“...Onlar Rusiyanı necə bir ölkəyə

çevirmişlərsə, Rusiya elə də olacaqdır...”

 

Görkəmli rus şairi, rus poeziyasında romantizmin banilərindən biri, istedadlı tərcüməçi, Rusiya dövlətinin ilk rəsmi himninin müəllifi, akademik Vasili Andreyeviç Jukovskinin əbədiyyətə qovuşmasından 165 il ötür.

 

“Bir millətin ədəbiyyatı demək olar ki, onun məişətinin aynasıdır. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəceyi-tərəqqisini, mərtəbeyi- kamalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar”.

 

                                                                                    Firidun bəy Köçərli

 

“Jukovskinin rus ədəbiyyatına, rus cəmiyyətinə xidməti böyükdür, ölçüyəgəlməz  dərəcədə  böyükdür! Bu müvəqqəti, nisbi xidmət deyildir...Jukovskinin əsərlərinin oxucunun qəlbinə təsiri həmişə, xüsusilə o zaman daha qüvvətli, daha nüfuzlu və daha faydalı olmuşdur...Jukovskinin şeirlərinin üstünlüyü onların məzmunundadır. Doğrudan da fırtına zamanı Kiyev knyajnası ilə birlikdə mağarada oturmuş Vadimi təsvir edən lövhələrdən biri  “İzmailin alınması” kimi min dəbdəbəli odaya dəyər.

 

...Romantizm ünsürlərin inkişafı bizim insanlığımızın ilk şərtidir. Jukovskinin böyük xidməti də elə burdadır! Onun bizim ədəbiyyatımızı necə məhdud və boş bir şeir aləmindən necə namütənahi və dolğun bir aləmə daxil etdiyini düşündükdə, adamın ürəyi əsir; o, öz tərcümələri vasitəsilə bizim ədəbiyyatımızı məzmunca nə qədər zənginləşdirmiş, nə qədər səmərələşdirmişdir!.. .Tərcümələrinin çoxu və ya daha doğrusu tərcümələrinin böyük bir hissəsi onun böyük istedadının əbədi yadigarı, rus ədəbiyyatının solmaz çiçəkləri olaraq qalacaqdır. Gələcək nəsillər həyati ruha xidmət cəhətindən bunlarla tərbiyələnəcəklər... Mən onun “Qaliblərin təntənəsi” və “Tsererin şikayətləri” tərcümələrindən daha gözəl bir şey təsəvvür edə bilmirəm, - əgər Jukovski yalnız bunları tərcümə etməklə kifayətlənsəydi,- yenə də bizim ədəbiyyatımızda ad qoyub gedəcəkdi”.

 

                                                                              Vissarion Belinski

 

Unudulmaz Köçərlinin sözünə qüvvət, doğrudan da millətin həm yaralarını, həm də onun qüdrət və cəlalını göstərən ədəbiyyat  ən mütərəqqi ədəbiyyatdır. Bu baxımdan XIX əsr rus ədəbiyyatı həqiqətən qibtə ediləsi bir ədəbiyyat idi. Həmin əsrdə rus bədii və fəlsəfi təfəkkürünün sürətli inkişafının mühüm bir sirri hər şeydən əvvəl bu ədəbiyyatın xalq həyatı və mənəviyyatı ilə əlaqəsinin möhkəmliyində, xalqın dərdinə qalmasında, qəlbinin xalqının qəlbi ilə bərabər döyünməsində əksini tapırdı. Rus cəmiyyətinin bütün kəskin ziddiyyətlərini açıq-aydın və cəsarətlə göstərmək yolu ilə xalqın şüurunu oyatmaq, ona öz adi insani hüquqlarını başa salmaq, onda milli ruh, milli vüqar, insanpərvərlik hissini, öz mənliyini, ləyaqətini, heysiyyətini qorumaq duyğularını dirçəltmək XIX əsr mütərəqqi rus ədəbiyyat  və mədəniyyət  adamlarının başlıca məqsədlərindən biri idi. Bu böyük adamlardan biri də rus romantizminin ilk mərhələsinin banisi və ən görkəmli nümayəndəsi, Rusiya İmperator Akademiyasının həqiqi üzvü, İmperator Elmlər Akademiyasının fəxri üzvü, Akademiyanın rus dili və sözçülüyü bölməsinin akademiki Vasili Andreyeviç Jukovski idi.

Jukovski əvəzsiz poetik istedada malik, özünəməxsus yaradıcılıq yolu olan və rus ədəbiyyatında sələfi olmayan, şairlikdəki məharəti, xüsusən şeir dilinin zənginliyi etibarı ilə özündən əvvəlki rus şairlərindən ölçüyəgəlməz dərəcədə yüksəkdə duran, rus şeirini romantik elementlərlə ruhlandıraraq, onu cəmiyyət üçün anlaşıqlı bir hala salan, rus şeirinin inkişafına imkan yaradan qüdrətli bir şair, misilsiz bir tərcüməçi olmuşdur.

 Böyük rus tənqidçisi Belinski Puşkin poeziyasının ilk mənbələrini tədqiq edərkən göstərmişdir ki, Jukovskini öyrənmədən Puşkinin yaradıcılığını düzgün qiymətləndirmək mümkün deyildir. Belinski Puşkin poeziyasını Derjavin və Jukovski poeziyasının ən mükəmməl, yüksək inkişaf dərəcəsi hesab etmiş, Puşkini isə onların varisi adlandırmışdı.

Puşkin də öz növbəsində Jukovskiyə  böyük müəllimi baxırdı. Onun “Jukovskinin rəsminə” həsr etdiyi şeirinin hər bir kəlməsində bu ehtiramın bütün səmimiyyəti işıq saçırdı:

 

Onun şeirlərinin füsunkar şirinliyi

Keçəcək əsrlərin qibtəkar çöllərindən...

Dinləyərək bu şeiri, gənclik həsəd çəkərək,

Bu şöhrətin önündə ah çəkəcək dərindən.

Bir təsəlli tapacaq əzab, möhnət, qəm, kədər...

Çevriləcək sevincə xəyallar, düşüncələr.

 

Jukovski 1783-cü il fevralın 9-da Tula quberniyasının Mişensk kəndində mülkədar Buninin ailəsində dünyaya gəlmişdir.Onun məhəbbət lirikasına dair şeir və elegiyalarının bir qismi şairin şəxsi taleyi və mənəvi iztirablarının ifadəsi idi.

1768-1774 - cü illərin Osmanlı-Rusiya  müharibəsinin qəhrəmanı, almanəsili  cəsur rus mayoru  Karl İvanoviç Mufel (sonralar general-mayor rütbəsinədək ucalmışdır) türk imperiyasına daxil olan Benderi ( Moldova ərazisində) aldıqdan sonra əsir düşmüş iki bacını- türk qızları Salihə və Fatmanı tərbiyə edib böyütmək üçün öz köhnə dostu, varlı mülkədar Afanasi İvanoviç Buninin yanına göndərir.Salihənin 16, Fatmanın 11 yaşı vardı. Fatma bir qədər sonra vəfat etmişdi.

Afanasi İvanoviç Bunin Mişensklə bərabər, digər kəndlərin də  sahibi idi. Onun Tula, Oryol və Kaluqa quberniyalarında çoxlu mülkləri vardı.

Bunin   Salihə ilə qeyri-rəsmi şəkildə evlənərək Mişenskdəki malikanəsinin  ayrıca hissəsində onunla birlikdə  yaşayırdı. Qızı xaçlamış,  ona - Yelisaveta Dementyevna Turçaninova adı verilmişdi (Turçaninova "türk qızı" deməkdir). Vasili doğulanadək Salihənin  qızları dünyaya gəlsə də, körpələr çox yaşamamışdı. Salihə əvvəl evdə ağanın kiçik uşaqlarının dayəsi kimi xidmət göstərmiş, daha sonra təsərrüfatı idarə etməyi də ona həvalə etmişdilər.

Doğrudur, Vasili Andreyeviç öz xatirə və gündəliyində yazdıqlarına görə, ata evində onun güzəranı anasının məhz kənizliyi ucbatından kədərli keçirdisə, mənə elə gəlir ki, ağıllı Vasli bunun heç də faciə olmadığını dərk etməmiş olmazdı.Əgər tarixin özünə  müraciət etməli olsaq, müəyyən sayda buna bənzər  hadisələr mövcud olub. Məsələn, keçmiş ev qulluqçusu olan gözəl-göyçək, yaraşıqlı və xoşrəftar Yekaterina  çar I Pyotrun kənizi ikən onun  qəlbinə hakim kəsilmiş, sonra çara ərə getmişdi.

Yekaterinanın əsl adı Marta idi.1702-ci ildə Şimal müharibəsi zamanı rus qoşunları Mariyenburqu mühasirəyə alarkən Marta da əsir düşmüşdü.1708-ci ildə xristianlığı qəbul etdiyi zaman şahzadə Aleksey onun xaç atası olduğundan qıza Yekaterina Alekseyevna adı verilmişdi.

Vasili  nigahdankənar  doğulduğu üçün  onu  öz adına yazdıra bilməyən Bunin, övladının  gələcəyindən ötrü  narahatçılıq keçirirdi.  Çünki illər  sonra  balacanı  əsilsiz, adi kəndli oğlu kimi müddətsiz  əsgərlik və təhkimçilik  boyunduruğu  gözləyə  bilərdi. Odur ki, uşağa  zadəgan  ata  adı  yazdırmaq lazım  idi. Buninin kasıb, lakin genişqəlbli, mərhəmətli  zadəgan dostu  Andrey Jukovski    rəsmi şəkildə  ata kimi uşağı onun adına yazdırılmasına razılıq verdi. Vasili əsl həqiqətdə olduğu kimi, sənədlərində də zadəgan oğlu kimi tanındı.Bəs Bunin necə, bu işdə yanılmışdımı? Qoy bu suala yarixin özü cavab versin.

Rusiya tarixində çar I Pyotru nahaq yerə “Əsl böyük insan” adlandırmamışlar. Geri qalmış ölkə onun hakimiyyəti dövründə sənayenin inkişafında irəliyə doğru çox böyük sıçrayış etmişdi. İlk dəfə olaraq təhsil dövlət siyasətinin başlıca istiqamətlərindən birinə çevrilmişdi.

Rusiya Baltik dənizinin sahillərində qərarlaşmış, Avropaya ən qısa ticarət yolu açılmışdı.Mətbəədə çap olunan ilk qəzet buraxilmişdı.İlk hərbi  və peşə məktəbləri fəaliyyətə başlamışdı.Dünyəvi məzmunda kitablar çap edən ilk mətbəələr işə düşmüşdü.Ölkədə ilk muzey yaradılmış, ilk kütləvi kitabxana, teatrlar insanlara xidmətə başlamış, ilk parklar yaradılmış, Elmlər Akademiyasının təşkili haqqında ilk fərman imzalanmışdı.

Belinskinin Pyotrun həyata keçirdiyi dəyişikliklər haqqındakı qeydlərdən : “Ya öyrən, ya da öl; onun vəhşiliyə qarşı mübarizə bayrağında bu sözlər qanla yazılmışdı”.

Pyotr təkcə məmurlara yox, həm də ölkənin bütün əhalisinə daim belə bir fikir təlqin edirdi ki, təbəələrin hər bir addımı dövlət hakimiyyətinin ciddi nəzarəti altında olmalıdır.Pyotr yazırdı: “Bizim xalqımız uşaq kimi bir şeydir.Əgər usta (yəni müəllim) onları məcbur etməsə, heç vaxt əlifbanı da öyrənməzlər”.

“Uşaq kimi bir şey olan” təbəələrə anadan olduqları gündən ta ölənədək hər şeyi- təsərrüfatı idarə etməyi, mənəvi incəlikləri təlqin etməyi lazım gəlidi.

Pyotr zadəgan övladlarının təhsili ilə daim maraqlanır, hansı məktəblərdə təhsil alacaqlarına biganə qalmır, proqramın mənimsənilməsində onların müvəffəqiyyətlərini izləyirdi.Uşaqlarda əməksevərlik, nəzakət, əxlaq, kasıblara mərhəmət, səliqə-səhmanı inkişaf etdirmək və digər mədəni keyfiyyətlərin gücləndirilməsi diqqət mərkəzində idi.

Zadəgan balalarına adam arasında özlərini necə aparmaq qaydalarını  məktəblərdə də öyrədirdilər.Gənclər üçün nəzərdə tutulan “Gəncliyin təmiz güzgüsü və ya məişətdə davranış qaydaları” adlı təlimat əhali arasında böyük şöhrət qazanmışdı.Pyotrun sağlığında bu təlimat üç dəfə çap olunmuşdu.

“Gəncliyin təmiz güzgüsü”ndə gənclərin ailədə, qonaqlıqda, ictimai yerlərdə və xidmətdə özlərini necə aparmaq qaydaları şərh olunmuşdu. O, gənclərə təvazökar, zəhmətsevər olmağı, böyüklərin sözünə qulaq asmağı,ağıllı-kamallı, mərifətli olmağı öyrədirdi. Ataya və anaya dərin hörmət bəsləmək, valideynlər danışanda onların sözlərini kəsməmək, onlara cavab qaytarmamaq, əgər ata oğlunu yanına çağırırsa, ona ədəblə: “Atacan, nə buyurursunuz?” ifadələri ilə müraciət etmək qaydalarını ənənə kimi qəbul etmək təlqin edilirdi.

Ailədən kənarda olan gənclərə də lazımi məsləhətlər verilirdi.Gənclər böyüklərə münasibətində qanacaqlı olmalı, böyüklər danışanda diqqətlə qulaq asmalı, qarayaxalıq etməməlidirlər. Xəsis, eyni zamanda bədxərc olmamalıdırlar. Tövsiyələrdən bəziləri bunlar idi: “Özünü yerli-yersiz tərifləmə. Özünü elə apar ki, gözdən düşməyəsən, utanıb xəcalət çəkməyəsən. Bədxahlarının dalınca danışma, onlara hörmət və ehtiram bəslə. Ölənlərin pisliyinə danışma. Tənbəl olma, tənbəllikdən ağıl azalır, bədən süstləşir, o qədər kökəlirsən ki, hərəkət edə bilmirsən.Saraya yaxın olan ağıllı adam öz niyyətini və məqsədini heç kəsə açmaz, ürəyində saxlar.

Küçədə başıaşağı və gözüyumulu yol getmək, adamlara əyri-əyri baxmaq məsləhət deyil. Yeyəndə acgözlük etmə, suyu təmkinlə iç, ağzını əllərinlə yox, dəsmalla sil, ağzındakı tikəni udmamış su içmə.Barmaqlarını yalama, sümüyü gəmirmə.Yemək üçün süfrəyə nə qoydular, ona qane ol. Yemək yeyəndə ağzını marçıldatma, bədənini qaşıma, ağzındakı tikəni udmamış danışma, burnunu silmək ədəbsizlikdir” və s.

Təlimata görə, cavan oğlan özündə ləyaqətin üç əlamətini; sözə baxmaq, mehriban, nəzakətli olmaq əlamətlərini birləşdirməli idi.

“Gəncliyin təmiz güzgüsü”nün axırıncı səhifələrində qızlara tövsiyələr verilirdi; Allaha itaətkarlıq, zəhmətsevərlik, şəfqət, utancaqlıq, qənaətcillik, təmiz əxlaq, sədaqət, az danışmaq, düzlük və s. aşılanırdı. Qızlarda çöhrənin qızarması yüksək qiymətləndirilirdi. Bu keyfiyyət mənəvi saflığın və ismətin əlamətləri sayılırdı.

Pyotrun sağlığında nəşr olunmuş təlimatdan cəmiyyətin yüksək dairələri on illər boyu çox şey öyrənib götürmüşdülər.

Göründüyü kimi, Bunin oğlunun gələcək taleyi naminə uzaqgörənliklə atdığı addımda heç də yanılmamışdı.

Hələ gələcək şair anadan olmamış Buninlər ailəsinə fəlakət üz verir. Onların on bir uşağından altısı bir-birinin ardınca vəfat edir. Ölən övladların içində  Leypsiq Universitetinin tələbəsi olan yeganə oğulları da vardı.Vasilinin doğulması münasibətilə Bunin şadlıq əlaməti olaraq kənddə yeni kilsə tikdirir.

Sonralar ölüm yatağına düşən ata , son vəsiyyətində üzünü arvadı Mariya Qriqoryevnaya  tutub yalvarır: “Xanım, mən gedirəm, amma bu iki bədbəxti (Salihəni və Vasilini nəzərdə tutur) sənə tapşırıram. Onların bu dünyada heç kimləri yoxdur, rəhm elə”.

Vasili ögey bacısının - Varvara Afanasyevna Yuşkovanın  evində yaşadığı  zaman daha çox ədəbiyyatı öyrənirdi.Tulada yaşayan ədəbiyyat və musiqi həvəskarlarının ən çox  toplandığı, incəsənət  haqqında maraqlı söhbətlər, müzakirələr, fikir mübadilələri apardıqları yer Yuşkovların evi idi. Belə bir ailədə tərbiyə alan Jukovski, ədəbiyyat həvəskarlarının yığıncaqlarında ara-sıra iştirak edir və onlardan çox şeylər öyrənirdi.

Vasili 1797- 1800-cü illərdə  Moskva Universitetinin (bu universitet 1755-ci ildə M.V.Lomonosovun təklifi və qraf Şuvalovun yardımı ilə təsis edilmişdi) nəzdindəki pansionda təhsil alır. O, burada Andrey və Aleksandr Turgenevlərlə dostluq edir. Onlar  birləşərək ədəbi dostluq cəmiyyəti yaradırlar.

Vasili Andreyeviç  pansionu gümüş medalla bitirir, nümunəvi tələbə kimi adı pansionun fəxri mərmər lövhəsində əksini tapır.

Təhsil illərindən sonra Vasili yenidən Yuşkovların evində yaşamaqla ədəbi fəaliyyət göstərir. Başlıca olaraq tərcümələrə diqqət  ayırır. Hötenin “Gənc Verterin iztirabları”, alman dramaturqu və romanisti Avqust Fon Kotsebunun “Kiçik çay kənarında oğlan” əsərini və “Uydurma xəcalət” komediyasını rus dilinə tərcümə edir.

 

Ardı gələn sayımızda

 

Reyhan Mirzəzadə

Publisist-politoloq

 

Həftə içi.- 2017.- 11 aprel.- S.4.