Şuşadan Bakıya...

 

Yolumu iki ildən çoxdur açılışı olan amma bir dəfə də olsun baş çəkmədiyim Xalça Muzeyindən saldım. O muzey ki, oranı analarımızın əlinin istisi, tariximizin qədimliyi, təbiətimizin gözəlliyi hopmuş xalçalar bəzəyir. Xalça yarandığı məkanın təbiəti, tarixi, insanlarının fantaziyası ilə bağlı bir nəsnədir. Onu doğma edən də elə budur.

 

Bölgələrin özünəməxsusluğunu bir məkanda cəmləşdirən Xalça Muzeyində bu doğmalığı daha çox hiss etmək olur...

Hazırda muzeydə xalq rəssamı Lətif Kərimovun anadan olmasının 110 illiyinə həsr edilmiş “Lətif Kərimov: Xalça sənətinə həsr olunmuş həyat sərgisi” açılıb. Sərgi Azərbaycan Xalça Muzeyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyində saxlanılan L.Kərimovun əsərlərini bir arada birləşdirir.

Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsul deyir ki, “Azərbaycan xalçası” adlı fundamental elmi əsərin müəllifi Lətif Kərimovun anadan olmasının 110 illiyinə həsr edilmiş tədbirlər bu sərgi ilə yekunlaşmayacaq, xalçaçı-rəssama həsr edilmiş beynəlxalq simpozium da keçiriləcək.

Muzeydə təşkil olunan sərgidə isə L.Kərimovun müəllifi olduğu 100-ə qədər xalça eskizləri, onların əsasında toxunan 15 xalça və xalça məmulatları, şəxsi arxivində qorunan fotoşəkillər və sənədlər nümayiş olunur. Muzeyin kolleksiyasında L.Kərimovun müəllifi olduğu 35 xalça və 100-dən çox xalça eskizi saxlanılır. Sonuncu dəfə isə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyindən sərgiyə töhfə olaraq L.Kərimovun 1934-cü ildə toxuduğu “Firdovsi” xalçası, eyni zamanda onun toxuduğu başqa 6 ədəd xalça və 4 ədəd xalça muzeyə bağışlanılıb.

Xatırladaq ki, L.Kərimovun ilk dəfə toxuduğu “Firdovsi” portret xalçası Parisdə keçirilən beynəlxalq sərgidə təqdim olunmaqla xalçaçı-rəssama böyük şöhrət gətiribmiş.

Yanvarın 18-dək davam edəcək sərgidə ziyarətçilər L.Kərimovun eskizləri və o cümlədən şəxsi əşyaları ilə tanış ola bilərlər.

 

Dünyanın ilk xalça muzeyi

 

Muzeyin birinci mərtəbəsində təşkil olunan sərgi ilə tanışlıqdan sonra muzeyin ikinci və üçüncü mərtəbələrinə baş çəkirik. Binanın girişi xalq sənətkarlarının əl işləri və müasir interpretasiyalar bölməsindən ibarətdir. Buradakı məhsullar satılıqdır, istənilən şəxs buradan xalça, zərgərlik məmulatları və digər suvenirlər ala bilər.

Əsas ekspozisiyalar II, III, IV mərtəbələri əhatə edir. Birinci mərtəbədə xalçanın inkişaf texnologiyası və ənənələr, xalçaçılıq sənətinin təkamülü bölmələri yerləşir. İkinci və üçüncü mərtəbədə Azərbaycan xalça sənətinin keçdiyi təkamül yolu, sadə və bəsit növü sayılan həsirdən başlayaraq daha mükəmməl formalara yüksəlmə prosesi bu ekspozisiyanın ana xəttini təşkil edir. Dördüncü mərtəbədəki kino zalında isə xalça sənəti haqqında filmlər nümayiş etdirilir.

Eksponatlarla bizi muzeyin bələdçisi İlahə Məmmədova tanış edir. O bildirir ki, muzeydə 15 minə yaxın eksponat saxlanılır. Onların mühafizəsi həm videokameralar, həm də nəzarətçilər vasitəsilə qorunur: "Azərbaycan Xalça Muzeyi unikallığı seçilir. Bu muzeyin dünyada analoqu yoxdur. Onu fərqli edən isə dünyada bu profildə ilk muzey olmasıdır. Muzey 1967-ci ildən fəaliyyət göstərir. Burada Azərbaycan xalça məktəblərinin nümunələri - Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz naxışları əksini tapıb".

 

"Əjdahalı" xalça muzeyə necə qayıtdı?

 

Muzeyin ən qədim xalçası 17-ci əsrə aid Qarabağ bölgəsinə məxsus “Əjdahalı” xalçadır ki, onu 2013-cü ildə muzeyə amerikalı kolleksiyaçı mərhum Qrover Şiltsin həyat yoldaşı Beverli Şilts hədiyyə edib. Xalçanın yaşı 500 ildən çoxdur.

1539-cu ildə toxunan Şeyx Səfi Xalçasının isə hazırda surəti muzeydə nümayiş olunur. Təəssüflə deyə bilərik ki, xalçanın əsli Böyük Britaniyada Viktoriya və Albert Muzeyində "İran xalçası" adı altında sərgilənir.

Burada Bakı xalçaçılıq məktəbinə aid olan Zili xalçaları var ki, naxışları və elementləri ilə digərlərindən fərqlənir. Bu xalçaların üzərində quş təsvirləri var və qədim inanclara görə, üz-üzə dayanan quşlar xoşbəxt ailə simvolları hesab olunur.

Əjdaha təsvirli xalçalar isə Çin-Uyğur mədəniyyətindən götürülmüş nümunələr sayılır. Muzeydə nümayiş olunan əjdaha təsvirli Vərnilər gələn ziyarətçilərin daha çox diqqətini çəkir.

Muzeydə maraqla qarşılanan əsərlərdən biri də rəssam Tahir Salahovun çəkdiyi portretlər əsasında toxunan xalçalardır. Burada rəssamın "Üzeyir Hacıbəyov", "Dmitriy Şostakoviç", "Eyfel" əsərini xalçada görmək olar.

Muzeydə xalçaçı-rəssam Eldar Mikayılzadənin əsərlərinin də xüsusi çəkisi var. Rəssamın "Yaranış", "Dədə Qorqud" və digər əsərləri fəlsəfiliyi və mürəkkəbliyi ilə ziyarətçilərin diqqətini çəkir.

 

"Eksponat satılmaz"

 

Maraqlıdır, istənilən xalçaçı öz əsərini muzeyə təqdim edə bilərmi?

Sualımızı cavablandıran İlahə Məmmədova deyir ki, Xalça Muzeyin fondunda qiymətləndirildikdən sonra sərgiyə daxil ola bilər. Ölkəyə səfərə gələn rəsmi şəxslərə muzeydə olunan hədiyyəlik xalçalara gəlincə, nəzarətçi onların muzeyin birinci mərtəbəsindəki satılıq məhsullardan olduğunu dedi: "Eksponat satılmaz. Muzeydəki əşyalar hamısı qeydiyyatdadır, satılmasına, hədiyyə olunmasına icazə yoxdur. Hədiyyələr birinci mərtəbədə satış üçün nəzərdə tutulan məhsullardan edilir".

Muzeyin fondundakı xalça və xalça məmulatlarının saxlanılması və konservasiyası isə 2013-cü ildə Bakıya dəvət edilmiş və bu sahədə zəngin təcrübəsi ilə məşhur olan Luis Squirerin tövsiyələri və tərtib etdiyi təlimatlar əsasında aparılır. Qeyd edək ki, o, dünyada məşhur olan Viktoriya və Albert Muzeyinin parçalarının konservasiyası üzrə mütəxəssisdir.

 

Şuşa muzeyinin eksponatları

 

Muzey kompleksində ziyarətçilər 1992-ci ilin mart ayında Şuşanın işğalı ərəfəsində oradan çıxarılan dəyərli eksponatlarla tanış olmaq imkanı əldə edə bilərlər. Burada Qarabağ xalçaları, milli geyimlər, qızıl-zinət əşyaları, tuncdan və gümüşdən hazırlanmış kəmərlər, boyunbağılar nümayiş olur.

Bələdçi İlahə Məmmədova deyir ki, bunlar kiçik əşyalar olduğu üçün işğal zamanı çıxarmaq mümkün olub.

Muzeylə tanışlıq zamanı milli geyimlərdən ibarət kolleksiyaya da rast gəlmək olur. Bu geyimlərin hər birinin üzərində Azərbaycanın milli geyim atributları əksini tapıb. Bunlardan da birincisi baş örpəkləridir. Geyimlərin üzərində olan qızıl-zinət əşyalarına baxmaqla həmin geyim sahiblərinin saray, xanədan mənsubları olduğunu bilmək mümkündür.

Muzeyin 3-cü mərtəbəsində üzü şəhərə açılan istiqamətdə bir hana quraşdırılıb. Burada xalça toxuyan Lətif Kərimov, Eldar Mikayılzadə, Məmmədhüseyn Hüseynov kimi xalçaçı rəssamlarla birgə çalışan xalçaçı Rəna Süleymanovadır. 1981-ci ildən 2011-ci ilə qədər “Azərxalça” istehsalat birliyində çalışmış Rəna xanım ölkənin məşhur xalçaçı rəssamlarının eskizlərini ilmələrə çevirərək indi sayını itirdiyi sayda xalçalar toxuyub. O deyir ki, xalçaçılıq sirləri tükənməyən sənətdir, naxışların sirlərini öyrənə-öyrənə zamanla həvəsi peşəkarlığa çevirirsən.

Rəna xanımın bu hanada bir gün yarıma toxuduğu kiçik xalçalar suvenir kimi satılır və ya hədiyyə olunur.

 

Ayda bir dəfə muzeyə pulsuz giriş

 

Qeyd edək ki, tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Muzey üçün xüsusi bina tikilməsinə isə 2008-ci ildə başlanılıb. Müəllifi tanınmış avstriyalı memar Frans Yants olan orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Muzeyin binasının ümumi sahəsi 18 min 446 kvadratmetrdir. Muzey binasında Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim edilir.

Bu günümüzə qədər gəlib çatan tarixi isə hər kəsin görməyi elə də çətin deyil. Muzeyin qapısı hər kəsin üzünə açıqdır. Bura giriş ödənişlidir. Biletin qiyməti 7 manat, tələbələr üçün 3 manatdır. Hər ayın sonuncu şənbə günü isə “Açıq qapı” günü keçirilir və həmin gün muzeyə giriş pulsuz olur.

 

Naibə Qurbanova

 

Həftə içi.- 2016.- 2 dekabr.- S.4.