Allahın qonaqları –

Hafta.az-ın əməkdaşı Məkkədən yazır

 

II hissə

 

Məkkədə növbəti günümüz də maraqlı oldu. Səhər tezdən elan edildi ki, kralın qonaqları olan zəvvarlar üçün şəhərdaxili tur təşkil eləmək istəyirlər. Özü də hara - Kəbənin örtüyü – kisvə hazırlanan fabrikə. Doğrusu həm jurnalist, həm də zəvvar olaraq çox sevindim. Beləliklə, səhər saatlarında avtobuslara oturub sözügedən fabrikə yollandıq.

 

Qayalar üstündə şəhər

 

Yolboyu çılpaq səhra şəraitində özünəməxsus gözəlliyi olan Məkkə şəhərinin panoramını seyr elədim. Çox müasir şəhərdir. Yüksək, eyni zamanda çılpaq daş-qayalardan ibarət dağların qoynunda salınmış Məkkə aydan-aya sahəsini genişləndirməkdədir. Əsasən dağ-təpələrin arasındakı çökəklərdə, geniş dərələrdə tikilən şəhərdə Avropa üslubunu özündə əks etdirən müasir və çoxmərtəbəli binalar göz oxşayır. Amma yerli tikinti mədəniyyəti də qorunur. Burada ərəb memarlıq üslubunda dini tikililərlə yanaşı, müasir ictimai-iaşə obyektləri, otellər və sair istənilən qədərdir. Şəhərin mərkəzindən uzaqlaşdıqca qayalı təpələrin yamacı boyunca yayılaraq zirvəyə doğru genişlənən, demək olar ki, bir-birinin içində, bişmiş kərpicdən tikilmiş 2-4 qatlı yaşayış evləri Məkkənin əsl şərq-İslam şəhəri olduğunu sanki yenidən yada salır. Mərkəzi küçə və meydanlar, iri prospektlərin kənarları istisna olmaqla, şəhər demək olar ki, yaşıllıqlardan məhrumdur. Amma yerli hökumət çətinliklə əldə edilən şirin suyu şəhərə yönəldərək məhdud sahədə də olsa, yaşıllıqlar salmağa çalışır. İnsafən, qumlu səhranın ortasında yerləşməsinə, toz-torpaqlı küləklərin yonmasına baxmayaraq, Məkkə eyni bölgədə yerləşən bir sıra ölkələrin şəhərləri ilə müqayisədə şox təmizdir. Ən azından ofis və dükanların, adi yaşayış evlərinin fasadları, pəncərə-şüşələri tərtəmiz saxlanılır. Bu da artıq beynəlmiləlmiş şəhər əhalisinin təmizkarlığından xəbər verir...

 

Allah evinin xidmətində

 

Gözlərim şəhərin daş-divarını oxuya-oxuya, vaxtın necə keçdiyini belə bilmədən fabrikə yetişdik. Xurma palmalarının, dekorativ ağac və gül kollarının bəzədiyi, ətrafı səliqəli, dəmir barmaqlıqlarla çəpərlənmiş çox böyük bağın ortasında yerləşən birmərtəbəli, süd rənginə boyanmış fabrik bir neçə hissədən ibarətdir. Öncə birinci korpusla tanışlığımız başladı.

Burada, yuxarıda dediyim kimi, Kəbənin üz örtüyü toxunur və üzərinə qızılı saplarla Quran ayələri nəqş olunur.

Fabrikdə məlumat verildi ki, Kəbənin üz örtüyünü dəyişmək üçün 200-dən artıq usta tam bir il boyunca əmək sərf edir. Qızıl suyuna salınmış ipliklərlə toxunan Kəbənin örtüyünə Səudiyyə hökuməti hər il 4 milyon dollar və ya 20 milyon rial xərcləyir.

Sahəsi 678 kvadratmetr olan Kəbə üçün hazırlanan qara örtük 16 hissədən ibarətdir. Bu qədər qiymətli və müqəddəs toxuculuq əsərini ortaya qoyan ustalar xüsusi təhsil görüblər və daha sonra da ayrıca imtahan verib fabrikdə işə qəbul olunurlar. Məlumat verdilər ki, Kəbə örtüyünün uzunlu (Kəbənin yuxarısından aşağı) 14 metrdir, amma eni müəyyən səbəblərdən dəyişə bilər. Məsələn, Rüknü Yəmani ilə Hacərül Əsyad arasındakı hissə 10 metr 29 sm, Kəbə qapısının olduğu hissə 11 metr 82 sm, İbrahim qapısı tərəf 12 metr 15 sm, qalan sonuncu tərəf isə 10,3 metrdir.

Ustalar bildirdi ki, hamının qara gördüyü örtük əslində birbaşa bu rəngə boyanmır. Qumaş əvvəlcə qırmızıya, sonra yaşıla, sonda isə qara rəngə boyanır. Örtüyün üzərində qara rəngli toxuma qabartmalar da mövcuddur. Həmin toxuma qabartmalarda Allahın 99 məlum adı, eləcə də kəlimeyi-teyhid, təşbih də əks olunur. Daha sonra Kəbə örtüyünün haradasa üçdən birinin üzərində 47 metr uzunluğunda qurşaq da yer alır ki, burada qızıl suyuna salınmış ipək saplarla Qurani-Kərimdən ayələr nəqş edilir.

Ümumiyyətlə, Kəbənin örtüyünün hazırlanması üçün 700 kiloqram təmiz ipək, 120 kiloqram qızıl, 25 kiloqram gümüş, eləcə də 120 kiloqramdan artıq boya və qarışıqlardan istifadə olunur. Onu da yada salım ki, Kəbə örtüyü ən keyfiyyətli İtaliya və Almaniya ipək çeşidlərindən toxunur, Almaniyadan gətirilən saf qızılla da işlənilir.

Kəbə örtüyü Ərafat günü Şeybə ailəsi tərəfindən dəyişdirilməsi üçün Səudiyyə rəsmilərinə təhvil verilir. Məlumat üçün deyim ki, Kəbə örtüyü və açarı artıq 14 əsrdir ki, Şeybə ailəsinə təslim edilir. Hətta bu məsələdə Peyğəmbər salavatullahın bir hədisi də mövcuddur: "Şeybə ailəsindən Kəbə örtüyünü və açarını ancaq zalımlar ala bilər".

 

İldə bir örtük hazırlanır

 

Fabrikdə qara örtüyün hazırlanması tarixinə dair maraqlı faktlar da eşitdim. “Kəbəni qədimdə zəngin ərəblər, hökmdarlar örtürdülərsə, islamdan sonra bu vəzifəni xəlifələr daşıyıb. Hətta xəlifələr daha yaxşı örtük hazırlamaq uğrunda yarışıblar. Abbasilər dönəmindən indiyədək örtüyün rəngi qaradır. Həm də o vaxtdan indiyədək hər Qurban bayramının səhəri Kəbə yeni toxunmuş, qızıl saplarla süstlənmiş qara örtüyünə bürünərək hacıları qarşılamaqdadır”.

Örtüyü hazırlayan fabrikin özünün də maraqlı tarixi var. Əvvəllər bu örtük üç ölkədən birində - ya Misirdə, ya Yəməndə, ya da ki Hindistanda toxunub-hazırlanarmış. Amma buna ehtiyac görməyən Səudiyyə hökuməti sonradan Məkkədə haqqında söz açdığımız bumüasir fabriki inşa etdirib.

Fabrikdə başqa məhsullar istehsal olunmur və sadəcə, Kəbənin örtüyü 10 ay ərzində toxunub başa çatır və bir qayda olaraq hər il Zilhiccə ayının əvvəllərində təslim edilir, Haramül Məscidə aparılır, bayaq dediyimiz kimi, Qurban bayramının səhəri Kəbənin üzəri örtülür.

Nəzərə çatdıraq ki, məsələn, bu ilin örtüyü hazırlanıb qurtaran kimi, növbəti ilin Kəbə örtüyünün toxunmasına start verilir.

 

Əl əməyi, göz nuru

 

Ustalar belə ağır zəhmət tələb edən işi maddi deyil, daha çox mənəvi düşüncələr əsasında görür. Onların fikrincə, örtüyün hazırlanması ciblərini doldurmaqdan daha çox dini inanclarını saflaşdırmağa və Allah qarşısında alnıaçıq dayanmağa xidmət etməlidir və edir də. Onu da qeyd edim ki, fabrikdə toxuculuq və tikiş işləri əsasən avtomatlaşdırılsa da, hələlik əl əməyinə də yer verilir.

Ən çətin iş 69 nəfərin çalışdığı nəqqaşlıq prosedurdur. Burada işçilər pambıqla ipək üzərinə basılmış xətləri işləyir, sonra da pambığı qızıl ipliklərlə səbir və incəliklə üzləyirlər. Beləcə, Kəbənin ayələrlə süslənmiş füsunkar kəməri hazırlanmış olur.

Kəbənin qapısının pərdəsi də asan başa gəlmir. Yeri gəlmişkən, uzunluğu 7,5 metr olan pərdə 3 metr hündürlüyündəki qapının üzərindən asılır. Pərdənin ən aşağısında isə toxumaya başlanılan tarix və onun Kəbəyə bağışlanmasını əmr verən kralın adı yazılır.

 

Haremeyn muzeyi

 

Fabrikdən çıxar-çıxmaz bizi qonşuluqda yerləşən İslam Arxitekturası Muzeyinə apardılar. Kiçik olsa da, olduqca möhtəşəmdir, islami baxımdan isə dəyəri ağlagəlməzdir. Muzeyə Məkkə və Mədinəyə verilən ortaq ad - “Haremeyn” də deyilir.

Muzeyə daxil olan kimi Haramül məscidin şüşə altında saxlanan maketi ilə qarşılaşdım. Çox gözəl qurulmuşdu, burada nəinki adıçəkilən məscid və müqəddəs Kəbəni, hətta o civardakı bütün məhəllənin planını açıq görmək olur. Azca kənarda Kəbənin 1825-ci ildə istifadə edilmiş pilləkəni qoyulub. Bir az irəlidə şüşə qoruyucu altında isə Kəbə divarındakı qara daşı haşiyələyən mis qurşaq sərgilənir. Burada müxtəlif dövrlərdən qalma Quran kitabları, üstünə ayələr həkk olunmuş qədim kitabələr, Kəbə evinin sütunlarından biri (Hicrətin 65-ci ilində Abdullah bin Zübeyr dönəmində Kəbənin daxildən təmiri zamanı istifadə edilən sütun və təməl daşı), üçüncü xəlifə həzrəti Osmanın müshəfi – müqəddəs kitabı, Kəbənin açarı və sair var. Muzeyin son bölümündə isə şüşə qoruyucu altında, Mədinədə yerləşəm Peyğəmbər məscidinin maketi, Kəbənin iri qapısı, Zəmzəm quyusunun maketi və sair diqqət çəkir.

 

(ardı olacaq)

 

Vüsal Tağıbəyli

 

Məkkə

 

Həftə içi.- 2016.- 9 sentyabr.- S.4.