Azərbaycanın müstəqilliyi

20 Yanvardan başlayır

 

Rəsul İsmayılov: “Qələbənin bir yolu var, o da savad və bilikdir”

 

Dünən 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı Şuşa Humanitar Kollecində tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçılarına qətliamla bağlı videoçarx nümayiş etdirildi. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu.

“Həftə içinin xəbərinə görə, tədbiri Şuşa Humanitar Kollecinin direktor müavini Könül Hüseynova açıq elan edərək qətliamla bağlı tədbir iştirakçılarına qısa məlumat verdi. Bildirdi ki, 20 Yanvar Azərbaycanın tarixində tək faciə deyil, onun istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür: Bu uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi”.

Şuşa Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov bildirdi ki, 20 Yanvar qan yaddaşımızdır. Onun sözlərinə görə, 20 Yanvar faciə yox, Azərbaycanın qəhrəmanlıq günüdür: Ona görə ki, imperiya ordusu hər tərəfdən Azərbaycana hücum edə bilərdi və ordunun qarşısına bir nəfər belə çıxmazdı, onda bu faciə günü olardı. Azərbaycanın tarixi keşməkeşli olub, siz gənclər də bu qəhrəman millətin övladlarısınız. Azərbaycan coğrafi mövqeyinə görə, həmişə müharibə bölgəsi olub. Qələbələrimiz, məğlubiyyətlərimiz də olub. 20 Yanvar da qələbələrimizdən biridir. Unutmayaq ki, 20 Yanvar Qarabağla bağlı bir məsələdir. O zamanlar Qorbaçovun razılığı ilə Qarabağ Ermənistana birləşdirilməli idi. Bununla bağlı əvvəlcə Ermənistanda, sonra isə Azərbaycanda mitinqlər başladı. O zamanlar İranla Azərbaycan arasındakı sərhədlər açıldı. Bütün dünya Azərbaycan xalqını mübariz xalq kimi tanıdı. Ona görə də yanvarın 19-da fövqəladə vəziyyət, komendant saatı elan olunsa da, bu haqda Azərbaycana məlumat verilmədi. Səbəb isə aydındır: Azərbaycanda baş verən qırğın və hadisələri dünya bilməməli idi. Amma xalq şairi Bəxtiyar Vahabzadə “Azadlıq” radiosunda Bakıda baş verən qətliamla bağlı çıxış edərək dünya ictimaiyyətinə məlumat verə bildi. Bir sözlə, yanvar hadisələrində millətimiz əzmkarlıq göstərdi və imperiya ordusu onu sındıra bilmədi. İnsanlar şəhid oldular, əlil oldular, itkin düşdülər, ancaq Vətən itmədi, Vətən yaşadı. Vətənpərvərlik düşüncələrdən, uşaqlıq illərindən başlayır. Elə irs qoymaq lazımdır ki, o yaşasın. İnsan o zaman insan olur ki, onun məfkurəsi var. Bizdə isə təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq məfkurəsi var”.

“20 Yanvar əlili Asif İbrahimov Qanlı Yanvar gecəsini ürəkağrısı ilə xatırlayaraq dedi: “O zaman hökumət məlumat verdi ki, sovet ordusu şəhərə daxil olacaq. Gecə radələrində barrikadalara zirehli tanklartexnikalar daxil olaraq əliyalın qardaş və bacılarımızı atəşə tutdular. Onları tankların təkərləri altına salıb əzdilər. Naxçıvan mehmanxanasının arxa tərəfində idik. Həmin gecə mənimlə iki nəfər Bəxtiyar AzadovUlduz Gəncəyev də yaralandı. Bəxtiyarı tanıyırdım, amma Ulduzu yox, o günləri respublikamızın bütün bölgəsindən insanlar gəlmişdilər, hamı da bir-birinə çox yaxın və doğma münasibət bəsləyirdi. Ulduzu tanımasam da, elə bil 40 ilin dostlarıydıq. Avtomobilimə 60 güllə açıldı və 5 güllə yarası ilə mən, 8 güllə yarsı ilə Azad və çoxsaylı güllə yarsı ilə Ulduz xəstəxanaya aparıldıq. Üç gündən sonra Ulduz şəhid oldu. Qürur hissi duyuram ki, azadlığımızı əldə edə bildik. Biz müstəqilliyimizi qazandıq”.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Prezident Administrasiyasının sərəncamı ilə 20 Yanvar qətliamının 26-ci ildönümünün bütün təhsil müəssisələrində qeyd olunduğunu və Şəhidlər Xiyabanına ziyarətə gedildiyini vurğuladı: Siz gənclər 20 Yanvarı bir tarix kimi öyrənirsiniz. Şuşa RİH başçısının adından Rəsul müəllimə təşəkkür edirik ki, belə bir tədbir keçirir. Çünki siz tələbələr sabahın müəllimlərisiniz, humanitar məsələrlə məşğul olcaqsınız. Və bilməlisiniz ki, ideologiyamız nədir, üzərinizə düşən vəzifə nədən ibarətdir? Biz düşünməliyik ki, nə qədər çox biləriksə, bir o qədər də Vətənin kamil insanlarına çevrilərik. Daha ağıllı, daha da düşüncəli olmaq üçün hər bir kəs öz xalqının tarixini bilməlidir. Eləcə də 20 Yanvar günündə özlərini tankın qarşısına atan şəhidlərimizdən vətənpərvərliyi öyrənməliyik. Harada ədalət, düşüncə tərzi varsa, insan özünü orada dərk edir, həyatını qurur. Bir sözlə, qəhrəmanlığı təbliğ etmək sizin içinizdən gəlməlidir, Allah şəhidlərimizə rəhmət etsin. Onların arzuları Vətənimizin bütövlüyünü təmin etmək, işğal altında olan torpaqlarımızı isə azad etməkdir”.

Sonda Şuşa Humanitar Kollecin direktoru Rəsul İsmayılov çıxış edərək dedi ki, rus ordusu Azərbaycan xalqının iradəsini qıra bilmədi. Onun sözlərinə görə, xalqımız qədim xalqdır, çox müharibələrdən keçib, heç vaxt mənəviyyatı sındırılmayıb: “Qələbənin bir yolu var, o da savadbilikdir. Artıq qılınc dövrü keçib, indi savadbilik dövrüdür. Nə qədər savadlı və bilikli olsaq, bir o qədər də düşmənimizə qələbə çala bilərik. Azadlığımız və müstəqilliyimiz üçün bu gün hər birimiz 20 YanvarQarabağ şəhidlərinə borcluyuq. Şəhidlərimiz hər birimizin qəlbində yaşayacaqlar”.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2016.- 20-21 yanvar.- S.7.