“Azərbaycanda hər kəs mənim dostumdur”

 

Prayono Atiyanto: “Ən böyük istəyim İndoneziya və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərini təşkil eləmək idi...”

 

Bilmirəm necə başlayım, çox əziz bir insanla vida müsahibəsini yazmaq çətindir... Azərbaycana təyinat aldığı ilk gündən biz jurnalistlərə həm səfirliyin, həm də evinin qapılarını açan, səmimi, alicənab, mehriban dost olan bu insanı bir daha görə bilməyəcəyimə çox üzülürəm. Söhbət İndoneziyanın Azərbaycandakı səlahiyyət müddəti başa çatmış səfiri Prayono Atiyantodan gedir.

O, sonuncu müsahibəmizin səfirlikdə deyil, İçərişəhərdə yerləşən, milli mədəniyyətimizi əks etdirən restoranlardan birində olmasını istədi. Səbəbini soruşdum: dedi ilk söhbətimiz İndoneziya milli təamlarını dadmaqla başlamışdı, Azərbaycanın təndir çörəyinin ətri ilə də başa çatsın və söhbətini beləcə davam etdirdi...

- Bura çox məşhurdur. Hətta deyərdim ki, Azərbaycana gələn diplomatların hər biri məhz bura gəlir. Burada isti təndir çörəyi verilir süfrəyə, məhz burada görüşməyimizin səbəbi də elə budur. Bura darısqaldır, amma Azərbaycanın milli mədəniyyətini özündə əxz etdirir.

- Siz bütün jurnalistlərlə əksər vaxtlarda beləcə, süfrə arxasında söhbət eləməyə üstünlük verirsiniz. Bu, səfir olaraq sizin taktikanızdır, yoxsa milli adətinizin göstəricisi?

- Bilirsiniz, süfrə arxasında söhbət edəndə həm rahat, həm də səmimi oluruq. İndoneziya səfirinin evində süfrədə əsasən bizim milli mətbəximizin təamları olurdu ki, bu da bir növ İndoneziya yeməklərinin təbliğatı deməkdir. Vacib olanı mühitdir. Əgər mühit yaxşı olarsa, söhbət də səmimi keçər.

- Son müsahibəmizdə xanımınız niyə iştirak eləmədi?

- Səhhətində problem vardı, biz gələndə həkimə getməyə hazırlaşırdı...

- Soruşmaq ağır olsa da, nə vaxt gedirsiniz Azərbaycandan?

- Az qalıb, yanvarın 31-də Bakıdan ayrılacağam.

- Deyəsən, artıq yerinizə gələcək səfir də seçilib...

- Bəli, o, artıq prezidentimiz tərəfindən də qəbul edilib. Qalır Bakıya gəlməsi. Güman ki, gələn ay Azərbaycanda fəaliyyətə başlayacaq.

- Amma mətbuatımız sizin simanızda əziz dostundan ayrılacaq. Bu rəğbət hər səfirə bəslənmir, hansı ki, siz ilk gündən qazandınız...

- Mənim üçün siz jurnalistlər iş dostlarımsınız. Biz jurnalistlərin vasitəsilə ölkəmiz, xalqımız haqda məlumatlar yayırıq.

- Bu günlərdə mən İŞİD-lə bağlı yazdığım böyük bir məqalədə göstərmişdim ki, müsəlmanlar arasında bu terror təşkilatına ən çox etinasız yanaşan millət indoneziyalılardır. Amma aradan bir-iki gün keçməmiş İndoneziyada terror aktı törədildi. Nə baş verdi: sizi gözə gətirdik, yoxsa fikirlərimdə yanlışlıq olub?

- Yox, niyə ki, İŞİD-in sıralarında indoneziyalılar da var. Təxminən 500-700 nəfər olduğunu güman edirik onların. İndoneziyada müasir İslam təbliğ edilir. Bu isə o deməkdir ki, sərt qaydalar qoymuruq. Bütün hallarda dialoqa üstünlük veririk və bu yolla uğur qazana bilirik. Amma bəzən bəziləri bunu başa düşmür və sərt qaydaları üstün tuturlar. Biz istəyirik ki, bu problemi beynəlxalq aləmin yardımı, xüsusilə də, Azərbaycan da daxil olmaqla, müsəlman dövlətləri ilə dialoq şəraitində həll edək. Yeri gəlmişkən, fürsətdən istifadə edərək Azərbaycan Prezidentinə təşəkkür edirəm ki, vaxt tapıb İndoneziya xalqına və hökumətinə məlum terror olayından dolayısı başsağlığı verib.

- Az qala dörd ildir Azərbaycandasınız. Bu müddətdə gəzib-görə bildinizmi ölkəmizin əyalətlərini?

- Əlbəttə. Lənkəran, Şamaxı, İsmayıllı, Salyan, Quba, Nabran, Gəncə, Şəmkir,Naxçıvan – hər yerdə olmuşam. Göyçayda Nar festivalında iştirak eləmişəm. Əla narlar var orada.

- Bu sualı verməkdə məqsədim vardı. Soruşmaq istəyirəm ki, dünyanın hər yerində terror aktları törədilir, müharibələr gedir, müqayisə üçün Azərbaycandakı sabitliyi necə dəyərləndirirsiniz?

- Terror hər yerdə ola bilər: Bakıda da, İstanbulda da – bütün tanınan şəhərlərdə. Əsas odur ki, xalqın birliyi, təhlükəsizliyi təmin olunsun və biz məhz buna çalışırıq. Bakı təhlükəsiz şəhərlərdən biridir. Baxmayaraq ki, bəzi etirazlar filan olur, amma burada insanların rifahı üçün hər şey var. Bunun nəticəsidir ki, şəxsən mən, axşam saatlarında heç bir təhlükə hiss eləmədən şəhərdə gəzə bilirəm. Marketlərdən alış-veriş eləsək də, daha çox ənənəvi bazarlara getməyi üstün tuturam. Özü də müşayiət edilmədən, təkbaşıma gedirəm, şükürlər olsun ki, hələ problem yaranmayıb.

- Bakının sosial həyatından söz açdınız, bəlkə Cakarta ilə müqayisə edəsiniz oxucularımız üçün...

- Əvvəla həm Bakı, həm də Cakarta paytaxt şəhərlərdir. Hər ikisi sürətlə inkişaf etməkdədir. Amma daha çox fərqləri var. Məsələn, Bakıda 2 milyon əhali yaşayır, Cakartada da isə 12 milyondan artıq. Bundan əlavə, Cakartada çoxmərtəbəli binalar Bakıdakından dəfələrlə çoxdur. Bakı ilə müqayisədə Cakardada avtomobillər dəfələrlə çoxdur ki, bura milyonlarla velosiped və motosikletləri də əlavə etməliyik. Məsələn, siz deyirsiniz ki, Bakı küçələrində tıxaclar yaranır, Cakartaya gedib görsəniz, dəhşətə gələrsiniz. Oradakı tıxacları Bakı yollarındakı ilə müqayisə eləmək belə mümkün deyil. Bu, Cakartanın ən böyük problemlərindən biri sayılır. Bakıda çox sayda gözəl parklar salınıb, amma Cakartada belə istirahət yerləri azdır. Bu cür parkların salınması insanların sağlamlığı və istirahəti üçün vacibdir.

- Bunlar zahiri görünüşdür, bəs dolanışıq baxımdan vəziyyət necədir?

- Bakıda necə, orada da elə. Buradakı kimi, Cakartada da, məsələn, həm çox bahalı restoranlar var, həm də sakit və səliqəli, eyni zamanda, keyfiyyətli yeməklər təqdim edən yeməkxanalar. Bakıda ictimai nəqliyyatda gediş haqqı Cakartadakından xeyli ucuzdur. Cakartanın dükan və bazarlarında istər geyim-kecim, istərsə də elektrotexnika və elektron məhsulların çeşidləri daha çoxdur, hansı qiymətə və hansı formada istəsən mal tapıb, ala bilərsən.

- Fərq nə qədər olsa da, tam əminəm ki, qonaqpərvərliyimiz eynidir. Yəqin bu 4 il ərzində özünüz də hiss eləmisiniz bunu...

- İndoneziyalılar çox üzügülər olur. Əslində, bütün asiyalılar belədir – şən və mehriban. Azərbaycan da dünyanın bütün mədəniyyətlərinə açıq ölkədir. Azərbaycan bütün xalqların nümayəndəsini qəbul etməyə hazır ölkədir. Məsələn, məni küçədə görən balaca uşaqlar tanış olmağa çalışırlar. Adımı, hansı ölkədən olduğumu soruşurlar, milli mədəniyyətimizi öyrənməyə səy göstərirlər. Bizim yeməklərlə maraqlanırlar...

- Yeri gəlmişkən, mətbəxlərimiz çox fərqlidir?

- Biz ətli-zülallı yeməkləri çox sevirik, özü də xeyli acılı olmalıdır. Məsələn, plov çox ölkədə, o cümlədən, İndoneziyada və Azərbaycanda da var, amma onun bişirilmə üsulları fərqlidir. Onu da deyim ki, indoneziyalılar ən çox düyü yeyən xalqlardan biridir. Hər iki milli mətbəxdə plov bişirmək üçün düyüdən, ət, toyuq, qurudulmuş meyvələrdən istifadə edilir. Amma İndoneziyada yeməyə acı dad verən ədviyyatlar da qatılır ki, bu da bizim ağız dadımızla bağlıdır. Məsələn, Bakıda yemək yeyərkən, bir az problemim olur, çünki burada xörəkləri acı bişirmirlər.

- Yəqin ki, bu müddətdə Azərbaycanda xeyli dostlar qazanmısınız. Necə qoyub gedəcəksiniz onları?

- İndiki zamanda dünyanın hər yeri ilə əlaqə saxlamaq çox asandır. Mən də istər internet üzərindən, istərsə, telefon vasitəsilə dostlarımı həmişə axtaracam.

- Sirr deyilsə, dostlarınız arasında tanınmışlardan kimlər var? Bu sənət adamı da ola bilər, siyasətçi də...

- Dostlarım çoxdur. Məsələn, Milli Məclisin Azərbaycan-İndoneziya dostluq qrupunun rəhbəri Bəxtiyar Əliyev yaxın dostumdur. Ümumiyyətlə, millət vəkilləri, müxtəlif ictimai xadimlər, nazirlik rəsmiləri arasında sıx əlaqələrim olan dostlarım çoxdur. Azərbaycanda hər kəs, hətta səhərlər yol kənarlarını təmizləyən nənələr, babalar da dostlarımdır.

- Bu dörd il ərzində elə bir plan-proqramınız vardımı ki, həyata keçirə bilmədiniz?

- Ən böyük istəyim İndoneziya və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərini təşkil eləmək idi. Amma təəssüf ki, bu, səfir olaraq çalışdığım müddətdə reallaşmadı. Ola bilsin bu il, yaxud da növbəti il bu səfərlər baş tutsun. Prezidentlərin iş qrafiki həmişə gərgin olur deyə, vaxtları məhduddur. Lakin başa düşürük ki, dövlət başçılarının qarşılıqlı səfərləri həm əməkdaşlıq, həm də xalqların dostluğunun möhkəmləndirilməsi baxımından çox vacibdir.

- Xalqın sadə nümayəndələri olaraq biz çox arzulayırdıq ki, keçdiyimiz illərdə Azərbaycanda İndoneziyanın məşhur müğənnilərini görək, telekanallarımızda kinolarınızı seyr edək, rəqslərinizi izləyək və sair. Amma bunları görə bilmədik...

- Geci-tezi var, inşallah, bu arzular da gerçək olar. Biz əslində, keçən müddətdə dediyiniz işləri görmək istəyirdik, amma bəzi texniki problemlər vardı deyə, qaldı. İnşallah bu il İndoneziya filminin Azərbaycanda yayımı gözlənilir. Təxminən iki il əvvəl İndoneziyadakı beynəlxalq “Qlobal Caya” məktəbinin şagird və müəllim heyətindən ibarət bir qrup Bakıda olarkən müəyyən mədəniyyət-incəsənət proqramı ilə çıxış etdi. Hətta "AzTV" onların proqramını işıqlandırmışdı. Eyni zamanda, bildiyiniz kimi, Dillər Universitetində İndoneziya Dil Mərkəzi fəaliyyət göstərir ki, oradakı tələbələr də İndoneziya rəqslərini öyrənirlər. Artıq neçə ildir ADA Universitetində keçirilən beynəlxalq festivala qatılırıq və həmin tələbələr də orada bizim milli rəqslərimizi ifa edirlər. İnşallah qarşıdakı illərdə daha çox belə proqramları izləyə biləcəksiniz. Yeri gəlmişkən, İndoneziyadan Bakıya “Pencak Silat” hərbi rəqs qrupunun gəlməsi də gözlənilir.

- Yerinizə gələcək yeni səfiri tanıyırsınız?

- Hə, əlbəttə, hətta bir neçə dəfə görüşmüşük də.

- Təcrübəli diplomat olaraq xələfinizə nəsə tövsiyə filan verdinizmi?

- Mən ona, sadəcə, səlahiyyət müddətində uğurlar dilədim, iki dövlət arasında dostluq və əməkdaşlıq əlaqələrini gücləndirməsini arzuladım. Hiss edirəm ki, əlaqələr sürətlə inkişaf edəcək, buna zəmin var.

- Gedəndən sonra harada işləyəcəksiniz, yeni vəzifənizlə bağlı nəsə məlumatınız varmı?

- İndoneziyanın Xarici İşlər Nazirliyində çalışacam. Düzdür, konkret nə işinə baxacağımı bilmirəm. Bizim XİN-də İqtisadi İnkişaf üzrə Şura mövcuddur, hətta ola bilsin ki, orada işlədim.

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2016.- 20-21 yanvar.- S.3.