Həyat mənbəyi - Tuqay meşələri

 

Ölkələr var, ərazisi başdan-başa meşələrlə örtülüdür, ölkələr də var ki, gözqaraldan boz çöllərdir. Bu mənada, Azərbaycanın bəxti gətirib, ərazisində hər cür təbii şəraitə rast gəlirik. O cümlədən, bir çox hallarda endiemik növləri ilə məşhur olan meşələri ilə fəxr edirik. Bu yerdə qeyd edim ki, hazırda ölkə ərazisinin 11,4 faizi meşələrlə örtülüdür. Baxmayaraq ki, 100 il əvvəl bu rəqəm 35 faizə bərabər olub. Meşələrin 98 faizi dağlarda, cəmi 2 faizə qədəri aran bölgəmizin (Naxçıvanla birlikdə) ərazisində yayılıb.

Təəssüf ki, dağlarımızı qoynuna alan meşələrə Aran bölgələrimizdə rast gələ bilmirik. Əlbəttə, 100 il əvvəl Kür çayının sahilləri qədim Tuqay meşələri ilə örtülü olub, amma Sovet dönəmində onu ucdantutma qırıb, yerində pambıq əkiblər. Müstəqillik illərində isə, necə deyərlər, Tuqay meşələrinin bərpası yönümündə addımlar atılmaqdadır. Elə Ağdaşın cənubunda yerləşən, yerli camaatın “axmaz” adlandırdığı, göl-bataqlıqlardan ibarət köhnə Kür yatağının uzandığı bölgəyə səfərimiz də meşə bərpası proseslərindən sonra yaradılan cənnəti görmək idi.

 

Cənnətə doğru

 

Ləki qəsəbəsindən üzücənuba burulub, yeni salınmış asvalt yolla kilometrlərlə irəlilədikcə, ətrafın şoranlıqlarında adda-budda topalarla yayılmış yulğun, süpürgə və adi böyürtkən kollarından başqa heç nə diqqət çəkmir. Bu yeknəsək təbiət Abad-Qaroğlan yolunun kəsişməsinədək davam edir. Məhz həmin yol ayrıcından cənuba tərəf, yuxarıda qeyd etdiyimiz kimi, “axmaz”ların yayıldığı münbit torpaqlarda ucu-bucağı görünməyən meşələr göz oxşayır.

Bu yerdə qeyd edək ki, “axmazlarda yığılmış şirin su onillərdir yerli camaatın harayına çatır - ətraf sahələrin əkin-biçinini su ilə təmin edir. Yəni vaxtilə Kür çayının mütəmadi daşması nəticəsində münbit humus qatı ilə örtülən ətraf düzənliklərdə əkilən pambıq və taxıl tarlaları, eləcə də həyətyanı sahələr bu gün də məhz təbii su anbarı rolunu oynayan bu «axmaz»lardan vurulan su ilə suvarılır.

Meşələrə gəlincə, Sovet dönəmində divan tutularaq, məhv edilmiş həmin yaşıllıqların adda-budda qalıqlarına əvvəllər də rast gəlmək olardı ki, bunu da kolxoz mal-qarasının yayın qızmar istisindən qorumaq üçün kölgəlik məqsədilə saxlamışdılar. Amma indi vəziyyət tamam başqadır - hökumət ölkənin hər yerində olduğu kimi, Tuqay meşələrinin də bərpası məqsədilə böyük vəsait tələb edən proqramlar həyata keçirməkdədir.

 

Xatirələrim…

 

Şəxsən uşaqlıq illərimdə, yay tətili zamanı bu yerlərə çox gedərdim. Təxminən, 15 il əvvələdək burada bataqlıqlaşmış «axmaz»ların ətrafını saran kolluqlarsuyun üzünü örtən qamışlıqlardan başqa heç nə görmək mümkün deyildi. Bu gün isə buralar yarımsəhra şəraitində göz oxşayan yaşıl vahəyə çevrilib. Uzun illər mütəmadi şəkildə suyundan suvarmada istifadə olunduğu üçün bataqlıqlar böyük həcmdə quruyub, qamışlıqlar isə mal-qaranın ayaqları altında tələf olub. Amma dövlət proqramı çərçivəsində 2000-ci ildən başlayaraq ərazinin yaşıllaşdırılması prosesinə start verilib. Bölgədə təbii şəkildə yayılan qaraağac, qovaq, söyüd, eləcə də yulğun kolları məqsədli şəkildə qorunduğundan yaşıllıqların ərazisi durmadan genişlənməkdədir…

 

Meşələr torpağa can verir

 

Elmi baxımdan əsaslandırılıb ki, qoruyucu meşə zolaqları kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırır. Tarlaqoruyucu meşə zolaqlarının, xüsusilə də, Kür-Araz ovalığında əhəmiyyəti daha böyükdür. Çünki hava axınlarına heç bir maneənin olmadığı bu ərazidə meşə zolaqları külək və su eroziyalarının qarşısının alınmasında güclü rol oynayır. Bundan başqa, meşə zolaqları salınan ərazilərdə əkin sahələri meşəsiz bölgələrdə əkilən tarlalarla müqayisədə 2-3 dəfə az suvarılır. Ona görə ki, meşələr torpaqda rütubətlilik əmsalını yüksəldir. Bu da öz növbəsində şirin su itkisinin, eləcə də torpağa çökməklə qruntun səviyyəsini yüksəldib, şoranlaşmanı sürətləndirmənin qarşısını alır. Yəni hamısı bir-biri ilə zəncirvari bağlı olan bu ekoloji proseslərin müsbət istiqamətdə inkişafı üçün meşələr əvəzsiz rol oynayır.

 

Meşəni ikiyə bölən tirlər

 

Meşənin ərazisində rastlaşdığım, el dilində meşəbəyi adlandırılan meşə nəzarətçisi Qurban Qiyasovla söhbətimiz zamanı maraqlı məlumatlar ala bildim. O da dedi ki, işləri tək keçmişdən qalan ağacları qorumaq deyil, həm də bu çölləşmiş əraziləri yenidən meşələrlə çevirməkdir. Yeni meşə massivlərinin salınmasına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqramına əsasən Ağdaşın Kür sahillərində yaşıllaşdırma işlərinə start verilib. Özübu ərazidə əkilən ağacların növləri yerli torpaqhava şəraitinə uyğun seçilib” deyən Q.Qiyasov əlavə etdi ki, gördüyümüz bu əraziyə on minlərlə iydə, akasiyaçinar ağacları əkilib…

Bu yerlərdə üzü cənuba uzanaraq meşəni ikiyə bölən, çalın-çarpaz çox sayda hündür torpaq tirlər mövcuddur.

Məlumat üçün deyim ki, yerli ağsaqqalların sözlərinə görə, həmin torpaq tirlər Kür daşqınlarından qorunmaq üçün ötən əsrin ortalarında tikiblər. Elə Ağdaşdan rayonun ən cənub nöqtəsinə çəkilən yüksəkkeyfiyyətli şosse yolu da məhz həmin tirlərdən birinin üzərində uzanırdı. Yol xeyli hündürdə olduğundan ətraf ərazini daha geniş miqyasda görmək mümkün idi.

 

Bu yerlərə yazda gəlin…

 

Burada bir məlumatı da verək ki, ilin isti fəslində haqqında danışdığımız meşələrə xeyli sayda balarısı təknəsi (arıların yaşadığı yeşik) yerləşdirilir. İndi qış fəsli olduğundan tikanlı budaqlarının bir-birinə qarışdığı meşələrdə təknələr gözə dəymirdi. Amma həmsöhbət olduğumuz başqa bir yerli - Qaroğlan kənd sakini Məmmədov Veysəl təklif etdi ki, bura yazdaağaclar çiçəkləyən vaxt gələk. İydə və akasiya kollarının ətri insanın ağlını başından alır. Məhz həmin vaxtdan etibaran meşələrin içindəki talalara minlərlə balarısı təknəsi yerləşdirilir, gül-çiçək dövrü başa çatanda isə dağlara köçürülür.

Onu da öyrəndik ki, həmin arı təknələri hansısa iri arıçılıq şirkətinə məxsusdur. «Sovet illərində kolxozun əkin sahələri yerdən və havadan dərmanlanırdı deyə, bal arısını artırmaq olmurdu. İndi isə vəziyyət başqadır, hətta arıçılıqla məşğul olmaq istəyənlərə dövlət maddi dəstək də verir» deyən V.Məmmədov əlavə etdi ki, son illər bölgə kəndlərində yerli sakinlər də arıçılıqla məşğul olmaqdadırlar və yaxşı da məhsul götürürlər.

 

Bağa baxarsan, bağ olar

 

Q.Qiyasov onu da bildirdi ki, bölgənin yaşıllaşdırılması proqramı çərçivəsində burada ilk olaraq 10 hektar əraziyə çinar fidanları basdırılıb. 2003-cü ildə isə yenidən 5 hektar sahəyə çinar, 20 hektarına isə akasiya kolları əkilib. Amma bununla bitməyib - 2005-2007-ci illər ərzində ümumilikdə 69 hektar ərvazidə iydə ağaclarından ibarət meşə salınıb.

Maraqlıdır, bu qədər ağacı hardan gətirirlər? Meşəbəyi dedi ki, gördüyümüz bu ağacların toxumlarını Ağdaş, GöyçayUcar rayonlarındakı 7580 hektar meşə sahəsini əhatə edən Ağdaş Rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin, şəxsən özüdaxil olmaqla, əməkdaşları Zaqatala meşələrindən toplayıblar. Sonra da rayonda xüsusi şəraitdə yetişdirib, ərsəyə gətirərək, köhnə Kür yataqlarının ətrafına əkiblər.

 

Ağaclar da yerli növdür

 

Ola bilsin ki, həmişəyaşıl olduğuna görə, Azərbaycanda daha çox şam ağacları əkilir. Bəs burada niyə şam ağacına rast gəlmirik? Q.Qiyasov bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təlimatına uyğun olaraq, bölgədə əkilən ağacların yerli təbii şəraitə uyğunluğu nəzərə alınmalıdır. «Məhz bu səbəbdən də iydə və akasiya ağaclarını əkmək qərara alınıb. Bunlar həm yandırıcı istilərə, həm də suszluğa çox davamlı bitkilərdir. Nəticə göz qabağındadır – torpağa basdırılan fidanlar, demək olar ki, yetişərək, ərsəyə gəlib və bu gün onlar ortalama 4-5 metr hündürlüyündədir», - deyən Q.Qiyasov əlavə etdi ki, yeni salınan meşələr bölgədə mikroiqlimin formalaşmasında əhəmiyyətli rol oynayır: «Həm torpağın erroziyaya uğramasının qarşısı alınır, həm ağacların kölgəsinə sığınan ot bitkilərinin yaşama dövrü nisbətən uzanır, hə də ki, ağaclar sağlamlığın mənbəyi olan oksigen istehsalçılarıdır».

 

Kiçik dövlət qoruğu

 

Bu yerdə söhbətə müdaxilə edən V.Məmmədov əlavə etdi ki, son 10 ildə bölgədə məhz yeni salınan meşələrin hesabına çöl heyvanlarının sayı da artıb: «İndi meşələrdə çox sayda canavar yaşayır. Düzdür, yaxınlınqdakı kəndlərin camaatı bu heyvanların hücum edəcəyindən narahatdır. Hətta onlar vaxtaşırı mal-qaraya zərər də yetirirlər. Buna baxmayaraq, bu gün «axmaz»lar sözün əsl mənasında kiçik dövlət qoruğunu xatırladır. Meşələrdə canavarlarla yanaşı tülkü, çaqqal, porsuq, dovşan, bataqlıq sularında çox sayda qunduz yaşayır, qamışlıqlar turacdan, qırqovuldan tutmuş qarabatdağa, çölördəyi və qaza qədər müxtəlif növ quşlarla doludur».

Həmkəndlisinin sözlərini dəstəkləyən meşəbəyi maraqlı təklif səsləndirdi. Dedi ki, gələcəkdə bu meşələrdə arıçılıq təsərrüfatı yaratmaqla həm bazara keyfiyyətli bal çıxarmaq mümkündür, həm də bununla ətraf kəndlərin sakinlərinə müəyyən yeri açmaq olar: «Üstəlik, addımbaşı gözə çarpan zəhərli ilanlar da artıb-çoxalıb. İlan zəhəri isə tibdə çox qiymətli və aztapılan dərman sayılır. Məncə bu meşələr həm də ilan zəhəri toplamaq üçün əlverişli məkandır”.

 

İnsan məskən salır…

 

Söhbətimizin sonunda müsahiblərimiz bildirdilər ki, indi yaşıllıqların genişləndirilməsi üçün fərqli addımlar da atılmaqdadır. Belə ki, meşə ərazilərindəki talalara, ətrafda istifadəsiz qalmış kiçik - əkin üçün məqbul olmayan yerlərdə meyvə ağaclarından ibarət bağ salınır. Hətta bu prosesə yerli kənd insanları da qatılıb. Hər kəs imkanı daxilində meyvə ağacı taparaq boş ərazilərə əkməkdədir. O cümlədən, həmsöhbətimiz olan V.Məmmədov da 100 ədəd heyva, 100 ədəd isə xurma ağacı satın aldığını və müəyyən ərazidə bağ saldığını bildirdi. Onlar düşünürlər ki, bu yolla onillər boyunca istifadəyə yararsız hesab edilən şoran çölləri, bağlı-bağçalı cənnətə çevirə biləcəklər.

 

Vüsal Tağıbəyli

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

Həftə içi.- 2017.- 18-20 fevral.- S.3.