 radələrində sürücüm Malik “qara qutu”nu tapdı. Və onu mənim göstərişimlə əsgər “buşlat”ına büküb, bizim “BTR”ə qoydu. Malik hal-hazırda Xətai polisində çalışır. Bu faktı təsdiqləyə bilər. Bir az sonra Adil Ağayev yaxınlaşdı ki, bəs “qara qutu” yoxdur, bəlkə sənin məlumatın var? Dedim: “Qara qutu”nu biz tapıb gizlətmişik. Ehtiyat edirəm ki, o, başqalarının əlinə keçər. Onu etibarlı əllərə vermək istəyirik”. Adil müəllim dedi ki, cinayət işini biz aparacağıq, ona görə də qutu bizdə olmalıdır. Bu səbəbdən, mən “qara qutu”nu Adil Ağayevə verdim. Sonra məlumat aldım ki, “qara qutu”nu əvvəlcə Ağdamda Gəncədən laboratoriyaya gətirib “oxumaq” istəyiblər. Ancaq bu, mümkün olmayıb. Ona görə də onu möhürləyib, bizim mütəxəssislərin iştirakı ilə Moskvaya göndəriblər. Orada da açıb-“oxumağa” cəhd ediblər, ancaq görüblər ki, yanıb...

– Sizcə, vertolyotun yanma yerində temperatur neçə dərəcə olub?

– Bildiyimə görə, alüminiumun ərimə temperaturunu götürsək, 600-700 dərəcəyədək olub. Təsəvvür edin, vertolyot o dərəcədə yanmışdı ki, insan sümükləri ilə alüminium ərintiləri bir-birinə qarışmışdı...

 

“Pilot dispetçerə deyib ki, mən heç nə görmürəm”

 

– Məbud müəllim, bəzi məlumatlara görə, “Mi-8-72”nin “qara qutu”su o zaman Gəncədə yerləşən vertolyot təmiri zavodunda “oxuna” bilərmiş. İkincisi, bu özüyazan qurğu, azı, 1100 (bəzi mənbələrdə 3800 – müəllif) dərəcəyədək temperatura və ikitonluq zərbəyə davam gətirə bilər. Alüminiumun ərimə temperaturu isə, dediyiniz kimi, təxminən, 660 dərəcədir...

– Düzdür, mən o sahədə mütəxəssis deyiləm, amma özüyazan qurğu 3 800 dərəcəyədək heç cür davam gətirə bilməz, o yalandır. Və onun deformasiyaya uğraması üçün yüksək temperaturdan əlavə ağır zərbələr də rol oynaya bilər.

Mən o vaxt bir təsdiqlənməmiş məlumat da aldım: aeroportdakı dispetçer, guya, eşidib ki, vertolyotun pilotu rusca “Mən heç nə görmürəm”, – deyib...

 

“Qara qutu” niyə Moskvaya göndərilib?

 

– Digər informasiyalara görə, “Mi-8 -72”nin “qara qutu”sunun Moskvaya göndərilməsi Qarabağdakı Rusiya hərbi qarnizonunun prokuroru, anası erməni olan İ.Lazutkinin yalan informasiyaları və təkidi sayəsində baş verib. Siz Lazutkini tanıyırdınızmı? Və hadisə yerində görmüşdünüzmü?

– Mən Xankəndidə olanda Lazutkini tanıyrdım. Onunla müəyyən ünsiyyətimiz olmuşdu. Ancaq anasının erməni olduğunu bilmirdim. Və hadisə yerində görməmişdim.

 

“Rus generala dedim ki,

22 erməni terrorçusu tutulsa...”

 

– Komendantın müavini Kuşnarik də hadisə yerində olub, siz onunla söhbət etdinizmi?

– Xeyr. Onu mən tanımırdım. Amma yadımdadır ki, orada biz “qara qutu”nu tapandan sonra, keçmiş SSRİ-nin 4-cü ordusunun komandan müavini general İvanov oraya gəldi. Mən ona yaxınlaşıb dedim ki, bizim əlimizdə 22 nəfər erməni terrorçusu haqqında məlumat var. Bir bölük əsgər verin, bizim əməkdaşlarla birgə onları həbs etsinlər. O dedi ki, mənə belə əmr verilməyib. Rus generala cavab verdim ki, siz rusların biz türklərə yazığı gəlmir. Amma bu vertolyotda 8 rus, o cümlədən 2 general, bir podpolkovnik və bir mayor həlak olub. O terrorçuları mütləq həbs etmək lazımdır. Çünki onları həbs etsək, elə bu gün bu cinayət açılacaq.

Faciə yerində jurnalistlərə müsahibə verəndə də demişdim ki, tezliklə bu cinayət işi açılacaq. Çünki o zaman inanırdım ki, həmin terrorçu ermənilər tutulacaq və onların vasitəsilə vertolyotu vuranlar da tapılacaq...

 

Hadisə əvvəlcədən

planlaşdırıla bilərdimi?

 

– Belə qənaətə gəldim ki, siz bir peşəkar hüquqşünas kimi, vertolyotun vurulmasının əvvəlcədən hansısa siyasi qüvvələr tərəfindən təşkil edilməsi ehtimalını qəbul etmirsiniz...

– Bəli, bunun öncədən belə dəqiqliklə planlaşdırılması mümkün deyil. Onlar nə bilirdilər ki, Tofiq müəllim Xocavəndə getmək qərarı verəcək? Düzdür, vertolyot vurulub. Amma bu, sonradan, bayaq dediyim kimi, Tofiq İsmayılovla Jinkin arasında olan mübahisə nəticəsində onlar oraya yollanmaq qərarı verdikdən sonra planlaşdırıla bilərdi. Onların getməsini Xankəndidəki Rusiya və erməni “KQB”lərinin bilməsi aydındır. Onlar da hər tərəfə məlumat verə blərdilər. Özüm görməsəm də, Xankəndidə işləyəndə bilirdim ki, hələ erməni Gevorkov DQMV-nin I katibi olanda, Xankəndidən 5-10 km məsafədə yerləşən pioner düşərgəsində xüsusi məxfi rabitə stansiyası qurdurubmuş. Moskva, hətta Amerika ilə də əlaqə saxlayırmışlar...

– Sovet DTK-sı Tofiq müəllimin hansısa xarakterə malik olduğunu, emosionallığını bilməmiş deyildi. Onu Xocavəndə getmək qərarını verməyə vadar etmək üçün camaatı təxribatçılar vasitəsilə qızışdırıb müşavirə binasının önünə göndərə bilməzdilərmi?

– Xeyr, bu, mümkün deyil... Amma mənə bir məsələ də qaranlıq qalmışdı ki, vertolyot Ağdamdan Xocavəndə uzağı 5-6 dəqiqəyə çatmalıydı. Ancaq “Mi-8” yerdən qalxandan 20 dəqiqə sonra vurulub. Həmin müddətdə vertolyotun harada olması bugünədək sirr olaraq qalır...

 

“İsmət müəllimə demişdim ki, ölsəm,

meyidimi özün gətirdərsən...”

 

Sonrakı illər, sadəcə, bir vətəndaş kimi, bu faciənin detalları ilə bir daha maraqlandınızmı?

– Əlbəttə, maraqlanırdım. Bir neçə il öncə Respublika Prokurorluğunda vertolyot qəzası üzrə o vaxt başlanmış cinayət işini araşdırmaq üşün xüsusi qrup yaradıldı. Mən öz təşəbbüsümlə həmin qrup üzvləri ilə görüşüb, köməyimi də təklif etdim. Ancaq cinayət yeri erməni əlində, cinayəti törədənlər tutulmadan, onlar heç nə edə bilməzdilər. Mənə bugünədək bir insan kimi ağır təsir edən məqam var: İsmət müəllimlə hələ 1970-ci illərdən tanış idik. Gözəl insan və peşəkar hüquqşünas idi. 1991-ci ilin martında heç kəsin Qarabağa getmək istəmədiyi bir vaxtda, İsmət müəllim məni əmrlə ora göndərəndə dedim ki, “İsmət müəllim, məni öldürsələr, meyidimi gətirməyə bir kəsim yoxdur, gərək, özün gəlib-gətirəsən”. O vaxt ağlıma belə gəlməzdi ki, Baş prokuror özü gəlib Qarabağda həlak olacaq və onu mən dəfn edəcəyəm...

 

Sultan Laçın

 

Həftə içi.- 2015.- 24 noyabr.- S.3.