Qədim yurd yerlərimizdən biri – Oğuz

 

Od tökən isti yay günlərindən can qurtarmaq üçün maşın da tələsir sanki. Paytaxtdan sonra Xırdalanın, Qobustanın, Şamaxının bomboz təpəlikləri, düzənlikləri qurtarmaq bilmir, uzandıqca uzanır. Sanki bu bozluqlar heç vaxt bitib-tükənməyəcək, günəşin altında istidən yanıb-qaralacaq. Nəhayət, yolların kənarlarında yaşıllıqlar başlayır. Bir az sonra isə bu yaşıllıqlar çoxalır, ətrafı bürüyür. İsmayıllının hündür palıd, vələs, fısdıq ağacları rahat şose yoluna çətir kimi kölgə salır.

Dağlardan, dərələrdən əsən sərin meh maşının pəncərəsindən içəri soxulur. Ah, həyat varmış ki... Qəbələnin də ərazisindən keçən bu axarlı-baxarlı dağ yolları ruha bir rahatlıq verir. Yolların kənarlarında sıralanmış istirahət mərkəzləri, kafelər, restoranlar müsafirlərlə doludur. Bu da Bakıdan 256 kilometrlik məsafədə yerləşən Oğuz rayonu.

Kiçik Qafqaz sıra dağlarına sığınmış Oğuz şəhərinin qəribə, həm də gözəl relyefi var. Cənubu arandırsa, şimalı yamyaşıl meşəliyi olan uca dağlardır. Üçbucaq şəklində dağların ətəyinə səpələnmiş evlər təmtəraqlı olmasa da sadə və gözəldir. O qədər də enli olmayan yolların, səkilərin ətrafındakı bütün yaşıllıqlar təbii və bənzərsizdir. Cəmi 7-8 min əhalisi olan bu kiçik Oğuz şəhəri yaşıl örtük içindədir. Və bu sakit, xudmani şəhərdə əlavə heç bir səs-küyə rast gəlməzsən, “avtoşlar” da yoxdur. Səs siqnallarından istifadə edən sürücülərə təsadüf etmək də mümkün deyil. Bir sözlə, şəhər sığındığı dağlar kimi sakit, gözəl və rahatdır.

Bu şəhərin ən böyük küçəsi Heydər Əliyev prospektidir. Rayonun rəsmi dövlət idarələrinin əksəriyyəti burada yerləşir. Oğuz Rayon İcra Hakimiyyətinin, Polis Şöbəsinin, Beynəlxalq Bankın rayon filialının, Hərbi Komissarlığın, Yeni Azərbaycan Partiyasının Oğuz Rayon Şöbəsinin, Beynəlxalq Bankın rayon filialının və digər rəsmi orqanların inzibati binaları bu böyük prospektdə sıralanıb. Burada həm də, Heydər Parkı, istirahət obyektləri, şəhərdəki yeganə qəzet köşkü, otellər, iri ticarət mərkəzləri yerləşir.

Kiçik “yay bazarı”, ancaq günortaya qədər fəaliyyət göstərir. Bazarın əsas binası uçmaq üzrə olduğundan, ora daxil olmaq çox təhlükəlidir. O qədər də zəngin olmayan bu bazarda kənd təsərrüfatı malları xeyli bahadır. Misafirlərə xüsusi diqqəti olan satıcılar qiymətdə heç cür güzəştə getmirlər. Hətta bəzən fürsətdən istifadə edib, keçi ətini quzu əti əvəzinə satanlara da təsadüf olunur. Əvvəlki alverçilərin indiki ticarətçilərin çoxlu pul qazanmaq ehtiyacları hər yerdə, hər zaman eynidir. Konkret cavabları olan satıcılar məhsullarını tərifləməyə həvəsli deyillər. Buna baxmayaraq, yerli sakinlər sadə, mehriban olmaqla, qonaqlara qarşı xeyli diqqətcildirlər.

 

Necə yaşarsan, dağlar oğlu?

 

Ümumi ərazisi 1077,39 kvadrat-kilometr olan Oğuz rayonu cənubdan Ağdaş rayonu, qərbdən Şəki rayonu, şimaldan Rusiya Federasiyasının Dağıstan vilayəti, şərqdən isə Qəbələ rayonu ilə həmsərhəddir. Ərazisinin 40 faizini meşəlik təşkil edən bu rayonda 40 növdən çox dərman bitkisinə təsdüf edilir. Enliyarpaq ağac növləri olan palıd, fısdıq, cökə, vələs, tut ağacları ilə birgə həm də, nadir ağac növü olan lapan ağacı bu meşələrin bəzəyidir.

Buz bulaqlı meşələrində ayı, canavar, çöl pişiyi, tülkü, oxatan kirpi, çaqqalla bərabər maral, ceyran-cüyür, qırqovul, kəklik, turac kimi quşlar da yaşayır. Xırda dağ çaylarının, aynagözlü çeşmələrin gecə-gündüz laylay çaldıqları meşəli dağların qorunmasına burada xüsusi fikir verilir.

33 kəndi, 1 şəhəri özündə birləşdirən Oğuz rayonunda 2013-cü ilin rəsmi məlumatına görə, 41,8 min nəfər insan yaşayır. Rayon iqtisadiyyatını əsasən, əkinçilik və maldarlıq təşkil edir.

Yerli sakinlərin əksəriyyəti azərbaycanlı olsalar da, ləzgilər bu sırada öncül yerdədir. Yəhudilər, ruslar, udilər, Məhsəti türkləri, malakanlar və digər millətin nümayəndələri, etnik azlıqlar burada bir ailənin üzvü kimi yaşayırlar. Sakinlərin iqtisadi vəziyyətinə bağçılığın da xeyli təsiri var. Böyük fındıq sahələri, müxtəlif növ qoz ağaclarından ibarət bağlar onların dolanışıq yeridir. Oğuzluların dediklərinə görə, iş yerlərinin az olması səbəbindən, gənclərin əksəriyyəti 4-5 ay qışı olan rayondan kənarda yaşamağa məcburdurlar. Rayonun ən böyük kəndi olan, 2 700 təsərrüfata malik olan Xaçmaz kəndindən yaxın xarici ölkələrə üz tutanların sayı daha çoxdur. Buna baxmayaraq, oğuzlular milli ailə modelinə daha çox üstünlük verirlər.

2003-2013-cü illərdə Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı üzrə Dövlət Agentliyi tərəfindən 154 sahibkara cəmi 11.5 milyon manat məbləğində güzəştli kredit verilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına isə dövlət tərəfindən 6,5 milyon manat əbləğində yardım edilmişdir.

 

Kilsəyə sığınmış türk tarixi

 

Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi şəhərin Saleh Qazıyev küçəsi, 51 ünvanında yerləşir. 1822-ci ildə inşa, 1981-ci ildə bərpa olunan və dövlət tərəfindən mühafizə edilən bu bina xristian kilsəsi olmaqla, bu gün muzey kimi fəaliyyət göstərir. Muzeyin direktoru Arizə Xudiyeva bunu tolerantlıq nümunəsi kimi qiymətləndirir. 1981-ci ildə həyata vəqisə alan muzey cəmi iri bir otaqdan, amfiteatrı xatırladan hündür kürsüdən ibarətdir. 5 minə yaxın eksponatı özündə birləşdirən muzeydə 4 şöbə fəaliyyət göstərir. Oğuz türklərinin qədim yaşayış məskəni olan ərazilər Qafqaz Albaniyasının tərkibində olub. Muzeyin rəsmisi Elmira Mütübüllayevanın verdiyi məlumata əsasən, VII əsrə qədər burada xristian dini hakim olub. Muzeyin ən qədim eksponatı isə Tunc dövrünə məxsus xəncərdir. Ən maraqlı eksponat isə udi kəndlərində indi də buğda döymək üçün istifadə etdikləri palıddan hazırlanmış ding alətidir.

Hazırda Oğuz şəhərində 1 məscid, 2 xristian kilsəsi fəaliyyət göstərir. Kəndlərin əksəriyyətində müsəlmanların ibadət yeri olan məscid inşa edilir. 1848-1897-ci illərə aid yəhudulərə məxsus 2 sinaqoq da Oğuz şəhərində yerləşir. VI əsrə aid Alban məbədi də bu torpağa aiddir.

Böyük Vətən müharibəsində iştirak etmiş 3 186 Oğuz igidindən 1 000 nəfəri evlərinə dönməmişdir. Müxtəlif dövlət təltiflərinə, orden-medallara layiq olan bu igidlərin içərisindən təəssüf ki, heç biri Sovet İttifaqı Qəhrəmanı adını qazanmayıb. Qarabağ döyüşlərində 78 şəhid verən ərənlərdən yalnız biri – rayonun Xaçaz kənd sakini Koroğlu Rəhimov Milli Qəhrəman adına layiq görülüb.

Elmira xanımın bildirdiyinə görə, Oğuzun Xaçmaz, Baş Daşağıl kəndlərində uzunluğu 2 metrə çatan qəbir tapılıb ki, onların da ancaq Oğuz tayfalarına məxsus olduğu çoxdan sübut edilib. Yaşı çox qədimlərə uzanan Baş Daşağıl kənd mağarası tarixi abidə kimi qeydə alınmasa da, burada 300 baş mal-qaranın və ya 500 baş qoyun-keçinin yaşamaq imkanı olması qədim oğuzluların maldarlığa necə böyük önəm verməsindən xəbər verir. Baş Daşağıl sözünün mənası da bunu sübut edir. İtalyanların, rusların, norveçlərin, ərəblərin tez-tez qonaq olduqları bu muzey mərkəzlərində hər an baş çəkdiləri ünvandır.

1930-cu ildə Vartaşen kimi rəsmi status alan bu rayon 1991-ci ildə Oğuz rayonu adı ilə fəaliyyətə başlayıb. Qədim Oğuz elinin minillik tarixidə hələlik bir otaqlı bir kilsəyə sığınıb yaşayır.

 

“Bizdən inciməmiş bir əziz qonaq”

 

Doğrudan da hər bir oğuzlunun fəxarətlə, tərəddüdsüz söylədiyi bir ifadədir bu. Geniş turizm imkanlarına malik Oğuz rayonunda son vaxtlar xeyli sayda istrahət mərkəzləri, turizm obyektləri, mehmanxanalar yaradılmışdır. 2008-ci il sentyabrın 20-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış beşulduzlu “AFRA” oteli xarici qonaqların ən çox üz tutduqları ünvandır. Bir neçə istirahət mərkəzinin tikintisi isə davam etməkdədir.

İsti yay aylarında Oğuz şəhərində istirahət edən qonaqlar, hətta yerli sakinlər günortanın istisini ötürmək üçün dağlara üz tuturlar. Qartal qayalardan, uca dağlardan üzüaşağı tələsən dağ çaylarının kənarları belə vaxtlarda qələbəlik olur. Şəhərə daha yaxın olan Oğuz çayının yaxası boyu sıralanan onlarca kafelər, yeməkxanalar müştərilərini gözləyir. Elə də geniş imkanı olmayan belə obyektlərdə xidmət və şərait yükək olmasa da qonaqları kifayət qədərdir. “Şeh”, “Xəyal”, “Bulaq başı” kimi kafe və yeməkxanalar müştəri sarıdan korluq çəkmirlər. Buarad ən qiymətli nemət buz bulaqlar, dağ çayının nəğməsi və sərin havadır. Xidmət haqqı da kifayət qədər bahadır. Ona görə də istirahətə gələnlərin əksəriyyəti çay kənarında özünə xidmətdən istfadə etməli olurlar.

Yay aylarında daha çox qazanc əldə etməyə çalışan obyekt sahibləri müvəqqəti icarəyə verdikləri kiçik otaqlardan belə yaxşı qazanc götürməkdən çəkinmirlər. “Xan Bağı” istirahət mərkəzi adlanan obyektdə bir ailənin bir –iki saatlıq istifadə etdikləri miz və kətilin qiyməti 20 manatdır. Qarşılığında burada istirahət edən oğuzlular və ya kənd sakinləri qonaq bildikləri hər bir nəfər üçün son tikələrini verməyə hazırdır. Oğuzlu yaxşı evini,ən rahat bildiyi məkanı misafirinə təmənnasız verməyə həmişə hazırdır.

 

Bu da məşhur Xalxal və onun

əsrarəngiz gözəli olan şəlalə

 

Rayon mərkəzindən 18-20 kilometr kənarda yerləşsə də rahat yolu, axarlı –baxarlı mənzərələri, çətir kimi baş-başa sarılmış hündür ağacların kölgəlikləri mənzilin bir qədər uzaqlığını hiss etməyə qoymur adamı. Yol boyu düzülmüş kənd təndirxanaları, sərtin bulaqlar, yaşıllıqlar ruha qida verir. Həm də bu yol boyu sıralanmış maşınlardakı insanların, xüsusən uşaqların simalarında sevinc, fərəh ifadələri gəzintini daha maraqlı edir.

Xalxala uzanan dağ yolunun kənarı ilə arana tələsən kiik dağ çayının ətrafında bir qarış boş saə belə yoxdur. Bir-birinə söykənən kafelər, yeməkxanalar mövsümi ömür yaşadıqlarından şərait və xidmətləri ürəyaçan deyil. Əsas yoldan bir qədər kənarda yerləşən obyektlərə maşınla getmək elə də asan başa gəlmir. Sahibləri isə ehtirasla müştəri gözləyir...

Bu da məşhur Xalxal. Yüzlərlə minik maşınlarının, hətta iri tutumlu avtobusların dayanmaları üçün buarada bir metr belə rahat yer yoxdur. Toz-torpağın, daş-kəsəyin içində kim necə gəldi, necə bacardı elə də maşın saxlamaq məcburiyyətindədir. Bəzən buradan uzaqlaşmaq və ya geri dönmək istəyən sürücü yolun açılması üçün xeyli vaxt itirməli olur. Çünki, narahat, ensiz dağ yolunda maşını idarə etmək elə də asan deyil. Ərazidən istifadə edən hər bir maşın sahibi isə buaradakı “xidmət”in müqabilində 1 manat yerhaqqı verməlidir.

Əvəzində isə Xalxal Ailəvi İstirahət Mərkəzinin tacı olan şəlalənin gözəlliyi, möhtəşəmliyi, əsrarəngliyi bütün yorğunluğu, əsəbliyi unutdurur. Şəlaləyə qədər isə buz kimi sərin bulaq suyundan bircə qurtum içmək dağ çayına baş vurmaq qədər sərinlik və rahatlıq yaradır adamda. Kifayət qədər hüdürlükdən aşağı tökülən şəlalənin şırıltısı çiskini də ölçüyə gəlməz qədər gözəldir. Şəlalənin töküldüyü birinci gölün ətrafının taxta hasara alınması ən yaxşı çıxış yoludur. Çünki, burada yüzlərlə insasnın, ələlxsus uşaqların bu gözəlliklə bir başa təmasda olmaq arzusu fəlakətlə nəticələnə bilər. Təhlükəsizliyi qorumaq şərti ilə gölə taxta döşəmələrlə daxil olub, şəkil çəkdirmək istəyən hər bir şəxs isə giriş üçün 1 manat ödəməlidir. Qayıqla göldə gəzməyin 10 dəqiqəsi 10 manatdır. Qırmzıxallı farel balıqlarının tühyan etdikləri binci gölün müştəriləri, heyranları daha çoxdur. İkinci, üçüncü, dödüncü göllərin də öz hüsnü olmasına baxmayaraq, şəlalənin töküldüyü birinci göl qədər məftunedici deyil.

Göllərin ətrafında, yaşıllıqlar qoynunda sərin, rahat otaqlar müştərilərinə müntəzirdir. Hər bir adam təbiətin bu əsrarəngiz qoynunda bir stəkan çay, bir tikə çörək kəsmək istəyir. Çox təəssüff, çünki, bir simavar çayı limonu, qəndi, mürrəbbəsi ilə birlikdə 30-50 manat dəyərindədir. Bir stəkan ayran 3, bir kənd çolpasının qızartması 25-30 manatdır. Bir kloqram farel balığının qızartması da 50 manatdan az deyil. 8-10 kloqramlıq 1 quzunun ocaqda bütöv qızardılmışı 250 manat təşkil edir. Qısası, Xalxaldakı gözəlliklə xidmət tam paradoksdur.

 

Şəhərin yay yuxulu gecəsi

 

Bu sakit, xudmani şəhərdə yay gecəsinin bambaşqa hüsnü , bambaşqa ecazı var. Heç bir gün işığı olmayan küçələrdə, park və bağlarda şəhər bir yay yuxusu yaşayır. Xüsusi dayanacaqlardakı taksi sürücüləri nəzakətlə öz xidmətlərini təklif edirlər.

Yerli sakinlərin, elə misafirlərin də ən çox üz tutduqları ünvanlardan biri şəhər İstirahət parkıdır. Möhtəşəm Olimpiya İdman Kompleksi ilə üz-üzə olan bu istirahət parkının geniş də əraqzisi var. Yaşıllıqlar qoynundakı fəvvarələrin səsi buradakı müqinin səsinə qoşulub, dalğa-dalğa dağlara yayılır. Bir-birindən xeyli arada qoyulmuş oturacaqlarda gənclərin sayı daha çoxdur. Elə buna görə də yerli sakinlər bu bağa “Gənclər bağı” deyillər. Gənclərin isə bir-birinə isə münasibəti, müraciəti, sanki yazılmış ssenari əsasındadır. Burada kiminsə ucadan danışmağına, yersiz hərəkətinə rast gəklməzsən. Deyəsən buradakı oğlanlar siqaret də çəkmirlər. Dəmir konstruksiyadan hazırlanmış xeyli hündürlükdəki xidmət sahələrində çay, kofe içənlər, mürəbbəli dondurma dadanlar şəhərin yay gecəsinin ömürünü uzatmağa çalışırlar sanki. Beləcə, bir gözəl şəhər bir yay gecəsində uyuyur, uyuyur...

 

Səxavət Məmmədli

 

Həftə içi.- 2017.- 17 avqust.- S.4.