Azərbaycan multikulturalizmi

dünyada mütərəqqi modeldir

 

Bu il 25-27 aprel tarixlərində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi. Çox möhtəşəm tədbir idi: 140 ölkədən dövlət və hökumət başçıları, siyasi liderlər, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2 mindən çox qonaq iştirak edirdi. Bəri başdan deyək ki, məhz erməni işğalçılarının aprelin əvvəllərində başlatdıqları dördgünlük döyüşlərdən sonra sözügedən forumun Azərbaycanda təşkil olunmasının milli maraqlarımızın təbliği baxımından olduqca böyük əhəmiyyəti vardı. Bundan başqa forum vasitəsilə Azərbaycanın bu problemin həllində sülh yoluna üstünlük verməsi, xalqımızın sülhsevər olduğu bir daha dünyaya bəyan edildi.

Yeri gəlmişkən, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın iqtisadi baxımından güclü dövlət oluduğunun təbliği istiqamətində də əhəmiyyətli idi.

Forum Azərbaycanın tolerant, multikultural dəyərlərə malik ölkə kimi daha yaxından tanınmasına imkan yaradıb. Bakıda rus pravoslav və alman katolik kilsələrinin fəaliyyət göstərməsini, düşmənlərimizin adı ilə tanınan erməni kilsəsinin indiyədək paytaxtın mərkəzində qalmasını, hətta onun bərpa edilməsini buna misal göstərmək olar. Bu kimi faktlar forumda iştirakçıların da diqqətinə çatdırıldı. Tədbirdə çıxış edən prezident İlham Əliyevin söylədiyi kimi, tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına yönələn mühim layihələrin reallaşdırılması sahəsində zəngin təcrübəyə malikdir. Ölkəmizdə qədim Alban kilsələrinin, məscidlər, sinoqoqlar, katolik və pravoslav kilsələrinin bərpa və yenidən qurulması onu göstərir ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün bunlar bəzən xarici medianın bədxahların sifarişi ilə sirli saxladığı Azərbaycan həqiqətlərinin, yuxarıda qeyd elədiyimiz kimi, 140 ölkə nümayəndələrinin timsalında canlı şəkildə dünyaya çatdırılması deməkdir.

Forumun daha bir əvəzsiz əhəmiyyətini bəzi dünya səviyyəli siyasətçilərin dilindən də eşitdik. Məsələn, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bildirib ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dünya xalqları arasında münasibətlərin möhkəmləndirilməsi yolunda mühüm addımdır. Yəni cənab Nasir Azərbaycan modelini bəşəri münasibətlərin yaxşılaşması və möhkəmlənməsi baxımından nümunə hesab edib. Yaxud da, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqallo Bakının böyük İpək Yolu üzərində yerləşməklə əsrlər boyu ideyalar mübadiləsi və ticarət mərkəzi rolunu oynadığını deyib. O, əsrlər boyu Bakıda yerləşən karvansaraylardakı söhbətlərin dünyanın informasiya təminatıda mühüm yerini qeyd edib və bildirib ki, sitat: “Orta əsrlərdə İpək Yolu o dövrün interneti, Bakı isə onun ən mühüm qovşaqlarından biri idi”.

Forumun Azərbaycan üçün ən vacib əhəmiyyətini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb. Qardaş dövlətin başçısı deyib ki, müharibə və münaqişələrin tüğyan etdiyi, hər gün onlarla, yüzlərlə insanın qana boyandığı dünyanın bütün məsumlarının gözü və qulağı Bakıya yönəlib. İfadəyə fikir verin: bəşəriyyət içindən çıxa bilmədiyi problemlərdən qurtuluş ümidini Bakıdan gözləyir. Bax bu kiçik, müstəqilliyi o qədər də çoxdan qazanmayan Azərbaycanın qısa vaxtda əldə etdiyi misilsiz uğurdur…

Bəllidir ki, bu gün bizim Qarabağ kimi ağrılı yaramız və ondan doğan 1 milyonluq qaçqın və məcburi köçkün problemimiz var. Forum bu problemə işıq salmaq üçün müstəsna əhəmiyyətli idi. BMT-nin Qarabağ münaqişəsinin həllini nəzərdə tutan 822, 853, 874 və 884 nomrəli qətnamələrinin bu günə kimi erməni qəsbkarları tərəfindən yerinə yetirilmədiyi bir daha vurğulandı və Ermənistanın işğalçı dövlət olduğu bir daha sübut olundu.

Ən maraqlısı bu oldu ki, Forumda çıxış edən prezident İlham Əliyev iştirakçılara Ermənistanın təcavüzü barədə isbatlanmış faktlar təqdim edib. Dövlət başçısı ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatında göstərilən işğal altındakı ərazilərdə mədəni və dini abidələrin dağıdılması faktını da müsal çəkib. Bundan əlavə, o, dünya ictimaiyyətini Ermənistanın təcavüzünü sözdə pislədiyi halda, əslində bu münaqişənin həlli istiqamətində təsirli addımlar atmamaqda günahlandırıb. Sitat: “Beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin qəsb olunmuş ərazilərdən çıxarılmasını tələb edir. Amma Ermənistan bu qətnamələrə məhəl qoymur. Bəzi hallarda görürük ki, BMT qətnamələri bir neçə saat, bir gün ərzində həyata keçirilir. Azərbaycana gəlincə, 20 ildən artıqdır, bu qətnamələr yerinə yetirilmir. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da belə qərarlar qəbul edib. Ancaq Ermənistan bunları yerinə yetirmir və bu halda heç bir beynəlxalq təzyiqlə üzləşmir”.

Dövlətimizin Qarabag probleminin həlli məsələsində haqlı mövqedən çıxış etdiyi və sülhsevər siyasət yürütdüyü üçün münaqişənin həllində yalnız danışıqlar üsuluna üstünlük verdiyi aydın şəkildə iştirakçıların diqqətinə çatdırıldı ki, bu da Forumun Azərbaycana verdiyi şanslardan biridir.

Millət vəkili Elman Nəsirov da deyir ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi xalqımızın və dövlətimizin tarixən malik olduğu multikultural dəyərlərinə verilən mükafatdır. Onun sözlərinə görə, BMT bu tədbirin Bakıda keçirilməsini məsləhət bilib və təklif Azərbaycan pezidenti tərəfindən müsbət qarşılanıb. “Forumun Bakıda keçirilməsi sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır" deyən deputat əlavə edib ki, həqiqətən də, Azərbaycan dünyada multikulturalizm diyarı kimi tanınır. Bu səbəbdən də ölkəmizdə müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcıları harmonik şəkildə fəaliyyət göstərirlər. Təbii ki, bu da BMT-nin diqqətindən yayınmayıb: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, ictimai sifarişdir, gələcəyimizin zəmanətçisidir. Buna görə də BMT forumun Azərbaycanda keçirilməsində maraqlıdır və bu, təşkilatın seçimidir".

Krımda fəaliyyət göstərən, "Krımın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Rəhim Hümbətovun fikrincə, apreldə Bakıda təşkil olunmuş forum, əslində özünütanıtım baxımından hər bir dövlət üçün fürsətdir. Hansı ki, bu fürsəti rəsmi Bakı əldə etdi. “Belə tədbirlərin effektini ölçmək bir az çətindir. Amma birmənalı şəkildə deyə bilərəm ki, ev sahibi olan dövlətə yüksək imic gətirir. Azərbaycan doğrudan da istənilən xalqın nümayəndəsinin və ya dinin ardıcılının rahat, tam təhlükəsiz yaşaya biləcəyi əsl vətəndir. Bəlkə də dünyada yeganə ölkədir ki, heç vaxt burda insanlar bir-birinə milli və dini mənsubuyyətinə görə təsir göstərmir. Bu mənada sözügedən foruma Azərbaycanın ev sahibliyi eləməsi anlaşılandır. Hətta mən arzulayardım ki, belə tədbirlər çox keçirilsin Bakıda. Çünki bu vəziyyətlərdə dövlətçiliyin bütün sahələrində əlaqələr qurmaq, Azərbaycanı təbliğ eləmək, mədəniyyətini, mətbəxini, insanlarını və malaik olduğu milli keyfiyyətləri dünyaya tanıtmaq üçün əvəzsiz şans yaranır və düşünürəm ki, dövlətimiz belə imkanları heç vaxt əldən verməyəcək” deyən R.Hümbətov əlavə etdi ki, hazırda yaşadığı Ukraynanın, xüsusilə Krımın da Azərbaycan kimi belə möhtəşəm fürsətləri qazanmağa ehtiyacı var. Onun sözlərinə görə, Ukrayna cəmiyyəti hər zaman Azərbaycan modelindən yararlanmağa çalışıb və buna görə də Bakıda haqqında söz açdığımız forumlar kimi böyük tədbirlərin hər keçirilməsini arzulayır.

Qərbi Avropada da bu forumun ölkəmiz üçün əhəmiyyəti yüksək qiymətləndirilir. Hollandiya “Azərbaycan evi”nin sədri Elxan Mirhəşimli Azərbaycan xarici siyasətinin uğrlarından biri olaraq bu forumun Bakıda keçrilməsi alqışlayır. “Bu Forumun Bakıda keçrilməsi məni çox sevindirdi.15 ildir Niderlandda apardığım siyasi və təşkilati söhbətlərdə, eləcə də müşahidələrimdə Azərbaycanın dini müstəvidə ittiham edildiyinin şahidi olmuşam. Çünki erməni lobbisi avropalıları Qarabağ probleminin əsasən dinlə əlaqədar yarandığına inandırmışdılar. Mən kilsələrdə, eləcə də xristian təşilatlarında etdiyim söhbətlərimdə də dini faktorlarla tez-tez rastlaşıram. Ermənilər məhz xristian olduqları üçün Azərbaycanda müsəlmanlar tərəfindən öldürüldüklərini irəli sürürdülər. Bu səbəbdən də xristian ermənilər müsəlman azərbaycanlılarla eyni bayraq altında yaşamaq istəmədiklərini, müstəqil dövlət qurmaq arzularını dilə gətirirdilər” deyən E.Mirhəşimli əlavə etdi ki, apreldə keçirilmiş forum bütün bu kimi ittihamların yalan olduğunu üzə çıxarmaqda misilsiz vasitədir: “Çox əhəmiyyətli tədbirdir. Xüsusilə də multikultural baxımdan. Bu forumdan sonra biz bütün dünyaya göstərdik ki, Azərbaycanda bütün etnik qruplar və dinlər bir arada yaşayır, yaradırlar. Azərbaycan tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq bir ölkə olduğunu bütün dünyaya göstərdi. Ötən ay Roma Papasının Bakıya səfərini də Azərbaycanın multikultural dəyərlərə önəm verməsinin göstəricisi kimi qiymətləndirmək olar”.

Hollandiya “Azərbaycan evi”nin sədri bildirir ki, keçirdiyi bütün görüşllərdə Bakı forumu barədə məlumatlar verib. Onlar Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, 1 milyon azərbaycanlını ev-eşiyindən didərgin saldığını Hollandiya ictimaiyyətinə çatdırır və Qarabağ münaqişəsinin ümumiyyətlə, dinlə heç bir bağlılığının olmadığını isbat edirlər. “Biz hollandiya ictimaiyyətini başa salırıq ki, “Böyük Ermənistan” yaratmağın xəyalında yaşayan ermənilər həmişə dini faktorları qabardaraq özlərini yazıq millət kimi göstərirlər” deyən E.Mirhəşimli Bakıda keçiriləcək bu kimi qlobal tədbirlərin Azərbaycan həqiqətlərinin yayılmasına kömək edəcəyinə əmindir.

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2016.- 28 oktyabr.- S.3.