"Mən jurnalistikada bişmişəm"

 

Anar Nəcəfli: "Evdən musiqi məktəbinə getmək adı ilə çıxanda, yoldaşlarımla vaxtımı "öldürməyə" gedirdim"

 

Onu hər kəs tanıyır. Bir çox telekanalda telejurnalist, teleaparıcı, bu ilin aprel ayından isə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Anar Nəcəfli yeni vəzifəsində qısa müddətdir işləməsinə baxmayaraq, həm KİV-lərin əməkdaşları, həm də ictimaiyyət nümayəndələri ilə sıx ünsiyyət qurur, onları maraqlandıran suallar ətraflı cavablandırmağa çalışır. Bizi maraqlandıran suallara "Səmimi söhbət" rubrikasının qonağı Anar Nəcəflinin timsalında cavab tapmağa çalışırıq.

- 1980-ci ildə Ucar rayonunda anadan olmuşam. Orta məktəbi rayonumuzda rus dili bölməsi üzrə bitirmişəm. Amma Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Azərbaycan bölməsi üzrə təhsil almışam. Təbii ki, 11 il rus bölməsində oxuyanlar üçün Azərbaycan bölməsi üzrə ali təhsil almaq çox çətindir. Ancaq çətinliklərin öhdəsindən gəldim və ali təhsilimi uğurla başa vurdum. BDU-da oxuduğum illərdə bir neçə qəzetlə əməkdaşlıq etmişəm. Bəzi mətbuat orqanlarının ştatdankənar müxbiri olmuşam. 2002-ci ildə ali məktəbi bitirdikdən sonra əsgərliyə getdim. Hərbi xidmətimi başa vurduqdan sonra bir müddət başqa sahələrdə işlədim. 2004-cü ildə "ANS" telekanalında işə başladım. Daha sonra "Bürc FM" radiosunda işləmişəm. Oradan "Xəzər" TV-yə, daha sonra "ATV"yə keçmişəm. Telekanallardakı fəaliyyətim dövründə müxbir, telejurnalist və teleaparıcı olmuşam. Bu ilin aprel ayından isə "Azəryolservis"də mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərirəm.

- Yol təsərrüfatı ixtisasına və əvvəlki fəaliyyət sahələrinə aid olmadığı üçün "Azəryolservis"də mətbuat xidmətinin rəhbəri işləmək sənin üçün çətin deyilmi?

- (Gülür) Haqlısınız. İnsan birdən-birə qeyri-ixtisas və yad bir sahədə fəaliyyətə başlayanda çox çətinliklərlə üzləşir. Etiraf edim ki, bu, mənim üçün çox çətin oldu. Çünki yol təsərrüfatı ilə bağlı terminləri, texniki göstəriciləri və digər məlumatları yaxşı bilmirdim. Onları əzbərləməklə yanaşı, həm də nə olduğunu bilmək lazım idi. Yəni nəzəri biliklə yanaşı, praktiki təcrübə də tələb olunurdu. Ona görə də gecə-gündüz çalışdım. Bütün vaxtımı öz sahəm üzrə nəzəri və praktiki biliyimi artırmağa sərf etdim. Hazır materiallara baxmaqla, bu iş mənim üçün yetərli ola bilməz. Məni iş yerimdə, şəxsi kabinetimdə tapmaq çox çətindir. Çünki yol tikintisi, həmçinin əsaslı və cari təmir aparılan yollarda çox oluram. Orada apardığım müşahidələr və mühəndislərlə söhbətlərim, sorğu-suallarım nəticəsində çox şey öyrənirəm. Bütün bunlar mətbuat xidmətinin rəhbəri kimi mənim ayrı-ayrı media orqanları nümayəndələrinin ünvanladıqları sualları ətraflı və geniş cavablandırmağımda yardımçı olur. Öz üzərimdə daha çox çalışdığım və zəngin təcrübə toplamağa səy göstərdiyim üçün, İnşallah, gələcəkdə yol təsərrüfatı ilə bağlı mənə ünvanlanan bütün sualları layiqincə cavablandıracağıma əminəm.

- Bəzi həmkarlarım səni keçmiş jurnalist, indiki məmur kimi qələmə verirlər. Bu məsələyə münasibətin necədir?

- Haqlısınız. Mənim haqqımda vəzifəyə seçilmiş və məmur kimi ifadələr işlədənlər oldu. Ancaq mən belə düşünmürəm. Mən dövlət qurumunda işləsəm də, yenə də jurnalistəm. Ömrümün böyük hissəsini jurnalistikaya həsr etmişəm. Gündəlik 24 saatımın böyük hissəsini jurnalistikada keçirmişəm. Jurnalistikanın mətbəxində əməlli-başlı bişmişəm. Bütün bunlara görə də özümü məmur deyil, hələ də jurnalist sayıram. Çünki işim media nümayəndələri və ictimaiyyətlə işləmək, məqalələr yazmaqdır. Öz sevimli peşəmi çox sevirəm.

- Bəzi mətbuat xidmətlərinin rəhbərləri KİV-lərdən qaçır, jurnalistləri informasiya blokadasında saxlayırlar. Sizcə, bu nə ilə əlaqədardır?

- Şəxsən belə bir problemim yoxdur. Mətbuatın içindən çıxdığım və jurnalistikanı və jurnalistlərin nə istədiklərini yaxşı bildiyim üçün çalışıram ki, mənə ünvanlanan sualların hamısını cavablandırım. Ancaq bəzi jurnalistlər var ki, yol təsərrüfatından xəbərsizdirlər. Həm belələri, həm də bizim sahədən məlumatı olanlar bəzən ictimai narazılıq və narahatlıq doğuran, ictimaiyyətdə çaşqınlığa səbəb olan qeyri-obyektiv və dəqiqləşdirilməmiş informasiyalarla zəngin yazılar yazırlar. Məsələn, yazırlar ki, filan ölkədə, tutaq ki, 1 kilometrlik yolun çəkilişinə 1 milyon dollar pul xərcləndiyi halda, Azərbaycanda 1 kilometrlik yolun çəkilişinə 20 milyon dollar xərclənib və yeyintilərə yol verilib. Əvvəlcə bildirim ki, yolların tikintisi daha çox beynəlxalq kredit təşkilatlarının ayırdıqları kreditlər hesabına aparılır. Əgər yeyintilər olsa, həmin təşkilatlar həm bizə, həm də ölkəmizə inanmaz, etibar etməz və pul ayırmazlar. Digər tərəfdən, bu cür yazıları yazan jurnalistlər sözügedən yolların texniki göstəricilərinin, parametrlərinin eyni olub-olmadığını araşdırmırlar. Ola bilər ki, xarici ölkədə 1 milyon dollar pul xərclənən yolun uzunluğu və eni, asfalt-beton örtüyünün qalınlığı bizim 20 milyon dollar pul xərclədiyimiz yolun göstəricilərindən az olsun. Eyni göstəricilərə malik olan yolların tikintisinə çəkilən xərclər də fərqli ola bilər. Bu, yeni tikiləcək yolların keçəcəyi ərazinin coğrafi mövqeyindən, relyefindən və digər xüsusiyyətlərindən çox asılıdır. Məsələn, Rusiyada yolun çəkilişinə 20 milyon rubl pul xərcləndi. Amma həmin yolun keçəcəyi ərazidə çöküntülər çox olduğundan, yol çəkilməzdən əvvəl bərkitmə işlərinə 200 milyon rubl sərf edildi. Yəni bir yolun çəkilişi 220 milyon rubla başa gəldi. Ona görə də yol təsərrüfatından xəbəri olan və ya olmayan jurnalistlərə məsləhət görərdim ki, bu sahədə araşdırma aparmadan yazı yazmasınlar. Sualınıza gəlincə, Azərbaycanda xeyli media orqanı, elektron KİV-lər, telekanallar, radiolar və sair var. Onların hamısının çoxsaylı suallarını cavablandırmaq bəzən fiziki və mənəvi cəhətdən qeyri-mümkündür. Bu baxımdan da jurnalistlərdən qaçan mətbuat xidmətlərinin və ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərlərini qınamıram.

- Teleaparıcı işlədiyi dövrdə hər bir xəbəri öz zövqünə görə tamaşaçılara çatdıran, şən-şux zarafatları ilə də tanınan və seçilən Anar Nəcəfli ilə indiki Anar Nəcəfli arasında fərq varmı?

- Bəziləri vəzifəyə seçiləndə, iş yerlərini dəyişəndə xasiyyətlərini də dəyişdirməyə çalışırlar. Ancaq mən belə insanlardan deyiləm. 10 il əvvəlki Anarla indiki arasında heç bir fərq yoxdur. Xasiyyətimi, davranışımı olduğu kimi qoruyub-saxlamışam və bu, belə də davam edəcək.

- Bəzi mətbuat xidmətlərinin rəhbərləri ayrı-ayrı sahələr üzrə hobbiliklə məşğul olurlar. Bəs sənin hobbin nədir?

- Orta və ali məktəblərdə oxuduğum illərdə, necə deyərlər, cavanlığımın qaynayan çağında, dəliqanlı vaxtımda poeziya sahəsində özümü sınadım, cızma-qaralar etdim, şeirlər yazırdım. Sonradan onları cırıb, tulladım. Etiraf edim ki, indi poeziyadan çox uzaq bir adamam. Valideynlərim məni musiqi məktəbində qarmona qoymuşdular. Ancaq həvəsim yox idi. Evdən musiqi məktəbinə getmək adı ilə çıxanda yoldaşlarımla vaxtımı "öldürməyə" gedirdim. Sonradan valideynlərim mənim bu musiqi növünə maraq göstərmədiyimi görüb əl çəkdilər. Bir vaxtlar idmanla da məşğul olmuşam. Amma ali təhsilimi bitirdikdən sonra asudə vaxtım çox az oldu. Gündəlik əksər vaxtımı işimlə sərf etdim. Qalan vaxtlarımı da ailəyə ayırmaqdan hobbiliklə məşğul olmağa zamanım çatmadı. Onu da deyim ki, təbiətin çox vurğunuyam. Subay vaxtlarımda respublikamızın ayrı-ayrı bölgələrində təbiətin qoynunda olmaqdan çox zövq almışam. Ailə qurduqdan sonra bəzən asudə vaxtlarımı ailəmlə birlikdə təbiətin qoynunda keçirməyə üstünlük verirəm.

- Gələcəkdə indiki vəzifəndən getmək fikrin olsa, fəaliyyətini harada davam etdirmək istərdin?

- Mənim üçün heç bir fərqi yoxdur. İxtisasca jurnalistəm və 2004-cü ildən üzübəri jurnalist kimi fəaliyyət göstərirəm. Təbii ki, ömürlük bu vəzifədə qalası deyiləm. Nə vaxtsa bu sahədən ayrılası olsam, yenə də jurnalist kimi işləyəcəyəm.

- Son zamanlar insanlarda sevgiyə inam azalıb. Bəs səndə necə?

- Bəziləri sevgini təkcə hər hansı bir xanıma olan məhəbbət, ülvi hisslər kimi başa düşür. Lakin bunu qəbul etmirəm. Mənim Vətənimə, xalqıma, ailəmə, bir sözlə, hər şeyə sevgim var. Məncə, insanı yaşadan sevgidir. Məni də sevgim yaşadır. Sevgi olmasa, həyat da olmaz.

- Səni ağladan sevgin varmı?

- Sevib ailə qurmuşam. Övladım da var. Xoşbəxt olduğum üçün ağladan sevgim yoxdur.

- Ötən il kinoya da çəkilmisən. Gələcəkdə özünü aktyor kimi kinolarda, tamaşalarda sınamaq istərdinmi?

- Keçən il Nail Naiboğlunun "Biznesmen" filmində baş rollardan birinə, biznesmen roluna çəkildim. Çəkiliş uğurla başa çatdı. Rolum da bəyənildi. Ancaq aktyor kimi fəaliyyət göstərməyi düşünmürəm.

- "Jurnalistikanın mətbəxində bişmişəm" dedin. Ev mətbəxi ilə aran necədir?

- (Gülür) Normaldır. Tələbə vaxtı qayğanaq, şorba, kartof qızartması, püre, vermişel və makaron yeməklərini daha çox bişirirdim. Bişirməyə, yemək hazırlamağa qabiliyyətim var. Əgər hər hansı bir yeməyi yanımda bişirsələr, onun bişirilmə texnologiyasını asanlıqla qavraya və bişirə bilərəm.

- "Səmimi söhbət" rubrikasında etiraf edəcəyiniz, yaxud oxucularımıza deyəcəyiniz nələrsə varmı?

- Sonradan peşmançılıq çəkəcəyim hər hansı bir işim olmayıb. Ona görə də vicdanım çox rahatdır. Oxuculara və hər bir vətəndaşa da cansağlığı arzulayıram.

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2015.- 30 oktyabr.- S.8.