Abituriyentlər üçün ikinci şans

 

Ekspertlər hesab edirlər ki, bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi imtahan nəticələrinə müsbət təsir göstərəcək

 

Məlum olduğu kimi, Azərbaycan Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən, Nazirlər Kabineti tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib. Mərkəzdən “Report”a verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən, abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir. Belə ki, cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər.

Digər qəbul qaydalarında ciddi dəyişiklik olunmayıb. Təsdiq olunan qəbul qaydaları tqdk.gov.az saytında yerləşdiriləcək və “Abituriyent” jurnalının müvafiq buraxılışlarında çap ediləcək.

Dövlət İmtahan Mərkəzindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu il ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının iki dəfə keçirilməsi nəzərdə tutulur: "Qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə icazə verilir ki, cari ilin və ya əvvəlki ilin məzunu olmasından asılı olmayaraq, hər iki imtahanda iştirak etsinlər. Yəni abituriyentlərin iki şansı olacaq. Lakin abituriyentlər hər iki imtahanda iştirak edərlərsə, eyni ixtisas qrupunu seçməlidirlər. Bir imtahanda birinci, digər imtahanda ikinci ixtisas qrupunu seçə bilməzlər. Müsabiqə isə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılacaqdır. Əgər abituriyent hər iki imtahanda iştirak edibsə və bir imtahandan 400, o biri imtahandan 410 bal toplayıbsa, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edəcək".

Bəs, görəsən, belə bir addımın atılmasına səbəb nədir? Bu dəyişiklik təhsil sektoruna nə vəd edir?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, son 3 il ərzində istər qəbul imtahanlarında, istərsə də təhsilin idarə olunmasında ciddi islahatlar aparılıb: “Əslində, inkişaf üçün cəsarət, inam, risk, səriştə, təcrübə və nəhayət, yenilik lazımdır. İnkişafa doğru getmək istəyən bunları özündə toplayaraq irəliləməlidir. Hesab edirəm ki, son 3 il ərzində istər qəbul imtahanlarında, istərsə də təhsilin idarə olunmasında ciddi islahatlar aparılıb. Bunlar təkcə məzmun dəyişikliyi ilə nəticələnməyib, həm də təhsil göstəriciləri nəzərə çarpacaq qədər irəliləyib. Dünya təcrübəsində ildə bir dəfə keçirilən və 3 saatlıq imtahanda məzunun gələcəyinin, taleyinin həll olunması qəbul edilmir. Bu qayda abituriyentlərin imkanlarını məhdudlaşdırırdı. Ona görə də bu addım atılmalı idi. Bundan əlavə TQDK-a (DİM) onsuz da il ərzində ali məktəblərə qəbul imtahanlarını iki dəfə həyata keçirirdi. Belə ki, may ayında əvvəlki illərdə məzun olmuş şəxslər, iyul ayında isə cari ilin məzunları I,II,III və IV ixtisas qrupu üzrə qəbul imtahanı verirdi. Sadəcə olaraq mayda qəbul imtahanı verən abituriyent iyulda, iyulda imtahan verən abituriyent isə mayda keçrilən qəbul imtahanında iştirak edə bilməzdi. İndi hər iki imtahanda bütün abituriyentlərə işrirak etmək imkanı verildi. Bundan başqa, bildiyiniz kimi, keçən il I, II, III və IV ixtisas qruplarından birini seçmiş abituriyentlər həm də V ixtisas qrupunu seçib imtahan verirdilər. Doğrudur, cari ilin məzunları ayrıca V qrup imtahanı vermirdilər, onların buraxılış imtahanlarının nəticələri V qrupun nəticəsi kimi qəbul edilirdi. Amma əvvəlki illərin məzunları ayrıca V qrup imtahanı verirdilər. Belə çıxır ki, onlar seçdiyi I, II, III və IV ixtisas qruplarından birini seçmiş abituriyentlər həm bu ixtisas üzrə, həm də V ixtisas qrupuna iki dəfə qəbul imtahanı verəcəklər,. Bu zaman cari ilin məzunalarının hüququ tapdanmış olur. Çünki onlar buraxılış imtahanını bir dəfə verirlər. Bundan başqa abituriyentlər imtahanlara səmərəli hazırlaşmaq üçün DİM (TQDK) tərəfindən keçirilən azı beş dəfə sınaq imtahanında iştirak etməlidirlər ki, bu da o deməkdir ki, abituriyentlər aprel ayından etibarən, hər bazar günü bu və ya digər sınaq – qəbul imtahanlarında iştirak etməlidirlər. Düşünürəm ki, buraxılış imtahanları keçirilməyəcək. Yalnız iki dəfə keçirilən qəbul imtahanlarında müəyyən edilmiş bal həddini keçmiş şəxslər attestatla təmin olunacaqlar”.

Ekspert həmçinin vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin il ərzində abituriyentlərin bir neçə dəfə qəbul imtahanı keçirmək təklifini verməsinə sözügedən qurumun Publik şəxsə çevrilməsi nəticəsində dövlət vəsaitlərindən məhrum edilməsi əsas səbəb olub: “Bilirsiz ki, hər il ali məktəblərə qəbul imtahanlarında 80 minə yaxın abituriyentin iştirak etdiyini nəzərə alsaq DİM bu proseslə öz maliyyə sıxıntısını həll edə biləcək. Yəni azı beş dəfə sınaq, iki dəfəqəbul imtahanı keçirməklə özünə lazım olan vəsaiti əldə etmiş olacaq. Bundan başqa ötən müddət ərzində biliyin qiymətləndirilməsi üzrə beynəlxalq təcrübəyə əsaslanaraq, qəbul imtahanlarının məzmunu, modeli və s. ilə bağlı bir çox yeniliklərə imza atan, təcrübəsi dünya səviyyəsində qəbul olunan TQDK zaman-zaman yeni layihələrini ortaya qoyur. Bu təcrübələri gündəmə gətirməzdən əvvəl digər ölkələrin tələbə qəbulu sistemindəki qabaqcıl təcrübəsini öyrənsə də, komissiya indiyədək heç bir ölkənin qəbul sistemini olduğu kimi təlqin və tətbiq etməyib. Prosesə qlobal yanaşılmasına baxmayaraq, yeni milli modelin yaradılması üzərində işlər daim davam etdirilib və etdirilir. TQDK-nın tələbə qəbulu sistemindəki builki yenilikləri də bu baxımdan istisna deyil. İlk növbədə hesab edirəm ki, qəbul imtahanlarının bir dəfə deyil, iki dəfə keçrilməsi imtahanlarının qəbul imtahanı verən abituriyentləri əlavə stressindən də qurtaracaq. Bir çox abituriyentlər ildə bir dəfə keçrilən sınaq imtahanında yüksək səviyyədə hazırlıq prosesi keçsələr də imtahan zamanı yaşadıqları stress onların yüksək nəticələr əldə etməsinə mane olurdu. Buna görə də bir şagirdin biliyini bir dəfə imtahan etməklə tam dəqiq bilmək qeyri-mümkündür. Bunu hər bir peşəkar müəllim təsdiq edər,xüsusən də məktəbdə dərs deyən və repititorluqla məşğul olan müəllimlər təsdiqləyə bilərlər. Hər gün dərsə hazır olan, bütün suallara doğru cavab verən şagird bir də görürsən imtahanda elə səhvlər edib ki, adamın heç inanmağı gəlmir. Başqa vaxt bəlkə də o, sualların hamsını doğru yazardı. Həmin gün şagird özünü çox narahat hiss edər,xəstə ola bilər,həyacanlı ola bilər və.s. Bu bir psixoloji amildir və hər bir şagirddə ola bilər.Mən hesab edirəm ki, ikinci imtahanın olması o, şagirlərə bir daha şansın verilməsi deməkdir və bu qərarı çox yüksək dəyərləndirirəm”.

K.Əsədov onu da qeyd edib ki, qəbul imtahanlarının iki dəfə keçrilməsi keçid balını toplayanların da sayını artıra bilər: “Məlumdur ki, ali məktəblərin plan yeri abituriyentlərin qəbul imtahanında topladıqları ballar nəticəsində dolur və ya boş qalır. Hər il keçid balını toplayanların sayının plan yerindən az olamsı elə yerləşdirmənin birinci mərhələsində boş plan yerlərinin qalması ilə nəticələnirdi. Amma indi iki dəfə imtahan olacağına görə keçid balı toplayanların sayı ciddi şəkildə çoxalacaq ki, bu da müsabiqə vəziyyətinin artmasına səbəb olacaq. Yəni, nəticə etibarilə qəbul ballarının artmasına gətirib çıxaracaq. Bundan başqa keçid balını toplayanların sayı ciddi şəkildə artacağına görə ali məktəblədə plan yeri tam şəkildə dolacaq və boş yerlərin qalması problemi olmayacaq”.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb

 

Həftə içi.- 2017.- 10 fevral.- S.3.