Ceyranların mühafizəsi

istiqamətində ciddi işlər görülür

 

Ölkədə Azərbaycanda qanunsuz ceyran ovu ilə məşğul olan şəxslər tutulub. Şirvan Milli Parkının əməkdaşları - Şəkərli kənd sakinləri Səyyar Nəcəfovun, İntiqam Ağasıyevin və İslam Rzayevin həyətyanı sahələrinə baxış zamanı 10 ədəd ceyran dərisi, 5 ceyran kəlləsi, 1 baş diri ceyran balası və 1 ədəd "TOZ-16" markalı tüfəng aşkar edilərək götürülüb. Hər 3 şəxs tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.

 

Mühafizə yegeri Səyyar Nəcəfov tərəfindən bir baş ceyran fərdinin tutularaq həyətyanı sahəsində gizlədilməsi faktı barədə şübhələr yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyir ki, həmin şəxsin əhatə dairəsinin müəyyənləşdirilməsi, tutulan ceyranın satılmasının qarşısını almaq və kömək məqsədi ilə dərhal Milli Park tərəfindən Salyan rayon Polis Şöbəsinə məlumat verilib. Verilmiş məlumat əsasında dekabrın 24-də Salyan rayon Polis Şöbəsi əməkdaşları Şirvan Milli Parkının işçiləri ilə birgə əməliyyat tədbirləri həyata keçirib. Şərti alıcının cəlb edilməsi ilə keçirilən əməliyyat nəticəsində Şirvan Milli Parkının mühafizə yegeri Nəcəfov Səyyar Vəlixan oğlunun və gözətçi Ağasıyev İntiqam İsmayıl oğlunun həyətyanı sahələrindən bir baş diri ceyran, müxtəlif vaxtlarda ovlanmış və aşılanmış bir neçə ədəd ceyran dərisi və buynuzu aşkar olunub. İlkin araşdırmalar zamanı bu cinayətin törədilməsində Parkın digər əməkdaşı – gözətçi Rzayev İslam İrza oğlunun da iştirakı üzə çıxarılıb və bununla bağlı maddi sübutlar götürülüb.

Baş vermiş hadisənin nəzarətə götürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilib. Hazırda Salyan Rayon Polis Şöbəsi tərəfindən istintaq işləri, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidməti araşdırmalar aparılır.

İ. İbrahimova bildirib ki, Şirvan Milli Parkının ərazisində noyabr ayında “Ceyranların tarixi areallarına reintroduksiyası” layihəsi çərçivəsində növbəti dəfə ceyran fərdlərinin tutulması işi həyata keçirilərkən ərazidən ceyranların qanunsuz tutularaq oğurlanması barədə şübhələr yaranıb və Milli park tərəfindən bu istiqamətdə müvafiq araşdırmalara başlanılıb:

Bir fakt da təəssüflə qeyd olunmalıdır ki, mühafizə yegerlərinin milli parklara işə götürülməsi zamanı ilk növbədə yaxın ərazidə yaşamaları nəzərə alınır və bu səbəbdən də onların tam olaraq ciddi yoxlanılması həyata keçirilmir. Bu da belə xoşagəlməz nəticələrə səbəb olur”.

Qeyd edək ki, ölkə ərazisindəki bütün qoruqlara Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən təyin olunan direktorlar başçılıq edir. Direktor qoruqda təkbaşınalıq prinsipi əsasında rəhbərlik edirqoruğun bütün fəaliyyəti üçün məsuliyyət daşıyır. Buna uyğun olaraq qoruq direktoru qoruğun işinə ümumi rəhbərliyi həyata keçirirqoruğun fəaliyyətində qanuna və dövlət intizamına riayət olunmasını təmin edir.

Ceyranlarına mühafizəsinə gəlincə, ETSN-dən “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində ceyran populyasiyasının formalaşması müsbət nəticələr verməkdədir. Nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər sırasında ceyran növünün tarixən məskunlaşdıqları ərazilərə köçürülməsi layihəsinin icrası davam etdirilir. 2010-cu ildən icrasına başlanılan layihə ETSN tərəfindən Heydər Əliyev Fondu, İDEA Kampaniyası və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində artıq 2010-2014-cü illər ərzində 150 baş ceyran tarixən məskunlaşdıqları ərazilərə buraxılıb. Belə ki, Qobustan-Cəngiçay, Acınohur düzü, Ağgöl Milli Parkı, Korçay Dövlət Təbiət Qoruğu və Gürcüstanın Azərbaycanla sərhəd ərazilərində ceyranların yerləşdirilməsi tədbirləri həyata keçirilmiş, onlardan bir neçə erkək fərdin boynuna siqnalötürücü xaltalar bağlanılmış və peyk vasitəsilə izlənilir.

Aparılan müşahidələr göstərir ki, Gürcüstana buraxılmış ceyranların bir hissəsi isə atrıq ölkəmizin Gürcüstanla sərhəddində yerləşən Ceyrançöl adlanan ərazisinə doğru miqrasiya edib. Bu məlumatlar da siqnalötürücü xalta daşıyan ceyran fərdlərindən gələn siqnallardan alınıb.

Araşdırmaların nəticələrinə görə, sözügedən ərazilərdə məskunlaşma prosesi keçən ceyranların erkək fərdləri mütəmadi olaraq yaşayış üçün uyğun hesab etdikləri areallara miqrasiya edir, özləri ilə dişi ceyran sürülərinin də həmin ərazilərə miqrasiyasına şərait yaradır.

Hazırda içərisində boynuna siqnalötürücü xalta bağlanmış ceyran fərdləri olan 5 sürünün hər birindən (Korçayda 1sürü, Acınohurda 2 sürü, Gürcüstanda 2 sürü) siqnallar alınır və tarixi ərazilərinə qaytarılmış bütün ceyran sürülərində təbii artım müşahidə olunur. Bu tədbirlərin ölkə ərazisində və bütünlüklə regionda davamlı ceyran populyasiyasının formalaşmasına və artımına təkan verdiyi bildirilir.

Azərbaycanda ceyranların 20-ci əsrin ikinci yarısından başlayaraq nəslinin kəsilməsi təhlükəsi yaransa da, son illərdə həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onların sayında nəzərə çarpacaq artım qeydə alınıb. 1960-cı ildə ölkədə cəmi 131 baş ceyran qeydə alınıb, hazırda isə onların sayı 7 mini keçib. Eyni zamanda, ceyranların sayının nəzərəçarpacaq dərəcədə artması onların bütün tarixi arealını bərpa etmək imkanı yaradıb.

Amma ceyranların sayının artması onların ovlanması üçün heç bir əsas vermir. Yəni ceyranın ovlanması istər mühafizə olunan ərazilərdə (qoruqlarda, Milli Parklarda), istərsə də ümumi statuslu ərazilərdə cinayət sayılır və heç bir şərtlə onların ovlanmasına icazə, lisenziya verilmir. Nazirlikdən bildirirlər ki, əgər gələcəkdə ceyranlarla bağlı bütün layihələr uğurla başa çatarsa və onların sayı ərazilərin qidalandırma imkanlarını aşarsa, onda populyasiyanın sağlam qalması naminə say tənzimləyici tədbirlər görülə bilər. Hazırda isə ceyranların ciddi mühafizəsi və sayının artırılması istiqamətində aparılan işlər davam etdirilir.

 

Naibə Qurbanova

 

Həftə içi.- 2016.- 28 dekabr.- S.4.