“Duman, salamat qal,

dağ, salamat qal”

 

Bakıdan Astaraya gedən sərnişin qatarı Lənkərana sübh tezdən çatır. Elə bu dəmir yolu vağzalında da taksi sürücüləri gümrah səslə, ucadan müştəri çağırırlar: “Lerikə gedən var, çıxırıq haa”. Sürücülərin əksəriyyəti tanışdı. Çünki onlar demək olar ki, eyni səslə, eyni həvəslə hər gün burada, beləcə müştəri səsləyirlər. Lənkərandan Lerikə uzanan avtomobil yolunun uzunluğu düz 56 kilometrdir. 2005-ci ildə əsaslı təmir edilib asfalt döşənən bu rahat yolun indi 20 kilometri əvvəlki keyfiyyətini bir qədər itirib. Səbəb isə Lerik rayonunun ilk kəndi olan Piranda, bu kənddən keçən Vazaru çayında fəaliyyət göstərən kombinatdan iri tonnajlı yük maşınlarının qum-çınqıl daşımalarıdır. Dağlar qoynunda, Talış dağlarının əhatəsində yerləşən Lerikin sosial-iqtisadi həyatı da bu kənddən başlayır.

Çay boyu sıralanan kəndlərdə son vaxtlar bir-birindən gözəl, yaraşıqlı, müasir evlər, məktəblər, poçt şöbələri inşa edilib. Elə 108 nəfərin çalışdığı Piran kəndindəki broyler fabriki öz məhsulunu “Lebro” yarlığı ilə çoxdan bazara çıxarır. “Xan Nad” Elmi İstehsalat Şirkəti tərəfindən Peştətük kəndində tikintisi davam etdirilən “spirtsiz içkilər”zavodunda 75 nəfər işçi çalışacaq. 52 saylı Yol İstismar MMC-yə məxsus asfalt-beton zavodu bu ərazidə yerləşir. Çay boyu Lerik şəhərinə qədər sıralanan bir-birindən baxımlı “Meşəbəyi”, “Çənlibel”, “Təbəssüm”, “Relax”, “Həyat”, “Qala” kimi istirahət və turizm mərkəzləri rayonun iqtisadi-sosial həyatında mühüm rol oynayır. Soyuqlar başladığından qonaq-qarası xeyli azalan bu istirahət mərkəzləri indi bir qədər də qərib, məzhun görünürlər.

Aşağıda qalan, hələ dumana, çənə bürünməmiş dağlar, dərələr nə qədər gözəldir, İlahi! Yollar, yamaclar göy örtüyə bürünüb. “Yalançı son bahar”ın, payızın min ilmə, min naxış vurduğu dağlara xalça döşənib sanki. Palıdın, fındığın, vələsin, qırmızıgözün sarıya çalan yarpaqları arasından dəmirağacının qıpqırmızı yarpaqları aydınca görünür. Payıza təslim olmaq istəməyən cavan ağaclar yaşıllıqlarını qorumağa çalışır hələ də. On illər yola salan hündür, yaşlı ağacların budaqlarında isə son yarpaqlar son günlərini yaşayır.

Rayon iqtisadiyyatının əsasını təşkil edən əkinçilik və maldarlıq üçün burada münbit şərait var. Bu il leriklilər əkin sahələrindən 4080 ton taxıl məhsulu götürmüşlər. On minlərlə xırda və iribuynuzlu mal-qara da lerikli maldarlara məxsusdur. Təkcə bu ilin doqquz ayında rayon sakinləri 3816 ton ət istehsal edə bilmişlər. Elə bu müddət ərzində Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə 22 lerikli sahibkara 200 min manat güzəştli kredit verilmişdir.

Bu da Lerik şəhəri. 81 mindən çox əhalisi olan Lerik rayonunun 10 min nəfərə yaxın əhalisi burada yaşayır. Kənd Təsərrüfatı Nazirliyi Lerik rayon şöbəsinin, rayon İcra Hakimiyyətinin, Mərkəzi Rayon Xəstəxanasının, Heydər Əliyev Mərkəzinin, İdman və Gənclər idarəsinin, müasir görkəmli bir sıra ictimai obyektlərin əhatəsində, yaşıllıqlar qoynunda qərarlaşan Heydər parkında Ulu Öndərin əzəmətli heykəli ucalır. Burdakı dekorativ ağaclar, müxtəlif gül kolları, rahat oturacaqlar, yeni işıqlandırma qurğuları parka ayrı bir hüsn verir.

Ümumiyyətlə, son vaxtlar Lerikdə aparılan abadlıq-quruculuq işləri öz miqyasını bir qədər də genişləndirib. Boykəndil, Əvilə kəndlərindəki məktəb tikintisi davam etdirilmiş, 100 yerlik uşaq bağçasının inşası isə başa çatdırılmışdır. Lerik şəhər əhalisinin içməli su təchizatını yaxşılaşdırmaq üçün Qosmalyan-Lerik magistral su xəttinin böyük bir hissəsində quraşdırma işləri yekunlaşmışdır. Şəhərin Nəriman Nərimanov, Şıxəli Qurbanov, Həmzə Şıxəliyev, Elmar Qarayev adına küçələrində istinad divarlarının tikintisi, küçələrin genişləndirilməsi, işıqlandırma sistemlərinin yenidən qurulması, səkilərə tamet döşənməsi işləri böyük zövqlə aparılmışdır.

Qışı xeyli sərt keçən Lerikdə əhalinin sosial şəraitlərini daha da yaxşılaşdırmaq istiqamətində uğurlu işlər davam etməkdədir. Lerik şəhərində 17 meqavatlıq modul tipli elektrik stansiyasının tikintisi ilə əlaqədar Lerik-Telavar-Yardımlı, 35 kilovotluq yüksək gərginlikli elektrik hava xətti yenidən inşa olunmuş, eyni təyinatlı Lənkəran-Hamarat-Lerik hava xətti əsaslı təmir edilmişdir. 10 və 04 kilovotluq elektrik hava xəttində 640-dan çox dayaq yenisi ilə əvəzlənmişdir. Bu gün rayonun ən ucqar kəndləri belə elektrik enerjisi ilə təmin edilib.

Zaman-zaman istilik, od-ocaq sarıdan korluq çəkən, bu qayğını, əziyyəti aradan qaldırmaq üçün meşələrə üz tutan leriklilərin böyük əksəriyyəti son vaxtlar bu problemdən azad olmuşlar. 162 yaşayış məntəqəsində yaşayan 14122 ailəyə mavi qaz verilmişdir. Mastayıl, Murya, Əvilə, Durğan kəndlərində isə bu işlər yekunlaşmaq üzrədir.

Torpaqlarımızın yağı düşməndən qorunması uğrunda Qarabağ döyüşlərində şəhid və əlil olmuş döyüşçülərin ailələri üçün inşa edilən 10 mənzildə tikinti işləri aparılır. Daha 4 belə mənzilin tikintisinə də yaxın vaxtlarda start veriləcək.

Lerikdə fəaliyyət göstərən bütün telefon qurğuları elektronlaşdırılmışdır. Almu və Mistan kəndlərinin hər birində də 64 nömrəlik yeni elektron ATS inşa edilmişdir. Brakandul, Bibyanı kəndlərində bu işlərin davam etdirilməsi üçün hazırlıq aparılır.

İlan kimi dağlara sarılan kənd yollarına, onların inşasına Lerikdə xüsusi fikir verilir. Bu rayonda yol tikintisi ilə məşğul olan Vəfadar Mustafayevlə Şingədulan kəndində, iş başında görüşümüz lap yerinə düşdü. Bu sahədə xeyli təcrübə qazanmış Vəfadar kişi maraqlı həmsöhbətdir. İşinin çox olmasına baxmayaraq, bizə vaxt ayıra bilir:

- Yol, körpü tikintisi ta qədimdən həm çox əziyyətli, həm də çox məsuliyyətli iş olub. Dağlarda isə bu işə xüsusi fikir verilməlidir. Yolu ən əvvəl sudan qorumaq lazımdır. Yeni inşa edilmiş yol ən yüksək keyfiyyətlə aparılsa belə əgər onun aşağı qatı su gördüsə, o mütləq sıradan çıxacaq. Ağır tonnajlı yük maşınları da asfalt yol üçün arzu olunan deyil. Lənkəran-Lerik yolunun bir hissəsini məhz belə yük maşınları keyfiyyətdən salıb. Buna baxmayaraq, Lerikdə yol çəkilişində son vaxtlar xeyli iş görülüb. 26 kilometr uzunluğu olan Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolu yüksək keyfiyyətlə inşa edilib. Gördüyünüz 36 kilometrlik Noda-Şingədulan-Xanagah yolunun çəkilişinə 2013-cü ildə başlanmış, 18 kilometri də asfaltlaşdırılmışdır. Bu ilin noyabrında ölkə prezidenti cənab İlham Əliyev bu yol tikintisinin başa çatdırılması üçün daha 6,6 milyon manat vəsait ayırdı və işlər yenidən sürətləndi. İnşaAllah, bu yoldan Livədirgə, Şivlə, Əliabad, Küləsər, Züvüc kimi böyük kəndlərlə bərabər Bilnə, Zövnə, Haftoni, Zenoni kimi kiçik kəndlər də istifadə edə biləcəklər. 10 mindən çox əhalinin yaşadığı Veri, Tikəband ərazi nümayəndəliyinə aid olan Piran-Veri avtomobil yolu rayonun daxili imkanları və əhalinin təşəbbüsü ilə təmir edilir, buradakı uçqunlar, torpaq çökmələri aradan qaldırılır, yola çınqıl döşənir. Piran-Hamarat avtomobil yolunda eyni işlər aparılır. Şübhəsiz ki, bu işləri başqaları görür, ancaq bir yol işçisi olaraq bunlardan yaxşı xəbərim var. Dağlarda işimiz hələ çoxdur. Əvvəldə dediyim kimi, yerli şəraiti, qarı-yağışı nəzərə alıb tikintini daha diqqət və keyfiyyətlə aparmaq, sonra da bu yolları qorumaq lazımdır. Sel daşqınlarını ötürmək üçün inşa edilən körpülərin tikintisi elə də asan deyil. Hə, havalar da soyuyur yavaş-yavaş, axşama da az qalır.

Arifə bir işarə kifayətdir, Vəfadar Mustafayevlə sağollaşmalı oluruq.

Yer planetində hələlik yeganə olan “Uzunömürlülər” muzeyi də ərazisində 200-dən çox təbiət və tarixi abidəsi olan Lerik rayonundadır. Planetin ən qocaman sakini Şirəli Müslümov da düz 168 il bu dağlarda ömür sürüb. 1084 kvadrat kilometr ərazisi olan Lerikdə, Bakıdan 323 kilometrlik məsafədə yerləşən bu rayonda “Uzunömürlülər” muzeyi sıradan yaradılan tarixi müəssisə deyil. 1991-ci ildə Mədəniyyət şöbəsinin nəzdində yaradılan bu muzeydə yaşı 100-dən yuxarı olan 200 nəfər lerikli qeydə alınıb. Elə həmin ildən də bu muzeyə rəhbərlik edən Dilarə xanım Fətullayeva yenə eyni həvəs, eyni istəklə danışır:

- Rayonumuzun uzunömürlülər diyarı kimi şöhrət tapması gördüyünüz kimi təsadüfi deyil. Sakinlərimizin belə çox yaşamasına əsas səbəb Lerikin çox təmiz və yüngül ab-havaya malik olmasıdır. Baxın, bu dağlar, bu dərələr, yaşıl ormanlar özü boyda oksigendir. İstifadə edilən qidalar da ekoloji cəhətdən təmiz və keyfiyyətli olmuşdur. Daim at belində gəzən, təsərrüfatda çalışan bu insanların elə bir problemləri də olmayıb, buna görə də insanlarımız daha sağlam və daha çox yaşayıblar. 2 salon, 2 otaqdan ibarət olan bu muzeydə indi 1200-dən çox eksponat var. 25 iyun 2010-cu ildə ayrıca binada fəaliyyətə başlayan “Uzunömürlülər” muzeyinin açılışında iştirak edən Prezidentimiz İlham Əliyev bizə şərəf verdi, çiynimizə böyük məsuliyyət qoydu. Həmişə heyranlıqla baxdığınız bu fotoları da fransız fotoqrafı Frederik Loşap əbədiləşdirib. O bizim rayonda aylarla kəndləri gəzib və 40 nəfər ən yaşlı Lerik sakininin şəklini çəkib. Şəkillər o qədər canlı, o qədər təbii, həyatidir ki, indi onlar şəkil yox, hər biri bir əsərdir. Bu şəkillərin surətini çıxarmaq istəyənlərin sayı bilsəz nə qədər çoxdur? Bunları bizə 2006-cı ildə Fransa səfiri xanımı ilə birlikdə bu muzeydə olarkən bağışlayıb. Fransadan, Yaponiyadan, Rusiyadan, Almaniyadan və digər xarici ölkələrdən müsafirlərimiz çox olur. Son vaxtlar ziyarətimizə gələn ailələrin sayı çoxalıb. Belçikanın, İsrailin, İsveçin, İordaniyanın, Kolumbiyanın, Koreyanın, Yaponiyanın səfirləri də bu muzeydə olub, Frederik Loşapın çəkdiyi şəkillər qarşısında xeyli ayaq saxlayıblar.

“Dilarə xanım, indi muzeyin 100 yaşlı neçə sakini var?” sualımıza muzeyin direktoru xeyli gec və könülsüz cavab verdi: “İndi belə sakinlərimizin sayı cəmi 8 nəfərdir və hamısı da qadındır. Neyləmək olar, bu da zamanın reallığıdır”.

Axşama doğru duman kəlağayısını dağların boynuna dolamağa tələsdi. Hündür qayalıqlar isə bir andaca görünməz oldu. Dərələrdən üzü yuxarı sürünən çən özü ilə bir soyuqluq, nəmişlik də gətirdi. Və... çiskin yağış başladı. Böyük M.Arazın kövrək və əbədi misraları yada düşdü: “Bəlkə bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ, salamat qal”.

Yol boyu düzülmüş ağaclardan tökülən sapsarı yarpaqlar Lənkərana şütüyən maşının qaldırdığı küləkdən ətrafa səpələnir. Bir çoxu havada çırpınaraq əl edir sanki, yenidən görüşmək üçün...

 

Səxavət Məmmədli

 

“Azərbaycan Respublikasının Prezidenti yanında

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi

Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

 

Həftə içi.- 2016.- 24 noyabr.- S.3.