Allahın qonaqları

 

III hissə

 

...Həramül-Məscidi yenidən ziyarətə getdim. İnsan izdihamı elə böyük idi ki, ayaqlar altında yer titrəyirdi. Hamı tələsirdi – Kəbəni bir də görmək, təvaf edib arzu-diləklərini Allaha çatdırmaq, dualar edib özünü mənəvi yükdən qurtarmaq istəyirdi. Mən də insan selinin axarında üzərək özümü arzular-arzusu olan Kəbənin intəhasız müqəddəsliyi ilə göylərə ucalan divarlarına çatdırdım. İkiəlli divardan yapışıb ürəyimdən keçənləri dilədim, hələ uşaqlıqdan görüb-üzləşdiyim haqsızlıqlara, ədalətsizliklərə cavab istədim.

Allahla göz-gözə ünsiyyətdə olmaq nə qədər xoş imiş... Kəbə ətrafında bəndələrin izdihamında axsam da, məni böyük səbirlə, gözlərimin düz içinə baxaraq dinləyirdi Yaradanım. Cavab vermədən, yorulmadan, elə məhəbbətlə dinləyirdi ki...

 

Yüksək xidmət...

 

Kəbəni ziyarətdən sonra yenidən Həramül-Məscidin Səfa və Mərva ayinləri icra olunan guşəsinə gəlib, sütunlardan birinin dibindəcə oturub, ətrafı seyr elədim. Qeyri-ixtiyari ötən il Həcc ziyarəti ilə bağlı yazılanlar yadıma düşdü. Axı guya Həcc zamanı təmizlik məsələlərinə fikir verilmədiyi deyilirdi. Mərmər döşəmənin üstü güzgü kimi parlayırdı. Yerdə necə deyərlər, bir kibrit çöpü belə gözə dəymirdi. Təsadüfən nəsə düşsə də, əlüstü təmizlik işçiləri götürürdülər.

Yeri gəlmişkən, məsciddən 500 metr aralıda da eyni mənzərə idi – zəvvar izdihamı harada ki namaz qıla bilərdi, hamısını eyni cür təmizləyirdilər. Bundan əlavə, məscidin yaxınlığındakı meydanlarda iri, narın su buxarı üfürən ventilyatorlar quraşdırılmışdı. Qısası, zəvvarların rahatlığı üçün lazım olan hər şey edilmişdi.

 

Həyatın bir hissəsi namaz

 

Şəhərdə bir maraqlı hadisə də diqqətimi çəkdi. Burada azan verildiyi an birmənalı olaraq insanlar işlərini dayandırır. Azan oxunan an dükanlar bağlanır, satıcı da, alıcı da elə oradaca namaz qılmağa başlayır. Yəni namaz insanların həyatının su və hava kimi ayrılmaz hissəsidir.

Səhəri gün artıq yır-yığışımızı edib, Ərafat dağına aparılacağımız anı gözləyirdik. Bir az gec çəkdi, nəhayət ki, 30-dək çoxtutumlu müasir avtobusdan ibarət karvan bizi Məkkədəki “Casablanca Hotel”dən götürüb, Həcc prosesinin ən vacib halqası sayılan Ərafat dağına - zəvvarlar üçün salınmış çadır-şəhərciyinə istiqamətləndi.

 

Ərafat – Allahla birbaşa təmas

 

Ərafata çatanda hava qaralsa da, günəş sanki torpaqdan heyf çıxırdı – istidən nəfəs almaq olmurdu. Termometrlər müsbət 38 dərəcəni göstərirdi. Demək ki, gündüzlər burada gün yeri-yurdu yaxıb-yandırır. Amma təbiətin amansız davranışına rəğmən, Səudiyyə hökuməti zəvvarların rahatlığı üçün imkan daxilində tədbirlər görmüşdü. Məsələn, bizim qalacağımız düşərgə şahlara layiq təmin olunmuşdu. Çılpaq dağların qoynunda salınmış düşərgəmizdə nəhəng çadırlar sıralanmışdı ki, hamısnın içinə döşəmələr döşənmiş, yatacaqlar düzəldilmiş, təzə - qutusundan çıxarılmamış mələfə-filan qoyulmuşdu. Ən əsası isə bu idi ki, hər bir çadırda 12 iri kondisioner çalışırdı deyə, içəridə payız havası duyulurdu.

Ümumiyyətlə, düşərgəmizin həyətində ayaq basıb, toza bulamağa torpaq yox idi – hər yerə sanki çəmənliyi xatırladan yaşılrəngli döşəmə döşənmişdi. Düşərgənin yuxarı başında çox iri çadır-məscid, lap ortasında isə eyni cür böyük restoranımız vardı. Restorandan söz düşmüşkən, 24 saat fasiləsiz olaraq bizi saya gəlməyən yemək çeşidlərinə, salatlara, şirniyyat və meyvələrə qonaq edirdilər. Havaların ifrat isti keçdiyini nəzərə alan hökumət biz zəvvarlar üçün gecə-gündüz fəaliyyətdə olan, buz kimi içəcəklər, çay və kofe, bu bölgənin əvəzsiz içkisi sayılan məkkəgülü (karkadi) dəmləməsi təqdim edən barlar açmışdı. Əlbəttə, hər şey də müftə...

 

Hacı olmağın Ərafat şərti

 

Ərafat dağının İslamda və Həccdə özünəməxsus yeri var. Hətta deyilir ki, burada səslənən dualar Kəbədə edilən dualardan daha tez eşidilir Allah dərgahında. Çünki Ərafatda yerlə-göyün arası Həcc zamanı açıq olur və bəndələrlə Yaradan arasında birbaşa ünsiyyət qurulur...

Ümumiyyətlə, Ərafat nədir? Ərafat Məkkənin cənub-şərqində yerləşən, Qurban Bayramı günü hacıların toplaşdığı dağdır. Rəvayətə görə, Cənnətdən qovulan Adəmlə-Həvva məhz Ərafatda görüşüblər. Görüş günü “Ərəfə”, yeri isə Ərafat adlandı. Peyğəmbər salavatullah Ərəfə günü məhz bu dağda – Nəbit təpəsində mübarək xütbəsini oxuyub. Bu gün bura Cəbəlür-rahmə adlanır.

Peyğəmbər salavatullah buyurub ki, Ərafat dağı bütünlüklə müqəddəsdir, eləcə də Mina vadisi qurban kəsiləcək yerdir.

Peyğəmbər salavatullah buyurub ki, Allah Ərəfə günü Ərafatda namaz qılıb, dua edənlərdən razı qalır. Ümumiyyətlə, Ərəfə günü Ərafatda olmayan kimsə hacı ola bilməz.

 

Yolumuz Minayadır

 

Bu yerdə haşiyəyə çıxaraq qeyd eləmək istəyirəm ki, orada eşitdiklərimə görə, dünyanın hər yerindən normal qaydada Həcc ziyarətinə gələn zəvvarlar üçün də qalınacaq şərait xeyli yaxşılaşdırılıb. Məsələn, əvvəllər həcc prosesini həyata keçirmək məqsədilə bir neçə günlük Ərafat dağında, eləcə də Minada qalan zəvvarlar üçün içində kondinsionerlər çalışan çadır şəhərcikləri, Məkkə şəhərindən başlayaraq Ərafat və Minanı əhatə edən, həcc prosesinin keçirildiyi on kilometrlərlə məsafədə ən müasir yol-nəqliyyat-yaşayış və xidmət infrastrukturu yaradılıb. Bu quru səhranın heç bir yerində sususluq yaşamaq kimi problem qalmayıb – müxtəlif məsafələrdə yol kənarlarında içməli su krantları quraşdırılıb və sair...

Ərafatda cəmi iki gün qaldıq. Çünki biz başqa bir vacib ayini – şeytanıdaşlama prosesini də icra eləməliydik. Ona görə də axşamçağı yenidən bizi avtobuslara oturdub Minaya istiqamətləndilər.

Mən Həccin əzəmətini indi gördüm. Bu nədir, sanki Ərafatdan Minaya bəyaz sulu böyük bir çay axırdı. Rəsmi rəqəmlərə əsasən 5 milyondan artıq (bir çoxları Həcc prosesində yerli insanlarla birrlikdə 8 milyon zəvvarın iştirak elədiyini deyirdi), bəyaz ihrama bürünmüş zəvvar bürkülü gecənin qaranlığında kilometrlərlə yolu piyada yürüməkdəydi.

 

Xidmətdə inkişaf

 

Avtobusda yanımda oturan, Türkiyədən gəlmiş zəvvar Rəmzi Yeddiqardaş dedi ki. Artıq 11-ci dəfədir Həcc ziyarətinə gəlir, hər dəfə də zəvvarların rahatlığı üçün nəsə yeni bir iş görüldüyünün şahidi olur. “Mən ilk dəfə bura 1983-cü ildə - 35 yaşımdaykən gəlmişdim. O vaxt rahatlıqdan-rifahdan əsər-əlamət yox idi, insanlar Arafatdan Minayadək yolu payi-piyada gedərdi. Ən pisi isə o idi ki, zəvvarlar üçün bu uzun yolda nə bir bulaq, nə ayaqyolu vardı, yol çantalarında götürülən su isə ifrat istidə od kimi qızdığı üçün çox vaxt içməyə yaramırdı. İndi isə, maşallah, nələr edilməyib, addımbaşı su krantları, ayaqyolular, bu azmış kimi adamlara havayı yemək-içmək də paylanır. Bu şəraiti yaradanlara minnətdar olmaq lazımdır” deyən R.Yeddiqardaş əlavə etdi ki, zaman-zaman həcc ayinlərində yaşanan bədbəxt hadisələr ya təsadüfidir, ya da kimlərinsə təxribatı. Bildirdi ki, Minada daşatma ayini zamanı tikilən əzəmətli binanı, orda həyata keçirilən təhlükəsizlik tədbirlərini gördükdə dediklərinin şahidi olacağıq...

 

 Şeytandaşlama

 

Minaya gecə saatlarında çatdıq. Əvvəlcə çadır düşərgəsinin ətrafında, şeytandaşlama prosesini icra eləmək üçün lazımi sayda xırda daş topladıq. Bir qədər dincələndən sonra bizim üçün ayrılmış xüsusi düşərgədəki çadırlarımıza gəldik.

Düşərgədə səliqə ilə düzülmüş çadırların hər biri iyirmi nəfərlik idi: yerə kovralit döşənib, iki cərgə rahat və yumşaq, yığılan yataqlar düzülüb, üstlərinə də mələfə-filan qoyulmuşdu ki, rahat yataq. Iri soyuducu sistem də ki, 24 saat fasiləsiz çalışaraq biz zəvvarları istidən yanmağa qoymurdu. Beləcə, namaz qılıb, birtəhər gecəni keçirdik. Çünki hamı səhərki günü – şeytana dağ atacağı anı gözləyirdi. Axır ki, gözlədiyimiz an yetişdi, bələdçi bizi təlimləndirib şeytandaşlama yerinə apardı.

Bura o yerdir ki, zaman-zaman basırıqlar olar, ölüm-itim baş verərdi. O cümlədən, ötənilki qırğınlar da burada baş vermişdi. Amma on minlərlə insanın iki istiqamətdən axışdığı, 4 qatlı möhtəşəm binaya yaxınlaşdıqca burada insanların bir-birini tapdayıb əzdiyinə inana bilmədim. Çox geniş, sanki nəhəng meydana oxşayırdı binaya girən tunellər.

Yeri gəlmişkən, yolboyu istidən adam yanıb-yaxılsa da, tunellərdə sərin, hətta bəziləri üçün soyuq idi. Nəhəng vintelyatorlar elə püskürürdü ki, bədəndəki təri belə qurudurdu...

Təsəvvür edin: 5 milyondan artıq zəvvar iki istiqamətdən rahat sürətlə tunelə - şeytanları əks etdirən guşələrə doğru irəliləyirdi. Xoşbəxtlikdən insan selinin hərəkətində hər hansı axsama hiss olunmurdu. Kişi-qadın, hətta əlil arabalarında aparılan qoca və xəstələr belə rahatlıqla arzuların doğru gedirdilər.

İlk gün “Böyük şeytan”a 7 daş atmaqla kifayətləndik. Çünki həccin qaydaları belə tələb edirdi. Daşları atıb düşərgəmizə qayıtdıqda həcc təşkilatçılarından qurbanlıqlarımızın kəsildiyini eşidib çox sevindik. Bu, əslində Qurban bayramının başladığını göstərirdi.

Yeri gəlmişkən, bu müqəddəs bayramı məhz Qurbanın ilk kəsildiyi yerdə qeyd eləmək əvəzedilməz xoşbəxtlik idi bizim üçün...

Minada qaldığımız iki gün ərzində daşatma yerinə 3 dəfə getdik və 49 daş ataraq, həccin tələblərini yerinə yetirib, gecə saat 2 radələrində yenidən Məkkədəki otelimizə qayıtdıq.

 

Kəbə ilə son görüş

 

Bu bizim İslam dünyasının mərkəzi sayılan Məkkədə keçirdiyimiz son gecə olsa da, bəxtəvər idik. Çünki hər bir müsəlmanın arzusunda olduğu ilahi eşqi biz neçə gün ərzində çox daddıq. Doymasaq da, vaxtımız dar idi – getməliydik. Beləcə, bizim üçün ayrılmış avtobuslarla son dəfə Haramül Məscidə - Kəbənin ziyarətinə yollandıq. İçimizi son dəfə evinə gedib, qonağı olduğumuz Allaha açdıq. Bağışlanmağımızı arzulayıb, dualar etdik. Ürəyimiz yanğılı, gözümüz yaşlı Kəbə ilə vidalaşdıq və elə o gecənin işıqlaşan saatlarında – sübh namazından dərhal sonra şəhərlər anası sayılan, dünyanın ekzotik baxımdan ən gözəl şəhərlərindən biri, eləcə də müsəlmanların ən çox rahat olub, ruhən dincəldiyi Mədinəyə doğru yola düşdük...

 

Vüsal Tağıbəyli

Bakı-Məkkə-Bakı

 

Həftə içi.- 2016.- 17-19 sentyabr.- S.4.