Azərbaycanla maraqlanan

turistlərin sayı artıb

 

“Milli kadrlar yetişdirsəydik, son illər açılan brend otellərin aparıcı mütəxəssisləri əcnəbilər deyil, öz kadrlarımız olardı”

 

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda qeyri-neft sektorunun inkişafının qarşıya məqsəd kimi qoyulduğu bir dönəmdə turizmə diqqət ayrılmasının vacibliyi vurğulanıb. Bu sahədə görülməli işlər, perspektivlər barədə hafta.az-ın suallarını Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov cavablandırıb.

 

- Turizmin inkişaf perspektivləri dedikdə daha çox hansı sahələrə diqqət çəkmək olar?

- Bu, bizim turizm sahələrindən çox, turistlərin marağından asılı olan bir məsələdir. Gəldiyi ölkədən və şəxsi istəyindən asılı olaraq hər turistin öz turizm marağı olur. Fərd olaraq milli mətbəxi, tarixi abidəni, dağ-xizək turizmini, müalicəvi məkanları seçənlər var. Bu isə ona əsas verir ki, turizmin bütün sahələrini inkişaf etdirmək lazımdır.

- Turizmin inkişafı üçün hansı addımların atılmasını, hansı işlərin reallaşdırılmasını vacib hesab edirsiniz?

- Bir neçə gün əvvəl Turizm Şurası yaradılıb, eyni zamanda turizm üzrə strateji yol xəritəsi də təsdiq olundu. Turizm haqqında qanun layihəsi də hazırdır, yaxın günlərdə müzakirəyə çıxarılacaq. Bütün bunlar turizmə göstərilən qayğının nümunəsidir. Amma unutmamalıyıq ki, bütün bu sənədlərin üzərində işləməklə real nəticəyə nail olmalıyıq. Çimərlik turizmi üçün ölkəmizdə əlverişli şərait var, amma çimərlik turizmini inkişaf etdirmək üçün dənizin təmizliyinə diqqət çəkmək lazımdır. Sanitar-gigiyenik qaydalara fikir vermək lazımdır. Bundan sonra Xəzəryanı ölkələrlə turizm mübadiləsi də etmək olar.

- Qeyri-neft sektorunun inkişafının qarşıya məqsəd kimi qoyulduğu bir dönəmdə turizmin inkişafının da bu sahəyə verəcəyi gözləntilər böyükdür. Sizcə, gözləntilər özünü doğruldacaqmı?

- Əlbəttə. Bir müddət əvvəl müalicəvi turizm mərkəzləri tam tənəzzülə uğarımış formada idi. Lakin son illər bu sahədə böyük işlər görüldü. Qalaltıda, Naftalanda müasir otellər, müalicə mərkəzləri tikilib. Məlumdur ki, hələ sovet dönəmindən Azərbaycan Naftalan neftinə görə dünyada məşhur müalicəvi turizm imkanı olan yerlərdən sayılıb. Həmin şöhrəti yenə bərpa etmək lazımdır və bunun üçün xeyli addımlar atılıb. Bundan başqa, kim inanardı ki, Azərbaycanda dağ turizmi az müddətdə bu qədər inkişaf edəcək. İndi bura əcnəbilərdən əlavə, ölkə vətəndaşları üçün də maraqlı turizm sahəsinə çevrilib. Ən çox axın qışda məhz o istiqamətə olur.

- Hələ sovet dönəmində belə məşhur olan qatar turizmini necə, inkişaf etdirmək olarmı?

- Bəli, Azərbaycanda qatar vasitəsilə turizm hələ sovet dövründə mövcud olub. Qatar həm çox sayda turist daşıya bildiyindən, həm də turistlərə müxtəlif yerlərə ekskursiya imkanı verdiyindən onu ölkəmizdə inkişaf etdirmək sərfəlidir. Bakı-Tiflis-Qars və Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu açıldıqdan sonra Azərbaycanda qatar turizmini inkişaf etdirmək olar. "İpək yolu" üzərində yerləşən Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, İran və Azərbaycan turist cəlb etmək üçün birgə marşrutlar hazırlanmalıdır. Bu yol Çindən başlayıb, Türkiyədə başa çatır. "İpək Yolu" üzrə bir neçə marşrut var. Onların bəziləri İrandan, bəziləri Orta Asiya - Qırğızıstan, Qazaxıstan, Özbəkistandan keçir. Buna görə də "İpək Yolu" üzrə bir deyil, bir neçə turizm proqramı tərtib oluna bilər. Marşrut istiqamətlərinə Rusiya da daxil ola bilər. "İpək Yolu" üzərində yerləşən ölkələrdən Azərbaycana turist cəlb etmək üçün həmin ölkədən gələcək turistlərin maraqları, istəkləri öyrənilməli, bunun əsasında da proqramlar hazırlanmalı və həyata keçirilməlidir.

- Hazırda ölkə turizminin daha da inkişaf etməsinə mane olan səbəblər nədir, hansı ki, onların həll olunması kütləvi turist axınına səbəb ola bilər.

- Apardığımız araşdırmalar zamanı ortaya çıxan ən böyük problemlərdən biri yetəri qədər hostel və bir, iki ulduzlu otellərin olmamasıdır. Təxminən bir aydan sonra ölkəyə turist axını başlayacaq və artıq otellərin çoxunda bronlaşdırma başa çatıb. Turistlərin çoxu şəxsi mənzillərdə qalır ki, bunlar da təhlükəsizlik, həm də büdcəyə faydalılıq baxımından sərfəli deyil. Bundan başqa, ucuz, ekonom aviareyslərin açılması çox vacibdir. Bu aztəminatlı adamların səyahəti üçün şərait yaratmaqla yanaşı, kütləvi turizmin inkişafı deməkdir. Avropada İspaniya, Fransa, Türkiyə kütləvi turizmdən milyardlar qazanır. Biz də eyni qaydaları tətbiq etməliyik. Ötən il kütləvi turizm özünü göstərdi. Bu da ərəblərin səyahəti ilə bağlı oldu.

- Bronlaşdırmaya əsasən bu il gələn turistlərin istiqamətini müəyyən etmək olarmı?

- Martın ortalarından Azərbaycana yenidən turist axınının başlayacağı gözlənilir və bu yayın sonuna qədər davam edəcək. Artıq indidən bəzi hotellərin yerləri mart ayının ortaları üçün bronlaşdırılıb. Bu yerləri bronlaşdıranlar isə əsasən ərəb ölkələrindən olan və iranlı turistlərdir. Turistlərin daha çox Novruz bayramı günlərində gələcəyi gözlənilir: Əsasən, ərəb ölkələri – İraq, Birləşmiş Ərəb Əmirliyi, Qətər və İrandan daha çox turist gələcək. Yay aylarında isə Rusiyadan gələn turistlərin sayı çoxalır. Eyni zamanda, müalicə turizmi ilə əlaqədar Qazaxıstandan Azərbaycana turistlərin gələcəyi gözlənilir. İndiyədək Azərbaycana gəlmək istəyən turistlər üçün əsas maneə viza ilə bağlı idi. Əvvəllər turist viza almaq üçün müəyyən prosedurlardan keçməli idi. İndi isə elektron viza tətbiq edilib. Elektron viza tətbiq edildikdən sonra Azərbaycanla maraqlanan turistlərin sayı artıb. Artıq hətta Malayziya, Sinqapur, İndoneziya, Hindistan, Pakistan kimi uzaq ölkələrin turistləri də Azərbaycana maraq göstərirlər. Buna görə həmin ölkələrdən də Azərbaycana turistlərin gələcəyi gözlənilir.

- Müzakirə olunan məsələlərdən biri də turizm sahəsi üzrə mütəxəssis hazırlığının yetəri qədər olmamasıdır. Razısınızmı bununla?

- Mütəxəssislər var, amma yeni inkişafa başlamış bir sahə üçün təbii ki, azdır. Mənfi haldır ki, xaricdən cəlb etdiyimiz mütəxəssislər bizim kadrları öyrətməkdə maraqlı deyil. Xarici mütəxəssisləri dəvət edirik, amma onların qarşısında şərt qoymuruq ki, milli kadrlar yetişdirsinlər. Xaricdə isə belə bir təcrübə var. Qəbul olunan sənədlər əsasında bu məsələni də yoluna qoymaq lazımdır. 10-15 illik tarixi olan otellərimiz var ki, menecerləri əcnəbilərdir. Bu nə vaxta kimi davam edəcək? Əgər milli kadrlar yetişdirsəydik, son illər açılan brend otellərin aparıcı mütəxəssisləri əcnəbilər deyil, öz kadrlarımız olardı.

 

Naibə Qurbanova

 

Həftə içi.- 2017.- 4-6 fevral.- S.2.