Şollar - həyat çeşməsi, fəxarət yeri

 

“... Gəlimli-gedimli, son ucu ölümlü dünya”nın yaddaşında qalmaq bir alın yazısıdır deyəsən. İlk gənclik illərində qazancı qəpik-quruş olan, sonra isə ağlı, təmkini hesabına neft milyonçusuna çevrilən Hacı Zeynalabdin Tağıyevin də ağlına gəlməzdi ki, bir vaxtlar millətinin tarixində əbədiləşəcək. Ölkəsinin iqtisadi inkişafında, millətinin savadlanmasında böyük və təmənnasız xidmətlərinə görə H.Z.Tağıyevə bəslənən sevgi, göstərilən hörmət onun milyonlarından çox olacaq.

 

Və XX əsrin əvvəllərində içməli su sarıdan çox böyük əziyyətlər çəkən Bakı şəhərini bu problemdən qurtarmaq məqamında da öz sözünü deyəcək bu məşhur xeyriyyəçi. Bakı şəhər Duması bir sıra axtarışlardan sonra nəhayət, Quba qəzasının Şollar kəndindən Bakıya su kəməri çəkilməsi qərarını reallaşdıranda da məhz ilk qətiyyətli addımı H.Z.Tağıyev atır. Araşdırılan bütün tarixi, elmi, hətta bədii mənbələr də bunu sübut edir. Bakı şəhərini içməli su ilə təmin edəcək bu kəmərin tikintisində mənəvi dəstəklə bərabər, həm də maddi yardımını əsirgəmir bu azman kişi. Bu işə 25 min rubl pul verən H.Z.Tağıyev bununla da əsrin tikintisi olan Şollar-Bakı su kəmərinin inşasına xeyir-dua vermiş oldu.

 

1903-cü ilədək reallaşmayan uğursuz

su təhcizatı, həll edilməmiş problem

 

İnşasına 1903-cü ildə başlanan Şollar-Bakı su kəmərinə qədər, əhalisi sürətlə artan Bakı şəhərinin çox böyük ehtiyac duyduğu içməli su problemini həll etmək üçün şəhər rəhbərliyi bir sıra layihələr həyata keçirməyə cəhd etmişdir. Problemi aradan qaldırmaq üçün Bakı Dumasının yaratdığı komissiya tərəfindən Zaqulba və Buzovna kəndlərində tapılan su mənbələrinin sutkalıq gücü 30 min vedrə olduğundan işə tam yaramır. 1885-ci ildə Maştağa kəndində qurulan "Maştağa-bənd" quyusundakı suyun tərkibində duzların miqdarı qədərindən artıq olur.

1892-98-ci illərdə Bakıya Kür çayından su kəməri çəkmək ideyasını da tikintinin çox pul aparmasını əsas gətirən şəhər bələdiyyəsi rədd edir. 1893-cü ildə dəniz suyunun xüsusi qurğulardan keçirilərək şəhər əhalisinə verilməsi də elə bir səmərə vermir. Gündəlik gücü az olduğundan təlabatı ödəməməklə bərabər, suyun pis qoxusu, dadı ürəkbulanmasına səbəb olur. Buna baxmayaraq, 1898-ci ildə ikinci su təmizləyici qurğu da fəaliyyətə başlayır. Volqa və Kür çaylarından barjlar, gəmilər vasitəsilə paytaxta gətirilən sular da yaranmış içməli su problemini həll etmir. Şəhər sakinləri satılan bu içməli suya pul verə bilmədiklərindən yenə də su quyularından istifadə etmək məcburiyyətində qalırlar. Bu isə xeyli təhlükəli idi. Çünki şəhərdəki 800 quyudan cəmi 100-ü istifadəyə yararlı hesab olunurdu. O ərəfələrdə şəhəri bürümüş vəba xəstəliyi də bunu sübut edir. Bütün bu uğursuz su təhcizatlarından sonra şəhər rəhbərliyi daha ciddi tədbirlər görməyə başlayır.

Nəhayət, Bakı şəhər rəhbərliyi və Duması bu problemi aradan qaldırmaq, paytaxt sakinlərini içməli su ilə təmin etmək işini xarici mütəxəssisə etibar edir. H.Z.Tağıyevin təşəbbüsü ilə bu sahədə kifayət qədər təcrübəsi olan, Avropanın 35 şəhərinə su və kanalizasiya xətləri çəkən su mühəndisi Vilyan Lindey Bakıya dəvət edilir.

 

Əsrin tikintisi

 

Burada heç bir mübaliğə yoxdur. Tikintinin sonunda V.Lindeyin özü də bunu etiraf edir. Çünki Şollar-Bakı su kəməri zəmanəsinə görə möhtəşəm bir tikinti olmaqla bərabər, həm də əsil qəhrəmanlıq nümunəsi idi.

Əvvəldə qeyd etdiyimiz kimi, H.Z.Tağıyevin maddi və mənəvi köməyi ilə başlayan bu tikintini həyata keçirmək üçün V.Lindey 1899-cu ildə Bakıya gəlir. Vaxt itirmədən işə başlayan mühəndis bir çox araşdırmalardan, axtarışlardan sonra qəti qərara gəlir ki,onun axtardığı və Bakı sakinlərinə çox lazım olan su başı qarlı Şahdağının ətəklərindən süzülüb dənizə tələsən yeraltı su mənbəyindədir. Qusar yaylası ilə Xəzər dənizi arasındakı bu bulaq sularının analizləri onun yüksək keyfiyyətə malik olduğunu təsdiq edir. Quba qəzasının, indiki Xaçmaz rayon ərazisindəki Xudat şəhərinin şimal-şərqində yerləşən Şollar kəndindən Bakıya su kəməri çəkmək layihəsini dəstəkləyən Duma üzvü Əlimərdan bəy Topçubaşov bu tikintiyə şəxsi hesabından 25 min rubl pul verir. Duma isə bu layihənin icrasına 182 min vəsait ayırır.

1903-cü ildə inşasına başlanan Şollar-Bakı su kəmərinin tikintisi Rusiya-Almaniya müharibəsi dövründə dayandırılır. O dövrdə həm də vəsait çatışmamazlığı ciddi hiss edilirdi. 1909-cu ildə Duma bu kəmərin tikintisi üçün istiqraz vərəqəsinin buraxılmasını təmin edir. Həmin ilin 5 mayında Duma Şollar-Bakı su kəmərinin tikintisinə razılıq verir. Tikintinin baş mühəndisi layihə rəhbəri Lindey təyin edilir. "Qaffte K" şirkəti ilə bağlanan müqavilə ilkin işlərin görülməsinə start verir. Beləliklə, ümumi uzunluğu 187 kilometr olan Şollar-Bakı su kəməri tikintisinin daha məhsuldar dövrü başlayır.

İşlərin çoxu ağır əl əməyi tələb etdiyindən, fəhlələrin istənilən səviyyədə qidalanmadığı səbəbindən tikintidə xəstəlik və ölüm hallarına təsadüf olunur. Bütün bunlara baxmayaraq, mühəndis-texniki işlər, su borularının basdırılması üçün torpağın, tunellərin qazılması davam etdirilir. 1913-cü ildə Biləcəri və Ataçay tunellərinin inşası başa çatdırılır. Tikintini sürətləndirmək məqsədi ilə şəhər rəhbərliyi buradakı inşaat işlərini öz öhdəsinə götürür. Beton su hövzələrinin, su anbarlarının inşası da tənzimlənir. İndiki H.Z.Tağıyev qəsəbəsində nasos stansiyası inşa edilir. "Aşersleben" Alman şirkəti tərəfindən burada 600 at gücü olan 3 mühərrik qurulur. Çuqun boruların Rusiyadan alınmasına da 29 may 1912-ci ildə nail olunur. Su kəməri tikintisinin daha sürətli bu mərhələsini I Dünya müharibəsi xeyli ləngidir. Burda çalışan mühəndis və texniki işçilərin, fəhlələlərin demək olar ki, hamısı hərbi qulluğa cəlb edilir. Bakı Dumasının ölkə rəhbərliyinə yaranmış vəziyyətlə bağlı müraciətindən sonra tikintidə çalışanlar hərbi çağırışdan azad edilir. Beləliklə, işlər yenidən öz ahənginə qayıdır. İnşasında 35 müqavilə, 170 sifariş imzalanmış Şollar-Bakı su kəmərinin tikintisi 21 yanvar 1917-ci ildə başa çatır.

Yazıçı Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında suyun verilməsi mərasimini - o həyacanlı günü belə təsvir edir: “... Hacı yanında dayanmış məşhur dəmirçi, kəmər çəkilişində çox zəhmət sərf etmiş Ağakərimin əlindən tutub bir yerdə kranı açdılar. Almas təki parıldayan şəffaf su nəğmə oxuyurmuş kimi axmağa başladı... Həmin gün bütün məhəllələrdə çoxlu qoyun, dəvə, öküz qurban kəsildi”.

Bu kəmər artezian üsulu ilə qazılmış 24 quyunun bulaq və lay sularından qidalanır. Birinci sifon tunelə 16, ikinciyə 5, üçüncüyə 3 quyunun suyu ötürülür. Dördüncü kartaj xəttinə lay suları və 32 bulaq qoşulur. Buradakı su nasos stansiyasına qədər öz gücünə axmaqla-özaxımlı hərəkət edir. Burdan isə nasoslarla Müşfiqabad qəsəbəsinə ötürülür. Su buradan yenə öz gücünə axmaqla Bakı şəhərinə verilir.

Saniyədə gücü 1,27 kubmetr olan kəmərin məhsuldarlığı bu günə kimi dəyişməyib. Hündürlüyü 1,7 , eni 1,2 metr olan ellipsoid formalı monalit betondan hazırlanmış borular özaxımlı rejimi pozmamaq üçün ərazinin relyefindən asılı olaraq, 2-8 metr dərinlikdə torpağın altında yerləşdirilmişdir. Quyularsa mənbədən 2-3 kilometr şimalda, Şahdağ silsiləsindəki meşədə qazılıb.

Başı qarlı Şahdağdan başlayıb gələn şollar suyu dağların, münbit torpaqların süzgəcindən keçdiyi üçün saf, buz kimi soyuq olmaqla bərabər, həm də minerallarla zəngindir. Tərkibi təmiz olduğu üçün uzun müddət keyfiyyətini itirməyən bu suya onu saflaşdırmaq, təmizləmək üçün hər hansı kimyəvi maddənin əlavə edilməsinə ehtiyac yoxdur. İnsan orqanizmi üçün çox faydalı olan şollar suyunun tərkibinin dəyişməməsinə səbəb həm də bərk gildən hazırlanmış və çox hissəsi torpağa basdırılmış borulardır. Alimlər, səhiyyə təşkilatları son vaxtlar bu qənaətə gəlmişlər ki, saf və keyfiyyətli su insanın fiziki sağlamlığı ilə bərabər təfəkkürünün formalaşmasında da mühüm rol oynayır.

 

Bu da Şollar kəndi

 

Xaçmazdakı Xudat şəhərindən o qədər də uzaqda yerləşmir bu kənd. Bu kənddə yaşayan qonşu Susay kəndində müəllim işləyən 65 yaşlı Ağadayı Vəliyullah oğlu Cəbrayılov maraqlı həmsöhbətdir həm də. “Şollar” sözü haradan yaranıb sualına Ağaverdi müəllim Şollar-Baki Su Qurğuları Kompleksindən aralıda yerləşən, hələ də yağan qardan örpəyə bürünmüş kiçik düzənliyi göstərib belə cavab verdi:

- Müxtəlif mənada vurğulanan adların heç bir əsası yoxdur. Həqiqət budur ki, zaman-zaman qonşu ruslarla vuruşmalarda, toqquşmalarda şil, şol-şikəst olan döyüşçülərimiz yaxınlara qədər xarabalığa qalan kiçik barak evlərdə tatar həkimləri tərəfindən türkəçarə müalicə olunurmuşlar. Burada sağlamlığı bərpa olunmuş şillər, şollar, eləcə də başqaları torpağı münbit olan bu ərazidə ev-eşik salmağa başlayıblar. Şillərin, şolların məskunlaşdığı bu məkan sonra kəndə çevrilib. “Şollar” sözü də beləcə yaranıb. Atam da belə nəql edərdi. Onunla bağlı sualınız isə məni uzaqlara apardı. Atam Vəliyullah Xəlil oğlu Cəbrayılov 1889-cu ildə Seyidlər kəndində anadan olub. 20 yaşından – 1909-cu ildən 1932-ci ilə kimi Şollar su kəmərinin tikintisində işləyib. Özünün dediyi kimi iri at hündürlüyündə nəhəng boruları torpağa basdırmaq üçün böyük arx, tunel qazırmış. Danışırdı ki, bu işlərdə əl əməyindən daha çox istifadə edildiyi üçün xeyli işçiyə ehtiyac varmış. Tikintidə ruslar, tatarlar, azərilər, ləzgilər, qırızlar və digər millətin nümayəndələri çalışıb. Kəmər uzandıqca keçdiyi qezanin kəndləri bu işə qoşulurmuş. H.Z.Tağıyevin təşəbbüsü və maliyyə yardımı ilə tikintidə ilk əvvəl qadın və kişilər üçün ayrıca hamam və ayaqyolu, bir qədər sonra yeməkxana, tibb məntəqəsi, yataqxana, hətta ilkin təhsil verən axşam məktəbi belə təşkil edilibmiş. 97 yaşında dünyadan köçən, ancaq heç vaxt yaddaşını itirməyən atam onu da danışırdı ki, vaxtaşırı tikintiyə baş çəkən H.Z.Tağıyev burada çalışanlara böyük qayğı göstərirmiş. O işində fəal olan atama əlavə uzunboğaz rezin çəkmə, ondan daha yaxşı işləyən qonşusuna öz qızıl saatını bağışlayır. Burada çalışanların bir qədər zəif qidalanmasını görüb çoxlu mal-heyvan kəsdirərmiş Hacı. Hə, bir əsr keçir o vaxtdan...

El-obasini çox sevən Ağadayı müəllim tarixləşmiş bu kəndin digər məziyyətlərindən

danışmağı da unutmadı.

 

100 yaşın mübarək, həyat çeşməsi!

 

Respublikada su təchizatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə 2004-cü il iyunun 11-də ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ona göstərilən etimadı doğrultmaq üçün yarandığı gunden geniş fəaliyyətə başlamışdır. Ölkənin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə “Azərsu” bir sıra layihələri reallaşdırıb. Şollar Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar da “Azərsu” ASC yubileyə hazırlıq işlərini genişləndirir. Kompleksin özündə və obyektlərində təmir, tikinti-abadlıq işləri yüksək keyfiyyətlə həyata keçirilir. 100 ildə bir dəfə də qəza yaşamayan “Şollar-Bakı” su kəmərini daha yüz il, min il yaşatmaq üçün.

Sənin də ruhun şad olsun Hacı Zeynalabdin! Həm də şollar çilənsin ruhuna...

 

Səxavət Məmmədli

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

Həftə içi.- 2017.- 22 fevral.- S.3.