Şollar – yüz ilin möcüzəsi

 

Bu il Şollar suyunun Bakı əhalisinin istifadəsinə verilməsinin 100 ili tamam olur. Bu bir əsr ərzində insanlar həmişə Şolları tərif edib, paytaxta verilən digər mənbələrin suyundan üstün tutub. Amma bir çox insan hələ də içdiyi bu suyun nə vaxt, haradan və necə çəkilib, Bakıya gətirildiyini bilmir. Bu yazımızda məhz həmin suallara cavab tapmağa çalışacağıq.

 

Su axtarışı

 

O vaxtlar idi ki, Bakı əhalisi içməli su qıtlığı yaşayırdı. Üstəlik, Şamaxıda baş verən zəlzələdən sonra əhalinin Bakıya köçü insanların suya tələbatını bir neçə dəfə artırdı. Bu yandan da şəhərdə yayılan vəba epidemiyası mövcud işlək quyulardan bəzilərinin ləğv edilməsinə səbəb oldu. Ona görə də Bakı şəhər İdarəsi və Bakı Duması xəstəliyin qarşısını almaq və su təchizatındakı problemlərin həlli üçün yeni kəmərin çəkilişi ilə bağlı qərar qəbul etdi.

O illərin böyük nüfuz sahibi, neft milyonçusu Hacı Zeynalabdin Tağıyev də su çatışmazlığını aradan qaldırmaq üçün əlindən gələni əsirgəmirdi. Almaniya və Fransanın su-kanalizasiya sistemi ilə yaxından tanış olmuş milyonçu Bakı Dumasına təklif verib ki, Avropanın ən yaxşı hidravlik-mühəndisi sayılan Vilyam Harleyn Lindleyi dəvət etsinlər.

Təklif qəbul olunur və Lindley 1899-cu ilin payızında Bakıya gəlir. Gələn kimi də o günədək aparılmış geoloq və mühəndis tədqiqatlarının nəticələrini araşdırır. Bundan dərhal sonra isə öncə təklif olunan Kür, sonra da isə Qafqaz dağlarının şimal yamaqlarının - Bazardüzü və Şahdağdakı bulaqların suyundan bəhrələnən Samur çayı hövzələrinə gedir. Lakin Lindleyin diqqətini Şahdağ, Qusar yaylası və Qusar çayının yatağı cəlb edir. Uzun müşahidələrdən sonra bu qənaətə gəlir ki, burada yer altında dağlardan dənizə doğru hərəkət edən güclü yeraltı axın var. Yayda suyun əksər qismini verən Şahdağın şimal yamacı Samur çayını, həmçinin ətrafdakı bir çox kiçik çay və bulaqları su ilə təmin edir. Lindleyin ilk dəfə «Şollar» sözündən istifadə etməsi Bakı Dumasında qızğın müzakirələr yaradır. O, bulaq suları ilə zəngin olan və su hövzəsi kimi müəyyənləşdirdiyi ərazini Şollar adlandırırdı...

 

Qurultaydan möhtəşəm qərar

 

Şollar bulaq sularının nəhəng Bakını su ilə təmin edəcəyinə az adam inanırdı. Lindley opponentlərini öz seçiminin düzgünlüyünə inandırmaq məqsədilə Şollar rayonunda hidroloji ekspertiza aparılmasını istəsə də, şəhər duması vəsait çatışmazlığını əsas gətirərək təklifi rədd edir. Bu zaman Hacı Zeynalabdin Tağıyev lazımi işlərin görülməsi üçün, öz təbirincə desək, “kasıb şəhər idarəsinə” 25 min rubl kredit verə biləcəyini deyir. Məhz onun təklifi Bakının gələcək su təminatında həlledici ol oynayır. Mühəndis Şoll ərazinin işlənməsi üçün yaradılan geoloji ekspedisiyanın rəisi təyin olunur və onun başçılığı altında ekspedisiya bölgəyə gələrək, işə başlayır. Öncə Şahdağ rayonunda və ona bitişik Qusar yaylasında kəşfiyyat işləri aparılır. Çaylarda, qış və yay aylarında gündəlik axan suyun miqdarını ölçür, suyun kimyəvi-bakterioloji analizini aparmaq üçün nümunələri götürüb Tağıyevin qızlar gimnaziyasının zirzəmisində yaradılmış laboratoriyada analiz edirlər. Şollun ekspedisiyası suyun yeri, miqdarı və keyfiyyəti barədə Lindleyin proqnozlarını təsdiqləyir. Lakin Rusiya-Almaniya müharibəsinin başlaması su təchizatı məsələsini ikinci plana atır.

1909-cu ilin martında Rusiya su kəmərləri işçilərinin Tiflisdə keçirilən 9-cu qurultayına qatılan Lindley çıxış edərək, çay suyu ilə müqayisədə bulaq suyunun daha üstün olduğunu bildirir. O, həmçinin Bakının su təchizatında məhz Şahdağdan, Şollar bulaqlarından istifadənin zəruriliyini qeyd edir. Qurultay Bakı su kəmərənin Şollardan çəkilməsinin məqsədəuyğunluğu barədə qərar verir. Qurultaydan sonra Lindley Bakı Dumasında da fikirlərini əsaslandırır. Nəhayət ki, Duma Bakı-Şollar su kəmərinin çəkilməsinə dair qərar qəbul edir.

 

27 milyon rubl ayrıldı

 

1910-cu ilin iyul ayından oktyabr ayına kimi Şollar - Bakı su kəməri üzrə son hesablamalar başa çatdırılır. Bütün ölçmələr, hesablama və çertyoj işləri 1911-ci il martın 1-də, kəmərin sahələr üzrə iş bölgüsü isə may ayında tamamlanır. Tikinti tenderində qalib gələn İngiltərənin «Qriffits» şirkəti Xaçmazda və Dəvəçidə beton boru istehsalı zavodu tikir. Ancaq tikinti işləri ləng getdiyinə və borular zay hesab edildiyinə görə 2 il yarım ərzində şirkət müqavilədə nəzərdə tutulmuş işlərin yalnız 16 faizinə əməl edə bilir. Bunu görən Şəhər İdarəsi Qriffitslərlə müqaviləni pozaraq, inşaat işlərini öz üzərinə götürür, baş mühəndis vəzifəsinin icrası Lindleyin etibarlı adamı olan Stefan Skşivana tapşırılır. Tikinti prosesini isə Bakı Şəhər İdarəsi nəzdində yaradılmış su kəmərinin inşası şöbəsi və Hacı Zeynalabidin Tağıyevin də üzvü olduğu su kəmərləri icraçı kommisiyası nəzarətə götürür.

Şollar su kəmərinin inşası sözün həqiqi mənasında XX əsrin tikintisi idi. Şəhər rəhbərliyi Bakı su kəmərinin çəkilişi üçün 23,5 milyon rubl məbləğində dövlət istiqraz vərəqələrinin buraxılması üçün hökümət qarşısında vəsatət qaldırır. Amma 1909-cu il oktyabrın 6-da çar II Nikolay məbləği 27 milyon rubla qədər artıraraq vəsatəti təmin edir. 1914-cü ilin yayında - tikinti prosesinin qızğın çağında müharibənin başlaması işlərə böyük ziyan vurur. Çünki 44 mühəndis və texnik, eləcə də 200 daimi fəhlə müharibəyə çağırılır. Sonra da malyariya yayılır, inqilab baş verir və sair. Amma bağlanmış müqaviləyə sadiq olan Lindley kəmərin inşasını davam etdirir. Nəhayət, 1917-ci il yanvarın 22-də su 187 kilometr məsafəni 63 saata qət edərək Bakıya çatır. Çənlərin dolması, yuyulması bir aydan artıq vaxt aparır və 1917-ci il martın 1-dən etibarən Bakı-Şollar su kəmərinin istismarına start verilir.

Lindley Şollar su kəmərinin 3-cü və 4-cü növbələrinin tikintisi əsasında, Bakı əhalisinin gələcək artımını nəzərə alaraq, kəmərin gücünün gündə 3 milyondan 12 milyon vedrəyədək artırılmasını planlaşdırmışdı. Amma layihə Sovet hakimiyyəti illərində reallaşdırılır və su kəmərinin gücü gündə 28 milyon vedrəyədək artırılır...

Bakıda Şollar suyunun istismara verilməsindən 9 ay sonra Vilyam Harleyn Lindley Londonda ürək xəstəliyindən dünyasını dəyişir.

 

Şollar suyu çox keyfiyyətlidir

 

Azərbaycan Dövlət Pedoji Universitetinin Tarix-Coğrafiya fakültəsi Ümumi coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru Məhəmməd Abduyev bizimlə söhbətdə bildirdi ki, Şollar olduqca keyfiyyətli, minerallaşma səviyyəsi çox yüksək olan içməli sudur. Alimin sözlərinə görə, ümumiyyətlə, Şollar suyunun mənbəyi yerləşən bölgədə kifayət qədər yeraltı şirin su ehtiyyatı cəmlənib: “Bunun nəticəsidir ki, Böyük Qafqazın şərq yamacı Xəzər dənizinin sahilinədək meşələrlə örtülüdür. Hansı ki, belə vəziyyətlə respublikamızın başqa bölgələrində, xüsusilə də Kür hövzəsində rastlaşmaq mümkün deyil. Suyun keyfiyyəti onun hər litrindəki mineralların həcmi ilə ölçülür. Məsələn, bir litrdə min mikron mineral varsa, deməli, bu su çox keyfiyyətlidir. Şollar məhz belə sulardandır. Şollar suyunun tərkibində kalsium, maqnezium və sair kimi insan orqanizminə faydalı minerallar çoxdur. Adətən şəhərlərə verilən içməli su yığıldığı anbarlarda vaxtaşırı xlorlanır. Amma Şollar suyu yeraltı laylarda süzülərək, toplandığından, xlorlanmasına ehtiyac yoxdur. Bundan əlavə, su mənbəyindən Bakıyadək xüsusi borularla nəql olunur deyə, hər hansı yad tərkiblə də qarışmır”.

 

Sutkada 109 min kubmetr su verilir

 

“Azərsu” ASC-dən bildirilib ki, Şollar kəməri ellipsoid formalı monolit betondan hazırlanmış borulardan çəkilib. Hündürlüyü 1,7, eni isə 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Borular özüaxımlı rejimi təmin etmək üçün ərazinin relyefindən asılı olaraq bəzi yerlərdə torpağın 2, bəzi yerlərdə isə 8 metr dərinliyində yerləşir. Məhz bunun nəticəsidir ki, kəmər H.Z.Tağıyev qəsəbəsindəki nasosxanaya qədər özaxımlıdır. Buradan su nasoslar vasitəsilə Müşfiqabad qəsəbəsinə vurulur, oradan isə yenə də özaxımlı rejimdə Bakı şəhərinə nəql olunur. Şollar artezian üsulu ilə qazılmış 24 quyunun, eləcə də lay və bulaq sularından qidalanır. Birinci sifon tipli tunelə 16, ikinciyə 5, üçüncüyə isə 3 quyunun suyu daxil olur. Həmçinin dördüncü kaptaj xətti də var ki, bura lay suları və 32 bulaq qoşulur. Quyular mənbədən 2-3 kilometr şimalda “Şahdağ” silsiləsinə doğru meşədə qazılıb.

Xatırladaq ki, “Bakı-Şollar” kəməri xüsusi mühafizə alayı tərəfindən qorunur və indiyədək həmin xətlərdə ciddi təmir və ya yenidənqurma işləri aparılmayıb. Çünki digər xətlərdən fərqli olaraq, bu kəmərin əsas hissəsi torpağın altı ilə çəkilib. Üstəlik “Bakı-Şollar” xətti dəmir materialdan deyil, bərk gildən hazırlanıb. Elə bu səbəbdən də fəaliyyət göstərdiyi 100 il ərzində “Bakı-Şollar” su kəmərində bir dəfə də olsun, hansısa qəza hadisəsi baş verməyib.

“Azərsu” ASC-dən də bildirirlər ki, Şahdağın ətəyindəki bu mənbə yeraltı bulaq suyu olduğundan kimyəvi vasitələrlə təmizləməsinə ehtiyac qalmır. Çünki suda mexaniki çöküntü və bakterioloji-yoluxucu ünsürlər yoxdur, daimi temperaturu 130 S, kimyəvi qalığı isə 320 mmilliqram/litrdir.

Səhmdar Cəmiyyətinin texniki istismar idarəsindən bildiriblər ki, hazırda Abşeron yarımadasının kiçik hissəsinə Şollar suyu verilir.

Qeyd edək ki, Şollar su kəmərinin layihə gücü saniyədə 1,27 kubmetrdir (sutkada 109 min kubmetr). 1917-ci ildə “hərbi variant” üzrə istifadəyə verilən kəmərlə gətirilən suyun həcmi ilk vaxtlar layihə gücünün təxminən 1/3 hissəsini təşkil edib. 1930-cu illərdə həyata keçirilən texniki tədbirlərdən - əlavə artezian quyularının qazılması, su anbarlarının tutumunun 170 min kubmetrədək, nasos stansiyalarının gücünün 3,5 dəfə artırılmasından sonra nəql olunan suyun həcmi sutkada 109 min kubmetrə çatdırılıb. 1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib. "Şollar" ilin bütün dövründə orta hesabla saniyədə 1200-1300 litr su verir.

 

Vusal Tağıbəyli

 

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

Həftə içi.- 2017.- 15 fevral.- S.3.