Rus ədəbiyyatının böyük

klassiki Nekrasov

 

10 dekabr - rus xalqının qüdrətli şairi, dramaturqu, jurnalisti, tənqidçisi və mübariz ictimai xadimi N.A.Nekrasovun anadan olmasının 195 illiyi münasibəti ilə...

 

Biz rusların öz siyasi və dövlət əhəmiyyətimizə şübhə ilə yanaşmağa haqqımız yoxdur: bütün slavyan qəbilələri içərisində yalnız biz möhkəm və qüdrətli dövlət halında birləşmişik və istər Böyük Pyotradək, istərsə ondan sonra bu son dəqiqəyədək taleyin bir çox sərt sınaqlarından şərəflə çıxmışıq; biz dəfələrlə az qalmışıq məhv olaq və həmişə bu fəlakətdən özümüzü xilas etməyə imkan tapmış, sonra yeni qüvvətlə meydana çıxaraq daha qüdrətli, daha möhkəm olmuşuq. Daxilən inkişaf etməyən bir xalqda bu möhkəmlik, bu qüvvət ola bilməz. Bəli, bizdə milli həyat var, biz ona görə yaranmışıq ki, dünyaya öz sözümüzü, öz fikrimizi deyək; lakin bu hansı sözdür, hansı fikirdir - bunun qayğısını çəkməyimiz hələlik tezdir. Bizim nəvələrimiz, yaxud nəticələrimiz bunu heç bir səy göstərmədən, gərgin düşünüb axtarmadan biləcəklər, çünki bu sözü, bu fikri onlar deyəcəklər...İndiyədək biz Avropa mədəniyyətinə yalnız buna görə heyran olurduq ki, o, Asiya mədəniyyəti deyildi - bundan əl çəkməyin vaxtıdır. Avropa mədəniyyətini yalnız buna görə sevmək, yalnız buna görə ona ehtiram göstərnək, ona can atmaq lazımdır ki, o, bəşəridir və buna əsasən bəşəri olmayan bütün Asiya şeylərini necə qətiyyətlə rədd ediriksə, bəşəri olmayan bütün Avropa şeylərini də eyni qətiyyətlə rədd etməliyik...Rusiyanı 1940-cı ildə görə biləcək nəvələrimizə və nəticələrimizə qibtə edirik- o zaman Rusiya mədəni dünyanın başında duracaq, elmin də, sənətində qanunlarını verəcək, bütün mədəni bəşəriyyətin dərin hörmətini qazanmış olacaqdır".

 

Vissarion Qriqoryeviç Belinski,

görkəmli rus ədəbi tənqidçisi

 

Puşkin yoxdursa, Lermontov da öldüsə, Nekrasov var. Deməli, rus

poeziyasının bayrağı azad surətdə göylərdə dalğalanmaqdadır".

 

Fyodor Mixayloviç Dostoyevski

tanınmış rus yazıçısı

 

Böyük rus şairi Nikolay Alekseyeviç Nekrasovun anadan olmasının 195 illiyi yaxınlaşır. Çar Rusiyası dövründə həmvətənlərinin ağır güzəranını, təhkimçi kəndlilərin dözülməz vəziyyətini ürək ağrısı ilə müşahidə edən, yüksək vətəndaşlıq duyğusu ilə qələmə alan N.A.Nekrasovun ədəbi irsi klassik rus poeziyasının ən qiymətli səhifələrindəndir. O, rus ədəbiyyatına inqilabçı - demokratik poeziyanın ən gözəl nümayəndəsi kimi daxil olmuşdur. XIX əsrin böyük bir dövrünü yaradıcılığında əks etdirən Nekrasov, öz əsərləri ilə təkcə yaşadığı əsr haqda oxucuların təəssüratını genişləndirməklə qalmır, onun əsərlərindən insanlar vətəni, öz xalqını sevməyi öyrənir, ictimai fəallığını artırır. Nekrasov poeziyasının tərbiyəvi əhəmiyyəti də bundadır. Şairin demokratizmi onun vətənpərvərliyindən, öz vətənini azad, məğrur və xoşbəxt görmək arzusundan irəli gəlirdi. Vətən sevgisinin mahiyyəti haqqında şair yazırdı ki, vətəni sevmək, hər şeydən əvvəl ona ürəkdən, ehtiraslı və səmərəli bir şəkildə xoş güzəran, maarif diləməkdir, bütün ləyaqətini və hətta həyatını ona qurban verməkdir; ondakı bütün yaxşı şeyləri ürəkdən sevmək və kamilliyə gedən yolda ona mane olan hər şeyə qarşı nifrətdir:

 

Sənətə xidmət et, vətəndaş ol sən!

Çalış insanlığa bir sirdaş ol sən.

Ucalt məhəbbətin qadir adını,

Ona tabe elə istedadını.

İlhamın, qüdrətin çoxdursa əgər,

Heç zaman sən onu vermə büruzə.

Çünki əməyində saçıb şəfəqlər,

O, öz - özünə çıxacaq üzə.

 

Nekrasovun böyüklü - kiçikli hər bir əsərini oxuyanda ilk dəfə diqqəti cəlb edən onun doğma xalqına, doğma rus torpağına olan tükənməz məhəbbətidir. Bu saf məhəbbət onun poetik fikirlərinin mayası, əsərlərinin cövhəridir. O, yalnız sevməklə, vətəninin ecazkar təbiətinin füsunkar mənzərələrinə heyran olmaqla kifayətlənmir; ana yurdunun hər dərdi, hər əzabı şairin həssas qəlbində əks-səda verib, güclü etiraz və üsyan səsinə çevrilir. Nekrasovun fikrincə, əsl poeziya həmişə həyatla bağlı olmalıdır. Vaxtilə məşhur dekabrist, şair və ictimai xadim olan Kondrati Fyodoroviç Rıleyevin irəli sürdüyü "Mən şair deyiləm, amma vətəndaşam" fikrini Nekrasov bir qədər də inkişaf etdirmişdi. Şair qəti bir fikir irəli sürürdü ki, özünü vətəndaş zənn edən bir kəs, vətənin dərdinə biganə qala bilməz. O, şairdə hər şeydən əvvəl vətəndaşlıq hissinin olmasını vacib bilirdi:

 

Sən şair olmaya bilərsən, inan,

Vətəndaş olmağa lakin borclusan.

Axı vətəndaşlıq nə deməkdir, nə?

Layiqli oğuldur o vətəninə.

 

İnqilabçı şair Nekrasov bu fikirdə idi ki, poeziya xalqın azadlığı işinə xidmət etməlidir. Ona görə də şair göstərirdi ki, doğma anasını müsibət içində görən oğul, sakit tamaşa edib kənarda qala bilməz. Vətənin namusu, şərəfi üçün, etiqad və məhəbbət uğrunda odun içinə girmək də azdır. Belə bir iş üstündə həlak olan oğul mənasız ölmür, al qanı boş yerə tökülmür. Şairin fikrincə, vətəninin övladı olan belə namuslu vətəndaşlar vətənə çox lazımdır. On görə də Nekrasovun bu sətirləri döyüş şüarına çevrilib ölkənin hər yerində inqilabçılar tərəfindən əzbərdən təkrar olunurdu.Şair - vətəndaşın odlu sətirləri Rusiyanın qabaqcıl adamlarında ümid yaratmaqla bərabər, istismarçılar aləminə nifrət hisslərini də gücləndirirdi.

Nekrasovun böyüklüyü bir də onda idi ki, o, Lermontovun ölümündən sonra rus poeziyasında yaranan durğunluğu hiss etmişdi. O, duymuşdu ki, poeziya ədəbiyyatın başqa janrlarına nisbətən həyatın tələblərindən geri qalır. Nekrasov bunlara son qoydu, rus şeirinin şərəfini bərpa etdi, ona yeni məna və məzmun gətirdi, dövrün tələblərinə cavab verə biləcək mübariz bir poeziya səviyyəsinə qaldırdı. Rus ədəbiyyatında rus kəndlisi birinci dəfə olaraq Nekrasov poeziyasında özünün yüksək mövqeyini tutdu, özünün bütün qüdrətini, eyni zamanda zəif cəhətlərini də ilk dəfə Nekrasov poeziyasında aydın gördü, birinci dəfə olaraq öz düşmənlərinin kimlərdən ibarət olduğunu, onların bütün çirkin, vəhşi sifətlərini və niyyətləini Nekrasov poeziyasından öyrəndi.

Lakin Nekrasov xalqının halına acı göz yaşları tökməmiş, əksinə, ən qəzəbli misraları ilə elin-obanın düşmənlərini damğalamışdı. Əslində böyük sənətkarların hamısının yaradıcılığında bu iki duyğu-məhəbbət və nifrət hissləri həmişə qoşa olmuşdur. Həqiqi sənətkarlar vətəni səmimi məhəbbətlə sevdikləri kimi, ona dərd verənlərə, bəla gətirənlərə qarşı da amansız, barışmaz olmuşlar. Ona görə də belə ədiblərin əsərlərində lirika ilə satira əksər hallarda bərabər addımlamışlar. "Portretlər" adlı şeirində Nekrasov öz dövrünün bir çox məşhur adamlarının, rütbə və mənsəb sahiblərinin real və inandırıcı satirik portretlərini yaratmışdır.

Ədalətsiz məhkəmə hakimlərini, ədabaz şair, aktyor və musiqiçiləri, bivec ziyalıları, xəyanətkarlıqla iş başına keçən çinovnikləri amansız tənqid atəşinə tutan şair, əsərin bir hissəsində yazır:

 

Günahı böyükdür məhkəmələrin,

Hakimlər kor olmuş uşaq kimidir.

Həlli beş yüz illik vaxt tələb edən

İşi bir ləhzədə onlar həll edir.

 

Odlu, qəzəbli misralar şairin qələmindən birdən - birə kağıza köçürülmürdü. Şairin sətirləri onun yaralı qəlbinin fəryadı, yanıqlı ruhunun üsyanı idi. Çünki o, hər şeydən əvvəl Rusiyanın, əzəmətli və cəfakeş, "miskin və məğrur" bir torpağın əsl övladı, əsl vətəndaşı idi. Nekrasov öz şeirini "intiqam və kədər pərisi" adlandırırdı. Çünki onun ilham pərisi xalqın əzab və göz yaşlarını tərənnüm etməklə bərabər, insanları əsarətə qarşı intiqama çağırır, o, amansız bir mübarizə başlanacağına and içirdi. Qabaqcıl rus inqilabçı - demokratları - Belinski, Çernışevski və Dobrolyubovun ən yaxın dostu və silahdaşı olan Nekrasov, "sənət sənət üçündür" nəzəriyyəsinə tamamilə qarşı çıxaraq,vətəndaş şeirinin, xalq şeirinin bayrağını yüksəklərə qaldırmışdı.

Nekrasovu təkcə qabaqcıl rus ziyalıları deyil, bütün xalq sevirdi. Dobrolyubov şairin yeni nəsli gələcək azad Rusiyanın yolunda can qurban verməyə çağıran "Yeremuşka haqqında mahnı" adlı əsərini oxuduqdan sonra dostlarının birinə yazmışdı: "Bu şeiri sev, əzbərlə və unutma. Didaktikdir, lakin bizim gənc nəslin ürəyindən xəbər verir. Aman Allah, əgər senzuranın təzyiqi olmasaydı, Nekrasov nə qədər gözəl şeirlər yaza bilərdi!..". Dobrolyubov Nekrasovu "Sevimli rus şairi, bizim şeirimizdə xeyirxahlığın ilk nümayəndəsi, həyat və qüvvət ifadə edən yeganə talant" adlandırmışdı.

Dostları Nekrasovun qüdrətli ilhamına qanad verir, yaradıcılıq üfüqlərini genişləndirirdi. Şair bu məsləkdaşlarının parlaq zəkalarının, xalq azadlığı üçün yanan ürəklərinin, müqəddəs amallarının, cəsarət və fədakarlıqlarının pərəstişkarı idi. Birlikdə keçən anları şair ömrü boyu unutmurdu. Bu dostluğu yalnız taleyin acı sınaqları sarsıda bilərdi. Nə etmək olardı Tanrı qarşısında? Nekrasov dostu Dobrolyubovu itirdikdən sonra ürək ağrısı ilə yazırdı:

 

Gənclik illərində sən ehtirası

Ağla tabe etdin, sən o vaxt sərtdin.

Azadlıq, şərəfçin necə yaşayıb,

Necə ölməyi də bizə öyrətdin.

 

Ömrün hər zövqünü, hər səfasını,

Rədd edib, qorudun o pak eşqi sən.

Çəkdin yer üzünün hər cəfasını,

Öz ürək yanğını heç söndürmədən.

Əmək, arzu, ümid - nə verdin, aldı

Yari - mehriban tək sevdiyin vətən.

 

...İllər ötdü - getdi, soyudu qəm də,

Sən bizdən yüksəyə qalxdın anbaan...

Ağla, Rus torpağı! Fəxr elə həm də,

Bu göylər altından qərar tutandan,

Sən hələ nə belə oğul doğubsan.

 

Nə çəkə bilibsən qoynuna geri;

Yığıbmış qəlbinə bu xoşbəxt insan

Mənəvi gözəllik xəzinələri.

Ey ana təbiət! Göndərməsəydin

Belə insanları dünyaya hərdən

Viranə qalardı həyat zəmisi...

 

N. A .Nekrasov 1821-ci il dekabrın 10-da varlı mülkədar ailəsində anadan olub. O, üç yaşında ikən atası Aleksey Sergeyeviç xidmət etdiyi Ukraynanın Kamenes - Podolsk quberniyasında mayor rütbəsində istefaya çıxıb, ata - baba mülkünün yerləşdiyi Yaroslavsk quberniyasının Qreşnyov kəndinə köçür. Nekrasovun uşaqlıq illəri burada, Volqa çayının sahilində, təbiətin qoynunda keçir. Həssas, yaraşıqlı, mavigözlü, zəngin mənəviyyatlı qadın olan anası Yelena Andreyevna mütaliəni çox sevir, fransız və polyakca kitablar oxuyur, musiqi ilə maraqlanır, pianoda ifa edir, məlahətli səslə oxuyardı. Lakin Aleksey Sergeyeviç belə bir mənəvi sərvəti anlaya biləcək dərəcədə kamil adam deyildi. Bu səbəbdən gözəl Yelena özünü bir gün belə xoşbəxt hiss etməz, ürəyi açılmaz, üzü gülməzdi. Hətta bir dəfə əri balaca Nikolayın yanında məşuqəsi olan yad bir qadını Yelenanın otağına gətirmiş, həmin qadına ifrat dərəcədə qulluq etməyi arvadından tələb etmişdi. Yelena bu haqsız tələbdən imtina etdiyi üçün qəddar əri tərəfindən döyülmüş, acı göz yaşları, hıçqırıqlar içində boğula - boğula oğlunun qolundan tutub otaqdan çıxmışdı. O gündən balaca Nikolayın şair qəlbi gizli də olsa, atadan küsmüş, ömürlük əzablara düçar olan tənha, kimsəsiz qadına - anasına sığınmışdı.Yelenanın yeganə təsəllisi uşağının ona qəlbən bağlanması, hər addımda sevimli anasına havadar çıxması idi. Odur ki, Yelena ailə həyatının ən böhranlı günlərində dərdini dağıtmaq üçün uşağının əlindən tutub tez - tez bağçaya çıxar, oğlunu bağrına basaraq, oxşar, ağlayardı. Beləliklə, sevimli ananın qəmli həyatı və atanın zalım rəftarı balaca Nekrasovun şüurunu həyat və insan taleyi haqqında düşündürən ilk səbəb, ilk dərd olmuşdu. Odur ki, Nekrasov bu dərdli ananı, onunla birlikdə sevimli bacıları Anna və Yelizavetanı ömrünün son günlərinə qədər belə unuda bilməmiş, "Vətən", "Ana", "Laylay", "Rus qadınları", "Bir saatlıq cəngavər" və s. kimi bir çox əsərlərində bu gözəl insanları xatırlamış, onların qəmlərindən bəhs etmişdi. Bu da təsadüfi deyildi ki, Nekrasov 7 yaşında ikən yazdığı "Sevimli anacan...qəbul ediniz..." misrası ilə başlanan şeirini anasına - Yelena Andreyevnaya həsr etmişdi.

 

(ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə

Publisist-politoloq

 

Həftə içi.- 2016.- 7 dekabr.- S.4.