Allahın qonaqları – Hafta.az-ın

əməkdaşı Məkkədən yazır

 

I hissə

 

Geniş ərazisi, mükəmməl infrastrukturu, təmtəraqlı tikililəri ilə özü-özlüyündə böyük bir şəhəri xatırladan Ciddə hava limanında, bir-birinin ardınca yerə enən təyyarələrdən düşən insanlar məndə maraqlı təəssürat yaradırdı. Çünki gecənin qaranlığında Ciddənin timsalında al-əlvan işığa qərq olmuş, səhranın insan əli ilə dəyişdirilmiş bu balaca guşəsində zəvvarlar tamamilə bəyaza bürünmüşdülər. Səbəb də aydındır: ihrama bürünən insanlar niyyət edərək elə buradanca birbaşa müqəddəs Məkkəyə yol alacaqdılar. Yəni, onların Məkkəyə bəyaz ihramda daxil olmaları, Haramül Məscidə gedərək, Kəbəni ziyarət etmələri və Ümrə prosesini başa vurmaları üçün başlıca şərtdir. Ona görə də, mən özüm də daxil olmaqla, adi geyimli bəzi yolçular hava limanında ayrılmış xüsusi yerdə əlbisələrimizi dəyişərək ihrama büründük...

 

Səmavi yolçuluq

 

Artıq saatlar gecəyə doğru irəliləyirdi. Tibb işçiləri bizə hava limanının sərhəd-buraxılış postundan keçmədən, hər hansı yoluxucu xəstəliyə filana müpdəla olmamaq üçün antibiotiklər qəbul etdirdilər. Bundan sonra isə bizi Məkkəyə aparacaq avtobuslarda yerimizi tuturuq. Maraqlıdır ki, avtobusda yerləşən kimi əlüstü hamıya isti yemək və su paylandı. Sən demə zəvvarların Məkkəyə ac qarına daxil olmamaları da qaydalardan biriymiş. Beləliklə, çox da uzun çəkməyəcək səmavi yolçuluğa start verdik.

Bu yolçuluq məni fikirlərimdə keçmişə aparırdı – sanki əfsanələrdəki kimi ticarət karvanlarına qoşulub yolların kəsişdiyi Məkkəyə gedirdimbir azdan sevgili Peyğəmbərimiz Məhəmməd salavatullahın bütlərdən təmizlədiyi Allahın evinə yetişəcəkdim. Hətta cismən olmasa da, ruhən Allahın elçisini də görəcəkdim.

Təxminən bir saatlıq yolçuluqdan sonra nəhayət, Məkkə ərazisinə çatdığımızı göstərən məşhur darvazaya yetişdik. Göy, mavi rəngli işıq selinə bürünmüş nəhəng darvaza sağdansoldan yolun mərkəzinə uzanmış əlləri xatırladır və əlbəttə, əldə də göylərə açılan böyük kitab vərəqlənir...

 

Allah insanları istidən qoruyur

 

...Gecə olmasına baxmayaraq, Məkkədə isti adamın nəfəsini kəsir. Hətta o dərəcədə isti ki, sanki qaynar suyun buxarını hiss edirdik. Dedilər hələ gecədir, hərarət xeyli düşüb, səhər gün doğanda əsl isti özünü göstərəcək. Doğrudan da, belə oldu: otelin salonlarında kondisionerlərlə kəskin soyudulmuş havada titrətdiyimiz halda, səhər küçəyə çıxanda özümüzü sanki tonqala düşmüş hiss elədik. Yerlilər üçün adi olan istilər, əlbəttə, bizim kimi şimal ölkələrindən gələn zəvvarları narahat etməyə bilməzdi. Amma ziyarət məqsədilə dəfələrlə Məkkəyə gəlmiş, bizimlə müqayisədə daha soyuq ölkədə - Qırğızıstanda yaşayan Amanbek dedi ki, narahat olmayaq, burada təbiət-insan təması sanki ayrı bir şəkildə tənzimlənir, yandırıcı istidə saatlarca Ümrə və ya Həcc ayinlərini icra edən insanlar möcüzəli şəkildə sərinlik tapır və bizbunun şahidi olacağıq.

 

Bəyaz birlik

 

Səhər yeməyindən az sonra şəhərin mərkəzinə - Haramül Məscidə yollandıq. Avtobus mərkəzə yaxınlaşdıqca küçələrdə qələbəlik də artırdı. On minlərlə insan sanki nümayiş edirmiş kimi bir istiqamətdə - Kəbəyə tərəf tələsirdi. Burada kimlər yox idibiz azərbaycanlılardan tutmuş amerikalılara, bosniyalılardan kosovolulara, orta asiyalılardan rusiyalılara, çinlilərdən tailandlılara, Afrika xalqlarından avstraliyalılara qədər kimi istəsən görə bilərdin. Amma bəzi istisnaları çıxsaq, dünya ictimaiyyətinin burada yalnız bir – bəyaz qiyafəti vardı. Özübu bəyaz yalnız geyimlərində deyil, mənəviyyatlarında-düşüncələrində də hakim idi. Ən azından bu 16-17 gün ərzində belə davam edəcəkdi. Çünki burada bəyazı dəyişmək mümkünsüzdür: geyim qaydadırsa, düşüncə və mənəvi mövqe ancaq Allahla təması özündə ehtiva edirbaşqa nə isə fikirləşmək mümkün deyil. Və bəyaza bürünmüş bu , qaraya qonur dərili insanların hamısı “Allahu əkbər” deyərək Kəbəyə əl uzadıb salamlayır, içlərindən gələn arzu-istəklərini dilə gətirirdilər. Bu, bəlkə də yalnız ildə bir dəfə təkrarlanan islami birliyin nümayişi idi. Bu nümayişin başqalarından bir fərqi də var: burada heç bir siyasi-hərbi və digər istəklər səslənmir, ancaq sülh, rifah və xoşbəxtlik dilənilir böyük Allahdan. Bundan böyük saflıq, ədalət və səmimiyyət ola bilməzdi.

 

Allahın evində

 

Ərazisinin genişliyi baxımından balaca, amma möhtəşəmliyi dillə söylənilməyən, kiçik şəhərciyi xatırladan Haramül Məscidin qarşısı Məkkənin iri küçə və prospektlərinin kəsişdiyi nəhəng meydandır. Buradan baxanda isə məscidin hündürçox geniş darvazasından daxili meydançada yerləşən Kəbə görünür.

İnsan selinə qarışıb pilləkənlərlə məscidin eyvanına qalxıb, hamı kimi ayaqqabılarımı çıxarıb, əvvəlcədən götürdüyüm paketə qoydumçox geniş salonla Kəbəyə tərəf irəlilədim. İşıqlandırılmasına baxmayaraq, gün işığı düşmədiyindən yarıqaranlıq görüntüsü yaradan salonun sonunda isə yenidən pilləkənlərlə aşağıya – Kəbənin yerləşdiyi təvaf meydançasına enmək lazım gəlir.

Bu yerdə xatırlatma verim ki, hazırda Kəbəni haşiyələyən Haramül Məscid üç qatdan ibarətdir və milyonlarla insan həyətə sığmadığı üçün məhz bu üçqatlı salonlarla təvaf prosesini həyata keçirir.

Qədimliyi divar daşlarının və sütunların rəngindən məlum olan məscid 1517-ci ildə böyük türk fatehi, Osmanlı hökmdarı sultan Səlim Yavuzun əmri ilə tikilib. Bu gün isə Haramül Məscid Səudiyyə hökumətinin vəsaiti hesabına yenidən qurulmaqdadır. Təmir zamanı türk memarlıq izləri silinib ərəb üslubu ilə əvəzlənsə də, məscidin qədimliyini əks etdirən bütün nüanslar qorunur. Artıq daxili salonların təmiri demək olar ki, başa çatıb. Xüsusilə də Səfa və Mərvə dağları arasında həzrəti Həcərin oğlu İsmayıla su axtardığını əks etdirən ayinlərin icra edildiyi nəhəng guşənin yenidənqurması yekunlaşaraq zəvvarların istifadəsinə verilib. Amma bütövlükdə bərpa-təmir, xüsusilə də üzləmə işləri davam edir.

Hamı kimi biz də niyyət edib məscidin həyətinə - Kəbə yerləşən meydana daxil olduq. Buradakı hər bir müsəlmanın işi bildiyi duaları oxuya-oxuya və əlbəttə, ürəyində Allahla söhbət edə-edə müqəddəs Kəbənin başına yeddi dəfə dolanmaq – təvaf etməkdir. Biz də eynən bu cür edərək ayinin icrasına başladıq.

Hava hədsiz isti olduğundan, tər əynimizdəki ihramları tamam islatmışdı. Yenə sağ olsun Səudiyyə hökumətini, yenidənqurma işləri çərçivəsində meydanın mərmər döşəməsinin altına soyuducu qurğular yerləşdirilmişdi. Məhz bunun sayəsində günün istisi mərmər təbəqələri çox da qızdırmırdı. Yoxsa yalın ayaqla orada gəzmək mümkün olmazdı.

Təvaf edərkən rastlaşdığım bir maraqlı qayda da bu idi ki, hər dəfə dövrə vurub Kəbənin qapısından keçəndə insanlar əllərini ona tuşlayıb “Sənə salam olsun, ey bizi yaradan!” deyir, öpüşlər göndərir, hətta bir çoxları göz yaşları ilə sədaqət və ehtiramlarını bildirirdilər. Bu elə bir andı ki, deyirlər, nə arzulasan Allah qəbul edər...

 

Səfadan Mərvəyə...

 

Təvaf etdikdən sonra Ümrənin növbəti vacib ayininin icrasına başladıq. Bu, Səfa və Mərvə dağları arasında həyata keçirilən prosesdir. Deməli, günlərin birində yanındakı körpəsi İsmayılla birlikdə həzrəti Həcər əri tərəfindən susuz çöldə tərk edilir. Bir azdan uşaq susayır və ağlamağa başlayır. Ana nə edəcəyini bilmədən quru səhrada ora-bura qaçaraq, su axtarır. O, gah Səfa, gah da Mərvə dağına qalxır, amma heç yanda su tapmır. Bu zaman İsmayıl ağlayaraq, ayaqlarını şiddətlə yerə döyüroradan möcüzəli şəkildə bulaq qaynayır. Beləliklə, Allah həzrəti Həcəri və gələcəkdə Peyğəmbər olacaq balaca İsmayılı susuzluq yanğısından xilas edir. Odur ki, sevgili Peyğəmbərimiz Məhəmməd salavatullah müsəlmanların daima xatırlaması üçün bu örnəkverici hadisəni Ümrə ziyarətinin tərkibinə daxil edir. Biz də sözügedən ayini icra edib, dualar oxuduq.

Bu yerdə qeyd edim ki, mərasimlər zamanı zəvvarların tibbi təhlükəsizliyi ciddi qorunur. Təmizlik işçiləri dayanmadan yerə düşən zibil qalıqlarını toplayır, müəyyən müddətdən bir mərmər döşəmələr dərmanlı su ilə yuyularaq, dezinfeksiya edilir. Elə biz Səfa-Mərvə ayinini yerinə yetirərkən də bunun əyani şahidi olduq.

Beləliklə, bütün lazımi ayinləri icra edərək yenidən Kəbənin yanına endik. Zəmzəm suyu içərək, namaz qıldıq və son dualarımızı edərək Ümrə prosesini uğurla başa vurduq.

 

(ardı var)

 

Vüsal Tağıbəyli

 

Ciddə-Məkkə

 

Həftə içi.- 2016.- 7 sentyabr.- S.4.