“Qurani-Kərim”də “Qadın başını

bağlamalıdır”, - deyə əmr yoxdur

 

Sabirə Dünyamalıyeva: “On manata milli geyim olmaz”

 

Milli geyimlərə maraq artıb. Bunu həm də son vaxtlar ənənələrə olan maraqla da izah etmək olar. Xınayaxdı mərasimləri, Novruz çərşənbələri, nişan məclisləri milli geyimlərin yenidən trendə çevrilməsinə səbəb olub. Amma mütəxəssislər milli geyimlərin son təqdimatından narazıdır. Səbəb milli geyimlərə müdaxilələrin olması, standartlara uyğun deyil, hər kəsin zövqünə görə hazırlanmasıdır ki, bu da milli geyim sayılmır.

 

Geyimlərimiz barədə bu və digər məqamlara Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, milli geyimlərimiz üzrə tədqiqatçı-alim Sabirə Dünyamalıyeva ilə müsahibədə aydınlıq gətirməyə çalışdıq.

- Bizim geyim tariximiz deyəndə? hansı dövrü nəzərə almalıyıq?

- Milli geyimlərimiz tarixi geyimlərimiz əsasında XVII əsrin ortalarından etibarən formalaşmağa başlayaraq, XIX əsrdə tam sabitləşib. Xanlıqlar dövründə məhəlli xüsusiyyətlər qazanıb. Hər xanlığa məxsus insanların özünəməxsus geyim üslubu meydana gəlib. Bu formanı, maddi imkanından asılı olmayaraq, hamı geyimində tətbiq etməli idi. Geyimdə fərq, ancaq onun material və rəng seçimində, taxma, asma, tikmə bəzəklərində idi.

- Ümumiyyətlə, ölkə üzrə geyimlərimizi necə qruplaşdıra bilərik? Nəzərə alsaq ki, hər bölgənin özünəməxsus geyim tərzi olub, deməli, qruplar da olub.

- Əlbəttə, hər bölgənin özünəməxsus geyim tərzi olub, hansı ki, o geyim insanın yaşadığı mühitə bağlılığını, təbiətlə tamlığını təcəssüm etdirir. Qruplara görə belədir : Gəncə- Qarabağ, Bakı, Şamaxı-Şirvan, Lənkəran, Naxçıvan, İrəvan, Borçalı, Şəki. Bu geyimlərdə istifadə olunan rəng və naxışlar təsadüfən seçilməyib. Məsələn, kənd mühitində al-əlvan rənglərə, geyimlərdə, əsasən, nəbati naxışlara üstünlük verilsə də, şəhər mühitində nisbətən tox rənglər, çox vaxt saya parçalar istifadə olunub, naxışlarda həndəsi ornamentlərə üstünlük verilib. Naxışların hər biri bir fikir, məna ifadə edir.

- Bölgələrə ayırsaq, milli geyimlərimiz arasında ən zəngini hansı bölgəyə məxsusdur?

- Qarabağ və Naxçıvan. Qarabağ geyimi ən baxımlısı, ən bahalısı isə Naxçıvandır. Naxçıvan geyimlərində əl işi çoxdur deyə bahalıdır, Qarabağ geyimlərində isə bölgə İpək Yolunun üzərində olduğu üçün geyimlərdə ipək, atlas, qumaşdan çox istifadə olunub. Avropa geyiminə bənzərlik var. Amma bölgəyə məxsus fəlsəfəsi var, nilufər qol, buta yaxa, şanagüllə simvolu. Hər bir milli geyim nümunəsi mədəniyyət nümunəsi olaraq dastanlarımızdan, keçmişimizdən xəbər verir. Bu sərvəti göz görə-görə məhv etmək olmaz.

- Məhv etmək deyərkən?..

- Müasir geyimlərimiz bizə aid deyil. Hazırda yüngül sənayemizlə birlikdə milli geyim sənayemiz də yox səviyyəsindədir. Ayrı-ayrı bölgələrə məxsus on geyim nümunəmiz varkən, hərə öz fantaziyasına uyğun geyim tikib, adını milli geyib qoyur.

- Məlum, bu sahə artıq biznesə çevrilib, alıcı olsun deyə, hərə öz bildiyi kimi yanaşır bu işə. Təklifiniz nədir?

- Orijinal milli geyimlərimiz çox bahadır. Çünki bizim geyimlər zəngindir, qiymətli olması təbiidir. Amma şit deyil bizim geyimlər, vurulan hər naxışın, hər formanın, hər bəzəyin öz mənası var. On manata milli geyim olmaz. Mən bilirəm, bunu dolanışıq xatirinə edirlər. Amma heç olmasa, adını milli geyim qoymasınlar. Onlar qaraçı geyimidir, Azərbaycan milli geyimi deyil. Tikdikləri hər zərli, bəzəkli geyimə milli geyim deyirlər.

Mədəniyyəti qoruyan senzura lazımdır, başqa cür necə qoruyaq, bilmirəm. Ya da milli geyimlərin standartları var, onlar bu işlə məşğul olan atelyelerə verilsin ki, milli geyimlər standartlara uyğun hazırlansın. Əgər belə olmayacaqsa, geyindiklərinə, hazırladıqlarına Azərbaycan milli geyimi deməsinlər. Desinlər ki, hansısa dərzinin, modelyerin kolleksiyasındandır. Milli geyim tarixən formalaşıb, günümüzə qədər gəlmiş geyim formasıdır. Heç görün, yaponun kimanosunu, hindin sarisini necə gəldi hazırlamaq olarmı? Xeyr, çünki onların müəyyən olunmuş standartları var.

- Milli geyim standartlarımız varmı?

- Əlbəttə, var. Yazıb hazırlamışıq, bütün texnoloji xüsusiyyətləri də hazırlanıb, redaktə olunub, sadəcə, maliyyə çatışmazlığından çap etdirə bilmirik. Bu kitab çap olunsa, bütün atelyelərə, aidiyyatı yerlərə təqdim edərdik, bu standartlara uyğun hazırlanardı milli geyimlər. Bundan sonra biz gedib standart tələb edə bilərik, amma indiki vəziyyətdə gedib bunu tələb edə bilmərik, çünki nümunə tələb etsək, deyəcəklər, bildiyimiz budur. Bu işlə Mədəniyyət Nazirliyi ciddi şəkildə məşğul olmalıdır. Əks təqdirdə, illərdən bəri qorunaraq gələn milli geyim standartımız biznes maraqlarına qurban olacaq.

- Milli geyimlərə olunan müdaxilələrdən sizi ən çox qıcıqlandıran nədir?

- Ən pisi odur ki, məişətdə deyil, kütləvi tədbirlərdə istifadə olunan geyimlərimiz də bərbad gündədir. Əgər diqqət etmisinizsə, rəqqasələrin geyimində qolunun altı açıq olur. Bu, milli geyim standartına ziddir. Olmaz. Bu, milli geyim ola bilməz. Bizm milli geyimlərimizdə açıq-saçıqlıq yoxdur, o da ola qolun altı. Əslində, o geyim belədir: üstdən geyilən çəpkənin qolunun altı açıq olur, bu da ona görədir ki, o, əyinə bir ölçü balaca olmalı, bədənə sıx oturmalıdır. Ona görə də onun qolunun altını açıq qoyurlar ki, qolları hərəkət etdirəndə cırılmasın. O açıq yeri kompensasiya etmək üçün altdan geyilən paltarın qolunun alt hissəsi çəpkənin rəngində olmalıdır ki, fərqlilik nəzərə çarpmasın. Mənbələrdə indiki formada qolunun altı açıq milli geyim yoxdur.

- Tarixi filmlərdə necə, bu qanunauyğunluğa riayət olunubmu?

- Birini deyəcəm; “Dədə Qorqud” filmində geyimlərimiz bərbad şəkildə təqdim olunub. Oğuz türklərinin o formada geyimi olmayıb. O cür tarixi film çəkirdilərsə, ən azından, geyim üzrə mütəxəssisləri də peşəkar olmalı idi.

- Səbəblərlə maraqlanmısınızmı?

- Əlbəttə. Soruşmuşam, filmin tələm-tələsik çəkilməsi ilə əsaslandırdılar. Məsələn, Turalın geyimində altdan cübbə, üstündən quş elementləri olan geyim olmalı idi. Və yaxud sarıdonlu Selcan xatunun paltarı. İç üzü pələng dərisindən, çöl tərəfi isə sarı ipəkdən olan geyimdir.

- Zamanla geyimlərin dəyişikliyinə nə səbəb olur? Geyim tərzimizi dəyişən, həqiqətənmi, dəb dediyimiz anlayışdır?

- Əsla. Dəb son illərin mexanizmidir. Geyim dəyişikliyinə həyat tərzi, çeviklik təsir edir. Tərzimiz dəyişdikcə, rahat geyim axtarışında oluruq. Psixoloji durumun da geyimin dəyişməsinə təsiri böyükdür. Öz mədəniyyətimizdən qopub, Avropaya yamaq olmağa çalışırıq. İstəsək, milli geyimlərimizi bu gün də geyinərik, kənar baxışlara rəğmən trendə çevirə bilərik, amma istəmirik. Bunu trendə çevirmək üçün bir qığılcım lazımdır. Mən özüm dəfələrlə milli geyimdə gəzmişəm. Düzdür, üzərimdə diqqət hiss edirəm, amma inandırım, hər kəsin xoşu gəlir. Psixoloji vəziyyətimizdən və həyat tərzimizdən asılı olaraq, bundan sonra bu geyimi biz ancaq dəbə çevirə bilərik, gündəlik geyim tərzi kimi istifadə edə bilmərik. Çünki praktik deyil, bayaq qeyd etdiyimiz kimi, geyim zamanla dəyişir, cəsurluq tələb edir.

- Dünya hazırda hicab mövzusunda tərəflərə bölünüb. Bunun da bir geyim növü olduğunu nəzərə alıb, mütəxəssis kimi fikirləriniz maraqlı olardı...

- Qurani-Kərimdə “Qadın başını bağlamalıdır”, - deyə əmr yoxdur və başını bağlamayanlara bir cəza da yoxdur.

- Mübahisəli məqama gəldik...

- Bəli, mübahisəlidir, çünki bu, Quran-Kərimi hər kəsin özünə sərf etdiyi formada tərcüməsindən irəli gəlir. Bu da fanatizmin indiki kimi geniş yayılmasına səbəb olub. Gördüyünüz kimi, başımda çalma var. Əvvəl bu, dini inancımla bağlı idi, amma indi mənim üslubuma çevrilib və İslamla heç bir əlaqəsi yoxdur.

- Amma çoxluq sizin dediyiniz kimi demir axı...

- Çünki Qurni-Kərimi olduğu kimi təbliğ etmək sərf etmir. Hicab sözü Quranda bir neçə dəfə işlədilir. Məsələn, bu formada: dənizdə iki suyu yanaşı axıdan MƏNəm – şirin və şor su. Onların arasında hicab var, amma siz onu görmürsünüz.

Bəyəm burada söhbət ötrükdən gedir? Burada şor su ilə şirin su arasında baş tutmayan diffuziya prosesi nəzərdə tutulur. Və yaxud bu misal: başqaları ilə davranışınızda hicablı dolanın, yəni sərhəd saxlayın. Hər hansı başörtüyündən istifadə et demir ki? Hicab gözlə görünən örtük deyil, məcazi mənada işlədilən sözdür. İsmətli davran deməkdir. Biz buna “pərdəli davranış” deyirik.

- Geyimin inkişafında əsas faktor coğrafi məkandır, yoxsa zövq?

- Zövq sonuncu amildir. Dəbin iki istiqaməti var - yayılması və inkişafı. Yayılması odur ki, onda varsa, məndə də olsun; inkişaf odur ki, onda varsa, məndəki ondan fərqli olsun.

- Geyim insanı inkişaf etdirən səbəb sayıla bilərmi?

- Geyim insanın daxili aləminin informasiyavericisidir. Geyim də bir dünyagörüşüdür. Açıq-saçıq geyim psixoloji gərginlikdən xəbər verir. Soyunmaq - fikirləri, düşüncəsi ilə diqqət çəkməyi bacarmayan insanın hayqırtısıdır. Bu, çoxlarının düşündüyü kimi, azadlıq deyil. Bu, sadəcə, kompleksdən xəbər verir. İnsanları psixoloji gərginikdən qurtarmaq lazımdır. Bizdə azad olmaq istəyən birinci geyimdən başlayır. Soyunmaq iç dünyasını göstərə bilməmək xəstəliyidir. Geyim tərzimizdə xoşa gəlməyən bir tendensiya da qararəngli geyimlərin çoxalmasıdır. Qara rəngi bizə Qarabağ “geyindirdi”. Avropada bu rəng aristokratizmdir, alicənablığın rəngidir. Bizdə belə deyil. Düşüncəmizi, psixoloji durumumuzu dəyişməliyik ki, geyimlərimiz də yaxşılığa doğru dəyişsin.

 

Naibə Qurbanova

 

Həftə içi.- 2017.- 28 aprel.- S.4.