Yaqub: "Ağrılarım özləri bir mövzudur"

Azərbaycanın xalq şairi Zəlimxan Yaqub bu gün 65 yaşını qeyd edir. 65 yaşını hər iki böyrəyini itirərək, xəstə yatağında qarşılayan sənətkar könlümüzü qırmayıb, suallarımızı cavabladı

 Milli.Az xəbər verir ki, atvxəbər.az-a danışan Zəlimxan Yaqub ömrünün 65-ci baharının səhifəsini vərəqlədi:

- Zəlimxan müəllim biz sizi təbrik edirik. Allahdan sizə uzun ömür, can sağlığı arzu edirik. Ömrün bu çağında, bəs siz özünüzə arzu edirsiniz?

- Can sağlığı! Ömürü deyə bilmərəm, Allah yazıb, odur. Can sağ olanda hər şey yaxşı olur, insan rahat olur. Əsas canım sağ olsun, qalan şeylər, düzələn şeylərdir.

- Səhhətiniz necədir?

- Gah yaxşı oluram, gah pis oluram. İndi yaxşıyam, şükür.

- Yoxlamaya getməliydiniz bu yaxınlarda...

- Getdim, gəldim. Bir az düzəlmişəm. Müalicə edirlər, dava-dərmanla yaşayıram.

- Xəstəliyiniz ilham pərinizə təsir etmir ki?

- Qətiyyən! Əksinə. Ağrılarım özləri bir mövzudur. Şair üçün ağrılar da, acılar da, həkim mövzudur. Mənimlə bağlı narahatlığa da dəyər, rahatlığa da! Məni yaşadan kitablarım, nəvələrim, oğlanlarım, qızlarım, onların diqqəti, sevgisidir.

- Sonuncu şeirinizi vaxt yazmısınız?

- 2 gün bundan öncə...

- Oxucular üçün bircə bənd rica etsək, həmin şeirdən deyə bilərsinizmi?

(Sənətkarın şeirini müsahibənin sonundakı videoda dinləyə bilərsiniz-red)

- Müsahibələrinizdə deyirdiniz ki, şair həmişə sevir. Hələ sevgi varmı?

- Həmin sevgidir, həmin məhəbbətdir, həmin ürəkdir, həmin ruhdur, həmin düşüncədir. Bədən insana namərdlik etsə , ruh eləmir. Yaddaş, ruh mənə sadiqdir, onlar mənə xəyanət eləmir.

- Dəyişən nədir?

- Dəyişən yaşdır. Dünən 60, bu gün 65...

- Zəlimxan müəllim, keçən günlərinizi qaytarsaydılar, bu gününüzü qurban verərdinizmi?

- Yox. Çünki mən yaxşı ömür yaşamışam. Yaxşı kişilər, gözəl üzlər, savadlı alimlər, istedadlı insanlar görmüşəm. Yaxşı gün görmüşəm, bütün dünyanı gəzmişəm. Onları heç ilə əvəzləmək olmaz.

- Azərbaycan Respublikası 1-ci, 2-ci çağırış Milli Məclisinin deputatı oldunuz. O kürsü üçün darıxmırsınız ki?

- Darıxmıram. Çünki mən yenə özümü deputat hesab edirəm. Çünki xalqın içindəyəm, insanların arzu-istəklərini yerinə yetirirəm. Sağ olsun, heç kəs sözümü yerə salmır.

- Millət vəkili olmaq  Zəlimxan Yaqub üçün nəyi dəyişdi?

- Dünyagörüşümdə genişlik yarandı. Dünyanı gəzdim. Dünyada böyük şəxsiyyətlərlə görüşdüm. Türk dünyasının dövlət başçıları ilə görüşdüm. Allah rəhmət eləsin Heydər Əliyevə, onun sayəsində bu işləri gördüm.

Həftə içi.- 2015.- 22 yanvar.- S.8.