Rus ədəbiyyatının böyük

klassiki - Nekrasov

 

10 dekabr - rus xalqının qüdrətli şairi, dramaturqu, jurnalisti, tənqidçisi və mübariz ictimai xadimi N.A.Nekrasovun anadan olmasının 195 illiyi münasibətilə...

 

(Əvvəli ötən saylarımızda)

 

Şairin mövqeyi təbiiki senzuranın xoşuna gələ bilməzdi. Hökumət tərəfindən mətbuat işləri idarəsinə verilən bir tapşırıqda deyilirdi: "Nekrasovun hökumət üçün nə qədər qorxulu olduğuna hələ də göz yumanlar var. Bu məsuliyyət birinci növbədə senzura komitəsinin və dövlət - mühafizə idarələrinin öhdəsinə düşür". Buna baxmayaraq, şair - jurnalist öz jurnalının nüfuzunu ömrünün sonuna qədər qoruyub saxlaya bildi.

Nekrasov 20 il "Sovremennik"in, 10 il "Oteçestvennıye zapiski"nin redaktorunaşiri olmuşdur. 30 il ərzində rus cəmiyyəti və rus xalqı Nekrasovdan almanaxlardan başqa 350 nömrə jurnal almışdı ki, bu nömrələr orta hesabla 18 milyon nəfər tərəfindən oxunmuşdu. "Nekrasov ideal bir redaktor - naşir idi", "Nekrasovdan yaxşı bir redaktor tanımıram", "Rus jurnalistikasının taleyi Nekrasova çox borcludur"-bu fikirləri onun müasirləri olan M. A. Antonoviç, P. Kovalevski, A.S.Suvorin söyləmişdi.

Nekrasov əsərlərinin çoxunu canlı həyat müşahidələrinə əsaslanıb yaradırıdı. Şair özü də: "Hər yazıçının özünəməxsusluğu var. Mənimki reallıqdır"- demişdi. Nekrasov yaradıcılığının böyük məziyyətlərindən biribudur ki, onun rus həyatında görüb duyduğu reallıq birtərəfli, zahiri reallıq deyildi.Şair mənsub olduğu xalqın ürəyində, daxilində, mənviyyatında olan reallığı, real şüuru da kəşf etmişdi.Bu real şüurda isə xalqın qüdrəti, əzəməti qorunurdu. Müdrik şair ürəyi bu qüdrəti duyduğuna görədir ki, Nekrasov rus xalqının xoşbəxt gələcəyinə dərin inam bəsləyir və bu inamın tərənnümü onun yaradıcılığında xüsusi yer tuturdu. Rus xalqına, rus kəndlilərinə və bütün zəhmətkeş insanlara məhəbbət, Rusiyanın böyük və işıqlı gələcəyinə inam onun poeziyasının əsas mövzusu idi.

Nekrasov 13 bacı - qardaş olan çoxuşaqlı ailədə dünyaya gəlmişdi. Bundan da irəli gələ bilərdi ki, onun uşaqlıq aləminə daha həssas, uşaqların taleyinə, sabahına daha diqqətcil münasibəti vardı. Şairin 1860-cı ildə yazdığı "Uşaqların fəryadı" şeirini həyəcansız oxumaq mümkün deyil. Nekrasov bu şeirdə o vaxtlar kəndlədən gətirilib zavodlarda, zirzəmilərdə hərlənən ağır çarxların gurultusu içində huşlarını itirincəyə qədər işlədilən uşaqların ürəkparçalayan fəryadını çox təsirli şəkildə təqdim etmişdir. Uşaqlıq sevincindən məhrum olan bu körpələr şəhərlərin başgicəllədən boğucu mühitindən, əzablı və ağır əmək şəraitindən doğma kəndə, sakit çöllərə qaçmaq, həsrət qaldıqları analarının qucağına baş qoyub ağlamaq, təsəlli tapmaq istəyirlər. Lakin kəndə getməyə də ayaqları gəlmir, çünki onları orada da əzabdan, dərddən başqa heçnə gözləmir. Onlar öz həssas uşaq qəlbləri ilə başa düşürlər ki, ana qoynuna baş qoyub ağlamaq özü də yolverilməzdir.Çünki onların bu göz yaşları bədbəxt anaların ürəyini parçalaya bilərdi:

Həyat döyüşündə məhv olanların

Eşitməsəniz də hər lənətini,

Eşidin, qardaşlar, barı ağlaşan

Bədbəxt uşaqların şikayətini:

...Hər gün fabriklərdə ağır çarxları

Hərləyir, hərləyir, hərləyirik biz!

...Dayan, ey amansız hərləniş, dayan,

Zəif huşumuzu qoy bir toplayaq!-

Ağlamaq, yalvarmaq verməyir fayda.

bir rəhmə gəlir, eşidir çarx.

...Bizi buraxsalar indi bir düzə-

Yıxılıb yatardıq otlar üstündə .

Tezcə bir ola, biz evə dönək!..

Lakin yox, orada gedirik nahaq...

Ehtiyac orda da qoymaz dincələk,

Dərd bizi orda da qarşılayacaq!

Yıxılsaq hərlənən bu başımızla

Solğun anamızın köksünə səssiz,

Hönkürsək, ağlasaq göz yaşımızla

Onun ürəyini parçalarıq biz!..

Nekrasov kənddən ayrıldıqdan sonra da kəndliləri tərk etməmişdi. Şairin arxivində bir çox kəndli dostlarına yazdığı məktublar onlardan aldığı cavablar mühafizə olunmaqdadır. Bu məktublardan biri Nekrasovun ovçu dostu Qavrila Yakovleviç Zaxarovdandır. Nekrasov həmişə kəndə ova çıxanda, Qavrilanı özü ilə aparar onun oxuduğu xalq mahnılarını dinləməyi sevərdi. Bu mahnılardan biri "Korobuşka" adlı mahnı idi. Nekrasov Qavriladan eşitdiyi bu mahnıdan ilham alaraq gözəl şeirlərindən biri olan "Korobeyniki", yəni "Çərçilər" adlı şeirini yazmışdı.Yazı- pozu bilməyən Qavrila şairə göndərdiyi məktubunda sadə sözlərlə öz sevimli dostunu pasxa bayramı münasibəti ilə təbrik edir "Mənim gözəl laçınım" sözləri ilə başlayan məktubda tez - tez şairi yuxuda gördüyündən onun üçün çox darıxdığından bəhs edirdi. Qavrila məktubu zabit Kuzma Rezviyakova yazdırdığını da əlavə qeyd edirdi.

Bir dəfə yenə kəndə gedəndə Nekrasov Orina adlı bədbəxt bir kəndli qadına rast gəlir. Orina saldat anası idi. O, 8 il olardı ki, saldatlığa aparılmış yeganə oğlunu bir dəfə olsun, görməmişdi. Bir gün onun gözünün ağı - qarası olan oğluna polkda cəza verir, döyür evə yola salırlar. Oğul güclə özünü anasına çatdırır, evə gələndən 10 gün sonra ölür... Bədbəxt ana ilə bu görüşdən sonra Nekrasov özünün "Saldat anası Orina" adlı məşhur əsərini yazır.

Ana mövzusu Nekrasovun yaradıcılığını zinətləndirən qiymətli sərvətdir. Belə ki, şairin yaradıcılığı ilə hərtərəfli tanış olduqca, onun anaya həsr etdiyi xeyli şeirlərinə rast gəldim. Şeirləri həyəcansız oxumaq mümkün deyil. Birini təqdim edirəm:

Ana eşqi ülviləşir zaman-zaman,

O, ilahi bir sevgidir bu dünyada.

Yurdumuzda anasını haraylayan

Gözüyaşlı körpələri salın yada...

Ana eşqi çırağıdır hər övladın,

Qəlbimizlə, ruhumuzla o görüşür.

Dilimizdən düşmür ata, bacı, qadın,

Ağır gündə bircə Ana yada düşür.

Ana Rusiyanın böyüklüyü, rus adamının əyilməz mənliyi, polad iradəsi, geniş saf qəlbi, dərin məhəbbəti, işıqlı zəkası Nekrasovun "Beşik nəğməsi", "Sirr", "Bostançı", "Üç atlı", "Unudulmuş uzaq bir diyarda", İt ovu", "Əxlaqlı adam", "Vətən", "Vətən yaxşıdır", "Elegiya", "Dua", "Səpinçilər", "Dəmir yolu", "Kənd uşaqları", "Belinskinin xatirəsi", "Biçilməmiş zəmi" s. kimi çoxsaylı əsərlərini cilalandıran, onun milli qürurunu qidalandıran əsl ilham mənbəyi olmuşdur. "Rus qadınları" da həmçinin. Beləki o,1872-ci ildə dekabrist Volkonskinin oğlunda onun anası Mariya Volkonskayanın əri digər dekabristlər haqqında xatirələrin olduğundan xəbər tutur. Şair dərhal dekabristin oğlu ilə görüşür xeyli məlumat əldə edir. Yada salmaq istərdim ki, 1826 - ildə dekabristlərin əsas bir hissəsini Sibirə sürgün etdilər. Onların fədakar, etibarlı qadınları, qəhrəman rus qızları - Muravyova, Trubetskaya, Annenkova, Pozen, Yuşnevskaya, Volkonskaya başqaları ərləri ilə bərabər, Sibirə getməyi qərara aldılar. Çar Nikolay bu hadisənin xalqa ağır təsir edəcəyini bilib, onlara mane olmaq əmrini verdi. Lakin cəsur qadınlar hər cür əzab - əziyyətlərə dözərək, fikrindən dönmədilər...

N. A. Nekrasovun məşhur "Rus qadınları" poeması bu mövzuya həsr olunub. Əsər sözün əsl mənasında xalqın mənəvi qüdrəti, azadlıq eşqi qəhrəmanlığı haqqında əbədi yaşayan bir dastandır. Qeyd etdiyim kimi, çar mütləqiyyəti tərəfindən sürgünə, dözülməz katorqaya göndərilmiş cəsur dekabristlərin - inqilabçı zabitlərin arvadları heç bir çətinliyə, hədə - qorxuya baxmayaraq, isti rahat dvoryan ocaqlarını qətiyyətlə tərk edib, uzaq Sibirə, qandallı ərlərinin yanına gedirlər. Onların hünəri, mərdliyi mətanəti şairə ilham verir:

...Məzara qoyulum mən diri-diri-

Ərimin gözləri yolda qalınca.

Qohum tənələri, yad tənələri...

Tənəsiz gedirəm onun dalınca.

 

...Nahaq qaraladı böhtanlar onu,

O ki, təmiz idi qarlı dağ kimi.

Dustaq geyimində olsa da yenə

Mən onu sevirəm bir Allah kimi.

 

...Bir qədər ağladıq. Mənim qərarım

Onu sevindirdi, kövrəltdi yaman:

"Özünü ələ al! Bir şənlən barı,

Yox, mənim əzizim, çox sınıxmısan!

Ah, bu üstümüzdən qara buludu

Biz necə dağıdaq! Necə ayrılaq?.."

 

У...Gedin! Vaxtdır daha! Qovarlar yoxsa.

Nəçənniklər yaman üzüboz olur".

Sanki cəhənnəmə atırlar məni,

Cənnətim, balalar, belə sovulur.

Söydü rus dilində bir zabit məni.

Qışqırıb, hirslənib, dönmüşdü oda,

Sergey yuxarıdan frank dilində :

УMaşa, görüşərik dustaqxanada!..".

Onların bir neçə nəfəri Sibirdə məhv olur.Qalanları isə uzun illərdən sonra saçları ağarmış belləri bükülmüş halda geri dönürlər. Sibirdən geri dönən fədakar rus qadınlarından biri Mariya Volkonskaya idi... Böyük nasir dramaturqumuz Cəlil Məmmədquluzadə 1908-ci ildə "Molla Nəsrəddin" jurnalında nəşr etdirdiyi "Filosoflar" əsərində qadın, ana hüququnu müdafiə edib, azadlıq uğrunda mübarizədə qadınların da böyük sarsılmaz qüvvəyə malik olduğunu qeyd edərkən Nekrasovun "Rus qadınları" poemasındakı Volkonsaya Trubetskaya obrazlarını, onların fədakarlığını, cəsurluğunu sədaqətini misal göstərmiş poemanın qayəsini izah edərək yazmışdır: "Volkonskaya, yainki Trubetskaya öz ərlərinə vəfalı olublar ərlərini hökumət katorqa tənbehi üçün Sibirə göndrəndə, bunların övrətləri müsibətlərlə Sibirə gedib bədbəxtliklərlə Sibir həbsxanasında ərləri ilə bərabər ömürlərini başa veriblər halbuki hər ikisi dövlətli kişinin qızı ola - ola eləyə bilərdilər ki, ərlərindən boşanıb, bir özgəsinə ərə getsinlər...".

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

publisist-politoloq

 

Həftə içi.- 2016.- 9 dekabr.- S.4.