5 oktyabr – Beynəlxalq Müəllimlər Pünüdür

 

Hazırda bu tarix dünyanın 100-dən çox ölkəsində təntənəli şəkildə qeyd edilir

 

Bu gün həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin- Müəllimlərin günüdür. Qeyd edək ki, 5 oktyabr dünyanın əksər ölkələrində Beynəlxalq Müəllimlər günü kimi qeyd edilir. Bu tarixin yaranması 1966-cı ilə təsadüf edir. Həmin ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.

Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur.

Azərbaycanda da artıq uzun illərdir ki, Beynəlxalq Müəllimlər günü qeyd olunur. Xatırladaq ki, ölkəmizin 4539 ümumtəhsil məktəbində təxminən 160 minə yaxın müəllim dərs deyir. Ümumilikdə isə Azərbaycanda 7 minə yaxın təhsil müəssisəsində 200 minə yaxın pedaqoq çalışır.

Müşahidələr isə göstərir ki, son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, ölkə başçısının bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca istiqamət seçib. Təsadüfi deyil ki, bu gün Azərbaycanda əsl təhsil bumu yaşanır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal ondan ibarətdir ki, bu proses paytaxtla yanaşı, bölgələri də əhatə edir. Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir.

Bu gün Azərbaycanda dövlət tərəfindən müəllimlərə göstərilən qayğı gənclərin də bu sahəyə marağını artırıb. Əgər bir neçə il bundan əvvəl paytaxt məktəbləri istisna olmaqla, digər şəhər və rayonlarda, əsasən də ucqar kəndlərdə müəllim çatışmazlığı hiss olunurdusa, hazırda bu problem xeyli aradan qaldırılıb. Belə ki, Azərbaycan dövlətinin gənclər siyasətində gənc müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması, onların problemlərinin həll edilməsi məsələlərinin önə çəkilməsi gəncləri müəllim işləməyə həvəsləndirib.

Artıq müəllim işləmək istəyənlər Təhsil Nazirliyinə elektron qaydada müraciət işə qəbul imtahanlarına qatılırlar. Mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsidə namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir. İmtahan bitdikdən sonra namizədlər topladığı balı öyrənə bilirlər. Test imtahanında keçid balı düzgün cavabların sayının bütün sualların sayına nisbətdə faiz göstəricisi ilə müəyyənləşdirilir. Test imtahanlarının nəticələrinə əsasən keçid balının aşağı həddi həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə qəbul üçün 60 faiz, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə qəbul üçün isə 80 faiz nəzərdə tutulur. Həvəsləndirmə tədbirlərinə gəlincə, əmək fəaliyyətinə başlamaq üçün konkret yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım, rayon mərkəzlərindən 20 km-ə qədər məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində ayda 60 manat məbləğində kompensasiya, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində ayda 60 manat məbləğində kompensasiya və aylıq əməkhaqqına 100 manat məbləğində əlavə vəsait verilir. Həvəsləndirmə tədbirləri dövlət sifarişinə əsasən kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən yaşı 35-dək olan gənc mütəxəssislərə şamil edilir.

Bundan başqa 2015-ci ildə Azərbaycanda “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları” təsdiqlənib. Diaqnostik qiymətləndirilmə Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə həyata keçirilir. Diaqnostik qiymətləndirilmə ümumi təhsil müəssisələrinin tədris planlarında nəzərdə tutulan fənlər üzrə təşkil edilir. Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Namizədlərə test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılır. Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır.

Təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır.

Yeri gəlmişkən, indiyədək ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirməyə dəvət olunmuş 25 989 nəfərdən 25 693-ü (98,86 faiz) imtahanda iştirak edib. Təhsil Nazirliyinin məlumatına görə, onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilmədikləri üçün qiymətləndirmədən keçməyib: “Əməkhaqqı artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil edilib. Əməkhaqqı artımının məbləği müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, aliya orta ixtisas təhsilli olmasından, sinif rəhbəri və fəxri adının olub-olmamasından və digər bir neçə meyardan asılıdır. Bu meyarlara uyğun olaraq, əməkhaqları 30-40 faiz artırılıb”.

Onu da deyək ki, son illər təkcə Bakı şəhəri məktəblərində çalışan müəllimlərin əmək haqları 11 faiz artıb. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın sözlərinə görə, paytaxt məktəblərində 13 029 müəllim 500-1000 manat, 631 müəllim 1000 manatdan yuxarı əməkhaqqı alır.

M. Vəliyeva əlavə edib ki, yeni tədris ilində paytaxtda 354573 nəfər şagirdin təlim-tərbiyəsi ilə 28285 nəfər müəllim məşğul olacaq.

Gələn il isə Azərbaycanda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək rayon və şəhərlərin sayı daha da artırılacaq. Bununla bağlı 2017-ci ilin dövlət büdcəsində vəsait də nəzərdə tutulub. Belə ki, gələn il Naxçıvan MR-da, habelə respublikanın 26 rayon və şəhərində dövlət orta məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrinə əlavə 80 milyon manat proznozlaşdırılıb. Növbəti mərhələdə respublikanın qalan 26 şəhər və rayonunda bu prosesin davam etdirilməsi nəzərdə tutulur.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2016.- 5 oktyabr.- S.3.